SABAH teatrı beynəlxalq festivalda
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMIU) SABAH qrupları Türkiyədə 33-cü Dənizli Beynəlxalq Həvəskar Teatr Festivalında iştirak edib. Dünyanın bir çox ölkələrindən və Türkiyənin müxtəlif şəhərlərindən teatr kollektivlərinin qatıldığı bu festivalda ADMİU-nun SABAH qruplarının müəllim heyəti, III kurs “Aktyor sənəti” ixtisasının tələbələri və SABAH məzunları “Hərə bir qəhrəman” və “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşaları ilə iştirak ediblər. Tamaşalar böyük maraqla qarşılanıb. Festivalın sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb.
13/05/2019 11:36
“Məktəbimizdə” - fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbdəndir. Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir.
13/05/2019 10:14
“Muzeylər və Nəsimi irsi” proqramı üzrə muzey həftəsi keçirilir
Mayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər. Açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov şagirdlərin bədii estetik zövqlərinin formalaşması baxımından muzeylərin böyük əhəmiyyət kəsb etdiyini deyib. Təhsil naziri bildirib ki, məktəblilərin muzeylərə ekskursiyalarının təşkili təkcə muzeylər həftəsində deyil, digər vaxtlarda da təmin olunmalıdır. Nazir həmin ekskursiyaların şagirdlərin tariximiz, adət-ənənələrimiz, tarixi şəxsiyyətlərimiz, tanınmış incəsənət xadimləri haqqında daha geniş və ətraflı məlumat almasında, onların dünyagörüşünün zənginləşməsində mühüm rolunu vurğulayıb. Məktəblilərin teatrlara cəlb olunmasının da əhəmiyyətindən söz açan Təhsil naziri qeyd edib ki, bu istiqamətdə artıq Təhsil və Mədəniyyət nazirliklərinin birgə işçi qrupu müzakirələr aparır. Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev respublikamızda fəaliyyət göstərən muzeylərdən söz açıb, son illər istər məktəblilərin, istərsə də digər şəxslərin muzeylərə maraq göstərdiyini bildirib. Muzeylərdə məktəbliləri qəbul etmək üçün lazımi şəraitin olduğunu diqqətə çatdıran nazir Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığından, bu əməkdaşlığın ümumi işə müsbət təsir etdiyindın danışıb. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova muzeylər həftəsinin əhəmiyyətindən söz açıb. Sonra “Məktəblilər üçün muzey həftəsi” proqramında fəal iştirakına görə 28 muzeyin direktorlarına Təhsil Nazirliyi tərəfindən təşəkkürnamələr verilib. Tədbirin bədii hissəsində məktəblilərin ifasında mahnılar səsləndirilib, şeirlər söylənib. İştirakçılar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin əl işlərindən ibarət sərgi və muzeydəki eksponatlarla tanış olublar. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilər üçün muzey həftəsi” keçirilir. Bu il keçirilən layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanımaq, məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir. Proqram ümumilikdə Bakı şəhəri üzrə 270-ə yaxın ümumtəhsil məktəbi, gimnaziya və liseyi əhatə edəcək.
12/05/2019 13:52
“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi”
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayev, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gənclərə diqqət və qayğısından söhbət açılıb, dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs olunub. Sonda kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib. AZƏRTAC
10/05/2019 23:03
Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat festivalı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Festival “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil olunub. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən festivalın bağlanış mərasimində Təhsil Nazirliyinin, idman ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ulu öndər Heydər Əliyevin ölkəmizdə şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı gördüyü işlərdən, şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, bu idman növünün uşaqlar üçün əhəmiyyətindən danışıb, həmçinin gənc şahmatçılara uğurlar arzulayıb. Sonra final mərhələsində II, III və IV siniflər üzrə yarışlarda birinci, ikinci və üçüncü yeri tutan oğlan və qız şahmatçılar mükafatlandırılıb. Qaliblərə Təhsil Nazirliyi tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq final mərhələsinə II, III və IV siniflərdən altı zona üzrə yarışlarda birinci və ikinci yeri tutan oğlan və qız şahmatçılar olmaqla ümumilikdə 72 məktəbli mübarizə aparıb. Festivalın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünü təntənəli şəkildə qeyd etmək, “Şahmat” fənni tədris edilən pilot ümumtəhsil məktəblərində bu fənnin mənimsənilmə səviyyəsini artırmaq, istedadlı şahmatçıları aşkar etmək, məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şagirdlər arasında dostluq və idman əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
10/05/2019 12:41
Heydər Əliyev ideyaları ilə yetişən nəsil
“Ən yaxşı təqdimat” layihəsinin qalibləri mükafatlandırıldı O, biri üçün xilaskar, başqası üçün sadəcə Günəşdir. Biri hər sətrində onu görmədiyinə təəssüflənir, digəri istəyəndə onunla danışa bilir. Ümummilli lider Heydər Əliyev hər məktəbli üçün bir çox məna ifadə edir. Danışanda jestləri, baxışları, ifadə tərzləri ilə böyüklər qədər ağıllı görünən məktəblilərin yazılarındakı hər kəlmə, hər cümlə onları ələ verir. Bu nümunələrin hər birində uşaq məsumiyyəti üzə çıxır. Söhbət “Ən yaxşı təqdimat” layihəsinin builki qaliblərindən gedir. Gözü yaşlı, həyəcandan dili söz tutmayan bu uşaqların əksəriyyəti ümummilli liderlə bağlı yazı müsabiqəsinin rəqibsiz qalibi olmağa hazırlaşmışdılar. Ancaq burada məlum oldu ki, sən demə, tək deyillər. Məktəbli dostları arasında kifayət qədər güclü rəqibləri var. Mayın 7-də “Ən yaxşı təqdimat” müsabiqəsinin növbəti qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş tədbir yenə möhtəşəm, yenə həyəcanverici olub. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. “Ümummilli liderin uzaqgörənliklə söylədiyi konseptual fikirlər ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir” “Ümummilli liderin fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə olub. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirləri, tarixi tövsiyələri bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsində öz töhfəsini verir”, - deyən Təhsil naziri Ceyhun Bayramov çıxışında əsası Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası nəticəsində əldə olunan nailiyyətlər sırasında 2018-ci ildə təhsil qanunvericiliyinin əsaslı şəkildə yeniləndiyini, təhsil islahatlarının daha çevik şəkildə aparılmasına əlverişli zəmin yarandığını qeyd edib. “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi, “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Qanunların tətbiqi ilə əlaqədar olaraq 25-dək normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Onların böyük əksəriyyəti təsdiq edilib. Bu ilin mart ayında “Ümumtəhsil haqqında qanun” Milli Məclisdə qəbul olunub. Ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb. 110 mindən çox tələbə və doktorantı əhatə edən qərara görə, təqaüdlərin məbləği orta hesabla 20 faiz qalxıb. Bakalavriat səviyyəsində dövlət sifarişli yerlərin sayı 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılıb. Həmin tədbirlərin davamı olaraq, I və II dərəcəli əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə Prezidenti növbəti sərəncam imzalayıb. Ötən ilin noyabrında təsdiq edilən “2019-2023-cü illər üçün Azrbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı da xatırladan nazir bu sənədin ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoyduğunu deyib: “Proqram ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi məqsədi daşıyır”. Peşə təhsili sisteminin yenidən qurulması, çevik idarəetmənin təmin edilməsi məqsədi ilə 55 təhsil müəssisəsinin bazasında 24 ixtisaslaşmış peşə təhsil mərkəzi yaradılıb, peşə təhsilinin yeni dövlət standartları təsdiq edilib. Nazir peşə təhsilinin əhatə dairəsinin genişlənməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilən səriştələrin tanınması istiqamətində görülən tədbirlərin növbəti illərdə də davam etdiriləcəyini vəd edib. Çıxışında müəllimlərin ildən-ilə artan nüfuzundan da danışan Təhsil naziri deyib ki, son illərdə müəllimlik peşəsi rəqabətli sahəyə çevrilib: “Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edənlərin sayı son 5 ildə 3 dəfədən çox artıb. Ceyhun Bayramovun sözlərinə görə, istedadlı şəxslərin müəllim peşəsinə cəlb olunması əsas məqsədlərdəndir”. C.Bayramov qeyd edib ki, məktəbəqədər təhsil pilləsi təhsilin sonrakı pilləsində göstəricilərin yüksəlməsinə təsir göstərdiyindən Təhsil Nazirliyi üçün son illərdə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması prioritet istiqamət olub. Ölkədə 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunması 75 faizə çatdırılıb, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması nəzərdə tutulur. Azərbaycanda məktəblilərin beynəlxalq olimpiadalarda iştirakına və qazandıqları uğurlara diqqət çəkən nazir 2019-cu ilin uğurlarından da danışıb. Olimpiada qaliblərinin müsabiqədənkənar Azərbaycan ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsinin bu hərəkatın genişlənməsinə şərait yaradacağını vurğulayıb. İnformatika üzrə dünya olimpiadasının bu il Azərbaycanda keçiriləcəyini deyən nazir bunu əlamətdar hadisə kimi xüsusi qeyd edib. Ölkəmizdə 1 milyondan çox şagirdin təlim vəziyyətinin yaxşılaşdığını deyən nazir növbəti illərdə qəzalı məktəblərin taleyinin həll ediləcəyini vurğulayıb. Məktəblərdə həyata keçirilən uğurlu layihələrdən də danışan Təhsil naziri 71 məktəbdə 26 min şagirdi əhatə edən “Rəqəmsal bacarıqlar” layihəsinin yaxın illərdə 100 mindən artıq şagirdi əhatə edəcəyinin planlaşdırıldığını qeyd edib. Nazir bildirib ki, müasir dövrdə şagirdlərin zərərli informasiyalara çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsil verənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir: “Məktəb rəhbərləri üçün məktəb-ailə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliliyinin 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir. “Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir” “Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur”, - deyən Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvərlik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək: “Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlar kimi Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”. Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın bugünkü vəziyyəti 1990-cı illərin əvvəllərində mövcud olan vəziyyətdən əhəmiyyətli dərəcədə fərqlənir, bugünkü gerçəkliklər o zamankılardan tam seçilir: “Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”. Baş nazirin müavini əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır. Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması istiqamətində çox ciddi tədbirlər görülür. Bu tədbirlər öz növbəsində hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir: “Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır. İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Təkcə bu ilin bir neçə ayı ərzində 3 milyondan çox insanın həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb”. Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, dövlətin prioritet istiqamətlərindən biri də təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”. Ə.Əhmədov hər il yüzlərlə məktəblinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu müsabiqədə iştirakına diqqət çəkərək deyib: “Bu, məktəblilərin sadəcə bilik yarışı kimi qəbul edilməməlidir. Bu, ölkəmizin gələcəyinin formalaşmasında rol oynayacaq nəslin Heydər Əliyev ideyaları ilə yetişməsi deməkdir”. Ə.Əhmədov “Ən yaxşı təqdimat” layihəsinin 50-yədək qalibinin Yeni Azərbaycan Partiyasının təqaüdünə layiq görüldüyünü vurğulayaraq, builki qaliblər arasından da tələbə adı qazanacaq gənclərin olacağına inandığını deyib: “YAP-ın təqaüd ayırması həm müsabiqədə iştirak edən məktəblilərin əməyinin qiymətləndirilməsi, həm də stimullaşdırıcı addımdır. Ən önəmlisi, bu tədbirdə yaxından iştirak edən yetişməkdə olan nəslə Heydər Əliyev irsinə göstərdiyi həssaslığa görə ifadə etdiyimiz minnətdarlığın kiçik təzahürüdür”. 6 nəfərə I, 11 nəfərə II, 18 nəfərə III dərəcəli diplom, 27 nəfərə isə tərifnamə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev ümummilli liderlə bağlı yazı yazmağın çətin, məsuliyyətli və şərəfli olduğunu xatırladaraq qalib məktəbliləri təbrik edib. Qaliblərin hər birinə 200 manat məbləğində mükafat ayırdıqlarını deyib. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb, ulu öndərin irsinin yaşadılması baxımından bu müsabiqənin rolunu diqqətə çatdırıb və qalibləri qazandıqları uğur münasibətilə təbrik edib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri öz ifaları ilə tədbirə rəng qatıblar. “Azərbaycan müəllimi” qəzeti
10/05/2019 10:34
“Bizim müəllim”
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən Məmmədovaya həsr olunub. Aytən Məmmədova 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 54 bal toplayıb. Uşaqlıqdan coğrafiya fənninə xüsusi marağı olduğunu bildirən Aytən Məmmədova dərs zamanı şagirdlərinin dünyanı qiyabi olaraq səyahət etməsinə çalışdığını deyir. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
10/05/2019 09:35
“Tullantıdan sənətə”
Təhsil Nazirliyinin tabeliyindəki 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Tullantıdan sənətə” adlı tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd gənc nəslə ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqları aşılamaqdır. Sərgidə “Dekorativ rəsm” dərnəyinin üzvlərinin ekoloji mövzuda hazırladıqları 50-yə yaxın əl işi nümayiş olunub. Mərkəzin gənc rəssamları tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyalarını təqdim ediblər. Tədbirdə Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA-nın Zoologiya İnstitutu, AMEA nəzdində fəaliyyət göstərən Zooloji Muzey, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Dənizkənarı Bulvar İdarəsi, AMEA Mərkəzi Nəbatat Bağı və digər qurumların nümayəndələri iştirak ediblər. Sonda dərnək üzvləri sərgidə fəal iştiraklarına görə diplomlarla təltif olunublar.
08/05/2019 17:02
Təhsil naziri Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara Maldonado ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Çili Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
08/05/2019 16:18
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı