Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 4-də Masallı şəhəri Heydər Əliyev Mərkəzində Lənkəran – Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Konfransda elm və təhsil nazirinin müavini Həsən Həsənli, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, nazirliyin, eləcə də Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmin rayonlarda çalışan məktəb direktorları, müəllimlər iştirak ediblər. Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxış edərək 2023–2024-cü tədris ili üçün ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında rayon üzrə ümumi və məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. Daha sonra Lənkəran – Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov hesabatla çıxış edib. Hesabatda region üzrə şagird və müəllim nailiyyətləri, milli qiymətləndirmə və buraxılış imtahanının nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinə dair reytinq sıralaması, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət və bu istiqamətdə tətbiq edilmiş intizam tənbehi tədbirləri, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb. Tədbirdə təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023–2024-cü tədris ili üzrə əsas mesajlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfrans çıxışlarla davam etdirilib.
04/09/2023 18:00
Müddətli müqavilə ilə növbəti vakansiya seçiminə start verilir
5 sentyabr saat 12:00-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. Müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər. Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçməyən və əmək müqaviləsi ləğv olunan şəxslər cari il təşkil edilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplamış şəxslərlə əvəz olunacaqlar.
04/09/2023 17:41
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı brifinq keçirilib
Sentyabrın 4-də müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı brifinq keçirilib. Brifinqdə elm və təhsil nazirinin müavini Həsən Həsənli sertifikatlaşdırma nəticələri barədə media nümayəndələrinə məlumat verib. Bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövrün sonuna kimi 137 000 nəfər heyətin sertifikatlaşdırmada iştirakının təmin olunması əsas hədəflərdən biri olaraq qeyd olunub. Bununla əlaqədar sertifikatlaşdırma prosesi 2026-cı ilin sonuna kimi mərhələli şəkildə davam etdiriləcək. Nazir müavini xatırladıb ki, ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Həsən Həsənli bildirib ki, ötən il imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. Təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb. Sertifikatlaşdırma prosesinin yekun nəticələrinə əsasən, yeni yaranan vakant yerlər ilk növbədə həmin rayon üzrə qeydiyyatda olan namizədlərə bal ardıcıllığı nəzərə alınmaqla təklif ediləcək. Daha sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
04/09/2023 17:00
Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib
2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na və Əmək Məcəlləsinə uyğun olaraq, təhsil müəssisələri tərəfindən həmin müəllimlərin əmək müqaviləsinə 4 sentyabr 2023-cü il tarixindən xitam verilməsi prosesinə başlanılıb. Təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərdən sosial müdafiəyə ehtiyacı olanların müraciətləri xüsusi diqqətdə saxlanılacaq. Həmin müəllimlərlə işin təşkili məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron – Xızı, Gəncə – Daşkəsən və Quba – Xaçmaz regional təhsil idarələrində komissiyalar fəaliyyətə başlayıb. Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb. Məlumat üçün bildiririk ki, mövzu ilə bağlı suallar 4 sentyabr saat 16:00-da Elm və Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində canlı yayım üzərindən cavablandırılacaq.
04/09/2023 14:25
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar
28 avqust – 4 sentyabr tarixlərində Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. Ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar. Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev, eləcə də Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova həvəsləndirici mükafat qazanıblar. Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edirlər. Hazırkı nailiyyətlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş və 11 bürünc medal əldə edilib. Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq.
04/09/2023 14:00
Sertifikatlaşdırmanın test imtahanının nəticələri elan edilib
Avqustun 31-də ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 il pedaqoji staja malik şəxslər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 mərkəzdə təşkil olunan imtahanlarda 2 154 müəllim iştirak edib. Qeyd edək ki, 31 avqust tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla imtahan nəticələri ilə tanış ola bilərlər. Müəllimlər həmçinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi üzərindən ünvanlaya bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.
02/09/2023 11:35
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib
Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Cari ilin 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak imkanı qazanıb. Təkrar imtahanda iştirak edən müəllimlərdən 605-i müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, imtahanda iştirak etməyən 137 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. Bu il sertifikatlaşdırma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub. 2023-cü ilin əvvəlindən ötən il sertifikatlaşdırma prosesində uğur qazanmamış müəllimlərə Təhsil İnstitutu tərəfindən təlimlər keçirilib. Təlimlərdə iştirak edən müəllimlərin 80 faizi təkrar sertifikatlaşdırmada uğur qazanıb. Sentyabrın 1-də Sertifikatlaşdırma Şurasının iclası keçirilib və yekun nəticələr müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Sertifikatlaşdırma qaydalarına uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə müvafiq addımlar atılacaq.
01/09/2023 19:22
“StudentFest 2023” silsilə tələbə düşərgələrinin ikinci mərhələsi yekunlaşıb
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən dövlət və ictimai münasibətlər, jurnalistika, media və kommunikasiya, incəsənət ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunan “StudentFest 2023” adlı düşərgənin ikinci mərhələsi başa çatıb. Düşərgənin yekunu ilə əlaqədar keçirilən tədbirdə tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından belə düşərgələrin davamlılığının zəruriliyi vurğulanıb. Düşərgədə 4 gün ərzində müxtəlif mövzularda informativ sessiyalar təşkil olunub. Düşərgə ərzində tələbələr həm də rəssam Səadət Abdullayeva, Əli Qiyazov, Lalə Ziyadovanın təqdimatında qara qələm realizmi, rəqəmsal incəsənət, moda, dizayn və digər istiqamətlərdə maraqlı təlim, həmçinin ustad dərslərində iştirak ediblər. Düşərgə çərçivəsində intellektual oyun və musiqili proqramlar da təşkil olunub.
01/09/2023 17:21
Lisey və gimnaziyaların boş qalan yerlərinə III seçim mərhələsinə başlanılır
1 sentyabr tarixindən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə start verilir. III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər. Qeyd edək ki, qəbul nəticələri açıqlandıqdan sonra 5 sentyabr saat 13:00-a kimi III mərhələdə uğur qazanan şagirdlərin sənəd qəbulu aparılacaq.
01/09/2023 14:54
Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma müvəqqəti dayandırılır
Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır. Səbəb 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi ilə bağlıdır. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
01/09/2023 09:48
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! ????? #ElmVəTəhsilNazirliyi #UşaqlarınBeynəlxalqMüdafiəsiGünü #Uşaqlar #1İyun
Ətraflı