Nazir müavini “Gənc həmkarlarla inkişafa doğru” adlı tədbirdə iştirak edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc həmkarlarla inkişafa doğru” tədbiri keçirilib. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadənin də qatıldığı tədbirdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqlarının gənc üzvləri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ulu öndər Heydər Əliyevin uğurlu gənclər siyasətindən, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələrin gənclərin inkişafına və cəmiyyətdə rolunun artırılmasına mühüm töhfə verdiyini vurğulayıb. Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq AHİK-in reallaşdırdığı məqsədyönlü və sistemli tədbirləri də qeyd edib. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında ölkəmizdə gənclərin fiziki, mənəvi və sosial inkişafının təmin olunması məqsədilə həyata keçirilən dövlət proqramları və layihələrdən danışıb. Nazir müavini gənclərin sağlam həyat tərzinin təşviq olunmasının, idman infrastrukturlarının genişləndirilməsinin, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin edilməsinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərin inkişafında təhsilin strateji roluna toxunaraq bildirib ki, Azərbaycanın müasir təhsil sistemi gənclərin bilik və bacarıqlarının, yaradıcılıq qabiliyyətinin və peşəkar kadr potensialının formalaşmasına xidmət edir, onları məsuliyyətli vətəndaş kimi yetişməyə yönəldir. Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə gənclərin təşəbbüslərinin stimullaşdırılması, onların sosial, innovativ və ictimai əhəmiyyət daşıyan ideyalarının layihələr vasitəsilə dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb, Fondun gənclərin fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına və onların cəmiyyətin müxtəlif sahələrində daha aktiv iştirakına verdiyi töhfəni qeyd edib. Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra gənclər - “Uğur yolu” müsabiqəsinin qalibi Hüriyyə Məmmədova, 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi İlahə Baxışova Tahirli və Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Camo Əliyev çıxış edərək uğur hekayələrini iştirakçılarla bölüşüblər. Sonra “Rəqəmsallaşma və innovasiyaların tətbiqində gənclərin rolu” mövzusunda panel müzakirə aparılıb. Tədbir bədii hissə ilə yekunlaşıb.
02/02/2026 10:19
Elm və təhsil naziri Kürdəmirdə vətəndaşları qəbul edib
Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev Kürdəmir şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Kürdəmir, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar təhsil müəssisələrinin təmir-tikintisi, müəllimlərin iş yerinin dəyişdirilməsi, tələbə köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
30/01/2026 17:30
Mərkəzi Aran regionunda tədrisin keyfiyyəti müzakirə edilib
Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsində Yevlax, Ucar, Mingəçevir, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonları üzrə bir qrup qabaqcıl təhsil işçisi ilə görüşüb. Görüş zamanı ümumtəhsil məktəblərində təhsil mühitinin yaxşılaşdırılması, təhsilin keyfiyyətinin artırılması, idarəetmənin səmərəliliyinin yüksəldilməsi və pedaqoji prosesin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında məktəblərdə sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılmasının əsas prioritetlərdən biri olduğunu qeyd edib. Nazir vurğulayıb ki, təhsil müəssisələrində mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması regionların ümumi inkişafına, təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsinə və şagird nailiyyətlərinin artmasına birbaşa təsir göstərir. Görüşdə ibtidai siniflərdə tədrisin təşkili və bu mərhələdə müşahidə olunan problemlərə xüsusi diqqət ayrılıb. Emin Əmrullayev ibtidai təhsilin bütün təhsil pillələri üçün baza rolunu oynadığını qeyd edərək bu sahədə yaranan çətinliklərin vaxtında aradan qaldırılmasının gələcək təlim nəticələri baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir müasir pedaqoji yanaşmaların tətbiqinin vacibliyini vurğulayaraq tədris prosesində şagirdyönümlü metodların, tənqidi düşünmə və əməkdaşlıq bacarıqlarının formalaşdırılmasına xidmət edən yanaşmaların genişləndirilməsinin önəmini qeyd edib. Eyni zamanda layihə əsaslı öyrənmənin şagirdlərin bilik və bacarıqlarının real həyat situasiyalarında tətbiqinə imkan yaratdığını, bu yanaşmanın təlim motivasiyasını artırdığını diqqətə çatdırıb. Görüş zamanı şagirdlər üçün hazırlanmış dərsliklərin məzmunu və tədris prosesində istifadəsi məsələlərinə də toxunulub. Nazir dərsliklərin şagirdlərdə oxuyub-anlama, məntiqi düşünmə və tətbiqetmə bacarıqlarının inkişafına xidmət etməsinin vacibliyini qeyd edib, bu istiqamətdə müəllimlərin rəy və təkliflərinin əhəmiyyətini vurğulayıb. Direktor və müəllimlər tərəfindən tədris prosesinin təşkili, metodiki dəstək, ibtidai siniflərdə təlimin keyfiyyəti, layihə əsaslı öyrənmənin tətbiqi və dərsliklərlə bağlı sual və təkliflər səsləndirilib. Görüşün sonunda təhsil ictimaiyyəti ilə birbaşa dialoqun əhəmiyyəti vurğulanıb, regionlarda fəaliyyət göstərən məktəb rəhbərlərinin və müəllimlərin təşəbbüskarlığının dəstəklənəcəyi bildirilib.
30/01/2026 10:00
Elm və təhsil naziri Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 29-da Mingəçevirə səfər çərçivəsində Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə Mərkəzi Aran regionu üzrə gənc pedaqoji heyətlə görüşüb. Mərkəzi Aran Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil edilən və səmimi dialoq formatında keçən görüşdə bir qrup gənc müəllim, məktəb direktoru və müavinləri, tərbiyəçi müəllimlər iştirak ediblər. Görüş zamanı təhsil müəssisələrində tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub. Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir. Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib. Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər. Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib. Sonda Emin Əmrullayev bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, gənc pedaqoji heyəti qarşıdan gələn 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Nazir təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.
29/01/2026 16:00
Nazir Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan məktəbdə büstün açılışında iştirak edib
Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Qəhrəmanın ailə üzvləri, məktəb kollektivi və digər qonaqlar iştirak ediblər. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məktəb mühitində qəhrəmanların xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil təkcə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin möhkəmləndiyi əsas platformadır. Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun adının məktəbdə yaşadılmasının şəhərin gəncləri üçün örnək və mühüm mənəvi dəyər kəsb etdiyini bildirib. Şəhidin qardaşı Nofəl Qasımov çıxışında ailəsi adından göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, Milli Qəhrəman Natiq Qasımovun Vətən uğrunda göstərdiyi şücaətin, qəhrəmanlıq nümunəsinin və fədakarlığının gələcək nəsillər üçün əsl örnək olduğunu vurğulayıb.
29/01/2026 15:00
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində MAA-da görüş keçirilib
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Milli Aviasiya Akademiyasında (MAA) işçi görüş keçirilib. Görüşdə Milli Aviasiya Akademiyasının inzibati heyəti iştirak edib. Görüş zamanı Milli Aviasiya Akademiyasında laboratoriyalarda həyata keçirilən elmi-tədqiqat fəaliyyəti barədə məlumat verilib. Eyni zamanda, tədrisin təşkili, təhsil proqramlarının müasir tələblərə uyğunlaşdırılması, akademik və inzibati proseslərin çevikliyinin təmin olunması, ali təhsil pilləsi ilə yanaşı Milli Kvalifikasiya çərçivəsinin digər səviyyələrində də kadr hazırlığının mümkünlüyü, habelə bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar məsələlər ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, institusional inkişaf məsələləri və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
29/01/2026 10:00
Qarabağ və İstanbul Texniki universitetləri arasında elm və təhsildə yeni strateji əməkdaşlıq mərhələsi başlayır
Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar. YÖK sədri Erol Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, ali təhsil sahəsində əməkdaşlığın Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfə olduğunu diqqətə çatdırıb. Qarabağ Universitetini bütün region üçün yeni bilik və innovasiya mərkəzi kimi qiymətləndirən Erol Özvar Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib. Elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalanan sənədi iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yeni platforması adlandırıb. Nazir Qarabağ Universitetinin ölkəmiz və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb və İTÜ ilə əməkdaşlığın yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcəyinə inamını qeyd edib. Qeyd edək ki, Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin, pedaqoji heyət və/və ya tədqiqatçı alimlərin qarşılıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti üzrə əməkdaşlıq, elmi materiallar və informasiya mübadiləsi, qarşılıqlı maraq doğuran sahələrdə ikili diplom proqramlarının hazırlanması, Qarabağ Universitetinin Mühəndislik fakültəsi üçün tədris və tədqiqat laboratoriyalarının birgə layihələndirməsi və idarə edilməsi nəzərdə tutulur.
22/01/2026 11:18
Elm və təhsil naziri Hacettepe və Ankara universitetlərində olub
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər çərçivəsində Hacettepe və Ankara universitetlərini ziyarət edib. Ziyarət zamanı ali təhsil müəssisələrinin rəhbər heyəti ilə görüşlər keçirilib. Görüşlərdə ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələri və akademik mübadilə imkanları müzakirə edilib, həmçinin Qarabağ Universiteti ilə sözügedən universitetlər arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
21/01/2026 19:00
Elm və təhsil naziri Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşüb
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüş keçirilib. Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də ziyarət edib.
21/01/2026 18:30
Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində Yusuf Tekinlə görüşüb
Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
21/01/2026 18:00
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı