Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qazaxıstanın maarif nazirinin müavini ilə görüş keçirilib

Dekabrın 9-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Qazaxıstan Respublikasının maarif nazirinin müavini Assylbek Akhmetzhanov ilə görüşüb.  Görüş çərçivəsində iki ölkə arasında ümumi təhsil, STEAM, o cümlədən rəqəmsal təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

“Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib

Dekabrın 9-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib.   Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Salamlama nitqi ilə çıxış edən ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev konfransın məqsədi barədə məlumat verib. Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd ümumi təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsi, həmçinin məktəb liderləri, inspektorlar və təhsil mütəxəssisləri arasında peşəkar dialoqun gücləndirilməsidir.   Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə ümumi təhsildə keyfiyyətin artırılmasının dövlətin uzunmüddətli inkişaf strategiyasındakı mühüm rolundan bəhs edib.  Kənan Kərimzadə bildirib ki, məqsədyönlü və məntiqli şəkildə icra olunan islahatlar Azərbaycan təhsilini yeni və yüksək transformasiya mərhələsinə hazırlayıb. Nazir müavininin sözlərinə görə, bu gün təhsil sahəsində aparılan dəyişikliklərin nəticələri artıq yalnız sənəd və strategiyalarda deyil, məktəblərdə, sinif otaqlarında və insanların real həyatında müşahidə olunur. Həyata keçirilən islahatların mərkəzində Azərbaycan müəllimi dayanır.    Kənan Kərimzadə qeyd edib ki, son 20 il ərzində ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilən proqramlar çərçivəsində ölkə ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi ya yenidən inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin təlim və təhsil şəraiti yaxşılaşdırılıb.    Nazir müavini  bildirib ki, ölkənin 400-dən çox məktəbində müasir metodik xidmətin tətbiqinə başlanılıb. 2000-dən çox məktəbdə yenilənmiş monitorinqlər aparılır. Eyni zamanda, 80 mindən çox müəllimin sertifikatlaşdırılması həyata keçirilib. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, digər hissəsinin isə 10% artırılıb.   Çıxışının sonunda təhsilin məqsədinin artıq öyrənmək və öyrətmək olduğunu vurğulayan Kənan Kərimzadə bu konfransın təkcə bilik mübadiləsi ilə bitməyəcəyinə inandığını vurğulayıb və əlavə edib ki, təhsildə keyfiyyət mütləq tamamlanmalı, qorunmalıdır.    Konfransın əsas məruzələri çərçivəsində London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi və İdarəedilməsi üzrə dosenti Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda çıxış edib.  Devid Qodfrey bildirib ki, ənənəvi sistem fərdi öyrənməyə fokuslanır. Yeni yanaşmada isə komandalar və şəbəkələrin öyrənməsi vacibdir. Ənənəvi yanaşma təşkilati sabitliyə əsaslanır, halbuki yeni dövrdə dəyişikliklərlə yanaşı, davamlılıq da vacibdir. Ənənəvi planlaşdırma qısamüddətli hədəflərə yönəlib. İndi təşkilati yenilənmə və davamlı inkişaf əsas hədəfdir.    Daha sonra isə Elnur Əliyev “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda təqdimatla çıxış edərək  yeni metodik dəstək modelinin mahiyyəti və təhsil müəssisələrində metodik dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti barədə danışıb. Bildirib ki, hədəf 2030-cu ilə qədər ölkə üzrə bütün ümumi təhsil müəssisələrində metodik dəstək sistemi qurmaqdır. Bu mexanizmin məqsədi  müəllimlərin peşəkar inkişafını, məktəbdaxili pedaqoji mühitin gücləndirilməsini və tədris keyfiyyətinin yüksəldilməsini təmin etməkdir. Əlavə edib ki, metodistlər sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlər arasından seçilib. Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər. Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və onlar müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar.    Beynəlxalq ekspert, Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou isə  “İnspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb fəaliyyətinin obyektiv dəyərləndirilməsinə və məktəb inkişafına verdiyi töhfə” mövzusunda məruzə təqdim edib. Məktəblərdə keyfiyyətin təmin olunması və qiymətləndirilməsi üçün hazırlanmış çərçivədən danışan xarici mütəxəssisin sözlərinə görə, bu çərçivənin mərkəzində şagirdin inkişafı dayanır. Şagirdin inkişafını isə tədris prosesi, təhsil məqsədləri, monitorinq və yönləndirmə (guidance), məktəbin inkişaf keyfiyyəti, həmçinin maliyyə və maddi resursların idarə olunması əhatə edir.   Növbəti məruzəçi məktəb inspeksiyasında akademik rəhbər Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət  monitorinqlərinin rolu “mövzusunda çıxış edib. Qeyd edib ki, məktəblərdə aparılan keyfiyyət monitorinqlərinin əsas məqsədi məktəblərin fəaliyyət göstəricilərinə dair dəqiq və sistemli məlumatların toplanması, təhlili və müvafiq dəstək proqramlarının hazırlanmasıdır.   Konfransın ikinci hissəsi  yerli və xarici məruzəçilərin iştirakı ilə panel müzakirələri və vörkşoplarla davam edib.   Konfrans çərçivəsində “Məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəblərdə dayanıqlı və real inkişaf strategiyaları”, adlı panel müzakirələr və  “Məktəblərarası əməkdaşlıqda birgə öyrənmə və inkişaf yanaşmaları ”, “Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə milli qiymətləndirmə nəticələrindən istifadə” adlı vörkşoplar keçirilib.   Bu sessiyalarda iştirakçılar məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair praktik müzakirələr aparıblar, interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.

Emin Əmrullayev Qazaxıstanın elm və ali təhsil nazirinin müavini ilə görüşüb

Dekabrın 9-da elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talgat Yeshenkulov ilə görüşüb.   Görüş çərçivəsində Qazaxıstan Respublikası ilə elm və ali təhsil sahəsində cari əməkdaşlıq, eləcə də inkişaf perspektivləri müzakirə edilib.

Elm və təhsil naziri ICESCO-nun Baş direktoru ilə görüşüb

Dekabrın 9-da elm və təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.    Görüş zamanı Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi və ICESCO-nun birgə təşəbbüsü ilə keçirilmiş “İslam Dünyası üçün Süni İntellekt İndeksinin Təqdimatı” adlı beynəlxalq konfransın nəticələri və bu istiqamətdə həyata keçirilə bilinəcək növbəti addımlar müzakirə edilib.    Eyni zamanda, görüşdə iki qurum arasında mövcud əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” adlı beynəlxalq konfrans keçirilib

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransının açılışı olub. Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi İslam dünyasında süni intellekt üzrə əməkdaşlığı gücləndirmək, həmçinin süni intellektin etik, sosial və iqtisadi təsirlərini müzakirə etməkdir. Qeyd edək ki, süni intellektin inkişaf trendlərinin elmi əsaslarla ölçülməsi üçün hazırlanmış “İslam dünyasında süni intellekt indeksi” sənədi də məhz ilk dəfə Bakı konfransında təqdim olunur. Konfransın açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bildirib ki, süni intellekt (AI) artıq gündəlik həyatın mühüm bir hissəsinə çevrilib. Onun sözlərinə görə, bu sahə böyük imkanlar yaratmaqla yanaşı, yeni suallar və məsuliyyətlər də ortaya çıxarır. Cəmiyyətin süni intellektin təsirini düzgün qiymətləndirməsinin, gənclərin risklərdən qorunaraq bu texnologiyanın imkanlarına yönləndirilməsinin vacibliyi xüsusi qeyd olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır. 2025–2028-ci illər üçün Milli Süni İntellekt Strategiyası çərçivəsində milli süni intellekt ekosisteminin qurulması, dövlət xidmətləri üçün Azərbaycan dilində AI modelinin hazırlanması, dövlət qurumları üçün standartların müəyyənləşdirilməsi və Süni İntellekt Akademiyasının yaradılması nəzərdə tutulur.   Leyla Əliyeva Heydər Əliyev Fondunun artıq 20 ildir təhsili fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdiyini xatırladıb. Deyib ki, Fond bu müddət ərzində Azərbaycanda 500-dən çox məktəb binası inşa edib və yenidən qurub, uşaq bağçalarını və internat müəssisələrini modernləşdirib, minlərlə uşağı müasir tədris vasitələri ilə təmin edib.   O diqqətə çatdırıb ki, süni intellekt dövrünə keçid bu missiyanın əhəmiyyətini daha da artırır. Onun fikrincə, süni intellekt, sadəcə, texnologiya deyil, hər bir uşaq üçün yeni imkan deməkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin vurğulayıb ki, süni intellekt ətraf mühitin qorunmasında da mühüm rol oynaya bilər. Nadir heyvan növlərinin izlənməsi, iqlim dəyişikliklərinə nəzarət, meşələrin mühafizəsi, su ehtiyatlarının qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı bu imkanlar sırasındadır.   Leyla Əliyeva çıxışında ICESCO ilə əməkdaşlığa da toxunub. Bu tərəfdaşlıq çərçivəsində Burkina-Fasoda məcburi köçkün qızlar üçün məktəblərin inşası, eləcə də Mali, Çad və Komor adalarında layihələrin davam etdirildiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, BMT-nin İnkişaf Proqramı ilə birgə gənclər və əlilliyi olan şəxslər üçün regional informasiya və kommunikasiya texnologiyaları mərkəzlərinin yaradılması bu istiqamətdə həyata keçirilən mühüm işlərdəndir.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, Heydər Əliyev Fondu uzun illərdir təhsil sahəsində mükəmməlliyi təşviq edir, innovativ təşəbbüsləri dəstəkləyir, uşaqlar və gənclər üçün geniş imkanlar yaradır. Fondun fəaliyyəti həm Azərbaycanda, həm də İslam dünyasında təhsilin gücləndirilməsində əvəzsiz rol oynayır. Nazir diqqətə çatdırıb ki, Elm və Təhsil Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə cəmiyyətin sosial və mədəni inkişafına töhfə verən ortaq məqsədlərin həyata keçirilməsindən qürur duyur. Emin Əmrullayev vurğulayıb ki, süni intellekt artıq həyatımıza, iş fəaliyyətimizə və öyrənmə proseslərimizə təsir göstərir. Süni intellekt daha güclü, daha ədalətli və fərdi öyrənənlərə uyğunlaşdırılmış təhsil sistemlərinin qurulması üçün böyük potensiala malikdir. Lakin bu texnologiyadan məsuliyyətlə, etik prinsiplərə uyğun və düşünülmüş şəkildə istifadə olunmalıdır.   ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik çıxışında qeyd edib ki, bəşəriyyət yeni bir mərhələnin – süni intellekt dövrünün astanasındadır. Bu, bacarıqları və təsiri formalaşdıran qüvvədir. O bildirib ki, süni intellekt artıq strateji hədəfə çevrilib: onu qəbul edənlər inkişafı sürətləndirir, ona qarşı çıxanlar isə tərəqqinin başqa istiqamətlərdə getdiyini görür və geridə qalacaqlar.   O əlavə edib ki, süni intellekt yalnız texnologiya deyil, həm də imkan yaradan bir vasitədir. Onun tətbiqi təhsil, səhiyyə, idarəetmə və digər sahələrdə innovativ həllər təqdim edir. ICESCO-nun Baş direktoru ölkələrimiz arasında mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.   Sonra konfrans çərçivəsində ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatının təqdimatı mərasimi keçirilib.   Qeyd edək ki, bu mükafat İslam dünyası ölkələrində tədris müəssisələrinin inkişafına və təhsil mühitinin dəstəklənməsi təşəbbüslərinə töhfələrə görə təqdim edilir. Heydər Əliyev Fondu İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə bu mükafatla təltif olunur.   Mükafat, eyni zamanda, Yəmənin Hadramaut Təhsil İnkişaf Fondu və Mərakeşin Birinci Səviyyə Təhsil Fonduna təqdim edilib.   Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum çıxışında “Həmdan-ICESCO” mükafatı qaliblərini təbrik edib. Bildirib ki, onlar bu gün təhsil mühitinə və təhsil alanlara qayğı göstərən xeyriyyə təşkilatları, donorlar və ianəçilər üçün fəxr və ilham mənbəyi olublar. Qeyd edib ki, təhsilə dəstək üçün könüllülük səylərinin mədəniyyətini və təsirini yaymaq məsuliyyətindən geri çəkilməyəcəklər.    Konfrans daha sonra “Təhsildə innovasiya: süni intellektin İslam dünyasında təsiri və imkanları” mövzusunda panel müzakirələrlə davam edib.   Müzakirələrdən əvvəl çıxış edənlər vurğulayıblar ki, süni intellekt artıq həyatımızın müxtəlif sahələrinə təsir göstərir və gələcək nəsillərin inkişafında mühüm rol oynayacaq.   Qeyd edilib ki, təhsil sistemi və elm sahəsində süni intellektin tətbiqi tədris prosesini daha səmərəli, innovativ və interaktiv hala gətirir.   Bildirilib ki, süni intellekt tədqiqat sahələrində yeni imkanlar yaradır, iqtisadiyyatın müxtəlif istiqamətlərində səmərəliliyi artırır və gələcək iş bazarının tələblərinə uyğun peşələrin inkişafına təkan verir.   Daha sonra ICESCO-nun Perspektiv Araşdırmaları və Süni İntellekt Mərkəzinin nümayəndəsi Viam Şafikin moderatorluğu ilə keçirilən paneldə çıxış edənlər ölkələr arasında təcrübə mübadiləsinin, əməkdaşlığın və süni intellekt sahəsində regional təşəbbüslərin gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.   Digər paneldə çıxış edən qonaqlar süni intellekt sahəsində ölkələrarası əlaqələndirmənin gücləndirilməsinin, etik və sosial-iqtisadi aspektlərin araşdırılmasının, dayanıqlı və inklüziv texnoloji inkişafın təmin olunmasının önəmini vurğulayıblar. Qeyd edilib ki, bu təşəbbüslər yalnız texnoloji tərəqqiyə deyil, həm də insan kapitalının inkişafına, təhsil keyfiyyətinin yüksəlməsinə və regional əməkdaşlığın dərinləşməsinə töhfə verir.   Konfransın sonunda İslam dünyasında süni intellekt indeksi üzrə Bakı Bəyannaməsi qəbul edilib.   Sənəddə bildirilir ki, İslam dünyası süni intellektin cəmiyyətlərə və iqtisadiyyatlara dərin təsirini qəbul edir, süni intellekt indeksini rəqəmsal dövrdə ICESCO-nun təhsil, elm və mədəniyyətin inkişafı missiyasını yerinə yetirmək üçün həyati əhəmiyyətli yeni bir vasitə kimi alqışlayır, süni intellektin təhsil, səhiyyə, mədəni mühafizə, iqtisadi inkişaf və ətraf mühitin idarə olunmasını inkişaf etdirmək potensialını nəzərə alaraq, eyni zamanda, sui-istifadə, bərabərsizlik və təhlükəsizlik tədbirlərinin olmaması kimi riskləri də qəbul edir.   ICESCO-ya üzv dövlətlər və beynəlxalq tərəfdaşlar əməkdaşlığı gücləndirmək əzmini, İslam dünyasının dəyərlərinin və istəklərinin beynəlxalq süni intellekt müzakirələrində təmsil olunmasını təmin etmək öhdəliyini bir daha təsdiqləyirlər. Üzv dövlətlər bəyan edirlər ki, Bakıda süni intellekt indeksinin təqdimatı İslam dünyası üçün əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Sənəd beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlığı, birgə layihələrin reallaşdırılmasını təşviq edir, sülhə, inkişafa və gələcək nəsillərin rifahını təmin etmək öhdəliyini təsdiqləyir. Üzv dövlətlər Bəyannamə əsasında milli süni intellekt strategiyaları hazırlayıb etik təhlükəsizlik tədbirlərini, sektor prioritetlərini və inklüziv inkişafı təmin edə biləcəklər.   Həmçinin qonaqlar konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təqdim olunan “Mənim dənizlərim, mənim okeanlarım” ("My Seas, My Oceans”) sərgisinə baxıblar. Sərgi iqlim dəyişikliyi, qlobal istiləşmə və həssas ekosistemlər dövründə planetimizin ən həyati ehtiyatlarından biri – su mənbələrinin qorunmasının vacibliyini vurğulamaq məqsədi daşıyır.

Firudin Qurbanov “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfransda iştirak edib

Dekabrın 8-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.   Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açılış nitqi ilə çıxış edərək süni intellektin iqlim dəyişikliyinə təsirinin araşdırılmasından, onun tətbiqinin üstünlüklərindən və gələcək perspektivlərindən söhbət açıb. Komitə sədri ölkəmizdə süni intellektin inkişafının dövlət səviyyəsində prioritet məsələlərdən olduğunu söyləyib.   Sadiq Qurbanov nəzərə çatdırıb ki, süni intellekt sahəsində həyata keçirilən islahatların, o cümlədən 2025-2028-ci illər üçün  Süni intellekt Strategiyasının səmərəli icrası, eyni zamanda qanunverici hakimiyyətdən ardıcıl və məqsədyönlü yanaşma tələb edir. Komitə sədri bu baxımdan süni intellektin tətbiqini, məlumatların idarə olunmasını, etik standartları, kibertəhlükəsizliyi, ekologiya və iqlim üzrə tənzimləyici vəzifələrin təkmilləşdirilməsini nəzərdə tutan müasir qanunvericilik bazasının formalaşdırılmasının vacibliyini qeyd edib.   Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və rəqəmsallaşma prosesləri fonunda Elm və Təhsil Nazirliyinin tabeliyində olan elm və ali təhsil müəssisələrində iqlim dəyişikliyi və süni intellektlə bağlı tədqiqatların həcmi son illərdə xeyli artıb. Müvafiq elmi istiqamətlər üzrə kadr potensialının gücləndirilməsi məqsədilə bir neçə ali təhsil müəssisəsində müasir rəqəmsal texnologiyalar və süni intellekt fənlərinin iqlim və ekoloji ixtisaslarla inteqrasiyası istiqamətində addımlar atılır.   Nazir müavini qeyd edib ki, elm və ali təhsil müəssisələrində aparılan elmi işlər əsasən iqlim dəyişikliklərinin proqnozlaşdırılması, ekosistemlərə təsirin qiymətləndirilməsi, eləcə də süni intellekt istiqamətlərini əhatə edir. Ümumilikdə, Elm və Təhsil Nazirliyinin tabeliyində olan elm və ali təhsil müəssisələrində “İqlim dəyişikliyi və süni intellekt” sahəsində aparılan elmi-tədqiqat işləri iqlim çağırışlarına elmi əsaslı cavabların hazırlanmasına, süni intellekt texnologiyalarının milli prioritetlərə uyğun tətbiqinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyə yönəlib.   İclasda çıxış edən digər qonaqlar süni intellekt texnologiyalarının son illərdə sürətlə inkişaf etdiyini və iqlim dəyişikliklərinə qarşı mübarizədə böyük potensiala malik olduğunu bildiriblər. Çıxışlarda süni intellekt vasitəsilə iqlim dəyişikliklərinin təsirlərinin qabaqcadan təhlili, təbii fəlakət risklərinin azaldılması və ekosistemlərin qorunması sahələrində yeniliklərin əldə edilməsindən söhbət açılıb. Ətraf mühitin qorunması və karbon emissiyalarının azaldılması istiqamətində süni intellektin mühüm töhfələr verdiyi qeyd olunub. Süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə enerji səmərəliliyinin artırılması, proqnozlaşdırma,  dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə əsas alətə çevrildiyi vurğulanıb. Həmçinin, süni intellektin sənayelərin transformasiyasına və iqlim tədbirlərinin həyata keçirilməsinə verdiyi töhfələr qeyd edilib. Bu texnologiyaların enerji və su səmərəliliyinin artırılmasında, hava şəraitinin proqnozlaşdırılmasında və çirklənmənin azaldılmasında oynadığı roldan danışılıb.   Müzakirələrdə süni intellektin tətbiqi sahəsində dünya təcrübəsindən bəhs edilib, süni intellekt sahəsində data və infrastrukturun formalaşdırılması, insan amilinin təsiri, məlumatların idarə edilməsi, infrastrukturun təkmilləşdirilməsi, süni intellekt modellərinin tətbiqi sayəsində əldə ediləcək nəticələr barədə fikirlər açıqlanıb, habelə  Süni intellekt Strategiyası çərçivəsində maarifləndirmə, ictimaiyyətin məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin aparılmasının rolundan danışılıb.  

Nazir müavini Qırğız Respublikasının təhsil nazirinin müavini ilə görüşüb

Dekabrın 8-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Qırğız Respublikasının təhsil nazirinin müavini Lira Samykbaeva ilə görüşüb.   Görüş çərçivəsində iki ölkə arasında STEAM və ümumi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Həsən Həsənli Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin müşaviri ilə görüşüb

Dekabrın 8-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müşaviri Aziz Meliboyev ilə görüşüb.   Görüş çərçivəsində iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən "Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib.   Konfrans iştirakçılarından ibarət nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.     Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın prezidenti İsa Həbibbəyli,  AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva və digər tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin xatirəsini anıblar.    Tədbir çərçivəsində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzinin açılışı olub.    Mərkəzdə “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgiyə baxış olub. Akademik və ensiklopedik nəşrlərin üstünlük təşkil etdiyi sərgidə alimin həyat və elmi fəaliyyətini özündə əks etdirən və məqalələrindən ibarət 4 dildə - Azərbaycan, rus, ingilis və macar dillərində kitablar, jurnallar, eyni zamanda qəzet materialları yer alır.     Mərkəzdə təşkil olunan “Akademik Yusif Məmmədəliyev-120” adlı guşədə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif fəaliyyət illərində aldığı patentlər, şəhadətnamələri, rəylər, məktublar nümayiş etdirilib. Eyni zamanda mərkəzin laboratoriyalarında universitet əməkdaşları tərəfindən aparılmış tədqiqat nəticələrinin yer aldığı yüksək impakt faktorlu nəşrlər və patentlərdən ibarət sərgi, tələbələrin əldə etdiyi uğurlar, sertifikatlar, eləcə də “Akademik Yusif Məmmədəliyev adına təqaüd” diplomu, akademikə həsr olunmuş gənc alimlər arasında “Ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin diplomları nümayiş olunur.    Tədbir iştirakçıları mərkəzdə fəaliyyət göstərən laboratoriyalarla tanış olub və həyata keçirilən təcrübələri izləyiblər.    Universitetin Konservatoriya binasında davam etdirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayaraq bildirib ki, görkəmli kimyaçı alim, dünyaşöhrətli akademik Yusif Məmmədəliyevin miras qoyduğu elmi ənənələr bugünkü tədqiqatçılar üçün də mühüm mayakdır. Bu mayak yüzlərlə elm adamının yoluna işıq saçıb. Ümummilli lider Heydər Əliyevin yüksək dəyər verdiyi Yusif Məmmədəliyev irsi bu gün Naxçıvan Dövlət Universitetində də ətraflı tədqiq olunur, gənc nəslə aşılanır.    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirin yalnız bir alimin xatirəsinə ehtiram deyil, həm də Azərbaycan elminin keçdiyi böyük inkişaf yoluna nəzər salmaq, Yusif Məmmədəliyevin elm tariximizə etdiyi töhfələri yeni nəslə daha dərindən çatdırmaq məqsədi daşıdığını qeyd edib.    Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda elmin və təhsilin modernləşdirilməsi, tədqiqat mühitinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi, gənc mütəxəssis hazırlığının keyfiyyətinin artırılması strateji hədəflər kimi göstərilib. Həyata keçiriləcək layihələr ölkəmizin gələcək nəsil alimlərinin formalaşmasına, innovasiya mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə geniş perspektivlər açacaq.     Tədbir çərçivəsində universitetin heykəltəraş müəllimi Elxan Zeynalov tərəfindən hazırlanmış barelyef və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, İncəsənət fakültəsinin dekanı Cavid İsmayılovun  çəkdiyi “Akademik Yusif Məmmədəliyev” portreti akademikin qızı Sevda Məmmədəliyevaya təqdim edilib.    Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin ifasında “Akademik Yusif Məmmədəliyevin ən çox dinlədiyi və sevdiyi mahnılar” adlı konsert proqramı təqdim edilib.    Əməkdar incəsənət xadimi, professor Sevda Məmmədəliyeva çıxışında dövlətimizin elm adamlarının xidmətlərini hər zaman yüksək qiymətləndirdiyini bildirib, tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.    Yubiley tədbiri çərçivəsində görkəmli alimin doğulub böyüdüyü Ordubad şəhərinə də səfər edilib. Qonaqlar akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki abidəsinin bərpadan sonra açılışında iştirak ediblər.    Sonra Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ziyarət edilib. Qonaqlara dünya şöhrətli kimyaçı alimin həyat və fəaliyyətini əks etdirən fotolar, şəxsi əşyalar, elmi yaradıcılıq nümunələri və digər dəyərli eksponatlar barədə məlumat verilib.    Konfrans bununla da öz işini yekunlaşdırıb.    Qeyd edək ki,  Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunmuşdu.

Emin Əmrullayev Gürcüstanda 53 nömrəli məktəbə səfər edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda 53 nömrəli məktəbə səfər edib.  Səfər çərçivəsində elm və təhsil naziri ümumi təhsil sahəsində əməkdaşlıq, o cümlədən sözügedən məktəbdə STEAM Mərkəzinin yaradılması istiqamətində müzakirələr aparıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı