Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika fənn olimpiadalarının final turu keçiriləcək

Mayın 25-də Təhsil Nazirliyinin tabeliyindəki İlyas Əfəndiyev adına Elitar gimnaziyada Respublika fənn olimpiadalarının final turu keçiriləcək. Final turuna yarımfinal mərhələsində yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla qatılacaqlar. 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-cu və 11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar. Olimpiadada ümumilikdə 533 şagirdin iştirakı nəzərdə tutulub. Final turuna qeydiyyat prosesi mayın 15-dək www.olimpiada.edu.az saytı vasitəsilə keçiriləcək. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Bədii yaradıcılıq festivalının yekun konserti

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri  Səttar Möhbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb və bu uğurlu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd edib. Firudin Qurbanov bildirib ki, bu il festivalda respublika üzrə ümumilikdə 17 ali məktəb və 10 kollec qatılıb. 2 mərhələdə keçirilən festivalda  800-ə yaxın tələbə iştirak edib. Çıxışının sonunda nazir müavini tələbələrə uğurlar arzulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. Səttar Möhbalıyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, istedadlı gənclərin aşkarlanması baxımından əhəmiyyətli rolunu qeyd edib. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, istedadlı gəncləri üzə çıxarmaq və onların bədii-estetik səviyyəsini yüksəltməkdir.

Təhsil Nazirliyində qanvermə aksiyası

8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyində qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin rəhbərliyi, nazirliyin kollektivi və tabe qurumların əməkdaşları iştirak edib. Qanvermə aksiyası ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub. Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə edilməsi üçün Mərkəzi Qan Bankında toplanacaq.

Peşə mərkəzlərinin mühəndis-pedaqoji heyəti üçün təlimlər

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində pilot peşə məktəblərinin mühəndis-pedaqoji heyəti üçün “Traktorların tənzimlənməsi və istifadəsi” mövzusunda təlim keçirilib. 5 gün davam edən təlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Təlimdə Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin, İsmayıllı Peşə Tədris Mərkəzinin mühəndis-pedaqoji heyəti iştirak edib. Layihənin əhatə etdiyi regionlarda fəaliyyət göstərən 10 sahibkarlıq subyektinin mühəndis-texniki heyəti, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay Regional Peşə Tədris Mərkəzinin müvafiq əməkdaşları da təlimlərə qatılıblar. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə həyata keçirilib. Təlimlərin məqsədi pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etmək, onların bilik və bacarıqlarını gücləndirməkdir.  Qeyd edək ki, təlimlər kənd təsərrüfatının fərqli istiqamətləri üzrə (aqroservis, heyvandarlıq və bitkiçilik) davam etdiriləcək.

Təhsil Nazirliyi fövqəladə hallarla bağlı “Qaynar xətt”i (146-2) istifadəyə verdi

Təhsil Nazirliyində təhsil müəssisələrində baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı “Qaynar xətt” (146-2) istifadəyə verilib. “Qaynar xətt”in əsas məqsədi baş vermə təhlükəsi olan və ya baş vermiş fövqəladə hallarla bağlı məlumatların vətəndaşlar tərəfindən birbaşa nazirliyə verilməsidir. Bu cür məlumatlar nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən operativ araşdırılaraq müvafiq qərar qəbul ediləcək, həmçinin belə halların qarşısının alınması məqsədilə lazımi tədbirlər görüləcək. 146-2 “Qaynar xətt”inə daxil olmuş məlumatlar nazirlikdə bu məqsədlə təhkim olunmuş əməkdaşlara yönləndiriləcək, nazirliyin və ya yerli təhsil idarəetmə orqanının aidiyyəti məsul şəxsləri tərəfindən dərhal nəzarətə götürüləcək. Fövqəladə hallarla bağlı daxil olmuş məlumatlar təhlil edilərək mütəmadi olaraq ümumiləşdiriləcək və aidiyyəti təkliflərlə birlikdə nazirliyin rəhbərliyinə təqdim ediləcək. 146-2 “Qaynar xətt”in fəaliyyəti ilə bağlı məlumat lövhələri yeni tədris ilindən başlayaraq bütün təhsil müəssisələrində yerləşdiriləcək. Fövqəladə hallara təhsil müəssisəsi və onun ərazisində baş vermə təhlükəsi olan və ya baş vermiş yanğın, zəhərlənmə, təhsilalanların, təhsil işçilərinin xəsarət almasına səbəb olan bədbəxt hadisələr, təhsilalanlara və ya müəssisə işçilərinə qarşı fiziki və ya psixi zorakılıq halları, təhsil müəssisəsinin normal fəaliyyətinin ciddi pozulmasına səbəb ola bilən digər hallar aiddir.

Müəllim olmaq istəyənlər üçün sınaq imtahanı

Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı nəzərdə tutulan sınaq imtahanına qeydiyyat prosesi davam edir. Sınaq imtahanında iştirak etmək istəyənlər mayın 11-dək miq.edu.az/sinaq linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər. Sınaq imtahanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin II (Gənclik korpusu) tədris binasında keçiriləcək.  

“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri,  millət vəkilləri, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, təhsilin inkişafı hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ulu öndər tərəfindən əsası qoyulan inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Təhsil naziri bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib. Ceyhun Bayramov bildirib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdiriləcək. Nazir əlavə edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Təhsilin məzmununun gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından yenilənməsinin mühüm prioritetlərdən olduğunu deyən Təhsil nazirinin sözlərinə görə, ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, növbəti tədris ilində 20 məktəbdə peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilib. Ceyhun Bayramov ümumi təhsil müəssisələrində mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulmasının ən vacib məsələlərdən olduğunu deyib. Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov  bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir. "Ən yaxşı təqdimat" müsabiqəsinin əhəmiyyətinə toxunan Əli Əhmədov ümummilli liderin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Əli Əhmədovun sözlərinə görə,  bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Səttar Möhbalıyev  müsabiqə iştirakçılarının Komitə tərəfindən  mükafatlandırılacağını deyib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib.  Elmir Vəlizadə  ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.  

Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mərasim

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilir. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, millət vəkilləri, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak edirlər. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Müsabiqə Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədilə hər il ənənəvi olaraq keçirilir.

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 7-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Respublika Şahmat Festivalı keçirilir

Mayın 6-da “Şahmat” fənni tədris olunan ümumi təhsil müəssisələrinin şagirdləri arasında Respublika Şahmat Festivalının final mərhələsinə start verilib. Festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.  “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən final yarışının açılış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib. Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, şahmat idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, gənc şahmatçılara uğurlar arzulayıblar. Açılış mərasimindən sonra yarışlara start verilib. Yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli vəsiqə qazanıb.  Festivala 9 may 2019-cu il tarixində yekun vurulacaq. Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.

05/06/2026

? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir

Ətraflı
04/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil

Ətraflı
04/06/2026

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı