Elm və təhsil nazirinin “City Hong Kong” Universiteti və “Asia Greentech” Fondunun rəhbərliyi ilə görüşü keçirilib
Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin “City Hong Kong” Universitetinin prezidenti Freddi Boey və “Asia Greentech” Fondunun sədri Mikael Ngai ilə görüşü baş tutub. Görüşdə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Bati və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova da iştirak edib. Görüş zamanı tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
18/06/2025 11:13
Vətəndaş müraciətlərinin statistikası
İyunun 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 25 431 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 15 851-i çağrı mərkəzləri, 5 622-si elektron, 711-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 247 müraciət qeydə alınıb. Müraciətlər sertifikatlaşdırma imtahanı, müəllimlərin işə qəbulu, təhsil tələbə krediti, DP çərçivəsində xaricdə təhsil, birinci sinfə qəbul, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı olub.
18/06/2025 10:30
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində YT Parkda görüş keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilib. Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və inzibati heyəti iştirak edib. Görüşün əsas məqsədi YT Parkın fəaliyyət modeli ilə tanış olmaq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və innovasiya ekosistemində ali təhsil və tədqiqat institutlarının daha fəal iştirakına dəstək vermək olub. Görüş zamanı YT Parkın innovasiya və texnologiya yönümlü fəaliyyəti, elmi tədqiqatların kommersiyalaşdırılması, startaplara dəstək və texnologiya transferi sahəsində görüləcək işlər barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar. Görüş çərçivəsində nazirliyin əməkdaşları YT Parkın ümumi ərazisi, infrastrukturu və müasir laboratoriya imkanları ilə də yerində tanış olub, innovasiya fəaliyyətinin təşkili və texniki təminatı barədə ətraflı məlumat alıblar.
18/06/2025 09:49
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
2025–2026-cı tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul 21 iyun tarixindən başlayır. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə aparılacaq. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-dan etibarən mümkün olacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi iyulun 10-dan başlayacaq. Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək. Xatırladaq ki, məktəbəhazırlıq qruplarına 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
17/06/2025 18:45
“Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə elm və təhsil sahəsində Azərbaycan təcrübəsi paylaşılıb
İyunun 17-də Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılış mərasimi baş tutub. Açılış mərasiminə qatılan elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təcrübəsinə həsr olunmuş müzakirədə iştirak edib. “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə baş direktoru Fil Batinin moderatorluğu ilə keçirilən müzakirədə Emin Əmrullayev Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsindən sonrakı dövrdə elm və təhsil sahəsinin inkişafı üçün yaranmış imkanlar barədə sualları cavablandırıb. Eyni zamanda, ali təhsil müəssisələrimizdə dayanıqlı inkişaf üzrə görülən işlər, iqlim üzrə tədqiqatların dəstəklənməsi, yaşıl bacarıqların inkişafı, müvafiq istiqamətdə qlobal tərəfdaşlıqların qurulması və beynəlxalq görünürlüyün artırılması kimi məsələlər qeyd olunub. Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.
17/06/2025 18:00
ADPU-da liderlik proqramlarının bağlanış mərasimi keçirilib
İyunun 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin (ADPU SİM) birgə həyata keçirdiyi “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı və “Məktəb liderliyi” proqramının II çağırışı üzrə bağlanış mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, universitet rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri və proqramların məzunları iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qeyd edib ki, liderlik bacarığı bu gün təhsildə ən çox ehtiyac duyulan, eyni zamanda böyük məsuliyyət tələb edən anlayışdır. Rektor XXI əsrin təhsil liderlərinin ərsəyə gəlməsində sahə bilikləri ilə yanaşı, məhz “Məktəb liderliyi” və “Məktəbəqədər təhsildə liderlik” proqramları kimi layihələrin həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli proqram iştirakçılarının əldə etdikləri nəzəri və praktik biliklərin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib, qarşıda gözləyən vəzifələrdə onlara uğurlar diləyib. Bildirib ki, həm məktəbəqədər təhsil, həm də ümumi təhsil ölkənin intellektual potensialının formalaşdığı baza mərhələləridir. Bu sahələrin gücləndirilməsi, burada çalışan pedaqoji və idarəçi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Aparat rəhbəri onu da vurğulayıb ki, bu proqramlar vasitəsilə təhsil rəhbərləri müasir idarəetmə bacarıqları ilə yanaşı, liderlik mədəniyyəti, sosial emosional dəstək və komandaların qurulması sahəsində də ciddi bilik və vərdişlər qazanırlar. Bu isə birbaşa təhsil müəssisələrinin daxili mühitinə, tədrisin keyfiyyətinə təsir göstərir. Daha sonra hər iki proqramın iştirakçısı olmuş, məktəbəqədər və ümumi təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışan məzunlar proqramla bağlı təəssüratlarını bölüşüblər. Sonra məzunlar təltif edilib. Qeyd edilib ki, “Məktəbəqədər təhsildə liderlik” proqramının I çağırışı üzrə 100 nəfər, “Məktəb liderliyi” proqramının II çağırışı üzrə isə 121 nəfər olmaqla, ümumilikdə 221 nəfər məzun olub. Tədbirin yekun bədii hissəsində tələbələrin ifasında müxtəlif ifalar və kompozisiyalar təqdim olunub.
17/06/2025 17:20
Nazir müavini Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
İyunun 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə həmçinin Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin müdir və rəhbər şəxsləri iştirak ediblər. Görüş çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
17/06/2025 16:30
“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyunun 17-də “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və inkişafı istiqamətində bir sıra layihələrin reallaşdırıldığını və bu layihələrin də əsas istiqamətini intellektual oyunların təşkil etdiyini diqqətə çatdırıb. “BilBacar” müsabiqəsinin əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, biliklərin praktik tətbiqi şagirdlərə məlumatı sadəcə əzbərləmək deyil, daha yaxşı başa düşmək və yadda saxlamaq imkanı verir. Biliklər bacarıqların formalaşmasına zəmin yaradır, bacarıqlar isə vərdişlərin inkişafı üçün əsas vasitədir. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birini tamamlayaraq kompleks və dərin təhsil prosesini təmin edir. Lakin bu anlayışlar, eyni zamanda, dəyərlərlə tamamlanmalıdır. “BilBacar” müsabiqəsinin əsas məqsədi də məhz şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həm də dəyərlər sistemini inkişaf etdirmək, gələcəyin vətəndaşını hərtərəfli formalaşdırmaqdır. Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib. Ardınca millət vəkili Ceyhun Məmmədov iştirakçıları təbrik edib. Ceyhun Məmmədov əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir. Tədbir çərçivəsində müsabiqənin təşkili və keçirilməsini əks etdirən videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıblar. Mərasim şagirdlərin ifasında təqdim olunan musiqi nömrələri ilə yekunlaşıb. Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında start verilən “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 000-ə yaxın şagird iştirak edib. Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdlər ilə qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.
17/06/2025 15:00
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Həsən Həsənli, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, elm və təhsil nazirinin müşavirləri, nazirliyin struktur bölmə rəhbərləri, yerli icra hakimiyyətlərinin nümayəndələri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib. Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar. “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.
14/06/2025 17:00
Elm və təhsil naziri Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edib
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda 10 nömrəli və Muğan qəsəbə tam orta ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Tədbirlərdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, müəllim və şagirdlər də iştirak ediblər. “Son zəng” tədbirləri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edən Emin Əmrullayev bu il ölkə üzrə 113 minə yaxın şagirdin məzun olduğunu diqqətə çatdırıb. Onların sırasında “Böyük Qayıdış”la yenidən canlanan işğaldan azad edilmiş torpaqlarımızın məzunlarının da yer aldığını vurğulayıb. Nazir “Son zəng” ifadəsindəki son anlayışının isə əslində məzunlar üçün yeni başlanğıc olduğunu bir daha xatırladıb və həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayıb. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da öz növbəsində məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Çıxışlardan sonra tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Qeyd edək ki, bu il Hacıqabul rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 16 nəfər, Muğan qəsəbə tam orta ümumtəhsil məktəbinin isə 24 nəfər şagirdi məzun olur.
14/06/2025 14:27
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika
ƏtraflıTələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
Ətraflı