“Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları keçirilib
İyunun 21-də “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda humanist pedaqogika üzrə IV Respublika pedaqoji oxuları keçirilib. Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin nəzdində Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyası və Bakı şəhəri 201 nömrəli tam orta məktəb tərəfindən təşkil edilən tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Humanist Pedaqogika Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirə moderatorluq edən Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov pedaqoji oxuların əhəmiyyətindən söz açıb, humanist pedaqogikanın əsas prinsipləri barədə məlumat verib. Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev cəmiyyətdə müəllimin rolundan, bu peşənin özəlliklərindən danışıb. Müəllim sənətinin çətin, eyni zamanda, şərəfli peşə olduğunu deyən nazir gənc nəslin savadlı yetişməsində təhsil işçilərinin əməyini xüsusi vurğulayıb. Emin Əmrullayev çıxışının sonunda pedaqoji oxuların təhsil işçiləri üçün səmərəli olacağına əminliyini bildirib. Çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və digər qonaqlar ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, tətbiq olunan yeniliklərdən, humanist pedaqogikanın mahiyyətindən, gələcək sağlam nəslin yetişməsində və formalaşmasında fədakar müəllim əməyindən söz açıblar. Bildirilib ki, müəllimlərin inkişafında, onların yeni yanaşmalarla tanış olmasında pedaqoji oxular əhəmiyyətlidir. İndiyədək keçirilən pedaqoji oxularda təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. “Müəllim sevinc və dəyər daşıyıcısıdır” mövzusunda IV Respublika pedaqoji oxuları da bu tədbirlərin davamıdır. Qeyd edilib ki, pedaqoji oxular müəllimlərin yeni yanaşmalara müraciət etməsində, onların baxışlarının dəyişməsində və inkişafında müsbət rol oynayacaq. Tədbirə onlayn qoşulan Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili Azərbaycanda bu cür tədbirin keçirilməsindən məmnunluğunu bildirib, bu prosesin təhsil işçilərinin fəaliyyətində mühüm rol oynayacağını söyləyib. Şalva Amonaşvili mövzu ilə bağlı məruzə edib. Tədbirdə “Humanist pedaqogika: hər şey şagird naminə”, “Uğurlu məktəb necə olmalıdır?”, “Müəllim dəyər daşıyıcısıdır”. “Şagirdi qanadlandıran müəllimi ruhlandırır”, “Müəllim rəqabəti deyil, komanda olmağı öyrətməlidir”, “Səmərəli əks-əlaqə öyrənməni dəstəkləyən əsas uğur faktoru kimi” və digər mövzularda məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. IV Respublika pedaqoji oxuları çərçivəsində laboratoriya məşğələləri keçirilib, iştirakçılara sertifikatlar təqdim edilib. AZƏRTAC
21/06/2022 15:35
İdman-şahmat məktəblərinin idmançıları Avropa çempionu olub
Rumıniyanın paytaxtı Buxarest şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında Avropa çempionatı keçirilib. Sərbəst güləş üzrə Azərbaycan komandasının tərkibində yarışa qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının 4 üzvü, Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Sadiq Hüseynov (45 kq), Vasif Bağırov (48 kq), Camal Abbasov (55 kq) və 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Elman Ağayev (51 kq) I yeri tutaraq qızıl medal qazanıblar. Çempionatda Azərbaycan milli yiğma komandası 10 nəfər idmançı ilə təmsil olunub. Qeyd edək ki, bir neçə gün əvvəl başa çatmış Yunan-Roma güləşi üzrə Avropa çempionatında da “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri 1 qızıl, 2 gümüş 1 bürünc medal qazanıblar.
21/06/2022 11:35
Təhsil naziri Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
İyunun 20-də təhsil naziri Emin Əmrullayev Beynəlxalq Türk Akademiyasının səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Darxan Kıdırəli ilə görüşüb. Təhsil naziri son 8 il ərzində türk dünyası ölkələri arasında elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ortaq dərsliklərin hazırlanması, türk dünyası dahi şəxsiyyətlərinin, şair və mütəfəkkirlərin həyat və yaradıcılığının, irsinin araşdırılması və dünyada təbliğ olunmasına verdiyi töhfəyə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəliyə öz minnətdarlığını bildirib. Görüşdə, həmçinin, 24 iyun 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 5-ci iclası çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə olunub.
20/06/2022 17:00
Bakı Elm Olimpiadasının qalibləri mükafatlandırılıb
İyunun 20-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən Bakı Elm Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Muxtar Məmmədov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşavirləri Elnur Nəsibov və Rüstəm Ağayev, BANM-ın rektoru Elmar Qasımov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, millət vəkilləri, universitet rektorları, qalib adını qazanan məktəblərin komandaları və digər qonaqlar iştirak ediblər. Dövlət Himninin səsləndirilməsindən sonra Bakı Elm Olimpiadasına həsr olunan videoçarx nümayiş olunub. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov bildirib ki, intellektual, elmi bilik və bacarıqlara sahib, geniş dünyagörüşlü, vətənpərvər ruhlu yeni nəsil yetişdirmək, olimpiada hərəkatını genişləndirmək Azərbaycan təhsilinin qarşıya qoyduğu ən vacib prioritetlərdəndir. Təhsil Nazirliyinin bu istiqamətdə ciddi addımlar atdığını qeyd edən nazir müavini olimpiada, müsabiqələrin keçirilməsinin şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların təlimə motivasiyasının yüksəldilməsinə, həmçinin şagirdlərdə özlərinə inam hissinin artırılmasına yardımçı olduğunu söyləyib. BŞTİ-nin müdiri Mehriban Vəliyeva Bakı Elm Olimpiadası haqqında danışarkən bildirib ki, məqsəd şagirdlərin təbiət elmlərinə olan marağını daha da artırmaq, bu sahədə XXI əsr təməl bacarıqlarını təkmilləşdirmək, nəzəri biliklərin təcrübədə tətbiqinə və komandada işləmək vərdişlərinin inkişaf etdirilməsinə şərait yaratmaqdır. Mehriban Vəliyeva məktəblilərə elmi-tədqiqat laboratoriyalarında nəzəri biliklərin praktik tətbiqi sahəsində özlərini sınamaq imkanı yaratdığına görə BANM rəhbərliyinə təşəkkürünü bildirib. BANM-ın rektoru Elmar Qasımov Bakı Elm Olimpiadasında uğur qazanan məktəbliləri təbrik edib. Rektor bu cür olimpiadaların yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərin aşkara çıxarılmasına, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşmasına müsbət təsir göstərdiyini bildirib. BANM-ın kimya mühəndisliyi fakültəsinin III kurs tələbəsi, təhsil ocağının “Texnofest-2022“-də qalib olmuş “Atəşgah” komandasının üzvü Faiq Əliyev çıxış edərək olimpiada qaliblərinə elm, bilik yollarında daha böyük uğurlar arzulayıb. Daha sonra olimpiadanın qızıl, gümüş və bürünc mükafatçılarına medallar təqdim olunub, həvəsləndirici yerlərə layiq görülən məktəblilər, eyni zamanda təşkilat komitəsinin üzvləri diplom və hədiyyələrlə təltif ediliblər. Tədbirdə şagirdlərin Bakı Elm Olimpiadasında iştirakına dair hazırladıqları kompozisiyalar təqdim olunub.
20/06/2022 16:48
İdman-şahmat məktəbinin yetirmələri Avropa çempionatında uğur qazanıb
Çexiyanın paytaxtı Praqa şəhərində karate idman növü üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib. Azərbaycan milli komandasının tərkibində yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları 14-15 yaşlı idmançılar arasında Əzim Rahib +70 kq çəki dərəcəsində I yeri, həmin yaş kateqoriyası üzrə Aslan Dostuyev -57 kq çəki dərəcəsində III yeri, 18-21 yaşlı gənclər arasında mübarizə aparan Hüseyn Məmmədli -67 kq çəki dərəcəsində I yeri tutub. Qeyd edək ki, 48 ölkədən 1064 idmançının qatıldığı turnirdə Azərbaycan milli yığma komandası 31 nəfər idmançı ilə mübarizəyə qoşulub. Onlardan 8 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.
20/06/2022 14:25
“CyberCamp 2022” təşkil ediləcək
4 – 9 iyul 2022-ci il tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Qubada “CyberCamp 2022” yay düşərgəsi təşkil ediləcək. Layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaratmaqdır. “CyberCamp” zamanı iştirakçılar üçün kibertəhlükəsizlik üzrə laboratoriya mühitində aşağıdakı istiqamətlərdə praktiki fəaliyyətlərin təşkili planlaşdırılır: Veb-proqram təminatlarında rast gəlinən və "TOP 10 OWASP" üzrə klassifikasiya olunan təhlükəsizlik çatışmazlıqlarını əhatə edən laboratoriya işləri (CTF formasında); Əməliyyat sistemlərində imtiyazların yüksəldilməsi; Zərərli proqram təminatının analizi və tərsinə mühəndisliyə aid tapşırıqlar; Kriptoqrafiyaya aid tapşırıqlar. Yay düşərgəsində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: Kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və ya kibertəhlükəsizlik ixtisasları üzrə III və IV kursda təhsil alan bakalavrlar, həmçinin magistratura təhsili alan tələbələr; Qeyd edilən sahə üzrə bilik və bacarıqları olan digər ixtisas tələbələri. Yay düşərgəsində iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur. Qeydiyyat üçün keçid: https://anket.edu.az/link/186 Qeydiyyat üçün müraciətlərin son qəbul tarixi 27 iyun 2022-ci il müəyyən olunub. Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün test imtahanı təşkil ediləcək. İmtahandan uğurla keçən şəxslər düşərgədə iştirak hüququ qazanacaq. Düşərgə çərçivəsində iştirakçılara peşəkar, çevik və innovativ mütəxəssislər dəstək olacaq. İştirakçıların asudə vaxtının səmərəli təşkili məqsədilə düşərgədə müxtəlif idman və bilik yarışları da təşkil olunacaq. Düşərgədə iştirakçı sayı məhduddur. Seçilən şəxslərə yay düşərgəsi barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək. Qeyd edək ki, düşərgə ilə bağlı əlaqə yaratmaq istəyənlər suallarını apply@konullu.edu.az (subject: Cybercamp) elektron poçt ünvanına göndərə bilərlər.
20/06/2022 12:55
Məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı valideynlərin nəzərinə!
İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək. Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq. Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
20/06/2022 12:10
IT siniflərə qəbul imtahanı keçirilib
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-cu sinifdə informatika təmayüllü IT siniflərində təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qəbul imtahanı təşkil olunub. İmtahanlar 5 region üzrə Bakı, Sumqayıt, Şamaxı, Mingəçevir və Gəncə şəhərlərində yaradılmış 14 mərkəzdə aparılıb. Mərkəzləşdirilmiş qaydada təşkil olunan imtahanda 1200 şagird iştirak edib. 90 dəqiqə müddətində davam edən imtahan "Alqoritmika" platformasında həyata keçirilib. İmtahanda uğur qazana bilməyən şagirdlərə ikinci dəfə imtahan vermək şansı yaradılacaq. Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsinin informatika təmayüllü siniflərində oxuyan şagirdlər proqramlaşdırma dilləri üzrə praktiki bacarıqlar qazanmaq imkanı əldə edəcəklər. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə Python, alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilməsi nəzərdə tutulub. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək. Cari tədris ilində respublikanın 4 şəhərində 11 məktəbin X siniflərində pilot IT siniflərinə start verilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagird IT siniflərdə təhsil alır.
20/06/2022 11:40
“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan Bilim Bakı Mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanına qeydiyyat başlayıb. “Deneyap proqamı” gələcək dövrün ehtiyaclarını nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə 21-ci əsrin bacarıqlarını əldə etməyə imkan verən kompleks və fərqli bir təhsil modelidir. “Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnologiya istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahədə inkişafını hədəfləyir. Proqram 36 aylıq dövrü əhatə edir, ilk 24 ay layihə əsaslı tədris və son 12 ay komanda dövrü olmaqla, 2 fərqli hissədən ibarətdir. 24 ay tədris dövründə iştirakçılara 11 fərqli mövzuda texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçiriləcək. Hər təlim proqramının sonunda iştirakçılar komanda şəklində layihə üzərinə işləyərək onu nümayiş etdirəcəklər. 12 ay komanda dövründə isə 24 aylıq tədris müddətini başa vuran şagirdlər, uyğun olduqları sahələr üzrə formalaşdırdıqları komandalarla mütəxəssislərdən mentor dəstəyi alaraq milli və beynəlxalq yarışlarda iştirak edəcəklər. Qeyd edək ki, proqrama 4, 5, 6 və 7-ci sinif şagirdləri qoşula bilərlər. Şagird seçimi imtahanının hər iki mərhələsindən keçərək ən yüksək bal toplayan şagirdlər proqramda iştirak edəcəklər. Texnologiyanı inkişaf etdirən gənclərin sırasında olmaq istəyən məktəblilər 26 iyun 2022-ci ilə qədər “Deneyap” texnologiya laboratoriyasına şeçim imtahanı üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat linki: deneyap.az
17/06/2022 17:35
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib
İyunun 16-da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin Cenevrə şəhərində baş tutan 82-ci sessiyasında Azərbaycan Hökuməti adından Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Konvensiya üzrə altıncı dövri hesabat təqdim edilib. Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq Azərbaycan Hökuməti adından, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatı təqdim etməkdən məmnunluq duyduğunu ifadə edib. Hesabatın müvafiq Nazirlik və Komitələr tərəfindən verilmiş məlumatlar əsasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə yaradılmış İşçi Qrup tərəfindən hazırlandığını qeyd edən Sədr, eyni zamanda qadın hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti ilə görüş və məsləhətləşmələr aparıldığını da diqqətə çatdırıb. Ötən dövr ərzində ölkədə qadın hüquqlarının təmin olunması üzrə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərin gücləndirilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyini bildirən Bahar Muradova gender stereotiplərinin aradan qaldırılması istiqamətində də maarifləndirmə və qurumlararası əlaqələrin gücləndirilməsi məsələsinin daim diqqət mərkəzində olduğunu qeyd edib. Görülən işlər və əldə edilmiş müsbət nəticələrlə bərabər, mövcud olan bir sıra problemlərə diqqət çəkən Bahar Muradova mənfi gender stereotipləri, erkən yaşda evlilik, selektiv abort kimi gender bərabərliyinin tam təmin edilməsi prosesini ləngidən amilləri nəzərə çatdırıb. Komitə sədri bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən dövlət qadın siyasəti ölkənin beynəlxalq sənədlərlə öz üzərinə götürdüyü öhdəliklərə uyğun həyata keçirilir. Çünki hər kəs üçün bərabər iştirak və imkanların yaradılması daha yaxşı inkişaf üçün əsas meyarlardandır. O, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin təqdim edəcəyi tövsiyələrin Konvensiyanın daha da effektiv həyata keçirilməsinə, həmçinin mövcud boşluqların və problemlərin aradan qaldırılmasına töhfə verəcəyinə inamını ifadə edib. Çıxışının sonunda Hökumət adından Azərbaycan Respublikasının CEDAW Komitəsi ilə səmərəli əməkdaşlığa və açıq dialoqa hazır olduğunu qeyd edilib. Daha sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin ekspertlərinin sualları Azərbaycan nümayəndə heyəti tərəfindən cavablandırılıb. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın rəhbərliyi ilə keçirilən səfərdə nümayəndə heyətinin tərkibində təhsil nazirinin müavini Firudin Qurbanov, daxili işlər nazirinin müavini Oruc Zalov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Sədi Cəfərov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri Cavid Məmmədov təmsil olunub.
17/06/2022 14:36
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı