6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb
Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib. Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 layihə həyata keçirilib. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaqdır. Tədbirdə bildirilib ki, 2017-ci ilin fevral ayında “eTwinning”in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında müsabiqə elan edib. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-ı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub. Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülən məktəblər Bakı, Sumqayıt şəhərləri və İsmayıllı rayonunda yerləşir. Tədbirdə müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə mükafat və sertifikatlar təqdim olunub. Eyni zamanda müsabiqə qaliblərinə cari ildə Avropada təşkil olunacaq qısamüddətli təlim və onlayn peşəkar inkişaf proqramlarında ödənişsiz iştirak hüququ verilib.
21/01/2019 13:03
İslam İnkişaf Bankının 2019-2020-ci tədris ili üçün təqaüd proqramı
İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib. Proqrama əsasən, peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
21/01/2019 11:22
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi, tabe qurumların əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
20/01/2019 15:17
Macarıstanda 2019-2020-ci tədris ili üçün daha bir təqaüd proqramı
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2019-2020-ci tədris ili üçün təqaüd proqramı elan edib. Proqrama əsasən, magistratura səviyyəsində bitkilərin mühafizəsi, kənd təsərrüfatının inkişafı və aqrobiznes, kənd təsərrüfatı üzrə biotexnologiya ixtisaslarına təqaüdlər təklif olunur. Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, tibbi sığorta, yataqxana və yaşayış xərcləri Macarıstan hökuməti tərəfindən qarşılanacaq. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər. Müsabiqədə yalnız 30 yaşadək namizədlər iştirak edə bilərlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
18/01/2019 17:16
Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Quba-Xaçmaz zonası üzrə Quba rayonu 2 nömrəli tam orta məktəbdə, Lənkaran-Astara zonası üzrə Lənkaran rayonu 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 60 nəfərdən artıq müəllim cəlb olunub. Təlimlər zamanı bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib. Ümumilikdə 7 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir. Növbəti təlimlər yanvar ayının sonlarında Şəki-Zaqatala zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək. Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.
18/01/2019 15:55
"Rəqəmsal bacarıqlar" layihəsi Londonda beynəlxalq sərgidə
"İnformatika" fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsi 23-26 yanvar tarixlərində Londonda keçiriləcək “Bett Show 2019” təhsil texnologiyaları sərgisində təqdim ediləcək. Təhsil Nazirliyi tərəfindən "Algoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilən pilot layihə üzrə görülən işlər ayrı-ayrı stendlərdə nümayiş olunacaq. Bundan əlavə layihənin təqdimatı çərçivəsində "Rəqəmsal bacarıqlar: təhsil prosesinin ölkə daxilində dəyişdirilməsi" və "Uşaqlar üçün İT təhsili: miqyaslı keyfiyyət" mövzularında iki seminar keçiriləcək. Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26000 şagirdi əhatə edir. “Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. Sərgi təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Bu il sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gələcək. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.
18/01/2019 15:00
2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı
Türkiyə Respublikası tərəfindən 2019-2020-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura, doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu https://www.turkiyeburslari.gov.tr/ səhifəsi vasitəsilə cari ilin fevralın 20-dək aparılacaq. Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş bütün xərcləri əhatə edir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.
18/01/2019 14:39
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
Təxirə salınan dərs günlərinin məktəblilərin tətil günlərindən çıxılması nəzərdə tutulmur. Xatırladaq ki, təhsil naziri Ceyhun Bayramovun “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, 17-18 yanvar tarixlərində bütün təhsil müəssisələrində tədrislə bağlı tədbirlər təxirə salınıb. Məktəblilərin qış tətili isə 27-31 yanvar tarixlərini əhatə edir.
18/01/2019 12:23
Yeni ilin ilk medalları
Və yaxud şagirdlərimizin qələbə əzmi Son illərdə Azərbaycan məktəblilərinin dünyanın nüfuzlu beynəlxalq fənn olimpiadalarından vətənə medallarla qayıtması artıq xoş ənənəyə çevrilib. Bu günlərdə təhsil ictimaiyyəti bu xoş ənənənin növbəti sevincini yaşadı. Bu sevinci yaşadan və hər birimizdə fəxarət hissini yaradan Təhsil Nazirliyi nəzdində Respublika Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin şagirdləri oldu. Şagirdlərimiz 9-15 yanvar 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək 2019-cu ilin ilk olimpiada medallarını komandamızın hesabına yazdırıblar. Liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar. Şagirdlərimizin Qazaxıstandakı uğurlu çıxışını “Azərbaycan müəllimi” qəzetinə şərh edən Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev onların qələbə əzmini çox yüksək qiymətləndirib: “Hər il Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautıkov Olimpiadasında məktəblilərimiz 15 fərqli ölkədən olan şagirdlərlə riyaziyyat, fizika və informatika fənləri üzrə yarışaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər.Əsasən Orta Asiya ölkələrinin məktəblilərinin qatıldığı olimpiadada ABŞ, Rusiya və Türkiyə məktəbliləri də iştirak edir. Bu kimi yarışlar şagirdlərimizin yeni tipli suallarla tanış olması, formada qalması və müxtəlif xalqlardan olan istedadlı yaşıdları ilə dostluq münasibəti qurması, bilik mübadiləsi istiqamətində çox əhəmiyyətlidir. Bu olimpiada şagirdlərimizin qələbə əzminin çox yüksək olduğunu göstərdi”. Fuad Qarayevin sözlərinə görə, 2006-cı ildən etibarən iştirak etdiyimiz Jautıkov olimpiadasında bu günə kimi məktəblilərimiz 3-ü qızıl, 18-i gümüş, 26-sı bürünc olmaqla 47 medal əldə ediblər: “Builki olimpiadanın nəticələrinə (4 gümüş, 1 bürüc medal) əsasən hesab edə bilərik ki, bu, kifayət qədər yaxşı nəticədir. Bu yarışma həm də beynəlxalq olimpiadalara hazırlıq prosesində hansı nüanslar üzərində daha diqqətlə dayanmağımıza, güclü və zəif tərəflərimizi müəyyənləşdirməyimizə kömək edir və onu deməyə əsas verir ki, şagirdlərimizin potensialı yüksəkdir”. Fuad Qarayev beynəlxalq olimpida hazırlığında növbəti hədəflərdən də danışıb. Onun sözlərinə görə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində çalışmalar ilboyu davam edir. “Düşünürük ki, gün keçdikçə şagirdlərimizin hazırlığı daha da artacaq. Əsas hədəfimiz 5 fənn üzrə keçirilən və iştirak etdiyimiz bütün bu olimpiadalarda Azərbaycanı layiqincə təmsil edəcək şagirdləri hazırlamaqdır. Avqust ayında ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadası xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən informatika fənni üzrə şagirdlərimizin hazırlığına da xüsusi diqqət yetirməyə çalışırıq. Belə ki, bu sahədə Azercell Telekom şirkətinin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə sıx əməkdaşlıq edirik. Yanvar ayının sonunda şagirdlərimizi Tehran şəhərinə riyaziyyat və informatika fənni üzrə İran məktəbliləri ilə birgə təşkil olunacaq təlim-məşq toplantılarına göndərilməsini planlaşdırmışıq. Ümumiyyətlə, əldə edilən nailiyyətlərə görə şagirdlərimizi təbrik edərək, onların müəllimlərinə təşəkkürümüzü bildiririk”. “Azərbaycan müəllimi” qəzeti
18/01/2019 12:13
“Bizim müəllim”
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin ilk təqdimatı Şəmkir rayonu Düyərli kənd 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadəyə həsr olunur. “Şagirdlərimi çox sevirəm, onlarla işləmək mənə zövq verir”-deyən Aysel Alızadə ötən il müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayıb.
18/01/2019 11:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı