“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10/07/2026 18:00
Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının icrası ilə bağlı görüş keçirilib. Görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, mədəniyyət nazirinin müavini Səadət Yusifova və hər iki nazirliyin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı Konsepsiyanın 2026–2030-cu illər üzrə Tədbirlər Planında mədəniyyət, elm və təhsil sahələri üzrə qarşılıqlı əməkdaşlığı əhatə edən tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib, həmin tədbirlər üzrə qurumlararası əlaqələndirmə və icra prosesinin səmərəli təşkili məsələlərinə toxunulub. 2026-cı il üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, elmin və mədəniyyətin qarşılıqlı əlaqəsinin təmin edilməsi, mədəniyyət sahəsində təhsilin, təhsil pillələri üzrə ixtisasların və ixtisaslaşmaların təkmilləşdirilməsi, eləcə də Azərbaycan dili və ədəbiyyatı istiqaməti üzrə yeni, xüsusilə elmi və publisistik əsərlərin yaradılması və təbliği ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda aidiyyəti istiqamətlər üzrə növbəti addımlar müzakirə olunub, Konsepsiyada müəyyən edilmiş hədəflərə nail olunmasında qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10/07/2026 14:04
İyulun 10-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Ruanda Respublikasının Türkiyə Respublikasındakı və Azərbaycan Respublikasında akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Charles Kayonga ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan ilə Ruanda Respublikası arasında ali təhsil sahəsində həyata keçirilən əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında müzakirələr aparılıb.
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09/07/2026 10:22
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Aşqabad şəhərində keçirilən Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib. İclas çərçivəsində Azərbaycan və Türkmənistan arasında ticarət-iqtisadi, enerji, nəqliyyat və rabitə, kənd təsərrüfatı, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın mövcud vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunub. Nazir müavini çıxışında Azərbaycan ilə Türkmənistan arasında elm və təhsil sahəsində mövcud əməkdaşlıq və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər barədə məlumat verib. Xüsusilə rəqəmsal, süni intellekt, STEAM, ümumi və ali təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və elmi-akademik heyətin mübadiləsi, beynəlxalq olimpiada və digər tədbirlərdə qarşılıqlı iştirakın genişləndirilməsi, eləcə də birgə elmi-tədqiqatların aparılması kimi bir sıra məsələlərə toxunub. Nazir müavini həmçinin elm və təhsil sahəsində səmərəli əməkdaşlıq üçün institusional əsas yaradan Azərbaycan–Türkmənistan İşçi Qrupunun fəaliyyətinə dair təkliflər irəli sürüb. Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08/07/2026 19:42
İyulun 8-də Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2026” tədbiri keçirilib. Tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları ötən illər ərzində Azərbaycan ali təhsil sisteminin uğurlu layihələrindən birinə çevrilərək ali təhsilin, həm də məzunların keyfiyyətinə müsbət təsir edib. Nazir qeyd edib ki, SABAH layihəsi ali təhsil müəssisələrində akademik mühitin gücləndirilməsi, istedadlı gənclərin potensialının reallaşdırılması və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində həyata keçirilən ən mühüm təşəbbüslərdən biridir. Onun sözlərinə görə, bu gün SABAH proqramının məzunları ölkənin gələcək inkişafında mühüm rol oynayacaq insan kapitalını formalaşdırır. Nazir vurğulayıb ki, təhsilin bütün mənası insan yetişdirmək və onun öz ölkəsi üçün dəyər yaradan insan kapitalına çevrilməsinə şərait yaratmaqdır. Çıxışının sonunda Emin Əmrullayev SABAH layihəsinin yaradılmasında əməyi olan hər kəsə təşəkkür edib, məzunları təbrik edərək onların Azərbaycanın davamlı inkişafına və cəmiyyətin rifahına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Tədbir SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilməsi ilə davam edib. Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub. Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAHın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar. Tədbirdə çıxış edən 2018-ci il UNEC SABAH məzunu, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova bildirib ki, SABAH qruplarında təhsil alması onun peşəkar inkişafına mühüm töhfə verib. O, SABAH qruplarının tələbələrə müasir bilik və bacarıqlar qazandıraraq onların gələcək karyera uğurlarına geniş imkanlar yaratdığını vurğulayıb. Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib. Qeyd edək ki, 2025/2026-cı tədris ilində 11 ali təhsil müəssisəsi üzrə 1285 bakalavr və 452 magistr SABAH qruplarını bitirir. Hazırda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 2785 tələbəni və 8212 məzunu əhatə edir.
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08/07/2026 16:19
Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili məzunları üçün buraxılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Hüseynov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. Vurğulayıb ki, İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. Çıxışının sonunda rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb. Nazir müavini xaricdə ali təhsilin bütün səviyyələri üzrə həyata keçirilən dövlət proqramlarının gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ikili diplom proqramlarının sayının 8-ə çatdırılacağını deyib. İdris İsayev həmçinin süni intellekt dövrünün çağırışlarını nəzərə alaraq gənclərə daim öz üzərlərində çalışmağı, bilik və səriştələrini davamlı artırmağı tövsiyə edib. Nazir müavini məzunların bu uğurunda professor-müəllim heyətinin zəhmətini və valideynlərin dəstəyini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirib. İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığı daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar. Sonra çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ölkələrimiz arasında münasibətlərin son illərdə bütün istiqamətlərdə, xüsusilə təhsil, elm və innovasiya sahələrində uğurla inkişaf etdiyini deyib. Bildirib ki, insan kapitalının inkişafı istiqamətində Koreya Azərbaycan üçün etibarlı tərəfdaşdır və birgə layihələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirib, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub. Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı İşçi qrupun ikinci iclası keçirilib
08/07/2026 15:19
İyulun 8-də Elm və Təhsil Nazirliyində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi istiqamətində yaradılmış İşçi qrupun ikinci iclası keçirilib. Elm və təhsil nazirinin müavini, İşçi qrupun sədri Kənan Kərimzadənin rəhbərliyi ilə keçirilən iclasda Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər. İclası giriş sözü ilə açan Kənan Kərimzadə bildirib ki, peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi əmək bazarının dəyişən tələblərinə cavab verən, çevik və müasir peşə təhsili sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, ilk iclas zamanı aparılmış müzakirələrin və aidiyyəti qurumlar tərəfindən təqdim edilmiş təkliflərin layihənin təkmilləşdirilməsinə mühüm töhfə verdiyini vurğulayıb. Daha sonra Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək birinci iclasda səsləndirilən mülahizələr, eləcə də aidiyyəti dövlət qurumlarından daxil olmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər barədə ətraflı məlumat verib. Təqdimat zamanı layihənin yenilənmiş strukturu, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və perspektiv tələblərinə uyğunlaşdırılması, yeni peşələrin təsnifata daxil edilməsi, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin edilməsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. İclas çərçivəsində işçi qrupun üzvləri tərəfindən layihə üzrə geniş müzakirələr aparılıb, peşə təhsili üzrə ixtisasların daha səmərəli qruplaşdırılması, terminoloji vahidliyin təmin edilməsi və yeni yaranan peşə istiqamətlərinin təsnifatda əks etdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib. Sonda layihənin yekunlaşdırılması istiqamətində növbəti mərhələlər, qarşıda duran vəzifələr və fəaliyyət planı müzakirə olunub. İşçi qrupun üzvləri layihənin əmək bazarının inkişaf meyillərinə və beynəlxalq yanaşmalara uyğun şəkildə tamamlanmasının vacibliyini vurğulayaraq müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib
06/07/2026 22:05
İyulun 6-da Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 7-ci iclası keçirilib. İclasda ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorları iştirak ediblər. İclas çərçivəsində Türkiyə–Azərbaycan Universitetinin illik hesabatı, eləcə də inkişaf perspektivləri müzakirə edilib.
Nazir müavini “Gənc xilasedici” beynəlxalq yarışın qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib
04/07/2026 18:00
Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” XII beynəlxalq yarışın və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyinin qaliblərinin iyulun 4-də Qəbələ şəhərində mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Builki yarışlarda Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Belarus və Rusiyadan olan komandalar iştirakçı, Tacikistan isə müşahidəçi qismində iştirak edib. Yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə sağlam həyat tərzinin, fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və milli-vətənpərvərlik ruhunun aşılanması, xilasedici peşəsinə marağın artırılması, müxtəlif ölkələrin gənc xilasediciləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin formalaşdırılması məqsədilə təşkil edilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan rəsmi hissədə əvvəlcə yarışlar videoçarx nümayiş olunub. Sonra məktəblilərin təqdimatında milli vətənpərvərlik və ölkələr arasında dostluğu tərənnüm edən bədii hissə izlənilib, qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası tutub. Ümumrespublika birinciliyində isə birinci yerə İsmayıllı şəhər N.Behdiyev adına 6 nömrəli tam orta məktəbinin, ikinci yerə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin, üçüncü yerə isə Qusar rayon Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin komandası layiq görülüb.
Nazir müavini AzMİU-da “Məzun günü” tədbirində iştirak edib
04/07/2026 11:45
İyulun 3-ü Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Məzun günü” tədbiri keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimin açılışında çıxış edən AzMİU-nun rektoru Gülçöhrə Məmmədova məzunları təbrik edərək bildirib ki, 2025/2026-cı tədris ilində AzMİU-da ümumilikdə 3038 tələbə məzun adı qazanıb. Onlardan 2987 nəfəri adi, 51 nəfəri isə fərqlənmə diplomu alıb. Məzunlardan 35 nəfəri əcnəbi vətəndaşdır. Bakalavriat səviyyəsində təhsilini başa vuran tələbələrdən 5 nəfər dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramı üzrə məzun olur. Onun sözlərinə görə, builki məzunlar arasında 61 yaşlı məzunun da olması AzMİU-da təhsilin hər yaş üçün əlçatan olduğunu və universitetin ömürboyu təhsil prinsiplərini uğurla həyata keçirdiyini göstərir. Gülçöhrə Məmmədova bildirib ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı yeni dövrün çağırışlarına cavab verən peşəkar mühəndis və memar kadrlarının hazırlanmasını strateji vəzifəyə çevirib. AzMİU da bu missiyanı uğurla yerinə yetirmək üçün müasir təhsil texnologiyalarını, innovativ yanaşmaları tətbiq edir, əmək bazarının tələblərinə uyğun kadr hazırlığını davamlı şəkildə təkmilləşdirir. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev çıxışında Azərbaycan Memarlıq və İnşaat Universitetinin ölkənin mühəndis və memarlıq təhsilində xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, müasir dövrdə əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanması dövlətin təhsil siyasətinin prioritetlərindəndir. Nazir müavini AzMİU-da həyata keçirilən təhsil islahatlarını, beynəlxalq əməkdaşlıqları, innovativ yanaşmaları və universitet-sənaye tərəfdaşlığını yüksək qiymətləndirərək vurğulayıb ki, bu istiqamətdə görülən işlər məzunların peşəkar bacarıqlarının inkişafına və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. İdris İsayev məzunları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb, əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafı naminə səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini bildirib. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov müasir dövrün çağırışlarına uyğun bilik və bacarıqlara malik gənc mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq məzunlara peşə fəaliyyətlərində daim yeniliklərə açıq olmağı, biliklərini davamlı inkişaf etdirməyi və Vətənə layiqincə xidmət etməyi arzulayıb. Çıxışlarda AzMİU-nun ölkənin tikinti, memarlıq və mühəndislik sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayan aparıcı ali təhsil müəssisələrindən olduğu vurğulanıb. Rəsmi hissədən sonra tədbir bədii-musiqili proqramla davam edib.
Firudin Qurbanov “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışında iştirak edib
03/07/2026 18:00
İyulun 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının yaradılmasının 10 illik yubileyi münasibətilə təşkil olunan “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfransın rəsmi açılış mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Zaqatala şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar konfrans çərçivəsində təşkil olunmuş sərgi ilə tanış olublar. Tədbir çərçivəsində UNEC Zaqatala filialının 10 illik fəaliyyətinə həsr edilmiş “The Driving Force of Regional Development: UNEC Zaqatala Branch” kitabının təqdimatı keçirilib. Rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra UNEC Zaqatala filialının yaradılmasının 10 illiyinə həsr olunmuş, filialın fəaliyyət tarixini, inkişaf mərhələlərini, əldə olunan nailiyyətləri və həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib. Konfransı giriş nitqi ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxışında regional ali təhsil müəssisələrinin inkişafından, rəqəmsallaşmanın ali təhsil sistemində yaratdığı imkanlardan və UNEC Zaqatala filialının 10 il ərzində əldə etdiyi uğurlardan bəhs edib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək UNEC Zaqatala filialının regionda ali təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib, filial kollektivini 10 illik yubiley münasibətilə təbrik edib. Nazir müavini bildirib ki, müasir dövrdə universitetlər yalnız bilik verən təhsil müəssisələri deyil, həm də innovasiya, texnoloji inkişaf və insan kapitalının formalaşmasının əsas mərkəzləridir. Onun sözlərinə görə, regional universitetlər bölgələrin sosial-iqtisadi inkişafında daha fəal rol oynamalı, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını təmin etməli və müasir çağırışlara çevik cavab verən ali təhsil modeli formalaşdırmalıdır. Nazir müavini qeyd edib ki, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üçün güclü nəzəri hazırlıq bacarıq əsaslı təhsillə uzlaşdırılmalı, təhsil proqramları mütəmadi yenilənərək əmək bazarının tələblərinə uyğunlaşdırılmalıdır. O vurğulayıb ki, rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyat kimi prioritet istiqamətlər ali təhsil sistemində daha geniş yer tutmalıdır. Açılış mərasimində çıxış edən digər rəsmi qonaqlar, ali təhsil müəssisələrinin rəhbərləri və elm ictimaiyyətinin nümayəndələri UNEC Zaqatala filialının regionda ali təhsilin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək filialın 10 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar. UNEC Zaqatala filialının direktoru Raqif Qasımov çıxışında filialın ötən 10 il ərzində keçdiyi inkişaf yolundan, əldə olunan akademik nailiyyətlərdən, maddi-texniki bazanın gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi fəaliyyət istiqamətində görülən işlərdən bəhs edib. O, qarşıdakı dövrdə filialın inkişafının əsas prioritetləri barədə məlumat verib. Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfransa ümumilikdə 310 məqalə müəllifi tərəfindən müraciət daxil olub. Elmi ekspertiza və seçim prosesinin nəticələrinə əsasən 288 məqalə təqdimat üçün qəbul edilib. Konfrans çərçivəsində “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib. Beynəlxalq elmi-praktiki konfrans öz işini 4 iyul tarixində panel iclasları və beynəlxalq vökşoplarla davam etdirəcək.
Filter
Elanlar
-
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37 -
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40
Məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
ƏtraflıAzərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
ƏtraflıAzərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
Ətraflı