Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin açılışı olub

28.10.2026 - 10:00


Oktyabrın 27-də Bakıda yüksək səviyyəli nümayəndələrin iştirakı ilə IE Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimi keçirilib.


Mərkəz Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “PAŞA Holding”, SOCAR və İspaniyanın IE Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində yaradılıb. Mərkəz Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək, yeni bilik və ideyaların tətbiqini təşviq etmək, liderlik bacarıqlarını gücləndirmək, eləcə də innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq məqsədi daşıyır.


Mərasimin rəsmi açılış hissəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, elm və təhsil nazirinin müavini Həsən Həsənli, “PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono çıxış ediblər.


Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında mərkəzin yaradılmasını ölkəmizdə gənclərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. 


Nazir müavini 2013-cü ildə qəbul olunmuş Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin və əlçatanlığının artırılması sahəsində əldə olunan nailiyyətlərdən danışıb. O, müəllimlərin işə qəbulu, sertifikatlaşdırılması və peşəkar inkişafı sahəsində aparılan islahatlar, şagirdlərin rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş layihələr, həmçinin istedadların erkən yaşlardan aşkarlanması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Beynəlxalq qiymətləndirmələrin nəticələrinə toxunan Həsən Həsənli PISA 2025-də Bakı üzrə göstəricilərin 2022-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artdığını bildirib. 


Ali təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışan nazir müavini ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə əldə etdiyi irəliləyişləri qeyd edib. O, Fransız–Azərbaycan Universiteti (UFAZ), İtaliya–Azərbaycan Universiteti və Türkiyə–Azərbaycan Universiteti kimi birgə ali təhsil təşəbbüslərinə, eləcə də yeddi beynəlxalq tərəfdaşla həyata keçirilən ikili diplom proqramlarına diqqət çəkib.


Həsən Həsənli hökumətin ardıcıl fəaliyyətinin güclü istedad bazasının formalaşmasına imkan yaratdığını vurğulayıb. Bildirib ki, bu potensialın inkişaf etdirilməsi müasir iqtisadiyyatın tələblərinə cavab verən gələcək liderlərin, rəhbərlərin və mütəxəssislərin hazırlanmasına zəmin yaradır. Nazir müavini hazırda fəaliyyət göstərən rəhbər və mütəxəssislərin bilik və bacarıqlarının davamlı yenilənməsinin də vacibliyini qeyd edib. Bu istiqamətdə dövlət, biznes və universitetlərin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan Həsən Həsənli IE Universiteti, “PAŞA Holding” və SOCAR arasında tərəfdaşlığın beynəlxalq təcrübəni yerli ehtiyaclarla əlaqələndirmək üçün mühüm imkanlar yaratdığını bildirib. O, ölkəmizin universitetlərinin və SABAH.City-nin imkanlarından da istifadə etməklə bu məqsədlərə birgə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.


IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsono çıxışında sahibkarlıq və innovasiya yanaşmalarını, eləcə də humanitar elmlərin təhsildə dəyişikliklərə təkan verən rolunu texnologiyanın yaratdığı imkanlarla birləşdirməyi hədəflədiklərini bildirib. O, məqsədlərinin Bakı və Azərbaycanla yanaşı, bütün qitədə transformasiyaya təkan vermək olduğunu qeyd edib. Azərbaycanda dəyər yaratmaq və iqtisadi artıma töhfə vermək potensialına malik startapların, şirkətlərin və istedadlı insanların olduğunu vurğulayan universitet rəhbəri təşəbbüsün bu potensialın reallaşdırılmasını sürətləndirməyə xidmət edəcəyini bildirib.


“PAŞA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov isə insan kapitalının inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də innovativ düşüncə tərzinin təşviqinin uzunmüddətli iqtisadi inkişaf və rəqabət qabiliyyəti baxımından əhəmiyyətini vurğulayıb.


Qeyd edək ki, mərkəzin yaradılmasına dair Anlaşma Memorandumu 28 aprel 2026-cı ildə Elm və Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin şahidliyi ilə “PAŞA Holding”, SOCAR və IE Universiteti arasında imzalanıb.