Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır
İyulun 25-dən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər. 1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil. 2023-2024-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı ən çox verilən suallar və cavabları
19/07/2023 10:37
“Peşəkar idarəçi” müsabiqəsi üzrə imtahan nəticələri elan edilib
“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsinin nəticələri elan edilib. İmtahan nəticələri ilə bağlı namizədlərə SMS vasitəsilə məlumat göndərilib. Müsabiqənin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib. İmtahanda namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı, məntiqi təfəkkür, əmək və təhsil qanunvericiliyi üzrə ümumilikdə 45 test tapşırığı təqdim olunub. Növbəti mərhələyə keçid balı isə 25 olaraq müəyyənləşdirilib. Test imtahanında uğur qazanmış namizədlər daha sonra esse mərhələsində iştirak edəcəklər. Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.
18/07/2023 14:30
“Türkiye Bursları” çərçivəsində təhsil hüququ qazananlar müəyyənləşib
Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubu çərçivəsində 8 nəfər Azərbaycan vətəndaşı 2023-2024-cü tədris ili üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb. Həmin şəxslər “Türkiye Bursları” çərçivəsində bu ölkənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təhsil alacaqlar. Təqaüd əldə edənlər təhsil, paleoantropologiya, psixologiya, molekulyar biologiya, kimya, hüquq və tarix ixtisas istiqamətləri üzrə Ankara Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İstanbul Universiteti, Qazi Universiteti, Qara dəniz Texniki Universiteti və digər universitetlərdə tədqiqat aparacaqlar. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 30 yanvar 2023-cü il tarixində verilib.
18/07/2023 12:06
Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi
9-14 avqust tarixlərində tələbələr üçün Şamaxı rayonunda beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi təşkil ediləcək. Yay məktəbi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək. Yay məktəbinin keçirilməsində məqsəd müxtəlif yerli, xarici universitetlərin tələbə və məzunlarına dünya, eləcə də regiondakı siyasi-iqtisadi vəziyyətin obyektiv qiymətləndirilməsi, gələcəkdə baş verə biləcək proseslərin düzgün proqnozlaşdırılması, xarici siyasət mövzuları üzrə müzakirələrdə iştirak imkanı yaratmaqla səmərəli öyrənmə platformasının təsis edilməsidir. Yay məktəbində aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulur: Siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri; Sadalanan ixtisaslarda magistratura səviyyəsində təhsil alanlar və son illərdə məzun olmuş gənc peşəkarlar (yerli və xarici ali təhsil müəssisələrindən); Yay məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər; Yüksək motivasiya, təşəbbüskarlıq, strateji və sistemli düşünmə, komandada işləmək, düzgün qərar qəbul etmək bacarıqlarına malik gənclər; İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlər (digər dilləri bilmək üstünlükdür). Qeydiyyatdan keçmiş iştirakçıların dil bacarıqları və mövzu üzrə ilkin biliklərinin qiymətləndirilməsinə dair müsahibə təşkil ediləcək. Qiymətləndirmədən uğurla keçən şəxslər yay məktəbində iştirak hüququ qazanacaqlar. Proqram haqqında daha ətraflı məlumat isə seçilmiş iştirakçılara təqdim olunacaq. Əlaqə: Apply@konullu.edu.az (Subject: Summer School).
18/07/2023 10:43
Beynəlxalq Fizika Olimpiadasında (IPHO) məktəblilərimizin uğuru
10-17 iyul tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən Beynəlxalq Fizika Olimpiadasında (IPHO) məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, komandamız 1 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb. Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş, Murad Abdulkərim bürünc, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin XI sinif şagirdləri Nicat Abbasov və Uğur Əzim bürünc medala, Quba şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Murad İsmayılov həvəsləndirici mükafata layiq görülüblər. Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq!
17/07/2023 14:35
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbuluna başlanılır
İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər. Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Sənəd qəbulu 31 iyul saat 23:59-dək davam edəcək. Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya rəsmi "Whatsapp" xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür.
17/07/2023 12:45
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə elektron qeydiyyat davam edir
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrində direktor və direktor müavini işləmək istəyənlər üçün elektron qeydiyyat prosesi davam edir. Müsabiqədə iştirakla bağlı namizədlər iyulun 20-dək https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməlidirlər. Müsabiqə elektron ərizə qeydiyyatı və vakant yerlərin seçimi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da test imtahanına cəlb ediləcəklər. İmtahanda namizədlərə qanunvericilik və məntiq üzrə suallar təqdim olunacaq. Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub. Vakansiya siyahısı Direktor vəzifəsi üzrə müsabiqə proqramı İnzibati və təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı Tədris-istehsalat işləri üzrə və tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün müsabiqə proqramı
17/07/2023 11:42
MİQ üzrə növbəti apellyasiya müraciətlərinə start verilib
Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
17/07/2023 10:15
Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb
“Şagirdlərimizin bilik və bacarıqlarının inkişafı milli sərvətimizdir. Yaxın gələcəkdə olimpiada qalibi olan məktəblilər Azərbaycanın ən yaxşı kadrları olacaqlar". Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev iyulun 14-də keçirilən respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində səsləndirib. Emin Əmrullayev olimpiadaların təşkil edildiyi ilk illərdə müsabiqələrə çox az sayda məktəblinin qatıldığını, lakin son dövrlərdə bu prosesin artıq olimpiada hərəkatına çevrildiyini bildirib. Olimpiada qaliblərinin dünyanın nüfuzlu universitetlərinə qəbulunu müsabiqələrin uğuru kimi qiymətləndirən elm və təhsil naziri onların qəbul imtahanları göstəricilərinin yüksək olduğunu vurğulayıb. Nazir çıxışının sonunda qalibləri və onların valideynlərini təbrik edib, şagirdlərə yeni nailiyyətlər arzulayıb. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, gənclər və idman naziri Fərid Qayıbov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər. Mərasimdə respublika fənn olimpiadalarında ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə diplom və mükafatlar təqdim olunub. Bildirilib ki, 8 fənn üzrə təşkil edilən olimpiadalarda 84 qızıl, 166 gümüş, 248 bürünc olmaqla ümumilikdə 498 medal qazanılıb. Qaliblər respublika üzrə 209 ümumi təhsil müəssisəsində təhsil alan şagirdlərdir. Tədbirdə respublika fənn olimpiadaları barədə videoçarx da nümayiş etdirilib.
15/07/2023 10:15
Test imtahanlarının son günü
İyulun 15-də müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanlarına biologiya üzrə 2 121, texnologiya üzrə 2 576, alman dili üzrə 193, rus dili üzrə 886, rus dili və ədəbiyyat fənni üzrə isə 336 namizəd dəvət olunub. Müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsində əsas məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. Qeyd edək ki, cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. 11 iyuldan start verilən imtahanların bu gün sonuncu günüdür. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilir.
15/07/2023 10:10
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı