Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə Təhsili Mərkəzinin tələbələri üçün müəssisələrə ekskursiyalar

Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin “Aqroservis”, “Bitkiçilik” və “Heyvandarlıq” ixtisas qruplarının tələbələri üçün rayonun aparıcı müəssisələrinə ekskursiyalar təşkil olunub. İlk olaraq “Aqroservis” ixtisas qrupunun tələbələri “Gilan Qəbələ Aqrotexservis” ASC və “Şamlı Aqrotexservis” MMC fermer təsərrüfatında müasir aqrotexniki qurğu və avadanlıqlarla tanış olub, gündəlik iş prosesini əyani izləmək imkanı əldə ediblər. Növbəti səfər “Bitkiçilik mütəxəssisi” ixtisas qrupunun şagirdləri üçün təşkil olunub. Səfər çərçivəsində tələbələr “Gilan Dairy Farms” MMC-in əkinçilik–toxumçuluq müəssisəsi və südçülük kompleksi ilə tanış olublar. Tələbələr taxıl sahələrinə baxış keçirib, yemçilik bitkilərinin əkilməsi və onlara qulluq edilməsi, cərgəarası becərmə işləri, gübrələrin hazırlanması, saxlanması və verilməsi prosesləri ilə yaxından tanış olublar. Bundan başqa, rayonda ilk dəfə becərilən lavanda bitkisinin xüsusiyyətləri, əkilməsi və becərilməsi üsulları haqqında iştirakçılara məlumat verilib. “Heyvandarlıq mütəxəssisi” ixtisas qrupunun tələbələri üçün Azza “Aqro” QSC-yə infotur təşkil olunub. Ekskursiya zamanı tələbələr fermanın quruluşu, heyvanların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini izləyiblər. Eləcə də, şirkət nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat verib. Ekskursiyalar zamanı əsas diqqət tədris edilmiş modullar üzrə tələbələrin biliklərinin daha da möhkəmləndirilməsinə yönəldilib. Qeyd edək ki, ekskursiyalar Avropa İttifaqının maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsi çərçivəsində reallaşdırılıb.

“Muzey həftəsi” başa çatıb

“Muzeylər və Nəsimi irsi” proqramı üzrə “Məktəblilər üçün muzey həftəsi” yekunlaşıb. Muzey həftəsində 29 regionun Uşaq - Gənclər İnkişaf Mərkəzindən və Bakı şəhəri üzrə 270-ə yaxın ümumi təhsil müəssisələrindən ümumilikdə 21 729 nəfər məktəbli iştirak edib. Layihə çərçivəsində məktəblilər ölkəmizin milli mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər. “Muzeylər və Nəsimi irsi” proqramı Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilir. Layihənin məqsədi 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı çoxsaylı araşdırma və əlyazma nümunələrini əyani şəkildə tanıtmaq, şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaqdan ibarətdir.

“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib. Azərbaycan Texniki Universitetin İdman Kompleksində keçirilən yarışlarda U-13 liqası üzrə I yeri “Sıçrayış” Basketbol Klubunun, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub.  U-15 liqası üzrə isə I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli Uşaq Gənclər İdman Məktəbinin komandası tutub. Qaliblər diplom, kubok və medallarla təltif olunub. Müxtəlif nominasiyalar üzrə seçilən basketbolçulara mükafatlar təqdim edilib. Qeyd edək ki, 2018-ci ilin sentyabr ayından keçirilən yarışlara idman məktəblərindən və basketbol klublarından hər liqa üzrə 12 komanda qatılıb. Liqaların keçirilməsində məqsəd yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarət olub.

“Vətən” İdman Liseyinin təmsilçiləri ölkə birincisi olub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə müxtəlif yaş qrupları arasında təşkil olunan liqaların final oyunları keçirilib. 8 yaş qrupunda (U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17) yarışlara qatılan “Sabah” futbol klubunun komandalarının tərkibində “Vətən” İdman Liseyinin yetirmələri uğurlu nəticə göstərib. Belə ki, liseyin 10, 14 və 17 yaş qruplarından ibarət “Sabah” futbol klubunun yığma komandaları qızıl, 11 və 16 yaş qruplarından ibarət komandalar gümüş medal qazanıb. 15 yaş qrupundan ibarət komanda isə bürünc medala layiq görülüb. Liseyin təmsilçiləri ümumilikdə 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq medalların əyarına görə ölkə birincisi olub. Futbol üzrə 7 təmsilçi isə müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülüb.

İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılışı olub

Mayın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini, AzMİU-nun rektoru Gülçöhrə Məmmədova və digər şəxslər iştirak edib. Rektor Gülçöhrə Məmmədova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd ölkəmizdə “dizayn” ixtisası üzrə savadlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaqdır. Rektor qeyd edib ki, AzMİU və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihə 2 il müddəti üçün nəzərdə tutulub. Gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramlarının reallaşdırılması qarşıya qoyulmuş məqsədlərdəndir. Sonra çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib ki, mərkəzin yaradılması Azərbaycan və İtaliya arasında humanitar sahədə ikitərəfli əməkdaşlığın inkişafına dövlət səviyyəsində verilən yüksək diqqət və önəmin bariz nümunəsidir. Nazir belə bir mərkəzin yaradılmasının adı çəkilən iki universitet arasında faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacağını vurğulayıb. Ceyhun Bayramovun sözlərinə görə, mərkəz Azərbaycanda “dizayn” ixtisası üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının təkmilləşdirilməsinə, bu sahə üzrə iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafına, müvafiq istiqamətdə ortaq tədqiqatların aparılmasına mühüm töhfə  verəcək. Hazırda ölkəmizin bir neçə universitetində “dizayn” ixtisası üzrə mütəxəssis hazırlandığına toxunan Təhsil naziri həmin ali təhsil müəssisələrinin də bu layihədən faydalana biləcəyini diqqətə çatdırıb. Nazir yeni mərkəzin açılışı münasibətilə AzMİU kollektivini təbrik edib və  onlara uğurlar arzulayıb. İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri  Auqusto Massarini də öz növbəsində Azərbaycan-İtaliya arasında təhsil sahəsində mövcud əməkdaşlığa toxunub və mərkəzin “dizayn” ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində əhəmiyyətini vurğulayıb. Çıxış edən digər qonaqlar da mərkəzin açılışını yüksək qiymətləndiriblər. Sonra mərasim iştirakçıları “dizayn” ixtisası üzrə təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında hazırladığı layihələrin təqdimatına baxıblar.  İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib.  

“Həq mənəm, həq məndədir, həq söylərəm”

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Həq mənəm, həq məndədir, həq söylərəm” devizi  altında bədii qiraət üzrə baxış müsabiqəsi keçirilib. Məktəblilər arasında keçirilən müsabiqə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. Müsabiqənin təşkil edilməsində əsas məqsəd gənc nəsli Nəsiminin əsərləri ilə tanış etmək, onların bədii yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir. Tədbirə qatılan məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Məktəblilərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Tədbirdə elm və incəsənət xadimləri, həmçinin tanınmış media nümayəndələri iştirak ediblər.  Sonda qalib qiraətçilər diplomlarla təltif olunublar. 

“Məktəbimizdə” - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Şəki şəhər 14 nömrəli tam orta məktəbdəndir. Məktəb 1930-cu ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəbin yeni binası şagirdlərin istifadəsinə verilib.  Rubrikanın məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir günü ilə sizi tanış etməkdir. 

V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib

Ümumi təhsil məktəblərinin  VI-VII sinif şagirdləri arasında V Respublika  fənn müsabiqələrinin  rayon (şəhər) mərhələsi keçirilib.  Müsabiqələrdə ümumilikdə 27 000-nə yaxın şagird iştirak edib.  Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib.  Fənn müsabiqələrinin iyun ayında keçiriləcək yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə)  əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək.  Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur. Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Himayəçilər Şurasının ilk iclası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının ilk iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva və Himayəçilər Şurasının üzvləri iştirak edib. Təhsil naziri Ceyhun Bayramov elm və təhsilin inkişaf etdirilməsi, milli təhsilin nüfuzunun yüksəldilməsi, ona əlavə dəstək verilməsi məqsədi ilə yaradılan Himayəçilər Şurasının fəaliyyət istiqamətləri barədə məlumat verib. Ceyhun Bayramov universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı olan və ali təhsil müəssisəsinin inkişafına yardım edən Himayəçilər Şurasının ictimai əsaslarla fəaliyyət göstərdiyini bildirib. Nazir qeyd edib ki, Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Nizamnamə ilə müəyyən edilir. Nazir bu təhsil müəssisəsində  tədris-metodiki işlərin həyata keçirilməsi üçün Himayəçilər Şurası tərəfindən Elmi-metodiki Şura yaradılacağını diqqətə çatdırıb. Elmi-metodiki Şuranın yaradılması qaydası və səlahiyyətləri Himayəçilər Şurasının təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur. Himayəçilər Şurasının üzvləri öz növbəsində gələcək fəaliyyətə dair fikirlərini bildirib və təkliflərlə çıxış ediblər. Sonra BDU-nun rektoru Elçin Babayev universitetin 100 illik yubileyinin keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edək ki, Himayəçilər Şurası universitetin qanuni fəaliyyətinin həyata keçirilməsində, ali təhsil müəssisəsinin inkişafına mane olan aktual problemləri həll etməkdə köməklik göstərəcək. Bundan başqa, universitetdə təhsil xidmətlərinin rəqabətqabiliyyətliliyinin təmin edilməsi, universitetin tədqiqat və təhsil, mədəni və intellektual mərkəz kimi inkişafına dəstək verilməsi, ali təhsil müəssisəsinin dövlət, ictimai və biznes strukturları ilə əməkdaşlığının təşviq edilməsi Şuranın səlahiyyətlərinə daxildir. Şura beynəlxalq təhsil, elmi, texniki və mədəni əməkdaşlığın inkişafına yardım etməklə yanaşı, təhsil müəssisəsinə büdcədənkənar vəsaitlərin cəlbi və universitetin infrastrukturunun inkişafı, maddi-texniki bazasına dəstək verilməsi funksiyalarını da həyata keçirəcək. Xatırladaq ki, Himayəçilər Şurasının tərkibinə Təhsil naziri Ceyhun Bayramov, Ədliyyə nazirinin müavini Azər Cəfərov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, xalq yazıçısı Elçin Əfəndiyev, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Roald Saqdeyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və “BP” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli daxildir.

Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil işçiləri ilə görüş

Mayın 17-də Qəbələ, Oğuz və İsmayıllı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Qəbələ, Oğuz və İsmayıllı  rayonlarının təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin  inkişafı  ilk növbədə onun aparıcı hissəsini təşkil  edən  ümumtəhsil  məktəblərindən asılıdır.  Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan Məhəbbət Vəliyeva deyib ki, tam orta təhsilin təmayülləşdirilməsi zamanı aşağı siniflərdən şagirdlərin yaradıcılıq qabiliyyəti müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalı, eləcə də fənlərin məzmunu təkmilləşdirilməlidir. Nazir müavini şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şagirdlərin olimpiada uğurlarının artırılması istiqamətində təhsil müəssisələri tərəfindən müvafiq işlər görülməlidir. Hesabat yığıncağında təhsil sahəsində prioritet  məsələlər üzrə görüləcək işlərə toxunan Məhəbbət Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib. Daha sonra Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri tərəfindən təhsil müəssisələrinin 2018-2019-cu tədris ili ərzində fəaliyyətinə dair hesabat təqdim olunub.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı