Beynəlxalq şirkətlərin nümayəndələri yeni Peşə Təhsil Mərkəzində
“Suez” şirkətinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə rəsmi nümayəndələri, həmçinin “Sigma Technical Services” şirkətinin rəhbəri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzi tanış olublar. Qonaqlara məlumat verilib ki, mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılan ilk pilot təhsil müəssisəsidir. Təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Sonra beynəlxalq şirkətlərin nümayəndələri ilə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramlarının təşkili, məzun tələbələrin işlə təmin olunmasına dəstəyin göstərilməsi nəzərdə tutulub. Mərkəz tərəfindən isə şirkətlərin işçi heyəti üçün peşəkar inkişaf proqramlarının təşkili, tədqiqatların aparılması məqsədilə müvafiq şəraitin yaradılması planlaşdırılır. Yeni təhsil müəssisəsi 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies” kimi ölkənin ən qabaqcıl müəssisələri ilə əməkdaşlığa başlayıb.
02/08/2019 14:27
Peşə təhsili müəssisələrinə qəbulla bağlı sual-cavab
2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu hansı tarixlərdə həyata keçiriləcək? Kimlər peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilir? Bu və digər suallara aşağıdakı videorolikdən cavab tapa bilərsiniz.
02/08/2019 14:00
İcma əsaslı məktəbəqədər təhsil
Layihə çərçivəsində 2000-dək uşaq məktəbəqədər təhsilə cəlb olunub Vətən üçün layiqli övladlar yetişdirmək, tərbiyə etmək təhsil ocaqlarının ümdə vəzifələridir. Uşaq bağçalarından başlanan bu proses məktəbəqədər təhsil ocaqlarında davam etdirilir və məktəblərdə öz bəhrəsini verir. Təhsil İnstitutu UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsili yaxşılaşdırması” layihəsini uğurla həyata keçirir. Həmin layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri də yaradılıb. İcma əsaslı məktəbəqədər təhsil layihəsinin meneceri İlahə Rəsulova institutun bu sahədə fəaliyyəti istiqamətində görülən işlər və qazanılan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, hazırda UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icma qrupları vasitəsi ilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə layihə icra olunur. Layihə çərçivəsində ucqar kəndlər və sərhəd zonaları da daxil olmaqla Bakı, Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba, Xaçmaz, Şabran, Neftçala və Şirvanda ümumilikdə 100 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir. Hər məktəbdə orta hesabla 20 nəfər olmaqla ümumilikdə 2000-dək 3 və 4 yaşlı uşaq bu layihə üzrə məktəbəqədər təhsilə cəlb olunub. Mərkəzlərdə dərslər hər biri 2-2,5 saat olmaqla yerli və eston mütəxəssislərindən ibarət işçi qrupu tərəfindən hazırlanmış proqram əsasında aparılır. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası-sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. Layihənin önəmliliyi onunla diqqətçəkəndir ki, icma əsaslı məktəbəqədər təlimlərdə valideynlər də dərs prosesində yaxından iştirak edir və bu minvalla müəllimlərin faktiki olaraq təlim prosesində köməkçilərinə çevrilirlər. Məktəbəqədər yaş qrupuna aid olan uşaqların məktəbə hazırlığı istiqamətində effektli nəticələr vəd edən bu layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə ilkin təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflığın və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. İlahə Rəsulova onu da söylədi ki, yeni tədris ilində daha bir yeniliklə fəaliyyətlərinin məzmununu zənginləşdirəcəklər. Bu, icma əsaslı valideyn assosiasiyasının yaradılması planıdır. Nəzərdə tutulan həmin plan reallaşanda onun müsbət nəticələri ilk növbədə təlimin keyfiyyətinin yüksəlməsində özünü göstərəcək. Təhsil ocağı ilə işləməyi xoşlayan və bu sahədə səriştəsi olan fəal valideynlər bu assosiasiyaya cəlb ediləcəklər. Onlar valideynləri maarifləndirmək və onların bacarıqlarını artırmaq istiqamətində fəaliyyət göstərəcəklər. Mütəmadi olaraq təlimlər keçirməklə valideyinlər də məktəblə birlikdə ibtidai təhsilin yaxşılaşdırılmasına yönələn layihələrdə fəal iştirakçılar olacaqlar. Layihə çərçivəsində məlumatlılığın səmərəliyini artırmaq üçün mobil-elektron proqram yaradılacaq. Eyni zamanda yeni tədris ilindən icma əsaslı məktəbəqədər təhsil qruplarının sayının artırılması da nəzərdə tutulur. Azərbaycanın 32 bölgəsində icma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə daha 300-ə yaxın belə bir qrup fəaliyyət göstərəcək. Bununla da bölgələrdə yaşayan 3 və 4 yaşlarında olan 6 minə yaxın uşaq məktəbəqədər təhsil imkanından faydalana biləcək. Sonda İlahə Rəsulova “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin uğurla davam etdiriləcəyinə və bu layihənin məktəbəqədər təhsilin forma və məzmun kontekstində effektliliyinin artırılmasında önəmli rol oynayacağına əminliyini ifadə etdi. "Azərbaycan müəllimi" qəzeti
02/08/2019 12:52
Peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı
Avqustun 2-də Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib. Konfrans zamanı Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları barədə mətbuat nümayəndələrinə geniş məlumat verib. Bildirilib ki, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, peşə təhsili müəssisələrinə ərizə qəbulunun 5–20 avqust 2019-cu il tarixlərində “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin peşə təhsili ilə bağlı mövcud pilot layihələr və 2019-2020-ci tədris ilində qəbulu nəzərdə tutulan yeni ixtisaslar barədə məlumat verilib. Konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev sənəd qəbulu prosesində “ASAN xidmət” mərkəzlərinin və könüllülərin rolundan söz açıb. Tədbirdə sənəd qəbulu prosesinin rahat, şəffaf və obyektiv şəkildə təşkili ilə bağlı müzakirələr aparılıb. Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
02/08/2019 11:48
Bakıda Beynəlxalq İnformatika Olimpiadası
88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib Avqustun 4-dən 11-dək Bakıda 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI) təşkil olunacaq. 1989-cu ildən keçirilən və informatika sahəsində ən nüfuzlu yarışlardan biri hesab olunan Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını sübut etmək imkanı yaradır. Ölkəmizdə ilk dəfə keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qeydiyyatdan keçib. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar. Tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib. Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq. Avqustun 5-də Bakı Konqres Mərkəzində keçiriləcək rəsmi açılış mərasiminə iştirakçılarla yanaşı, dövlət rəsmiləri, xarici ölkə səfirləri və digər qonaqlar qatılacaqlar. Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Olimpiadanın rəsmi qlobal sponsoru “Acer” şirkətidir. Bundan başqa, yerli şirkətlər - “Azercell” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə “İstedad sponsoru” kimi dəstək verəcək. “Azərbaycan müəllimi” qəzeti
02/08/2019 10:10
Direktorların işə qəbulu üzrə imtahanlar başlayır
Avqustun 2-də Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan direktorların işə qəbulu üzrə imtahanlara mediatur təşkil edilib. Mediatur iştirakçıları imtahan prosesini yaxından izləyiblər. Bildirilib ki, bu gündən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2 050 namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
02/08/2019 09:22
Yay məktəbi başa çatıb
"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində artıq dördüncü ildir ki, həyata keçirilən "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsi başa çatıb. İyulun 23-dən start verilən yay məktəbi çərçivəsində “Təhsil avtobusu” 2500 km-dən çox məsafəni qət edərək 5 bölgədən və 40 kənd, 4 qəsəbə, 3 şəhər məktəbindən akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın məktəblini əhatə edib. “Təhsildə Nəsimi” şüarı ilə yola çıxan və iyulun 29-dək davam edən "Təhsil avtobusu” Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edib. Yay məktəbi müddətində iştirakçılar üçün “Nəsimi yaradıcılığı” əsasında hazırlanan 50-ə yaxın akademik saat həcmində təlim, tədris proqramı və intellektual yarışlar həyata keçirilib. Şagirdlərin hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak ediblər. Yay məktəbinin bağlanış mərasimi ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 650 illiyi qeyd olunan İmadəddin Nəsiminin doğulduğu və ilk təhsilini aldığı Şamaxı şəhərində keçirilib. "Təhsil avtobusu – Nəsimi" yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığının tanıtmaqdır. “Təhsil avtobusu – Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam”, “Şərq-Qərb” ASC əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” Tələbə-Könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, "Kids INC", SABAH qrupları, “Sabah” Futbol Klubu, “Şəhanə” online mağazasının tərəfdaşlığı ilə keçirilib. Layihənin media və informasiya dəstəkçiləri İctimai TV, ARB TV, Təhsil TV, 1News.az, Azərtac, “Edumap” Təhsil portalı və “Fam Tram”-dır.
01/08/2019 17:33
Şagirdlərin elektron yerdəyişməsi bu tarixdən başlayacaq
Təhsil naziri Ceyhun Bayramov “Şagirdlərin yerdəyişməsi prosesinin elektronlaşdırılması haqqında” əmr imzalayıb. Əmrə əsasən, 2019-2020-ci dərs ilindən etibarən ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem vasitəsilə həyata keçiriləcək. “Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə alt-sistem” 15 avqust 2019-cu il tarixindən istifadəyə veriləcək. Əmr ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq və icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
01/08/2019 16:34
Texniki Universitetin yeni rektoru kollektivə təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Vilayət Vəliyev universitetin kollektivinə təqdim edilib. Rektoru kollektivə təqdim edən Təhsil naziri Ceyhun Bayramov Vilayət Vəliyevin bioqrafiyası barədə məlumat verib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran Ceyhun Bayramov bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib. Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
01/08/2019 14:55
Təhsil nazirinin Astara şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Ceyhun Bayramovun Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran və Lerik rayon sakinlərinin 2 avqust 2019-cu il tarixində nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib. Qeydiyyatdan keçmiş vətəndaşlara qəbulun vaxtı barədə əlavə məlumat veriləcəkdir.
01/08/2019 14:04
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Salyanda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #RəqəmsalGələcək #MilliHakaton
ƏtraflıMüqəddəs Qurban bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq. Bayramınız mübarək olsun! #ElmVəTəhsilNazirliyi #QurbanBayramı
Ətraflı“Məktəblilərarası Milli Hakaton”un olimpiada mərhələsi Ağdaşda #ElmVəTəhsilNazirliyi #RəqəmsalBacarıqlar #MilliHakaton2025 #Hakaton #KodlaGələcəyiniQur #MilliHakaton #RəqəmsalGələcək
Ətraflı