• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat saat 12:00-da başlayacaq

Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/  elektron sistemi vasitəsilə həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.  Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.   

Kazanda  peşə təhsili ilə bağlı olimpiada

Rusiyanın Kazan şəhərində 45-ci “WorldSkills” müsabiqəsi keçirilir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov müsabiqədə qonaq qismində iştirak edirlər.  63 ölkə və regiondan 1300-dən çox iştirakçının qatıldığı müsabiqə çərçivəsində 56 növ bacarıq üzrə yarışların keçirilməsi nəzərdə tutulur.  “WorldSkills” müsabiqəsinə bu il 200 000-dən artıq ziyarətçinin və 3 500-dən çox könüllünün qatıldığı qeyd olunur. Tədbir zamanı həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti və “HRD Korea”, eləcə də “WorldSkills Russia” təşkilat komitəsinin üzvləri arasında məhsuldar görüşlər keçirilib, təcrübə mübadiləsi aparılıb. Eyni zamanda peşə təhsili müəssisələrinin avadanlıq təchizatı üzrə ixtisaslaşan şirkətlərlə də səmərəli müzakirələr keçirilib.  “Peşə təhsilli kadrların olimpiadası” kimi də tanınan “WorldSkills” müsabiqəsinin əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıq və peşələrin inkişaf etdirilməsi, bu sahədə bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsidir. Müsabiqə avqustun 27-dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşıb

Avqustun 23-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb. Avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 3 292 namizəd iştirak edib. İmtahan nəticələri barədə məlumat növbəti həftə ərzində namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılıb. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim ediblər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilib. Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.    

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci turu

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək. İkinci turla bağlı sənəd qəbulunun  “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

Xaricdə təhsil Azərbaycan gəncliyi üçün geniş imkanlar açır

Onlar xaricdə təhsil alacaqlar. Xarici ölkələrin nüfuzlu ali məktəblərində  təhsil almaq imkanı əldə edən həmsöhbətlərimiz üçün  bu şansı isə Təhsil Nazirliyi yaradıb. Hökumətlərarası Təqaüd Proqramları  (HTP) çərçivəsində 2019-2020-ci tədris ilində  Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış gənclər təəssüratlarını “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.    Məqsədim ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir Nərminə Ağayeva: - Xaricdə oxumaq mənim çoxdankı arzum idi. Fikirləşirdim ki, bakalavr təhsilimi öz vətənimdə alaram, magistraturanı xarici ölkələrin birində davam etdirərəm. ADA Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə təhsil aldığım dönəmdə gördüm ki, bir semestrlik də olsa xaricdə oxuyub təcrübə qazanmaq şansı var və bunu dəyərləndirmək istədim. Təqaüd proqramı ilə tanış olduqdan sonra  tələb olunan sənədləri topladım və təqdim etdim. Təqaüdü qazananlar arasında adımı görəndə olduqca sevindim. Təhsilimi  bir semestr Latviya Universitetində Hesablama fakültəsində davam etdirəcəyəm. Düşünürəm ki, xaricdə təhsil almaq mənə yalnız akademik yox, həm də digər cəhətlərdən gözəl təcrübə olacaq. Müxtəlif millətlərdən olan gənclərlə  tanış, müxtəlif mədəniyyətlərdən xəbərdar olacağam. Həmişə ailəmlə birgə olmuşam. Getdiyim ölkədə isə  tək yaşamaq təcrübəm olacaq, orada müəyyən çətinliklərim olarsa  müstəqil olaraq  hər şeyin öhdəsindən gəlməyi öyrənəcəyəm. Mənim üçün ən önəmli məsələ,  getdiyim ölkədə  öz ixtisasım üzrə müəyyən təcrübə toplamaq, yeni-yeni bilgilər əldə etməkdir. Təhsil nazirinin müavini Firudin Qurbanovun biz gənclərlə görüşü mənim üçün çox xoş oldu.  Xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağımıza belə imkan və şərait yaradıldığına görə Təhsil Nazirliyinə təşəkkür edirəm.    Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm   Ülvi Şəkixanlı: - Azərbaycan Dövlət Neft ve Sənaye Universitetində bakalavr, sonra Macarıstanın Szeged Universitetində  magistratura təhsili almışam. Təqaüdü qazanmaq üçün proqrama müraciət etdim. Müsahibə və digər mərhələləri keçərək Macarıstanın Szeged Universitetinin bu dəfə  doktoranturasına qəbul olundum. İxtisasım kompüter elmləridir. İxtisasım üzrə biliklər əldə etmək, bu sahədə Macarıstanın təcrübəsini yaxından öyrənmək istəyirəm. Düşünürəm ki, əldə edəcəyim məlumatlar və öyrənəcəyim bir sıra  yeniliklər mənim   gələcəkdə peşəkar kadr olaraq vətənimə fayda verəcəyimə böyük kömək olacaq.    Müraciət edən çoxsaylı tələbələr arasından bu təqaüdü qazandığım üçün özümü çox şanslı sayıram. Mükəmməl bir mütəxəssis kimi Azərbaycana qayıtmaq istəyirəm.   Hədəfim doktorantura təhsilini də məhz  xaricdə almaq idi   Nigar Talıbova: - Gəncə Dövlət Universitetində  Ekologiya ixtisası üzrə təhsil almışam. Sonradan təhsilimi Macarıstanın ali məktəblərinin birində  magistratura pilləsində davam etdirmişəm. Macarıstanın istər təhsili,  professor-müəllim heyəti, istərsə də mühiti məni qane etdiyindən doktorantura təhsilimi də məhz bu ölkədə davam etdirmək qərarına gəldim. Sentyabrdan Macarıstanın Eötvös Lorand Universitetində  doktorantura təhsilinə başlayacağam. İxtisasım Ətraf mühit elmləri, mövzum “Macarıstanla müqayisədə Azərbaycanda bərpa olunan enerji siyasəti və onun tətbiqi” adlanır. Ümid edirəm ki, işləyəcəyim mövzu ölkəmiz üçün yeni və  önəmli araşdırma olacaqdır. Onu da xüsusi vurğulayım ki, xaricdə təhsil həyatımda, dünyagörüşümdə, insanlarla münasibətimdə və gələcəkdə atacağım addımlarda müsbət mənada ciddi rol oynayır. Necə deyərlər, “çox oxuyan yox, çox gəzən bilər”. Biz isə  həm oxuyuruq, həm də gəzirik. Yeni insanlarla tanış oluruq, fikir mübadiləsi aparırıq, Azərbaycanımızı tanıtmaq üçün kiçik də olsa addımlar atırıq. Harada oluruqsa olaq, ilk növbədə, ölkəmizi layiqincə təmsil etməliyik. Dövlətimiz tərəfindən biz gənclərə göstərilən diqqət və qayğını hər zaman hiss edirik.   Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalım gerçəkləşdi   Vaqif Məmmədzadə: - Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin məzunuyam. Pekin Universitetinin Clinical Medicine (klinik tibb) proqramında bakalavriatura təhsili alacağam. 9-cu sinifdən xaricdə təhsil ilə maraqlanırdım.  Çinin təhsili məni daha çox cəlb edirdi. Dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almağı xəyal edirdim. Son bir neçə ildə müxtəlif  beynəlxalq və yerli olimpiadalarda iştirak etmişəm və birinci, ikinci, üçüncü yerlərə layiq görülmüşəm. Bu il də ABŞ-ın Johns Hopkins Universitetində “Xərçəng biologiyası” kursunu xüsusi imtahanlar verərək fərqlənmə sertifikatı ilə bitirdim. Nəticələrimi Təhsil Nazirliyinə təqdim etməklə və müsahibədən keçməklə Çinin 1-ci, dünyanın isə 30-cu ən nüfuzlu universiteti sayılan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanını qazandım. Çox sevinirəm ki, Təhsil Nazirliyi  dünya reytinqində “Top 50”-də olan bir universitetdə təhsil almaq xəyalımı  gerçəkləşdirdi. Xaricdə təhsil almaq ilk öncə bizə yaxşı mütəxəssis kimi yetişməkdə kömək edir. Gələcəkdə  tibbin onkologiya sahəsi  üzrə təhsilimi davam etdirmək istəyirəm. Bilirsiniz, bu gün  onkologiyada həddindən artıq qaranlıq məqamlar var və bu da həmin  sahəni elmi araşdırmalara açıq edir. Həmçinin, fikrimcə, onkologiya tibbin molekulyar biologiya və genetikaya ən sıx inteqrasiya edən sahəsidir. Gələcəkdə Azərbaycanın müxtəlif tədris mərkəzlərində pedaqoji fəaliyyət göstərməyi planlaşdırıram.  Bizim üçün yaradılan bu imkanlara görə dövlətimizə minnətdaram.   Azərbaycan müəllimi

Nazir müavini müsahibə prosesini izlədi

Avqustun 23-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləyib. Bildirilib ki, bu gün müsahibə mərhələsinin son günüdür. Müsahibələrdə biologiya, fransız dili, texnologiya və təsviri incəsənət müəllimi olmaq istəyən 736 namizədin  iştirakı gözlənilir.  Məhəbbət Vəliyeva media nümayəndələrinin diqqətinə çatdırıb ki, avqustun 19-dan etibarən keçirilən müsahibələrdə 2 632 namizəd iştirak edib. Nazir müavini 2019-2020-ci tədris ili üçün müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarıldığını deyib.   Təhsil nazirinin müavini vurğulayıb ki, bu il məktəbdə psixoloq vəzifəsində işləyənlər də müsahibə komissiyasının tərkibinə üzv olaraq cəlb edilib və məqsəd hər bir namizədin ixtisas, pedaqoji, eləcə də metodiki biliklərlə yanaşı, psixoloji vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Builki müsahibələrdə müəllimliyə namizədlərin yüksək nəticələr göstərdiyini qeyd edən Məhəbbət Vəliyeva onların hər birinə uğurlar arzulayıb, müəllim adını qazanacaq namizədlərin təhsilin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib. Qeyd edək ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.  

Təhsildə keyfiyyət müəllimdən başlayır

Müəllimlərin işə qəbulu üzrə daha bir müsabiqəyə yekun vurulur   “Müsabiqənin son mərhələsidir”, “Artıq iş yerləri məlumdur”, “İşə qəbul olunublar, nədən qorxacaqlar?”, - deyib keçməyin. Həyəcanı büruzə verən, sualı cavablandıra bilməyib gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyib hönkür-hönkür ağlayan belə var. Azərbaycan Texniki Universitetinin idman zalında hava yenə ağırlaşıb. Bayırda isti, içəridə həyəcan insanı rahat buraxmır. Çünki içəridə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi gedir. 23 masa, hər masanın bir tərəfində peşəkarlardan ibarət üçlük - məktəb direktoru və ya Təhsil Nazirliyinin nümayəndəsi, psixoloq və ixtisas müəllimi, digər tərəfində isə yaşından, təcrübəsindən asılı olmayaraq, müəllim olmaq, müəllimliyə davam etmək istəyən namizədlər oturub. Kənardan hər şey yaxşı görünsə də, yəni, qarşılıqlı şəkildə oturub maraqlı bir məsələ ətrafında müzakirə aparırlarmış kimi təsəvvür formalaşdırsalar da, əslində belə deyil. Yaxınlaşanda görürsən ki, təhsildə öz sözünü demiş peşəkarlar soruşur, qarşılarında oturan namizəd isə bacardığı kimi və bacardığı qədər cavablandırır. Çöhrələrdəki təbəssüm isə birinin daxilindəki təlatümü, digərinin baxışlarından süzülən marağı gizlədə bilmir. Əksəriyyəti müsabiqənin test mərhələsində müəllim olmaq üçün müəyyən edilmiş keçərli balı toplayıb. Buna baxmayaraq, peşəkarların iti nəzərlərindən, suallarından da keçməlidirlər. Zarafat deyil. Onlar növbəti tədris ilindən siniflərə girib dəcəl, ipə-sapa yatmaz, bəzən diqqətsiz, bəzən köntöy uşaqlarla tam 45 dəqiqə baş-başa qalacaq, şagirdlərinin qurduğu “tələlər”dən məharətlə yayınmalı, sınaqlarından peşəkarlıqla çıxmalı olacaqlar. Odur ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu - müsahibə mərhələsinə buraxılan 3728 nəfər namizəd son süzgəcdən keçir.   Namizədlər müsahibədə: içəridə onları nə gözləyir?   Leyla Həsənova bir azdan müsahibə komissiyasının qarşısına çıxacaq. Gənc də deyil, təcrübəsiz də. Ancaq “Həyəcan həmişə var”, - deyir. İbtidai sinif müəllimliyi üzrə təcrübəsi çoxdur, düz 22 il. Test imtahanlarında 48 bal toplayaraq 151 nömrəli tam orta məktəbdə daimi əsaslarla işini davam etdirəcək: “Artıq bir neçə dəfə test imtahanlarında iştirak etmişəm. Hər il imtahanların təşkilinin daha da təkmilləşdiyinin şahidi oluram. Bu il, xüsusən, suallarda da, təşkilatçılıqda da yaxşılığa doğru fərq hiss etdim. Biz müəllimlər imtahan verə-verə təkmilləşdiyimiz kimi, təşkilatçılar da ildən-ilə işini yaxşılaşdırır”. L.Həsənova içəridə onu nə gözlədiyini bilir. Bir azdan qarşısında oturacağı müsahibə komissiyasının üzvləri ixtisası da daxil olmaqla, bir çox məsələ ilə bağlı onun fikrini soruşacaq, hansı istiqamətdə yüksək bilik və bacarıqlara sahib olduğunu araşdıracaq, bu və başqa suallarla psixoloji durumu və ümumi dünyagörüşünə dair özlərində rəy formalaşdırmağa çalışacaqlar. Leyla xanım deyir ki, nəinki bu suallara cavab verməyə, elə ixtisası üzrə əvvəlcədən elan olunmuş mövzunu da “açıq dərs” formatında müsahibə komissiyasına təqdim etməyə hazırdır. Məlumat üçün qeyd edək ki, L.Həsənovanın barəsində danışdığı “açıq dərs” mövzusu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.   “Xəbərləri çox izləyin”   Görəsən, müsahibədən çıxanlar nə düşünür? İradə Qəhrəmanova tədrisi başqa dildə aparılan siniflərdə dərs deyir. İbtidai sinif müəllimləri üçün keçirilən test imtahanında 48 bal toplayıb. Dediyinə görə, komissiya üzvlərinin də ona ünvanladığı sualları cavablandırıb. Suallar ona çətin gəlməyib. Özünü R.Əhmədov adına 203 nömrəli tam orta məktəbdə işləmək üçün hazır hesab edir.  Bu mərhələni uğurla başa vuran daha bir namizəd, Təhmin Talıbzadə komissiya üzvlərinin rəftarından razı qalıb: “Bütün mərhələlərdə şəffaflıq var. Lakin işə qəbul üzrə müsabiqələrin müsahibə mərhələləri ilə bağlı fikirlər birmənalı deyil. Üstəlik, burada peşəkarlarla qarşı-qarşıya oturub onlara metodikadan, ya da ixtisasdan doğru bildiyini danışmaq da asan deyil. Mənim üçün sevindiricidir ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində də, əvvəlki mərhələlərdə olduğu kimi, ədalətlilik təmin olunub”. Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən Təhmin Talıbzadə dünyagörüşü ilə bağlı suallardan üzüağ çıxıb: “Adət-ənənələrimiz, dövlətçiliyimiz, milli irsimizlə bağlı suallar verdilər. Verilən sualların hamısını cavablandırdım”. Astara rayonunun Sim kənd məktəbinin müəllimi T.Talıbzadə bundan sonra Ovala kəndində  dərs aparacaq: “İxtisas və metodika ilə bağlı sualları cavablandırmaq da mənim üçün çətin olmadı. Test mərhələsində 51 bal topladım. Bir il idi Sim kəndində müvəqqəti müqavilə ilə dərs apardım. Dərs barədə həm nəzəri biliyim, həm də təcrübəm var.  Hətta yaxşı müəllim kimi “Fəxri fərman”la təltif olunmuşam”. Talıbzadə müəllim olmaq istəyənlərə məsləhət də verir: “Hansısa kursa getməyə ehtiyac yoxdu. Hər kəs bu müsabiqəyə özü hazırlaşa bilər. Məsləhətim odur ki, xəbər proqramlarını izləməyə üstünlük versinlər. Bu, onların məlumatlılığını artırar”.   “Müəllimlərimə baxıb müəllim olmağı arzuladım, onların sayəsində də müəllim oldum”   Ziya Fətullayevi müəllimliyə təbiətindəki şairlik sövq edib: “Orta məktəbdən poeziyaya həvəsim var. Özüm də yazıram. Müəllimliyə isə məni müəllimlərim sövq etdi. İbtidai sinif müəllimim mənə çox böyük dəstək verdi. Müəllimlərimin sayəsində müəllim olmağı arzuladım, elə onların sayəsində də müəllim oldum”. Naxçıvan Universitetinin məzunu 53 balla Lənkəranın Tatova kənd tam orta məktəbində 12 saat dərs aparacaq: “Dərs yükümün artacağını deyirlər. Kənd məktəbində məndən əlavə bir qadın, bir kişi müəllimi də var. Ancaq onlar diaqnostik qiymətləndirmədə çox aşağı bal yığıblar. 53 bal topladığımı eşidən məktəb direktoru məni məmnuniyyətlə o məktəbdə görmək istədiyini deyib. Ona görə də Osaküçə kəndindən hər gün Tatovaya getməyin çətin olmayacağını düşünürəm. Məktəb həm də həvəsləndirici tədbirlərin tətbiq edildiyi təhsil müəssisələrindəndir”.   Namizədlər çox hazırlıqlıdırlar   1 nömrəli müsahibə komissiyasında komissiya sədri, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, psixoloq Səidə Əhmədova və ixtisas müəllimi Elmira Cəbiyeva prosesin gedişindən razıdırlar. Müəllimlərin həyəcanlı olduğunu deyən R.Hacıyevin sözlərinə görə, bir peşəkar olaraq bu həyəcanı qısa zamanda aradan qaldırırlar: “Namizəd oturan kimi keçirdiyi qorxunu aradan qaldırırıq. Komissiya bu məsələdə təcrübəli şəxslərdən təşkil olunur. Sərt, aqressiv münasibət göstərsək, namizədlərdə çaşqınlıq yaranar. Biz namizədlərin bütün bacarıqlarını üzə çıxarmağa, hər birini düzgün qiymətləndirməyə çalışırıq”. S.Əhmədovanın fikrincə, namizədlər bu il daha hazırlıqlıdırlar: “İstər psixoloji cəhətdən, istərsə də ixtisası üzrə namizədlər çox hazırlıqlı gəlirlər”.   “Məktəblərdə əsl müəllimləri görmək istəyirik”   Lerik rayonunun Bilnə kənd sakini Elvin Həmidov ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildə Pedaqoji Kollecin məzunu olan namizəd test mərhələsində 47 bal toplayaraq Lənkəran və Lerik rayonlarından 8 məktəb seçib. Elektron yerləşdirmədə Lənkəran rayonunun Köhnəgəgir kənd ümumi orta məktəbinə müəllim seçilib. 17 nömrəli müsahibə komissiyasının qarşısına da müəllimliyə iddialı namizəd kimi oturub: “Məktəbi bitirib orta ixtisas təhsili müəssisələrinə qəbul üçün imtahan verdim. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə qəbul olundum. Ancaq oxumaqdan imtina edib hərbi xidmətə getdim. Müəllim olmaq istəyirdim. Hərbi xidmətdən qayıdıb yenidən cəhd etdim və Pedaqoji Kollecə qəbul olundum”. E.Həmidovla müsahibə götürən komissiya üzvlərindən məktəblərdə kişi müəllimlərə olan tələbatı nəzərə alıb-almadıqlarını soruşuruq. Belə məlum olur ki, müsahibə komissiyasında hədəf də, rəy də fərqlidir. 17 nömrəli komissiyanın sədri, Bakı şəhəri 297 nömrəli tam orta məktəbin direktoru Nailə Cəfərova kişi müəllimliyə namizədlərin sayının az olması fikri ilə nisbətən razılaşır: “Təbii ki, bizim üçün də maraqlıdır ki, məktəblərimizdə kişi müəllimlərin sayı artsın. Ancaq əsas məqsədimiz kişi, ya da qadın olmağından asılı olmayaraq, məktəblərdə əsl müəllimləri görməkdir. Namizədlər arasında kişilərin sayına gəlincə, Lənkəran, Lerik kimi rayonlardan müəllimliyə kişi namizədlərin sayı çoxdur”. Komissiya üzvləri, 114 nömrəli məktəbin ibtidai sinif müəllimi  Elfira Nurullayeva və Çilov adasında məktəb psixoloqu olan Şükran Dədəyevin fikrincə, müəllim olmaq üçün qadınlar daha yaradıcı, daha həvəslidirlər: “Müəllimlik qadınların təbiətindədir”.     “Bir” könüllü yetər   Müsabiqənin test və müsahibə mərhələlərində ən çox könüllülərin fəaliyyəti nəzərə çarpır. Müsahibə mərhələsində “Bir” Tələbə-Könüllünün 25 könüllüsü iştirak edir. Namizədlərin hiss və həyəcanının ən yaxın şahidləri də məhz onlardır. Gənc könüllülər üzərlərinə düşən məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlirlər.   Hər gün 800-ə yaxın namizəd müsahibədən keçir   Bir sözlə, 700-dən artıq müəllim də bu gün müsahibədən keçəcək. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, avqustun 19-dan başlanan prosesdə hər gün 800-ə yaxın namizəd müsahibədən keçib. Məsələn, müsahibənin başladığı ilk gün prosesə Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 690 nəfər qatılıb. İkinci gün Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimi olmaq istəyən 750 namizəd müsahibə mərhələsində iştirak edib. Müsahibələrin üçüncü günü kimya, musiqi, riyaziyyat, rus dili və ədəbiyyat müəllimi olmaq istəyən 641,  dünən isə coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən 657 namizəd sınağa çəkilib.  Bu gün də müsahibələr davam edəcək və biologiya, fransız dili, texnologiya, təsviri incəsənət müəllimi olacaq 736 nəfərin müsahibəyə qatılacağı gözlənilir.   7000 iş yerindən yarısı boş qaldı   Beləliklə, 7000-dən artıq müəllimlik yeri uğrunda mübarizə başa çatır. Həmin yerlərdən 3728-nin sahibi bəllidir. Müsabiqənin sonunda 3500-ə yaxın yer boş qaldı. M.Camalzadə deyir ki, müsabiqə yekunlaşsa da, boş qalan və ya sonradan yaranacaq yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu davam edəcək. Xatırladaq ki, bu il 54687 namizəd müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət etmişdi. Test imtahanlarına onlardan 48204 nəfəri dəvət olundu. Amma həmin mərhələyə 41288 namizəd qatıldı. Növbəti - vakansiya seçimi mərhələsində iştirak edən 23609 namizəddən 14003 nəfər elektron ərizəsini təsdiqlədiyindən müsahibələrə dəvət olunanlar da onların arasından seçildi. Builki müsabiqədə musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42,  fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 oldu. Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilmişdi.               3-5 ilə sığmayacaq böyük fərq   Beləliklə, daha bir müsabiqə yekunlaşdı. Artıq 5 il əvvəlki Azərbaycan məktəbi ilə bugünkü təhsil müəssisələri arasında 3-5 ilə sığmayacaq qədər böyük fərq var. Bu illər ərzində müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirildi. Bu da özünü məktəblərdə göstərdi. 20 mindən çox gənc müəllimin işə qəbul olunması öz nəticəsini verdi. Bu gün birmənalı olaraq hər kəs qəbul edir ki, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb.   Azərbaycan müəllimi

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sual-cavab

Avqustun 15-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb. Şagirdlərin elektron yerdəyişməsi üçün hansı sənədlər tələb olunur? Qeydiyyat prosesi necə həyata keçirilir? Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq? Mövzu ilə bağlı bu və digər suallara təlimat videosundan cavab tapa bilərsiniz.  

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır. Bu proses avqustun 27-dək davam edəcək. İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.    

Müsahibə mərhələsi davam edir

Avqustun 22-də müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində coğrafiya, fizika, fiziki tərbiyə və tarix müəllimi olmaq istəyən namizədlər iştirak edir. Müsahibədə 760 namizədin iştirakı gözlənilir. Ötən gün keçirilən müsahibələrə 641 namizəd qatılıb. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir. Müsahibələr avqustun 23-dək davam edəcək.  

11/06/2025

Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22147-1

Ətraflı
11/06/2025

Elm, zəka və inkişafın ünvanı – Qarabağ Universiteti. Qarabağ Universiteti müasir tədris mühiti, zəngin imkanlar və gənc, məqsədyönlü tələbələr üçün tam fərqli bir başlanğıcdır. Təhsil TV tərəfindən Qarabağ Universiteti ilə bağlı hazırlanan video çarxı təqdim edirik. #ElmVəTəhsilNazirliyi #TəhsilTV #EduAz #QarabağUniversiteti

Ətraflı
11/06/2025

10-12 iyun tarixlərində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransında iştirak edir. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22143-1

Ətraflı