I sinfə qəbulla bağlı suallar cavablandırılır
I sinfə qəbulla bağlı sualları canlı yayımda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva cavablandırır.
15/03/2019 14:54
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, bu mərhələdə iştirak etmək hüququ qazanan şagirdlər martın 20-dək https://olimpiada.edu.az/registration saytından qeydiyyatdan keçməli və buraxılış vərəqələrini əldə etməlidirlər. Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal və final turları yaş qrupları üzrə keçiriləcək. Xüsusi istedada malik VIII-IX siniflər aşağı yaş qrupu, X-XI siniflər yuxarı yaş qrupu olaraq müəyyən edilib. Respublika mərhələsinin yarımfinal turunda hər bir fənn və yaş qrupuna uyğun olaraq iştirakçılara sualların çətinlik səviyyələrinə görə 3, 4 və 5 ballıq əmsalla kateqoriyalaşdırılmış ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. İnformatika fənni üzrə yuxarı yaş qrupu (X-XI siniflər) şagirdləri üçün olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. Şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək. Respublika fənn olimpiadalarının final turunda yarımfinal turunun nəticələrinə əsasən hər bir fəndən aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 24 və 24-cü ilə eyni nəticəni əldə etmiş şagirdlər, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 48 və 48-ci ilə eyni nəticəni əldə etmiş şagirdlər iştirak edəcəklər. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
15/03/2019 11:31
“Bizim müəllim”
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan, Azərbaycanın bütün bölgələrində peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran rayonu Ə.Quliyev adına Şahnəzərli kənd tam orta məktəbinin kimya müəllimi Səkinə Ələkbərliyə həsr olunur. "Şagirdlərim kimyanı çox sevir, bu, məni qürurlandırır” - deyən Səkinə Ələkbərli ötən il müəllimlərin işə qəbulu üzrə müsabiqədə 55 bal toplayıb.
15/03/2019 10:47
I sinfə qəbulla bağlı suallar cavablandırılacaq
Martın 15-də saat 15.00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq. Verilişdə I sinfə qəbulla bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətiriləcək. Sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva cavablandıracaq. Qəbul prosesinin gedişi ilə bağlı sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yaza bilərsiniz.
15/03/2019 09:32
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkədə peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verilib, “British Council” təşkilatı ilə birgə icra olunan “Turizm-xidmət sahəsi üzrə kadrların hazırlanması və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində görülən işlərə dair müzakirələr aparılıb. Görüş zamanı ölkəmizdə fəaliyyət göstərən peşə təhsili müəssisələrinin nümayəndələrinin cari ilin 26 yanvar - 10 fevral tarixlərində Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda keçirilmiş təlimdə iştirakının təmin olunması və bu istiqamətdə işlərin gələcəkdə davam etdirilməsinin peşə təhsili sahəsində mühüm önəm kəsb etdiyi vurğulanıb. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah peşə təhsilinin inkişafı istiqamətində birgə layihələrin əhəmiyyətini və davamlılığının vacibliyini vurğulayıb. Samr Şah hər iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və bu istiqamətdə artıq Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Böyük Britaniyanın “Westminister Kingsway” Kolleci arasında niyyət protokolunun imzalanmasının bu sahədə atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, peşə təhsili ürzə pilot “Karyera Mərkəzi”nin yaradılmasına dair ilkin razılıq əldə edilib. Daha sonra Böyük Britaniyada “Bacarıqların inkişafı” mövzusunda təşkil olunmuş təlimdə iştirak edən nümayəndə heyəti tərəfindən peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsinə dair təqdimatlar edilib.
14/03/2019 17:01
Təhsil nazirinin görüşü
Təhsil naziri Ceyhun Bayramov Kanada Baş nazirinin Avropa ittifaqı və Avropa məsələləri üzrə xüsusi elçisi və Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dion və Kanadanın Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Kristofer Con Kuter ilə görüşüb. Görüşdə Azərbaycan və Kanada arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
14/03/2019 15:07
Təhsil Nazirliyində mətbuat konfransı
Martın 14-də Təhsil Nazirliyində ehtiyat dərsliklərin hazırlanması, təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat üzrə ehtiyat dərsliklərin hazırlanması Nazirlər Kabinetinin sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan ehtiyat dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir. Tədbirdə qeyd olunub ki, ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib və bu məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib. Bildirilib ki, tədris resurslarının istifadəsindən əvvəl onların sınaqdan keçirilməsi nəzərdə tutulur. Artıq 1-ci siniflər üzrə dərsliklər hazırdır. Respublika səviyyəsində 123 sinifdə dərsliklərin pilot layihə üzrə sınağı həyata keçirilir. 123 sinfin 48-i şəhər məktəbləri, qalanları isə rayon məktəblərindən seçilib. 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam edir. Eyni zamanda bu il məktəbəqədər təhsil üçün yeni alternativ dərsliklər hazırlanır. Sınaq müddətində müəllimlərlə sıx əməkdaşlıq ediləcək və nəticələr xüsusi blanklarda təqdim ediləcək. Bu müddətdə ekspertlərin iştirakı ilə dərsliklərin müzakirəsi təşkil olunacaq və ictimai rəy öyrəniləcək. Sınaqda iştirak edən müəllim, ekspert, rəyçilərin irad və təklifləri ümumiləşdiriləcək və dərslik komplektlərinin kütləvi istifadəsi üçün müvafiq düzəlişlər ediləcək. Ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına təkan verəcək, şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə şərait yaradacaq. Dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək. Mətbuat konfransında həmçinin qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir. Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər. Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.
14/03/2019 12:15
Kollegiya iclası keçirilib
Martın 13-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq ölkə Prezidentinin rəhbərliyi ilə son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Nazir qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması istiqamətində ayrı-ayrı təhsil pillələri üzrə mühüm islahatlar həyata keçirilir. İclasda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası, bakalavriat səviyyəsi üzrə yeni təsnifat, ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşkilinin təkmilləşdirilməsi, Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyəti, məktəbdənkənar fəaliyyətin təşkili, “Təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi Qaydaları”, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası barədə məsələlər müzakirə olunub, təqdimatlar dinlənilib. Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. İclasın sonunda Təhsil Nazirliyinin bəzi struktur bölmələrinin Əsasnamələri təsdiq olunub.
13/03/2019 17:30
Tələbələr arasında könüllülüyün təbliğinə dair qrant müsabiqəsi
Təhsil Nazirliyi “Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının inkişafı” mövzusunda qrant müsabiqəsi elan edib. Müsabiqənin elan edilməsində məqsəd tələbələr arasında könüllülüyün təbliği, tələbə-könüllülərin vahid məlumat bazasının, maraq dairələri üzrə klubların yaradılması, onların dünyagörüşünün genişləndirilməsi, müvafiq təlim kurslarının təşkil olunmasıdır. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak edən şəxslər tələbə-könüllülərlə işin təşkili və inkişaf etdirilməsi sahəsində ən azı 3 illik təcrübəyə malik olmalıdırlar. Təqdim ediləcək layihələr ən azı 25 ali və orta ixtisas təhsil müəssisəsində təhsil alan tələbə-könüllülərlə işi əhatə etməlidir. Müsabiqədə iştirak üçün layihələr martın 14-dən martın 27-si saat 18.00-dək qəbul olunacaq. Hər bir hüquqi şəxs yalnız bir layihə ilə müraciət edə bilər. Müsabiqə barədə daha ətraflı məlumatla elan vasitəsi ilə tanış ola bilərsiniz.
13/03/2019 16:42
I sinfə uşaqların elektron qeydiyyatına start verilib
Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start verilib. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılıb. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ qeydiyyat mərkəzlərində aparılır. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ qeydiyyat mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir. Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir. Sual - cavab Videoçarx
13/03/2019 10:32
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı