Media savadlılığının artırılması ilə bağlı görüş keçirilib
Elm və Təhsil Nazirliyi ilə Medianın İnkişafı Agentliyi arasında media savadlılığının artırılmasına dair görüş keçirilib. Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hər iki qurum arasında əməkdaşlıq çərçivəsində görülən işləri təqdir edib. Mətin Kərimli gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirib. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz növbəsində media savadlılığının artırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, bu sahənin mövcud vəziyyətindən bəhs edib və kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb. Görüş çərçivəsində media savadlılığının əhəmiyyəti, ali və ümumtəhsil məktəblərində tədris proqramı çərçivəsində mənimsənilməsi, beynəlxalq təcrübə və fəaliyyət planı müzakirə olunub. Bununla yanaşı, qurumlararası əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüşdə media savadlılığı ilə bağlı təqdimat da nümayiş olunub.
12/07/2023 14:10
MİQ-in test imtahanları davam edir
İyulun 12-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində tarix, coğrafiya, informatika, fizika və fransız dili fənləri üzrə namizədlər iştirak edəcəklər. Bu gün keçiriləcək test imtahanlarının I seansına 6353, II seansına isə 6627 namizəd dəvət olunub. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 11-15 iyul tarixlərini əhatə edəcək. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik təhsilverənlərin aşkarlanmasında bərabər, ədalətli imkandır.
12/07/2023 09:46
Elm və təhsil naziri Bərdədə Aqrar İnnovasiya Festivalında iştirak edib
"Peşə təhsili sahəsində aparılan islahatlar artıq öz nəticəsini göstərməyə başlayıb. Bu müəssisələrə qəbul olunan tələbə sayı son 3 ildə 50 faizdən çox artaraq 19 000 nəfərə çatıb”. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 11-də Bərdə rayonunda keçirilən Aqrar İnnovasiya Festivalında səsləndirib. Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev peşə təhsilinin iqtisadiyyatın bütün sahələri ilə əlaqəli şəkildə inkişafının əhəmiyyətini qeyd edib. Emin Əmrullayev peşə məktəblərində, əsasən, gənclərin təhsil almalarına baxmayaraq, yaşlı nəslin nümayəndələrinin də burada yenilikləri öyrənə, öz bilik və bacarıqlarını təkmilləşdirə biləcəklərini vurğulayıb. Tədbirdə iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında qeyd edib ki, festival kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə peşə təhsili müəssisələri arasında əməkdaşlığın daha da artmasına müsbət təsirini göstərəcək. Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Bərdə peşə liseyində təşkil edilən festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabe qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdindəki bir sıra peşə təhsili müəssisələri və 80-dən çox yerli, xarici şirkət nümayəndələri, həmçinin müxtəlif startapçılar iştirak ediblər. Festivalın keçirilməsində məqsəd Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafına töhfə verilməsi, bu sahə ilə peşə təhsili sektoru arasında mövcud əlaqələrin gücləndirilməsi, aqrar elm və təhsilin sahibkarlıq fəaliyyətinə inteqrasiyasıdır. Festivalda kənd təsərrüfatına marağın artırılması və gənclərin bu sahəyə cəlb edilməsi məqsədilə peşə təhsili müəssisələrinin tələbələri üçün məlumat sessiyaları keçirilib, həmçinin fermerlər üçün təlimlər təşkil edilib. Festival zamanı qonaqlar Bərdə peşə liseyinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, 2021-ci ildə müasir standartlar əsasında fəaliyyətə başlayan müəssisədə 1200-ə yaxın tələbə kənd təsərrüfatı, İKT və sənaye kimi yüksək tələbat olan sahələr üzrə təhsil alır.
11/07/2023 17:52
Nazir müavini Şamaxıda MİQ imtahanlarını izləyib
İyulun 11-də elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının gedişatını izləmək üçün Şamaxıya səfər edib. Nazir müavini Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyevlə birlikdə Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə təşkil edilən imtahan mərkəzində olub. Həsən Həsənli bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik müəllimləri aşkarlamaq imkanı verir, nəticə etibarilə, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. Qeyd edək ki, MİQ-in test imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə – Şamaxı şəhəri 6 və 9 nömrəli tam orta məktəblərdə keçirilir. İmtahanın ilk günündə riyaziyyat, fiziki tərbiyə və kimya fənləri üzrə ümumilikdə 308 namizəd iştirak edib.
11/07/2023 17:41
34-cü Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimizin uğuru
3-11 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilən 34-cü Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz uğurla çıxış ediblər. 76 ölkə üzrə 293 şagirdin iştirak etdiyi yarışda 4 məktəbli ilə təmsil olunan komandamız 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Olimpiadada Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Zəhrabəyim Abdullayeva və Nurlan Məmmədov bürünc, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Kənan Orucəliyev isə həvəsləndirici mükafata layiq görülüb. Məktəblilərimizi təbrik edir və onlara yeni-yeni nailiyyətlər arzulayırıq!
11/07/2023 11:14
Test imtahanı mərhələsinə başlanıldı
İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. İmtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub. 58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!
11/07/2023 09:59
Elm və təhsil naziri Lerikdə vətəndaşları qəbul edib
İyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev Lerik rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, təhsil müəssisələrinin təmir-tikinti işləri, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
10/07/2023 17:51
Test imtahanı mərhələsinin başlamasına son 1 gün qaldı
İyulun 11-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər. Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsinə ümumilikdə 58 000-ə yaxın namizəd dəvət olunub. Bütün iştirakçılara uğurlar arzulayırıq!
10/07/2023 12:30
SABAH qruplarında işləmək üçün son müraciət tarixi
Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında işləmək üçün son müraciət tarixi 11 iyul saat 00:00-da başa çatır. Qeyd edək ki, 2023-2024-cü tədris ilinin payız semestrində müxtəlif fənlər üzrə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işləmək üçün müraciət edə bilərlər. Müsabiqədə magistr və daha yüksək elmi dərəcəyə malik, mükəmməl səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edən, eyni zamanda, müasir pedaqoji yanaşmaları tətbiq etməyi bacaran namizədlər iştirak edə bilərlər. Müsabiqə və vakant yerlər barədə məlumatı linkə (https://shorturl.at/atRTZ) daxil olmaqla "Tədbirlər və elanlar" bölməsindən əldə etmək mümkündür.
10/07/2023 09:52
Universitetlərin beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə rəhbər şəxslərinin şəbəkələşmə görüşü keçirilib
İyulun 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda yerləşən ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə rəhbər şəxslərinin şəbəkələşmə görüşü keçirilib. ADA Universitetində keçirilən görüş əcnəbi tələbələrin cəlbi ilə bağlı təcrübə mübadiləsi məqsədilə təşkil olunub. Görüşdə Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Milli Erasmus+ ofisi, eləcə də 32 ali təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər. Əvvəlcə nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov və ADA Universitetinin Tələbə qəbulu və qeydiyyat şöbəsinin müdiri Günay Ziyadova açılış nitqi ilə çıxış ediblər. Daha sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov əcnəbi tələbələrin Azərbaycanda təhsilinə dair təqdimatla çıxış edib. Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Fəxrəddin Məmmədov və Xəzər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Vlad Verniqora da qeyd edilən mövzuda təcrübələrini bölüşüblər. Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
08/07/2023 18:23
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı