“100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası”
Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhəri 2 nömrəli tam orta məktəbdə “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti “Novruz mühazirəsi” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti, media nümayəndələri iştirak ediblər. Əvvəlcə mühazirə iştirakçıları 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər. Tədbir 2 nömrəli tam orta məktəbin akt zalında davam edib. Təhsil Nazirliyinin şöbə müdirinin müavini Əsgər Quliyev tədbiri açaraq Qazax Müəllimlər Seminariyasının elm və təhsilin inkişafında xüsusi xidməti olduğunu vurğulayıb. Əsgər Quliyev bildirib ki, Qazax tarixən maarifçilik ənənələri ilə tanınıb, bu ənənə indi də davam edir. Ölkə Prezidenti İlham Əliyev tərəfindən Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam verildiyini diqqətə çatdıran Əsgər Quliyev sərəncama uyğun olaraq, Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq olunduğunu bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov seminariyanın 100 illik yubileyinin qeyd edilməsinin əhəmiyyətini diqqətə çatdırıb, ölkə Prezidentinin təhsilin inkişafına göstərdiyi qayğı, həyata keçirilən islahatlar barədə danışıb. Qeyd edib ki, seminariya Azərbaycan kəndlərində savadsızlığın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik olub. Sonra akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub. Nizami Cəfərov Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi və onun varisi olan Qazax Müəllimlər Seminariyasının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindən biridir. Məruzəçi qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Azərbaycanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var. Nizami Cəfərov diqqətə çatdırıb ki, Qazax Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi illər ərzində 2862 nəfər pedaqoji mütəxəssis hazırlayıb. Sonra çıxış edən Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, seminariyanın 90 yaşlı məzunu Nuşirəvan Xəlilov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Ayna.az” saytının təsisçisi Elçin Şıxlı qeyd ediblər ki, Qazax Müəllimlər Seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub. Natiqlər həmçinin “Novruz mühazirələri”nin belə vacib məsələlərə həsr edilməsinin əhəmiyyətini qeyd edib, seminariyanın xalqımızın milli özünüdərkinin formalaşmasındakı rolunu vurğulayıblar. Sonra Təhsil Nazirliyi və Qazax Rayon İcra Hakimiyyəti tərəfindən “Novruz mühazirəsi” çərçivəsində Qazax Müəllimlər Seminariyasının məzunlarına bayram hədiyyələri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı ilə əlaqədar tənha, ahıl və yaşlı insanları əhatə edən bayramlaşma kampaniyası çərçivəsində seminariyanın məzunları olan Ağakişi İsmayılova, Nəbi Nəbiyevə, Sürəyya Qurbanovaya, Nuşrəvan Xəlilova və Nümayəndə Hüseynovaya “DOST Xonçası” təqdim olunub. Sonra tədbir iştirakçıları tərəfindən rayondakı Şəhidlər Xiyabanı ziyarət edilib. Mühazirə iştirakçıları həmçinin seminariyanın ilk binası ilə tanış olublar. Tarixi binanın qarşısında Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri və dərnək üzvləri tərəfindən hazırlanmış bayram tədbirində iştirak ediblər. Uşaqların söylədikləri qədim el bayramına həsr olunmuş bayatıları, şeirləri dinləyiblər. Tədbir çərşənbə tonqalının qalanması ilə başa çatıb. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.
12/03/2019 18:10
Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək
Martın 16-da "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçiriləcək. "Kod saatı" təşəbbüsünün birinci mərhələsi paytaxtın bütün inzibatı rayonları əhatə edilməklə Bakının 12 məktəbində, həmçinin Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbində baş tutacaq. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. “Kod saatı”na qatılmaq istəyən iştirakçıların sayına məhdudiyyət qoyulmur, ilkin qeydiyyat tələb olunmur. Proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaq və hər kəsin onun əsaslarını öyrənməsinin mümkünlüyünü göstərmək məqsədilə valideynlərin tədbirdə iştirakı təşviq olunur. Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
12/03/2019 17:36
I sinfə qəbulla bağlı videotəlimat
Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq. Təhsil Nazirliyi tərəfindən I sinfə qəbulla bağlı videotəlimat hazırlanıb. Videotəlimatı təqdim edirik:
12/03/2019 16:27
BDU-nun rektoru Elçin Babayev kollektivə təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Elçin Babayev universitetin kollektivinə təqdim edilib. Rektoru təqdim edən təhsil naziri Ceyhun Bayramov Elçin Babayevin iş təcrübəsi barədə məlumat verib. Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb və bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Prezident İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib və dövlət başçısının təhsil sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələrin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb.
12/03/2019 15:51
Qazaxda “Novruz mühazirəsi” keçirilir
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində növbəti “Novruz mühazirəsi” keçirilir. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, seminariyanın məzunları, rayonun pedaqoji ictimaiyyəti və media nümayəndələri iştirak edirlər. Əvvəlcə mühazirə iştirakçıları Qazax şəhəri 2 nömrəli tam orta məktəbin həyətində Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibəti ilə 100 ağac əkiblər. Daha sonra millət vəkili, akademik Nizami Cəfərov tərəfindən “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı “Novruz mühazirəsi” təqdim olunub.
12/03/2019 14:32
Elektron dərslik portalına ingilis dili fənni üzrə dinləyib-anlama səsli materialları yerləşdirilib
Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 6, 7, 8 və 9-cu sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları əlavə edilib. Səsli materiallar müvafiq olaraq dərsliklərin “dinlə və cavabla” (listen and answer) tapşırıqları olan səhifələrinə yerləşdirilib. Cari ildə e-derslik portalına 5, 6, 8 və 9-cu sinif Azərbaycan tarixi fənni üzrə səsli dərsliklər, 6-cı sinif fizika dərsliyinin mövzularına uyğun video təcrübələr də əlavə edilib. Bununla da portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 24-ə çatdırılıb. Hazırda portalda 217 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 241 elektron vəsait mövcuddur. Daim yenilənməsi və əlavə vasitələrlə zənginləşdirilməsi nəticəsində portala ictimaiyyətin marağı getdikcə artmaqdadır. Belə ki, ötən ilin ilk iki ayında portala giriş sayı 233 768, səhifələrə ümumi baxış sayı isə 1 663 067 olmuşdursa, cari ilin müvafiq dövründə bu göstəricilər 2 dəfəyə qədər artıb, potala giriş sayı 432 338, səhifələrə ümumi baxış sayı isə 3 311 948 olub. Xatırladaq ki, 2018-ci il ərzində e-derslik portalına giriş sayı 1 697 572, səhiflərə ümumi baxış sayı isə 12 452 046 təşkil edib. 2017-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 021 659 və 7 422 957 olub. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradır.
12/03/2019 11:23
Cocuq Mərcanlıda keçirilən “Qayıdış” Yaz Məktəbi başa çatıb
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının dəstəyi, “ENGİN” şirkətinin təşkilatçılığı ilə sosial korporativ məsuliyyət çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilən 3 günlük “Qayıdış” Yaz Məktəbi başa çatıb. Yaz məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbi və Fizuli rayonu Qazaxlar kənd orta məktəbindən 60-dan çox şagird iştirak edib. “Qayıdış” Yaz Məktəbinin birinci günü intellektual, ikinci günü incəsənət və yaradıcılıq, üçüncü gün isə kiçik sahibkarlıq, maliyyə savadlılığı mövzularında keçirilib və iştirakçıların yüksək marağına səbəb olub. İştirakçıların hər birinə Yaz Məktəbinə məxsus hədiyyələr verilib. Yaz Məktəbinin təşkilində və təlimlər zamanı tələbə-könüllülər uğurla fəaliyyət göstəriblər. “Qayıdış” Yaz Məktəbi Cocuq Mərcanlı kəndində yaşayan məktəbli və gənclərin Novruz bayramı ərəfəsində maraqlı vaxt keçirmələrinə şərait yaratmaq, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına təsir etmək, təhsilə maraqlarını artırmaq məqsədi daşıyır. Yaz Məktəbi Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, təlimlər isə Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin SABAH qrupları, “Youth Inc.” Sahibkarlıq Proqramı, “Bd Kids” və “Asmart creative hub” Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutub. Qeyd edək ki, aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yaradılıb. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncamı xüsusi əhəmiyyətə malikdir.
11/03/2019 17:59
Təhsil naziri Ağcabədi şəhərində vətəndaşları qəbul edib
Təhsil naziri Ceyhun Bayramov Ağcabədi şəhərindəki Bayraq Muzeyində Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ümumi təhsil müəssisələrindəki mövcud vəziyyət, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
11/03/2019 15:43
Növbəti “Novruz mühazirəsi” Qazaxda keçiriləcək
Martın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qazax şəhərində “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi” keçiriləcək. Tədbirdə millər vəkilləri, təhsil ekspertləri, media nümayəndələri iştirak edəcəklər. “100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı ikinci “Novruz mühazirəsi”ni akademik Nizami Cəfərov təqdim edəcək. Mühazirədə Qazax Müəllimlər Seminariyasının Azərbaycanın maarif tarixində oynadığı rol, fəaliyyəti, tanınmış yetirmələri barədə ətraflı məlumat veriləcək. Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri tərəfindən Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər ictimaiyyətə çatdırılır. İkinci “Novruz mühazirəsi”nin informasiya dəstəyi Real televiziyasına və Report İnformasiya Agentliyinə məxsusdur.
11/03/2019 14:17
Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir. Bununla bağlı həmin uşaqların valideynlərinə bildirişlər göndərilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və onlara eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2019-2020-ci tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur. Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən avtomatik sorğu yerləşdirildikdən sonra valideynlər Şəxsi kabinetdən elektron "Ərizəni" çap edərək sentyabrın 15-dək müvafiq sənədlərlə birlikdə məktəbə təqdim edə bilərlər. Valideyn övladı üçün birinci sinifdə məktəb və ya müəllim seçimini dəyişmək istədiyi təqdirdə, 13 mart 2019-cu il tarixindən etibarən “Sorğunu sil” düyməsini sıxaraq yenidən seçim edə bilər. Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə uşaqların qeydiyyatına martın 13-də start veriləcək. Ümumi təhsil məktəblərinin I siniflərinə elektron qeydiyyat prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə uşaqların qeydiyyatı elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qeydiyyat da elektron sistem vasitəsilə aparılacaq.
11/03/2019 13:51
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı