Avropa İnformatika Olimpiadasından gümüş medal
Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir. Azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər. Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb. Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir. Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.
29/08/2019 10:26
Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri məlum olub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Təsviri incəsənət və musiqi fənləri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanan qeyri-pedaqoji ixtisaslı namizədlər tutduqları vakant yerə müddətli müqavilə əsasında işə qəbul olunublar. Müsabiqədə uğur qazanmış şəxslər sentyabrın 6-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
29/08/2019 09:25
Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda
Avqustun 29-da saat 16:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi canlı yayımlanacaq. Verilişdə müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılacaq. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə olacaq. Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq. Mövzuya uyğun sualları canlı yayım zamanı şərh bölməsində yaza bilərsiniz.
28/08/2019 15:46
Sənəd qəbulunun ikinci turu
Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə təşkil olunur. İkinci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur. Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə birinci mərhələdə 8 808 nəfər qəbul olunub. Onlardan 7 923-ü qəbul olunduqları peşə təhsili müəssisələrində qeydiyyatdan keçib.
28/08/2019 14:40
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
Avqustun 28-də dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr avqustun 30-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273-nün elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib. 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
28/08/2019 12:56
Əlavə yerləşdirmədə iştirak etmək istəyənlərin nəzərinə
Avqustun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilib. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər 28-29 avqust tarixlərində vakansiya seçiminə qatıla bilərlər. Bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər. Vakansiya seçimi başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Vakansiya seçimi 29 avqust saat 23:59-dək davam edəcək. Vakansiya seçimi başa çatdıqdan sonra elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.
28/08/2019 10:03
Məktəbəhazırlıq qruplarına qəbul qaydaları ilə bağlı sual-cavab
Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi? Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur? Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi? Məktəbəhazırlıq qruplarına qəbulla bağlı bu və digər suallara videotəlimatdan cavab tapa bilərsiniz.
27/08/2019 19:01
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başlayır
Avqustun 28-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilir. Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər avqustun 29-dək vakansiya seçiminə qatıla bilərlər.
27/08/2019 17:25
Peşə təhsili müəssisələrinə qeydiyyatın son günü
Avqustun 27-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başa çatır. İxtisas seçimində müvəffəqiyyət qazanan şəxslər qeydiyyatdan keçmək üçün günün sonunadək təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Gün ərzində sənədlərini peşə təhsili müəssisəsinə təqdim etməyənlər təhsil almaqdan imtina etmiş hesab edilir. Qeyd edək ki, 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.
27/08/2019 16:40
Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçirilir
2019-2020-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə başlanılıb. “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılır. Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir. Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, ixtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.
27/08/2019 14:34
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
04.06.2025 - 10:17 -
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00
Elm və təhsil ictimai maraq kəsb edən sahə olmaqla yanaşı, bütün maraqlı tərəflərin iştirakını zəruri edən prosesdir. Sözügedən prosesdə maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılması məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən ?“Elm və təhsil obyektivdə"? foto-video müsabiqəsinə start verilir. ✅️Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22154-1 #ElmVəTəhsilNazirliyi #EduAz #ATİAHİ #AzərbaycanMüəllimi #TəhsilTV #Müsabiqə
Ətraflı“360 dərəcə təhsil” – Təhsilverənlərin sertifikatlaşdırılması - #CANLI
Ətraflıİyunun 12-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22152-1
Ətraflı