Direktor vəzifəsinə növbəti yerləşdirmənin nəticələri
Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin növbəti yerləşdirmə nəticələri açıqlanıb. Nəticələrə əsasən, 53 nəfər namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Yeni direktorlar aprelin 1-dən öz vəzifələrinin icrasına başlayacaqlar. Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, 2018-ci ilin noyabr ayında elan edilmiş müsabiqədə 228 nəfər uğur qazanıb. İlkin yerləşdirmə nəticəsində 104 nəfər namizəd fevralın 25-dən, 28 namizəd isə martın 4-dən müvafiq məktəblərə direktor vəzifəsinə təyin edilib. Sözügedən müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 185 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib. Vəzifəyə təyin olunan direktorların siyahısı
28/03/2019 12:41
Mühəndislik və robot texnikası olimpiadası keçiriləcək
Aprelin 6-da Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robot texnikası olimpiadası təşkil olunacaq. Danimarkanın “Lego Education” və ABŞ-ın “First” təşkilatının ortaq layihəsi olan FLL 1998-ci ildən etibarən uşaqların elm və texnologiyaya maraqlarını artırmaq və real problemlərin həllinə öz töhfələrini vermək məqsədi ilə təşkil olunan turnirdir. Hər il dünyanın 98 ölkəsindən 300 mindən çox məktəblinin cəlb olunduğu turnirə Azərbaycan ilk dəfə 2017-ci ildə qoşulub. Yerli turnirdə qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq yarışda təmsil edib. Cari ildə keçiriləcək yerli turnir çərçivəsində 10-16 yaşlı məktəblilərdən ibarət 30 komanda “Əsas dəyərlər”, “Robot dizaynı”, “Layihə təqdimatı” və “Robot oyunu” adlı 4 kateqoriya üzrə bilik və bacarıqlarını nümayiş etdirəcək. Qalib gələn iki komanda 22-25 may tarixlərində Türkiyənin İzmir şəhərində təşkil olunacaq FLL Türkiyə Açıq Beynəlxalq Çempionatında iştirak hüququ qazanacaq. Qeyd edək ki, son illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərdən keçirilib və şagirdlər beynəlxalq robot texnikası yarışlarına cəlb olunublar. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.
28/03/2019 10:19
Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.
27/03/2019 17:12
I sinfə şagird qəbulu davam edir
2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir. Ümumi təhsil məktəblərinin I siniflərinə martın 13-dən başlamış qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılır. Martın 11-dən başlayaraq məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar avtomatik olaraq hazırlıq keçdikləri məktəblərin birinci siniflərinə qəbul olunurlar. Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılılır. Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində həyata keçirilir. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən şəhər və rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərir. 2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul da elektron formada həyata keçirilir.
27/03/2019 12:04
Beynəlxalq olimpiadalara hazırlıq düşərgələri təşkil edilib
Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində "Novruz" düşərgələri təşkil edilib. Belə ki, 17-24 mart tarixlərində şagirdlərin Beynəlxaq İnformatika Olimpiadasına hazırlıq səviyyələrinin artırılması məqsədi ilə Rumıniyadan gənc mütəxəssis dəvət olunub. Beynəlxalq İnformatika Olimpiadasının iki dəfə gümüş medalçısı olan rumıniyalı mütəxəssisin tədris etdiyi dərslər şagirdlərin müvafiq bilik yarışması üzrə hazırlığında müsbət rol oynayıb. 19-26 mart tarixlərində isə riyaziyyat fənni üzrə həm aşağı, həm də yuxarı yaş qrupu üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə İran İslam Respublikasından dəvət edilmiş mütəxəssislər tərəfindən dərslər təşkil edilib. Beynəlxalq olimpiadalara hazırlıq çərçivəsində cari ilin iyul-avqust aylarında belə düşərgələrin bir neçə dəfə təşkili planlaşdırılır. Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.
26/03/2019 12:09
Məktəblilərimizin növbəti uğuru
Rusiya Federasiyasının Maykop şəhərində məktəblilərin Qafqaz Riyaziyyat Olimpiadası keçirilib. Bolqarıstan, Rumıniya, Türkiyə, Qazaxıstan və digər ölkələrdən olan yuxarı sinif şagirdlərinin bilik və bacarıqlarını nümayiş etdirdiyi olimpiadada Azərbaycan məktəbliləri uğurla çıxış ediblər. Fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev II Diploma və gümüş medala, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə III Diploma və bürünc medala layiq görülüblər. Murad Ağazadəyə həmçinin təqdim olunan tapşırıqlardan birini bütün iştirakçılardan fərqli və original həll etdiyi üçün olimpiadanın təşkilatçıları tərəfindən xüsusi sertifikat verilib. Liseyin 10-cu sinif şagirdi Rəşad Musayev isə olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüb.
23/03/2019 11:44
“Dəyərlərə əsaslanan təhsil öndə olmalıdır”
Sevinc İlyas Məmmədova, Corc Vaşinqton Universitetinin doktorantı:“Biz uşaqlarımızın bacarıqlı insan olmalarına daha çox çalışmalıyıq, nəinki 700 bal toplamasına” Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsili və yüksək peşəkarlar kimi yetişmələri gələcək uğurlu karyeranın təməli deməkdir. Bu, həm də ölkəmizin gələcəyinə hesablanmış strateji hədəfdir. Çünki bu gənclər öz uğur hekayələri ilə ölkəmizin inkişafına töhfələrini verməkdədir. Öz istedad və bacarıqları ilə elm və təhsil yolunda inamlı addımlarını atan istedadlı gənclərimizdən biri də hazırda ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində doktorantura təhsili alan Sevinc İlyas Məmmədovadır. Onun təhsil yolu çox maraqlı və zəngindir. - ABŞ-a hansı arzularla gedirdiniz? Özünüzə belə bir hesabat verirdinizmi ki, bu yol sizə uğur gətirəcək? - Mən artıq 10 ildir ki, Amerikadayam. İlk dəfə birillik mübadilə proqramı əsasında ABŞ-a bakalavr təhsili almağa getmişdim. Sonra 2 illik magistr proqramını oxumağa yollandım. Ailə həyatı qurduğuma görə Amerikada qalmışam. Həyat yoldaşım 20 ildir ki, ABŞ-da yaşayır, azərbaycanlıdır. Amerikaya gedəndə qarşıma qoyduğum ən böyük məqsəd o idi ki, maksimum dərəcədə yaxşı bacarıqlar öyrənim. Çünki insan informasiyanı istənilən yerdən öyrənə, kitablar oxuya bilər. Ancaq bacarıqları öyrənmək və inkişaf etdirmək üçün öyrəndiklərini praktikadan keçirmək, müəyyən proqramlardan yararlanmaq lazımdır. Mən düşünürdüm ki, bu bacarıqları əldə etmək üçün Amerika bir nömrəli ölkədir. Şükürlər olsun ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən mübadilə proqramları vardı, mən onun qalibi seçildim. Bakalavr təhsili dövründə, deyə bilərəm ki, Amerika təhsilinin üstünlüklərini tam dərindən anlamırdım, magistraturada oxuyanda isə bu üstünlükləri daha çox anlamağa başladım. Çünki magistraturada təhsilin idarəedilməsi və liderlik üzrə təhsil alırdım. Sonra gördüm ki, təhsil elə bir sahədir ki, onu 2-3 ilə öyrənib bitirmək olmur və mən təhsilin daha dərinliklərinə getmək istədim. Qərara gəldim ki, doktorantura təhsili almaq zamanı gəlib çatıb. Artıq doktorantura təhsilimi yekunlaşdırmaq üzrəyəm. Ondan sonra artıq müdafiəyə hazırlaşacağam. - Tədqiqatlarınızın mövzusu nə ilə bağlıdır? - Tədqiqatlarımın mövzusu təhsildə bərabərlik və maliyyə resurslarının bərabər bölüşdürülməsidir. Bildiyiniz kimi, ABŞ-da bir çox ölkələrdən olan millətlərin nümayəndələri yaşayır. Onlar müəyyən qonşuluqlarda toplaşırlar. Bəzən belə hallar yaranır ki, varlı qonşular və kasıb qonşular olur. Ancaq dövlət maliyyəni eyni həcmdə paylayır. Mən düşünürəm ki, bu, yanlışdır. Əgər bir məktəb varlı qonşuluqda yerləşirsə, onun resurslar üçün imkanları varsa, bəlkə də o məktəbə o qədər də maliyyə ayırmağa ehtiyac yoxdur. Kasıb məktəblərə daha çox maliyyə ayrılmalıdır. Dissertasiya mövzum bu istiqamətdədir. Tədqiqatım xüsusilə emmiqrantlar üzərində formalaşıb, ola bilər ki, mən özüm də emmiqrantam, emmiqrant ailələrlə daha çox ünsiyyətdəyəm, ondan bu mövzuya marağım sonsuzdur. Əsas foksum budur. Təbii ki, tədqiqat elə bir şeydir ki, proses ərzində dəyişir, yeni fikirlər, suallar üzə çıxır və s. Ancaq əsas diqqətim bu istiqamətdədir. - Təhsil sahəsində araşdırmalara cəmiyyət və rəsmi dairələr tərəfindən dəstək varmı? - Çox böyük dəstək var. Mən sizə deyim ki, tədqiqatlar yalnız dövlət tərəfindən maliyyələşdirilmir, yəni orada şəxsi şirkətlər, ayrı-ayrı təşkilatlar və yaxud tədqiqat agentlikləri var ki, onlar özləri maliyyələşdirir. Bəzən hər hansı bir məktəbin özü bu təhsil ocağı üçün xüsusi problem varsa, hətta fandreyzinq edir, o sahə üzrə tədqiqatlar keçirirlər. Çünki Amerikanın təhsili tədqiqatlardan çox asılıdır. Tədqiqatlar, onların nəticələri, tövsiyələr və təkliflər ciddi qəbul olunur. Bütün məktəblər, təhsil ocaqları öz qərarlarında tədqiqatların nəticələrinə söykənirlər. Ona görə də Amerikada tədqiqatlara böyük dəstək var, çalışırlar ki, araşdırmaları hər il, hər ay yeniləsinlər. Adətən 10 il əvvəl olmuş tədqiqatlardan istinad gətirmirlər. Mən misal üçün, doktoranturada oxuyuram, hər dəfə biz hansısa məqalə yazanda professorlar deyirlər ki, son 2-3 ilin resurslarından istifadə edək. Yəni yeniliklər o qədər tez sürətlə baş verir ki, onlara çatmaq üçün biz yalnız yeni nəşr olunan tədqiqatlara müraciət edirik. Və bu, artıq rəqabət yaradır. Çalışırlar ki, tədqiqat mərkəzləri bir-biri ilə yarışa girsinlər, yaxşı məqalələr hazırlasınlar ki, onlara istinad olunsun. “Təhsildə olan inkişafa bir az səbirlə yanaşmaq lazımdır” - Tədqiqatlarınız gedişində Azərbaycanla bağlı layihələriniz olubmu? - Bəli, ötən il Təhsil Nazirliyinin dəstəyi ilə bizim çox böyük və gözəl bir layihəmiz oldu. ADA Universiteti, Corc Vaşinqton Universiteti və Amerika səfirliyinin birgə layihəsini reallaşdırdıq. Biz özəl şirkətləri də bu layihədə fəal iştiraka cəlb etməyə çalışdıq. Layihənin həyata keçməsində BP şirkəti çox böyük rol oynadı. Biz böyük bir komanda - 8 nəfərdən, 4 professor, 4 doktorant tələbə Azərbaycana səfər edərək bir neçə gün ərzində ADA Universitetində konfrans keçirdik. Konfransın nəticəsi olaraq biz tədbirlə bağlı müsahibələrin, görüşlərin nəticələrinin, təkliflərin əks olunduğu məqalə təqdim etdik ki, gələcək strategiyalarda istifadə olunsun. Bu, çox uğurlu layihə oldu və ümid edirəm ki, belə layihələr davam edəcək. Çünki layihənin məqsədi təhsilin inkişafında tədqiqatların rolunu, yəni araşdırmaların təhsilin inkişafında nə dərəcədə rol oynadığını göstərmək idi. - Növbəti təşəbbüslər nələri əhatə edəcək? - Bilirsiniz ki, müəllimlərin bacarıqlarının artırılması, məktəb direktorlarının təkmilləşdirilməsi prioritet məsələdir. Azərbaycan artıq PISA-da iştirak edir. Bu tədqiqatın nəticələrinin təhlili və onlardan doğan təkliflərin reallaşdırılması istiqamətində planlarımız var. Digər bir layihəmiz də var ki, onun Azərbaycan universitetləri və özəl şirkətlərlə həyata keçirilməsi planlaşdırılır. Bu da təhsildə sahibkarlığın inkişafı ilə bağlıdır. Bəzən təhsilə, belə deyək, cəmiyyət tərəfindən yalnız Təhsil Nazirliyinin məsuliyyəti kimi baxılır, ancaq nəinki Amerikada, dünyanın bütün inkişaf etmiş ölkələrində ali təhsildə özəl və dövlət tərəfdaşlığı var, bu, çox vacibdir. Biz istəyirik ki, bu istiqamətdə də böyük bir konfrans keçirək, nəinki gəncləri, professorları, müəllimləri, eləcə də cəmiyyət üzvlərini məlumatlandıraq ki, təhsilin inkişafında yalnız təhsil ocaqları deyil, bütün cəmiyyətin iştirakı çox aktiv və böyük olmalıdır. - Təhsil strategiyalarının hazırlanması bütün ölkələrə xasdır. Sizcə, qloballaşma dövründə strategiyalarda ana xətt nə olmalıdır? - Mən həmişə qeyd edirəm ki, istənilən ölkədə - istər ABŞ, Sinqapur, Finlandiya, istərsə də Azərbaycan olsun, təhsildə olan dəyişikliklər çox ləng gedir. Ona görə də təhsildə dəyişiklikləri görmək üçün illərlə gözləmək lazımdır. Çünki birinci sinifdə tətbiq olunan dəyişikliklər öz nəticələrini 11-12 il sonra göstərə bilər. Ona görə təhsildə olan inkişafa bir az səbirlə yanaşmaq lazımdır. Təhsil strategiyası hazırlanarkən kritik məqam ondan ibarət olmalıdır ki, biz yalnız formal təhsili düşünməməliyik, biz qeyri-formal təhsilə də diqqəti artırmalıyıq. Yəni, dəyərlərə əsaslanan təhsil rəqəmlərə əsaslanan təhsildən daha güclü olur. Biz uşaqlarımızın yalnız yüksək bal yığmasına deyil, gözəl insan, vətənini sevən, bacarıqlı insan olmalarına daha çox çalışmalıyıq, nəinki 700 bal toplamasına. Mən həmişə təhsil strategiyalarının yazılmasında iştirak edərkən bunu vurğulayıram ki, dəyərlərə əsaslanan təhsil öndə olmalıdır. Yəni ki, təhsil strategiyasında bu məqam təmin edilirsə, onda təhsildə müsbət dəyişiklikləri görmək olar. Yenə də deyirəm, istənilən ölkədə olduğu kimi, Azərbaycanda da bu dəyişikliklər ləng gedir, ancaq bu, anlaşılandır. Ümid edirəm ki, 10 ildən sonra biz daha böyük dəyişikliklər görəcəyik. “Onlar çox nadir hallarda müəllimləri testdən keçirir” - Siz Amerikada ali təhsil almısınız, bu ölkənin təhsil sisteminə bələdsiniz. ABŞ, Sinqapur və ya Finlandiya təhsil sistemlərindən hansını həm innovasiyalar, həm də mütərəqqi inkişaf baxımından özümüzə model sistem kimi görə bilərik? - Amerikalıların yaxşı bir sözü var: bir ölçü hər insana gedə bilməz. Təhsil strategiyasının yazılması ərəfəsində mən Finlandiyada, Sinqapurda və eləcə də bir çox Avropa ölkələrində olmuşam. Sinqapurun və digər inkişaf etmiş ölkələrin özünəməxsus özəllikləri var. Məsələn, Şanxay reytinqində həmişə texniki fənlərə görə ilk yerləri tutur. Onlar rəqəmsal elmlərə daha çox fikir verirlər, riyaziyyat, informatikada yüksək nəticələr göstərirlər. Ancaq Finlandiyada bunun əksinədir. Finlandiya test üsuluna üstünlük vermir. Finlandiyanın etibara, inama, dəyərlərə söykənən təhsil sistemi var. Onlar çox nadir hallarda müəllimləri testdən keçirir, uşaqlara çox nadir hallarda test təklif edirlər. Düşünürlər ki, əgər insanın özünün öyrənməyə həvəsi varsa, o, öyrənəcək, onu testlə yoxlayıb nəticələrini analiz etməyə ehtiyac yoxdur. ABŞ təhsil sistemi isə tamamilə fərqlidir, yəni hər iki sistemi özündə birləşdirən bir təhsil sistemidir. Görürsünüz, bu üç ölkənin 3-ü də müxtəlifdir, hər birinin uğurlu təhsil sistemi var. Bu, onu göstərir ki, bizə fərdi yanaşmaq lazımdır. Misal üçün, Azərbaycana Sinqapurun sistemini tətbiq edə bilmərik, çünki Sinqapurun mədəniyyəti, adət-ənənələri fərqlidir. Eləcə də Finlandiyanın da. Məncə, təhsil strategiyalarının ən başlıca maddələrini, bəndlərini götürüb tətbiq etməliyik. Və mən deyərdim ki, Azərbaycanda yazılan təhsil strategiyası kifayət qədər mükəmməl hazırlanmış təhsil strategiyasıdır. Çətinliklər onun icrası, həyata keçirilməsi ilə bağlı ola bilər. Bizim strategiyamız var, sadəcə gücümüzü verməliyik onun həyata keçirilməsinə. Yaddan çıxarmamalıyıq ki, bu istiqamətdə hər iki tərəfin üzərinə böyük məsuliyyət düşür - həm dövlətin, həm də valideynlərin. Hər iki tərəfin gücü ilə yüksək nəticələr əldə etmək olar. - Sualımı bir qədər fərqli qoymaq istərdim. Sizin övladlarınız ABŞ-da təhsil alır. ABŞ-da yaşayan bir azərbaycanlı valideyn olaraq necə düşünürsünüz, ABŞ təhsil sistemi uşaqlarınıza istədiyiniz bilikləri verirmi? - Mənim 2 övladım var. Oğlumun 7 yaşı var, ikinci sinifdə oxuyur, qızım isə hələ məktəbəqədər təhsildədir. Ola bilər, mən təhsil sahəsindəyəm, xoşbəxtlikdən məktəb sisteminə çox yaxından cəlb oluna bilirəm. Bizim yaşadığımız ərazidə yaxşı məktəblər var. Mən tez-tez direktorla, müəllimlərlə görüşürəm, çalışıram ki, ayda bir dəfə təkcə müəllimlə deyil, rəhbərliklə də görüşüm. Məktəbin inkişafında direktor əsas rol oynayır. Ən yaxşı xüsusiyyət ondan ibarətdir ki, mən ürəyimdə rahatam ki, uşaqlarıma istədiyim təhsili verə bilirəm. Tutaq ki, müəllim bu gün oxu və ya riyaziyyatdan nəsə keçirsə, onu çox yaxşı kommunikasiya edir və valideynlərə ötürür. Və biz evdə onun davamı olaraq keçilən dərsin üzərində birlikdə işləyirik. Biz bir ay Azərbaycanda olduq. Amma orada təhsil o səviyyədə strukturlaşıb, sistemə salınıb ki, mən Bakıda hər gün müəllimlə əlaqədəydim. O, dərsdə nə keçirdi, mən də evdə uşaqlarıma keçilən dərsləri çatdırırdım. Mənə elə gəlir ki, o bilikləri uşaqlarıma ötürə, müəyyən dərəcədə təhsillə təmin edə bilirəm. Amerikada da elə ailələr var ki, çox əziyyət çəkirlər, uşaqları yaxşı oxumurlar və ya test nəticələri o qədər də yaxşı deyil. Yenə də məsuliyyət müəllimin üzərinə düşmür, çünki müəllim sinifdə hər bir şagirdə dərs deyir, ola bilər ki, uşaqlara fərdi yanaşır, ancaq valideyn evdə məşğul olmursa, artıq böyük çətinliklər əmələ gəlir. - Uşaqlarınız Azərbaycan dilini bilirlər? - Çox yaxşı bilirlər. Azərbaycan, türk, rus, ingilis dillərində təmiz danışırlar. Oğlum Çin və Koreya dilini də öyrənməyə başlayıb. Bağçada isə ispan dilini öyrənir. Bir neçə dildən istifadə edə bilir, ancaq səlis olaraq 4 dildə danışa bilir. - Bəzən deyirlər, təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən yüksək ola bilməz. Burada əsas məsələ müəllim hazırlığından gedir. Siz müəllim hazırlığında hansı vacib məqamları qeyd edə bilərsiniz? - Bilirsiniz, biz bayaqdan Finlandiya təhsil sistemindən danışdıq. Finlandiya təhsil sistemi ona görə güclüdür kü, bu ölkədə müəllim olmaq asan deyil. Ona görə də müəllimlər o qədər güclü hazırlanır ki, artıq onların istehsal etdikləri şagirdlər də güclü şagirdlər olurlar. Ümumiyyətlə, müəllim hazırlığı, müəllim fəaliyyətinin təşkili təhsilin özəyidir. Ən böyük resurslar onlara sərf edilməlidir. Ona görə də müəllim hazırlığının təşkili strateji şəkildə və çox yaxşı düşünülmüş olmalıdır ki, müəllim bir gündə 5 müxtəlif sinfə girə bilsin. Bu, o deməkdir ki, 5 dəfə strategiyasını dəyişə bilər. Bir sinifdə 20 şagird ola bilər, bu, o deməkdir ki, 20 yanaşma ilə sinfə girməlidir müəllim. Müəllim hazır olmalıdır ki, hər bir şagirdin, belə deyək, tələbinə cavab versin. - Amerikada müəllim hazırlığına hansı aspektdən yanaşmalar var? - Amerikada müəllim hazırlığına çox ciddi yanaşılır. Yəni müəllimlər xüsusi dərəcə aldıqdan sonra əlavə lisenziya almalıdırlar. Hər ştatın öz lisenziyası var və bu, o deməkdir ki, təhsilə fərdi yanaşma var. Yəni bir lisenziya bütün ştatlarda keçərli deyil. Bu, o deməkdir ki, hər müəllim öz yaşadığı mühitə uyğun olaraq uşaqlara təhsil verə bilməlidir. Amerikada da müəllim olmaq çətindir. Yəni bir neçə il tələb olunur ki, dərəcə alıb, imtahanlar, hazırlıq kurslarından keçib müəllimliyə başlaya bilsinlər. - Finlandiyalı professor Pasi Salberqin “Fin dərsləri” adlı artıq bestsellərə çevrilmiş bir kitabı var. Orada diqqətimi cəlb edən bir məqam var. Salberq qeyd edir ki, son 30 il ərzində Finlandiya istedadlı gəncləri təhsilə cəlb edə bildi və nəticədə fin təhsilində uğurlu inkişaf baş verdi. Bizdə də gənclər arasında müəllimliyə üstünlük verənlərin sayı artıb. Təhsilimizdə “fin möcüzəsi” baş verə bilərmi? - Mən kitabın Azərbaycan dilinə tərcüməsində iştirak etmişəm. Pasi Salberqlə də şəxsən görüşmüşəm. Yenə də qeyd etmək istəyirəm ki, Finlandiyada müəllim olmaq çox çətindir. Müəllim olana qədər bir neçə mərhələdən keçmək lazımdır. Yəni prestij o qədər yüksəkdir ki, müəllimlik sənətinə ancaq bacarığı və istedadı olanlar gedir. Ona görə də müəllimə böyük hörmət var. Müəllim olmaq böyük bir şərəfdir. Müəllimə o qədər hörmətlə yanaşırlar ki, artıq şagird bilir ki, bu müəllimin qarşısında oturmaq, ondan öyrənmək böyük bir şərəfdir. Çünki o müəllim illərlə hazırlaşıb, təhsil alıb ki, onlara dərs öyrətsin. Finlandiyada müəllimliyə yiyələnmək üçün 5-6 il vaxt keçir. Əlbəttə ki, ölkəmizdə də gənclərin müəllimliyə gəlməsi sevindirici haldır. Məncə, bu, özü də çox gözəl strategiyadır. - Təhsildə nəsillərin dəyişməsi məsələsinə necə baxırsınız? - Ümid edirəm ki, gənclərin tədris sahəsinə qoşulmasına veteran müəllimlər qısqanclıqla yanaşmırlar. Çünki onlardan öyrəndiyimiz çox şey var, yəni onların təcrübəsini, keçdiyi yolu biz bəlkə bilmirik. Tədris prosesində gənclərin rolu böyük olmalıdır. Ancaq təhsildə veteran müəllimlərin rolunu heç vaxt azaltmamalıyıq, çünki onlar sistemi bizdən gözəl bilirlər. Onlar gözəl bilirlər ki, məsələn, hansı rayonun, məktəbin sinfinə necə yanaşmaq lazımdır. İllərlə o mühiti öyrəniblər, tədbiq ediblər, ona görə onlarla əməkdaşlıq çox vacibdir. Mentorluq strategiyası, yəni cavan müəllimlərə veteran müəllimlərin dəstəyi təhsil sahəsində çox vacibdir. Biz ortada boşluq yarada bilmərik, çünki gənc müəllimin sinfə girib tədrisə başlaması, mühitə alışması bir neçə il vaxt alır. Təhsil strategiyasını işləyən insanlar, mütəxəssislər bu məqamları nəzərdə saxlamalıdırlar ki, boşluqlar olmasın. Çünki bəzən insanlar düşünür ki, yaşlı nəsil artıq təhsildən ayrılmalı, təqaüdə çıxmalıdır. Lakin onların təhsilə töhfələri bizimkindən də yüksək ola bilər. “Yumşaq bacarıqları heç bir süni intellekt əvəz edə bilməz” - Necə bilirsiniz, süni intellektin müəllim əməyini əvəz edə bilməsi nə dərəcədə realdır? - Sizinlə razılaşıram ki, indi süni intellektin inkişafı insanlarda həyəcan yaradıb. Ancaq biz bir şeyi yadda saxlamalıyıq ki, yumşaq bacarıqları heç bir süni intellekt əvəz edə bilməz. Ona görə özünə güvənən müəllim, yüksək kompetensiyalara malik olan müəllim heç nədən narahat olmamalıdır. Çünki heç bir süni intellekt canlı insanı, yumşaq bacarıqları yüksək olan insanı əvəz edə bilməz. Təbii ki, bəzi işlər var ki, onlar süni intellekt tələb edir. Ancaq mən inanmıram ki, müəllimliyi hansısa süni intellekt əvəz etsin, çünki qeyd etdiyim kimi, hər bir fərdə fərdi yanaşma olmalıdır. Fərdi yanaşma tələb olunmayanda, bəli, biz onda süni intellekti sinfə sala bilərik. Nəticədə nə ola bilər? Böyük xaos yarana bilər. Ona görə də təhsildə müəllim hazırlığı çox dərin düşünülməli, təşkil olunmalıdır ki, heç bir süni intellekt onları əvəz etməsin. - Dərslərin onlayn tədrisinə necə baxırsınız? - Bu sistem dünyanın bir sıra inkişaf etmiş ölkələrində çox məşhurdur, əslində, heç də pis sistem deyil. Mən özüm də doktorantura təhsili dövründə onlayn dərslər almışam, iki dərsim onlayn olub. Onlayn dərslər 12 illik təhsil sistemlərində də var. Bu sistem ABŞ-da, xüsusən də hərbiçi ailələr arasında çox yayılıb, çünki onlar tez-tez bir ştatdan başqa ştata köçürlər. Bu sistem onlar üçün çox əlverişlidir. Bundan əlavə, hibrid - onlayn və üzbəüz dərslər də var. Hansı ki, bir həftə onlayn, bir həftə isə üzbəüz olur. Bu dərslər də çox yaxşı dərslərdir. Çünki bəzən elə dərslər olur ki, onları yalnız onlayn etmək olar. Digər həftədə isə müzakirələr olduğuna görə dərslər üzbəüz keçilir. Yəni, bunların dərəcəsi var. Əlbəttə ki, orta dərəcədə edildikdə alqışalayiq bir fikirdir. Mən şəxsən tam onlayn sistemi bəyənmirəm. Çünki özüm ünsiyyətcil olduğum üçün kommunikativ dərsləri xoşlayıram. Ona görə də hibrid dərslərə daha çox üstünlük verirəm. - İndi tez-tez belə fikirlər səslənir ki, məktəb sistemində şagird və müəllimlər standartlar çərçivəsindən çıxmalıdır. Bu fikirlərə münasibətiniz necədir? - Bəli. Məncə, artıq bir çox ölkələrdə buna doğru gedirlər. Yəni, hər şeyi, təhsil və s. standart çərçivəyə salmaq bir zamanlar çox məşhur idi. Amma təhsil elə bir sahədir ki, onu standarta salmaq olmaz. Yəni maliyyə sahəsi deyil ki, 2+2=4 olsun. Təhsildə kreativlik, yəni, yaradıcılıq çox vacibdir. Bəzən standartlar onu məhdudlaşdırır, ona görə yeni trendlər artıq başqa strategiyalar diktə edir. İstəyirlər ki, daha da çevikliyə nail olmaq üçün standartlardan bir az uzaqlaşıb, fərqli yanaşsınlar. - Xaricdə təhsil alan gənclərimizə universitet seçimində hansı məsləhətləriniz var. Gənclər seçim edərkən nələrə diqqət etməlidirlər? - Gənclərə tövsiyəm budur ki, top universitetlərdə oxumağın sizin üçün heç bir fərqi yoxdur. Siz əgər bacarıqlısınızsa, normal bir universiteti bitirib çox yaxşı bacarıqlara yiyələnə bilərsiniz. Top universitetə daxil olub vaxtınızdan səmərəsiz istifadə edirsinizsə, boş-boş dərslər götürürsünüzsə və yaxud heç bir şey öyrənmirsinizsə, yəni bacarıqlar əldə etmirsinizsə, onda harada oxumağın, Harvard və ya Stenfordu bitirməyin mənası yoxdur. Çünki o sizə yalnız diplom verir. Universitetlər fakültələrinə görə sıralanır. Bəzən təhsil sahəsində oxumaq istəyən bir gənc maliyyə üzrə məşhur olan ali məktəbə gedir, yəni bu universitet çox məşhurdur, ona görə mən burada təhsil almaq istəyirəm. Ancaq mən sual verirəm, sənin sahən o universitetdə necədir? Professorların profilinə baxıbsanmı? Hansı istiqamətlərdə tədqiqatlar aparırlar? Hansı dərsləri var? Bəzən görürəm ki, gənclərin bu məqamlardan xəbərləri də olmur. Mən xaricdə təhsil almaq istəyən gəncləri bundan uzaqlaşmağa çağırıram. Əvvəlcə nə etmək istədiyinizi özünüz üçün müəyyənləşdirin, sonra universitet axtarın. Universitet axtarıb sonra özünüzü adaptasiya etməyin, çünki sizin arzunuz öz arzunuzdursa, o dəyişmir. Siz öz arzunuzdan axıra qədər ayrılmayın. Arzunuzu universitetin reytinqinə görə dəyişməməlisiniz. Universitetlərin reytinqləri hər il dəyişir. Yəni bu il məşhur olan universitet gələn il, ola bilsin ki, nəyə görəsə reytinqdə aşağı düşə bilər. Ona görə özlərini bu reytinqlərdən asılı vəziyyətə salmasınlar. - Prezidentin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Sizcə, ali məktəblərin mənzərəsini dəyişəcək bu proqram bizi lazımi hədəflərə çatdıra biləcəkmi? - Əslində, bu, çox zəruri bir addımdır. Ən yaxşı beyni özünə çəkmək, rəqabət yaratmaq çox gözəl təhsil strategiyasıdır. Bu qərar universitetlər arasında keyfiyyəti də yüksəldə bilər. Doktorantura təhsilinə marağın artırılması məni sevindirir, çünki doktorantura artıq tədqiqatlarla məşğul olmaq deməkdir. Tədqiqatlara söykənən təkliflər hazırlamaq və onların tətbiq olunması, fikirlərin müzakirəsi məni sevindirir. Çünki bu, təhsildə ideyanı, insanların düşüncələrini dəyişdirə bilər. Bir zaman boşluq yaranmışdı, hamı doktorant olmaq istəyirdi, çünki yaxşı adı, gələcəkdə hansısa üstünlükləri var. Ancaq heç kim tədqiqatlardan danışmırdı - mən təhsil sahəsinə hansı töhfələrimi verə bilərəm? Hansı tədqiqatım var və ya müstəqil sahələrə aid hansı işlərim var? Mən bu qərarı çox bəyənirəm, öz adımdan çox sevinirəm, çünki mən də artıq doktoranturanı bitirirəm. Tədqiqata böyük marağım olduğu üçün bu, məni sevindirir. Yəni artıq tədqiqata dəyər verilir və Azərbaycanda doğrudan da ciddi qəbul olunur. Ümid edirəm ki, biz düzgün istiqamətdəyik. Ali məktəblərimiz, təhsil qurumları aktiv şəkildə bunun həyata keçirilməsinə töhfə verərlərsə, təhsildə böyük çevriliş yarada bilərlər. “Azərbaycan müəllimi” qəzeti
21/03/2019 23:33
“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”
Stanford Universitetinin doktorantı Cəfər Cəfərov: “Orta məktəb müəllimindən olimpiadaya hazırlıq dərsi keçməsini istəmək doğru deyil” Elmin zirvələrinə aparan yol çətin, məsuliyyətlidir. Ən böyük uğurlar gərgin əməyin, zəhmətin məhsuludur. Yalnız bu yolu öz həyatının amalı hesab edən insanlar sonda öz hədəfinə çatmış olurlar. Bu gənclərdən biri də yüksək intellektli, heyrətamiz riyazi təfəkkür sahibi, dünyanın top universitetlərinin beynəlxalq sıralamasında daim ön cərgələrdə yerləşən ABŞ-ın Stanford Universitetinin PHD məzunu, Beynəlxalq Riyaziyyat Olimpiadasının qızıl mükafatçısı, Amerika vaxtı ilə gecə saat 4:06-da Bakıya canlı bağlanaraq azərbaycanlı şagirdlərə “Skype” vasitəsilə beynəlxalq olimpiadalara hazırlıq dərsi keçən, bununla da əsl vətənpərvərlik nümunəsi sərgiləyərək təhsil ictimaiyyətimizin dərin etimadını qazanmış Cəfər Cəfərovdur. Azərbaycana iştirak etdiyi beynəlxalq olimpiadalardan 3 qızıl medal gətirmiş istedadlı gənclə söhbətə başlamazdan əvvəl onunla daha yaxından tanış olaq. - Bilirsiniz ki, bütün dünyada gənc istedadların yetişdirilməsi məsələsinə xüsusi diqqət var. Bunun səbəbini nə ilə izah edərdiniz? - Artıq bütün dünya elmin və onun gətirdiyi yeniliklərin öz ölkələri və gələcək nəsilləri üçün necə önəmli olduğunu daha yaxşı anlayır. Buna görə də gənc istedadların yetişdirilməsinə hər yerdə xüsusi diqqət yetirilir. Dövlətlərin gələcəkləri bu istedadlı nəsillərdən və onların dünyaya verəcəyi töhfələrdən asılıdır. - Ayrı-ayrı ölkələrdə nüfuzlu universitet məzunları orta məktəb şagirdlərinin elmə cəlb edilməsi proqramlarına cəlb olunur. Səhv etmirəmsə, 37 ölkədə bu cür proqramlar var. ABŞ-da universitetlərin orta məktəblərlə buna bənzər əməkdaşlıq proqramları və ya layihələri varmı? - Amerikada universitet və başqa müstəqil təşkilatlar bu sahələrdə çox iş görürlər. Məsələn, orta məktəbi qurtarmağa yaxın olan məktəblilər universitetdə keçilən dərslərdə iştirak edə və yay tətili dövründə universitet laboratoriyalarında işləyə bilirlər. Bundan əlavə, kiçik yaş qrupları üçün də elmə və incəsənətə maraq yaratmaq məqsədilə müxtəlif proqramlar təşkil olunur. Məsələn, mənim məzunu olduğum Stanford Universiteti də daxil olmaqla bir neçə universitetdə “Math Circles” adlanan proqram var. Bu proqramda hər həftə orta məktəb şagirdlərinə pulsuz olaraq universitetin müəllimlərindən və ya orada oxuyan doktorantura tələbələrindən biri hər hansısa bir riyazi mövzunu əyləncəli şəkildə başa salmağa çalışır. Bu və bunun kimi təşkilatlar gəncləri müxtəlif elm sahələrinə yönləndirməyə çalışırlar. “Riyaziyyat olimpiadalarına ən gec VII sinifdən başlamaq lazımdır” - Ali məktəblər nəzdində xüsusi istedadlar siniflərinin yaradılması ideyasının olimpiadaçıların hazırlanmasında rolu barədə nə deyə bilərsiniz? - Ali məktəblərin istedadlı gənclərin yetişməsində belə yaxından iştirak etməsi təqdirəlayiqdir. Düşünürəm ki, gələcəyin elm adamlarının belə elm mərkəzlərində yetişməyindən daha yaxşı heç nə ola bilməz. - Sizcə, olimpiadaçıların hazırlanması işinə nə vaxtdan, hansı siniflərdən başlamaq lazımdır? - Məncə, riyaziyyat olimpiadalarına ciddi şəkildə hazırlaşmağa ən gec yeddinci sinifdən başlamaq lazımdır. Səkkizinci sinfə başlayan bir şagird bütün orta məktəb materiallarını bitirmiş olmalıdır ki, ilin sonunda keçirilən Junior Balkan kimi daha ciddi olimpiadalara hazırlaşmağa vaxtı qalsın. Amma yaxşı olardı ki, olimpiada ruhu və həyəcanı uşaqlara daha da gənc yaşlardan aşılansın. Amerikada bunu Mathcounts, Mathleagues ve Math Circles kimi müxtəlif universitet və qeyri-hökumət təşkilatları edirlər. Bir neçə ildir Azərbaycanda da aşağı yaş qruplarının da iştirak etdiyi dünyaca məşhur Kenquru olimpiadası keçirilir. Ölkəmizdə bu və buna bənzər bilik yarışlarının, müsabiqələrin keçirilməsi olimpiadalara marağı təbii olaraq artırır. Bu da öz növbəsində gələcəkdə daha güclü şagirdlərin yetişməsinə kömək edir. - Beynəlxalq olimpiadaçılarla hansı müəllimlər məşğul olmalıdır? - Olimpiada dərsləri üçün xüsusi müəllimlər heyəti olmalıdır. Bundan ötrü olimpiada proqramını yaxşı bilən, onları uşaqlara rahat başa sala bilən, olimpiada hərəkatındakı yeniliklərlə ayaqlaşa bilən müəllimlərə ehtiyac var. Çünki olimpiadaya hazırlıq qrupunda şagirdlər, adətən, dərs proqramında olmayan, ali məktəb səviyyəsində tapşırıqlar üzərində işləyir, çox çətin misal və məsələlərin həlli yollarını tapmağa çalışırlar. Bu işlə xüsusi müəllimlər məşğul olmalıdır. Normal bir orta məktəb müəllimindən olimpiadaya hazırlıq dərsi keçməsini istəmək doğru deyil. Olimpiada proqramı məktəb proqramlarından tamamilə fərqlidir. Orta məktəb müəllimlərindən sadəcə sagirdləri olimpiadalara həvəsləndirməyi xahiş edə bilərik. - Beynəlxalq olimpiadalar üçün seçim hansı şərtlər əsasında aparılmalıdır? Şagirdlərin daha çox nəzəri və ya praktik bacarıqlarına diqqət yönəldilməlidir? - Olimpiadalara seçimlər şəffaf, proqramlı və mümkün qədər çox şagirdin iştirak edə biləcəyi şəkildə aparılmalıdır. Ən yaxşı şagirdlərin seçilib yetişdirilməsi çox çətin və uzun illər tələb edən bir işdir. Bu sahədə Azərbaycanda son illərdə çox irəliləyiş olduğunu düşünürəm. Məsələn, mən orta məktəbdə oxuyarkən olimpiadalara dünya standartlarında hazırlıq aparan sadəcə bir neçə özəl məktəb var idi. İndi isə Təhsil Nazirliyi müxtəlif orta məktəblərdən seçilmiş şagirdləri xüsusi hazırlıqdan keçirdərək olimpiadalara hazırlaşdırır. Seçimlərin daha çox şagird arasından aparılması rəqabətin və keyfiyyətin də artmasına şərait yaradır. Bunu indi dərs dediyim olimpiada sinfində də açıq şəkildə görmək mümkündür. Hazırlıqlar zamanı şagirdin həm nəzəri, həm praktiki və həm də psixoloji bacarıqlarına diqqət yetirilməlidir. Şagirdlər olimpiadada dərin nəzəri bilik tələb edən sualları qısa vaxt ərzində həll etməyi bilməli, çətin suallarla qarşılaşdığı zaman həvəsdən düşməməli və ruh yüksəkliyini daim uca tutmalıdır. - Siz artıq bir neçə ildir ki, riyaziyyat üzrə Azərbaycan komandasına olimpiada hazırlıqlarında dəstək verirsiniz. Şagirdlərimizin güclü və zəif cəhətlərini görə bilirsinizmi? - On ildən çoxdur Azərbaycan, Türkiyə və Amerikada orta məktəb şagirdlərinə könüllü olaraq olimpiada dərsi deyirəm. Azərbaycan komandası ilə də bu il yenidən bərabər işləməyə başlamışıq. Şagirdlərimizin ümumi səviyyəsi əvvəlki illərlə müqayisədə çox yüksəkdir. Nəzəri bilikləri, olimpiada təcrübələri və çalışma istəklərindən olduqca razıyam. Düşünürəm ki, psixoloji hazırlığa daha çox diqqət yetirmək və imtahanda inamlı işləməyin yolları üzərində daha çox çalışmaq lazımdır. “Valideynlərin olimpiada prosesindəki rolunu xüsusi qeyd etmək istərdim” - Siz olimpiada qızılı sahibisiniz. Sizcə, istedadlı şagirdləri Beynəlxalq Olimpə aparan müəllimlər necə seçilməli, onlar hansı keyfiyyətlərə malik olmalıdırlar? - Yaxşı olardı ki, olimpiada müəllimləri daha əvvəllər özləri də olimpiadalarda iştirak etmiş müəllimlərimiz arasından seçilsin. Məncə, bu müəllimlər həm hazırlıq prosesinin necə aparılmalı olduğunu daha yaxşı bilirlər, həm də öz təcrübələrinə əsaslanaraq şagirdlərin olimpiadalarda nə hiss etdiklərini daha yaxşı anlayırlar. Amerika komandasının da həm indiki rəhbəri, həm rəhbər köməkçiləri, həm də olimpiada düşərgələrində dərs deyən, demək olar ki, bütün müəllimlər əvvəlki illərdə olimpiadalarda iştirak etmiş universitet müəllim və tələbələridir. - Beynəlxalq olimpiadada uğur kimdən daha çox asılıdır: hazırlıqlı şagirddən, yoxsa hazırlıqlı müəllimdən? - Məncə, olimpiadada uğur qazanmaq şagird və müəllimin hər ikisindən də asılıdır. Şagirdlər olimpiada həvəsini daim yüksək tutmalı və ciddi şəkildə çalışmalı, müəllimlər isə onları ən yaxşı şəkildə olimpiadalara hazırlaşdırmalıdır. Mən bir də valideynlərin olimpiada prosesindəki rolunu xüsusi qeyd etmək istərdim. İdman olimpiadalarında medal qazanmış atletlerin valideynlərinin onların müvəffəqiyyətindəki yeri xüsusi ilə vurğulanır. Bu, fənn olimpiadalarında da belədir. Məncə, valideynlər şagirdə daim arxa duran, onu həvəsləndirən və psixoloji hazırlığına kömək edən ən önəmli amildir və olimpiadada uğurun üçdə biri də onlardan asılıdır. “Özümü başqalarına baxaraq motivasiya edirəm” - Siz bir neçə beynəlxalq olimpiadada iştirak etmiş və qızıl medal qazanmısınız, yaddaşınızda daha çox hansı olimpiada qalıb? Çətinlik yarandıqda özünüzü necə motivasiya edibsiniz? - Ən çox yadımda qalan olimpiadalar 2007-ci ildə Yunanıstanda keçirilən Balkan olimpiadası və 2011-ci ildə Hollandiyada keçirilən dünya olimpiadasıdır. Birinci Azərbaycanın qatıldığı ilk Balkan olimpiadası idi və mən vətənə bu olimpiadadan qızıl medalla qayıtmışdım. 2011-ci ildəki olimpiadaya isə müəllim olaraq qatılmışdım və biz o il, çox təəssüf ki, qızıl medalı bir bal ilə əldən qaçırtdıq. Çətinlik anında ən çox özümü başqalarına baxaraq motivasiya edirəm. Düşünürəm ki, başqaları bunu edə bilirsə, mən də edə bilərəm. Bir də mən çalışmağın bəhrəsini nə vaxtsa verəcəyini düşünən bir insanam və bunu da şagirdlərimə tez-tez vurğulayıram. İstənilən qədər, proqramlı və ciddi şəkildə çalışmısansa, nəticənin gec, ya da tez vaxtda qabağına çıxacağına inanıram. - Davamçılarınıza, Azərbaycanın gənc istedadlarına nə kimi tövsiyələriniz var? - Azərbaycandakı gənclərə özlərini daim inkişaf etdirməyi və yeniliklərə açıq olmağı tövsiyə edərdim. Dünya çox sürətlə inkişaf edir və dəyişir. Buna görə də inamla və ruhdan düşmədən özünüzü ən yaxşı şəkildə gələcək üçün yetişdirməyə çalışın. “Azərbaycan müəllimi” qəzeti
21/03/2019 23:17
Günün tarixi
21 mart – Azərbaycanın ilk xalq şairi, akademik Səməd Vurğunun doğum günüdür.
21/03/2019 23:04
Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində zona mərhələsi
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən təşkil olunan Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub. 7 zona (Bakı, Gəncə, Lənkəran şəhərləri, Quba, Şamaxı, Şəki, Salyan rayonları) üzrə keçirilən yarışda ümümilikdə respublikanın 50 rayonundan məktəblilər iştirak edib. Hər iki nominasiya üzrə I,II,III yeri tutan 214 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib və respublika mərhələsi üçün 42 iş seçilib. Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində “Ekoloji yönümlü və enerji effektli məktəb” müsabiqəsinin zona mərhələsi cari ilin may ayında, yekun tədbir isə iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Festivalda respublikanın 597 ümumtəhsil məktəbindən 4769 nəfər məktəbli iştirak edir. Respublikanın bütün ümumi təhsil müəssisələrinin qatıldığı festivalın məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara ixtisas və peşə seçimi imkanlarını təmin edən müvafiq bacarıqların verilməsi, ümumtəhsil məktəblərinin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
19/03/2019 13:04
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Oman Sultanlığının ali təhsil, tədqiqat və innovasiyalar naziri Dr Rahma bint İbrahim bin Said Al Mahrouqiyah ilə görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22149-1
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22147-1
ƏtraflıElm, zəka və inkişafın ünvanı – Qarabağ Universiteti. Qarabağ Universiteti müasir tədris mühiti, zəngin imkanlar və gənc, məqsədyönlü tələbələr üçün tam fərqli bir başlanğıcdır. Təhsil TV tərəfindən Qarabağ Universiteti ilə bağlı hazırlanan video çarxı təqdim edirik. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #EduAz #QarabağUniversiteti
Ətraflı