“TEKNOFEST Azərbaycan” festivalında Milli Aviasiya Akademiyasının iştirakına dair tədbir keçirilib
İyunun 2-də Milli Aviasiya Akademiyasında Azərbaycan Mülki Aviasiya (MAA) işçilərinin peşə bayramı gününə və “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Milli Aviasiya Akademiyasının iştirakına həsr olunan tədbir keçirilib. Tədbirin əvvəlində MAA-nın rektoru akademik Arif Paşayevin tədbir iştirakçılarına müraciəti təqdim olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti İlham Əmirov Mülki Aviasiya işçilərinin peşə bayramı münasibətilə tədbirdə çıxış edib. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “TEKNOFEST Azərbaycan” festivalı barədə danışıblar. MAA-nın birinci prorektoru Ədalət Səmədov Milli Aviasiya Akademiyasının “TEKNOFEST Azərbaycan” festivalında iştirakı barədə qonaqlara məlumat verib. Daha sonra festival çərçivəsində keçirilmiş yarışmalar və təltiflərə aid qısa videoçarxlar izlənilib. “TEKNOFEST Azərbaycan” festivalında qalib gələn, eyni zamanda, iştirakçı olmuş komandaların üzvlərinə təşəkkürnamələr və mükafatlar təqdim edilib. AZƏRTAC
02/06/2022 14:27
Yaponiyada təqaüdlü təhsil imkanı
2022-2023-cü tədris ili üzrə Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) üzrə sənəd qəbulu davam edir. Üç istiqamət üzrə təklif olunan təqaüd proqramı ali təhsilin müxtəlif təhsil səviyyələrini əhatə edir. Təqaüd proqramına son müraciət tarixi 3 və 10 iyun 2022-ci ildir (proqramdan asılı olaraq). Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.
02/06/2022 12:30
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!
İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 3 iyun saat 11:00-dan etibarən 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər. Qeyd edək ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş dəyişikliklərə əsasən, müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək. Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz: Sual-cavab Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!
01/06/2022 15:15
“Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” təlimləri yekunlaşıb
“Məktəblinin dostu” layihəsi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində keçirilən “Məktəb psixoloqlarının peşəkar təkmilləşmə proqramı” təlimləri yekunlaşıb. Cari ilin aprel ayının 4-dən başlayan ixtisasartırma təlimləri 60 saatlıq proqramı əhatə edib və təlimlərə100 nəfər məktəb psixoloqu cəlb olunub. Təlimlərin məqsədi məktəb psixoloqlarını psixologiya sahəsində müasir yanaşmalarla tanış etmək, onların məktəbdə psixoloji xidmətin təşkili istiqamətində peşə bacarıqlarını artırmaq, psixokorreksiya, psixodiaqnostika, psixokonsultasiya, davranış problemi olan şagirdlərlə işləmək bacarıqlarının formalaşması və təkmilləşdirilməsinə dəstək göstərməkdir. Təlim müddətində, həmçinin “Məktəblinin dostu” layihəsinin psixoloqları “Sosial-emosional problemlərin həllində art terapiya” mövzusunda təlimlər keçib. Təlimlərin yekununda məktəb psixoloqları üçün test və yazılı şəkildə olmaqla imtahan təşkil edilib və imtahanların nəticələrinə əsasən onlara sertifikatlar təqdim olunub.
01/06/2022 14:40
Şuşada ilk respublika uşaq tədbiri
İyunun 1-də Şuşada məktəblilər arasında təşkil olunmuş “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun konserti keçirilib. Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən tədbir Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra burada keçirilən ilk respublika uşaq tədbiridir. Tədbir Təhsil Nazirliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və Şuşa Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Şuşa Real Məktəbinin qarşısında baş tutub. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Şuşa Dövlət Qoruğu İdarəsinin nümayəndəsi və digər dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları, festival müsabiqənin qalibləri iştirak edib. Təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq tədbirin Şuşada təşkilinin qürurverici olduğunu qeyd edib. Şəhidlərimizin xatirəsini yad edən, qazilərimizə Allahdan şəfa diləyən təhsil naziri Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Müzəffər Ordumuzun şanlı qələbəsi sayəsində bu gün gələcəyimiz olan uşaqların azad Şuşada bayramı qeyd etməsini xüsusi vurğulayıb. Nazir çıxışının sonunda bütün uşaqları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, müsabiqənin keçirilməsində əməyi olan hər kəsə təşəkkür bildirib və qaliblərə uğurlar arzulayıb. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova əvvəlcə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edib. Hər bir vətəndaş üçün dövlət və onun mənafeyinin öndə gəldiyini qeyd edən komitə sədri müsabiqənin gənclərimizin vətənpərvər ruhda yetişməsində oynadığı rolundan danışıb, iştirakçılara uğurlar arzulayıb. Konsert proqramında 150-ə yaxın məktəbli çıxış edib, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Tədbirin sərgi hissəsində müsabiqə qaliblərinin rəsm və əl işlərinə baxış keçirilib. Qeyd edək ki, "Şuşa İli"nə həsr olunmuş festival-müsabiqəyə respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri, lisey və gimnaziyaların (incəsənət yönümlü ümumtəhsil müəssisələri istisna olmaqla) istedadlı şagirdləri arasında iki yaş qrupunda (11-14 yaş və 15-17 yaş) 4 nominasiya - ifa, rəqs, dram sənəti, təsviri incəsənət və dekorativ tətbiqi-sənət üzrə keçirilən müsabiqəyə ümumilikdə 10000-dən çox istedadlı şagird qatılıb. Müsabiqənin təşkilində məqsəd uşaq və gəncləri Qarabağın Azərbaycan mədəniyyəti, tarixindəki yeri, işğal illəri və işğaldan sonrakı dövrü ilə tanış etmək, uşaqları milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək olub. Həmçinin, incəsənət və mədəniyyətin ayrı-ayrı növləri üzrə istedadları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, təhsilalanları vətənpərvərlik, həmçinin torpağa, dövlət rəmzlərinə, tariximizə hörmət ruhunda tərbiyə etmək, məktəblərin asudə vaxtlarını təmin etmək də məqsədlər sırasındadır.
01/06/2022 13:00
Xaricdə doktorantura təhsilinə dair II sənəd qəbulunun tarixi
İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq. Nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə keçiddən tanış ola bilərsiniz. Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət etmək mümkündür.
01/06/2022 11:35
Basketbol üzrə Tələbə Liqasının Super Kubokunun final oyunu
Mayın 31-də Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Sərhədçi İdman Kompleksində basketbol üzrə Tələbə Liqasının Super Kubokunun final oyunu baş tutub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbə komandalarının qarşı-qarşıya gəldiyi final oyununda ADBTİA-nın tələbələri liqanın qalib olub. Tələbələrimizi təbrik edir və onlara gələcək yarışlarda uğurlar arzulayırıq!
31/05/2022 19:36
"Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirə keçirilib
Mayın 31-də təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilmiş “Təhsildə özəl biznesin rolu” mövzusunda ictimai müzakirəyə təhsil naziri Emin Əmrullayev də qatılıb. Tədbirdə təhsil sahəsində fəaliyyət göstərən KOB subyektləri, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov ictimai müzakirənin məqsədi və təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, tədbirin təhsil sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ehtiyaclarının öyrənilməsi, sektora investisiya qoyuluşu və təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələrin aparılması üçün keçirildiyini vurğulayıb. Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, təhsilin biznes sahəsi kimi formalaşması və beynəlxalq təcrübə barədə danışıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, müxtəlif sahələrdə, o cümlədən təhsil sektorunda biznesin inkişafına dəstək göstərmək agentliyin fəaliyyət istiqamətlərindən biridir. Vurğulanıb ki, agentlik təhsil biznesi sahəsində əlavə təşviq mexanizmlərini özündə birləşdirən qanunvericilik bazasının təkmilləşdirilməsinə, eləcə də mövcud resurslar çərçivəsində sektorda çalışan sahibkarlarla birlikdə onların layihələrinin icrasına dəstəyini davam etdirir. Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır. Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib. Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırılıb.
31/05/2022 16:45
Tələbə krediti üçün müraciətlərin qəbulu bu gün yekunlaşır
31 may saat 00:00-da yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq. Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.
31/05/2022 10:00
Şagirdlərin elektron yerdəyişməsi dayandırılır
31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılır. Növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
31/05/2022 09:00
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. ? https://president.az/az/articles/view/68777 ? https://president.az/az/articles/view/68778
Ətraflı#HeydərƏliyev #ÜmummilliLider
Ətraflı10 May – Ümummilli lider Heydər Əliyevin doğum günü “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. #HeydərƏliyev #HeydarAliyev
Ətraflı