Sumqayıt Dövlət Universitetində görüş
Elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt Dövlət Universitetində (SDU) olub. SDU-nun rektor və professor-müəllim heyəti ilə görüşən Emin Əmrullayev ölkənin elmi-intellektual potensialının inkişafına töhfələr vermiş müəssisənin tarixi inkişaf yolu və region üçün mütəxəssis hazırlığı sahəsində əhəmiyyətindən danışıb. Bununla yanaşı, nazir dövlətin inkişaf prioritetlərinə uyğun olaraq universitetin qarşısında duran vəzifələri qeyd edib. Kollektivə uğurlar arzulayan Emin Əmrullayev SDU-nun nüfuzlu elmi-tədris mərkəzi kimi tanınmaq üçün daha da inkişaf edəcəyinə inamını ifadə edib. Görüş zamanı rektor Rüfət Əzizov ali təhsil ocağında tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində qarşıda duran vəzifələr barədə məlumat verib. Görüşdən sonra Emin Əmrullayev universitetdə yaradılmış şəraitlə də tanış olub.
22/09/2023 18:04
Apellyasiya Şurasının növbəti iclası keçirilib
Sentyabrın 22-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Aynur Paşayeva və Gülər Vəlmuradovanın, Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Aysel Ağayevanın, Mərkəzi Aran Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri vəzifəsinə namizəd Murad Əhədovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. Müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb və təmin edilməməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.
22/09/2023 17:45
Livanlı müəllim və şagirdlər ölkəmizə səfər ediblər
Livanın Şimali Akkar Quberniyasında fəaliyyət göstərən Kavaşra orta liseyinin nümayəndə heyəti ölkəmizə səfər edib. Səfər çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Kavaşra orta liseyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı adıçəkilən müəssisədə “Azərbaycan otağı”nın açılması yüksək qiymətləndirilib. Qonaqlar həmçinin Bakı Avropa liseyini ziyarət edib və müəssisədə yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar. Daha sonra STEAM İnnovasiya Mərkəzini ziyarət edən nümayəndə heyətinə müəssisənin fəaliyyəti barədə məlumat verilib.
22/09/2023 12:15
6 yeni məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb
2023-cü il ərzində 6 yeni inşa edilmiş məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb. Bu məktəbəqədər təhsil müəssisələri Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 100 yerlik 13 və 14 nömrəli uşaq bağçası, Laçın rayonunda 140 yerlik 6 nömrəli körpələr evi-uşaq bağçası, Ağalı kəndində 60 yerlik uşaq bağçası, Talış kəndində 15 yerlik uşaq bağçası, İsmayıllı şəhərində 100 yerlik 4 nömrəli uşaq bağçası və Ağsu rayonu Növcü kəndində 60 yerlik uşaq bağçasıdır. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin tikinti və təmiri istiqamətində tədbirlər davam etdirilir.
22/09/2023 10:23
Sumqayıt şəhəri İstedad liseyində STEAM və İnnovasiyalar Mərkəzi fəaliyyətə başlayıb
Sentyabrın 21-də Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub. Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər. Qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, mərkəzdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, mərkəzin yaradılması istedadlı şagirdlərin potensialının artırılması, eləcə də onların yerli, beynəlxalq olimpiada və müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır. Elm və təhsil naziri Emin Əmrullayev mərkəzin təhsildə yeni yanaşma, həmçinin innovativ tədris metodlarının tətbiqi baxımından əhəmiyyətli olacağını vurğulayıb. 2023–2024-cü tədris ilində STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini qeyd edən Emin Əmrullayev bildirib ki, əsas məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin olunması, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır. Nazir məktəbdə yaradılmış şəraitin şagirdlər arasından bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, biz güclü insan kapitalı yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün ilk növbədə dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmalı, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmalıyıq. Yeni mərkəz məhz bu rolu oynayacaq. Burada şagirdlərin riyaziyyat, kimya, informatika, robotiks sahələrində bilik və bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, eləcə də innovativ təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəblilər üçün yaradılan innovativ şəraitə görə təşəkkürünü bildirib. Daha sonra təhsil müəssisəsinin yeni təmir olunmuş kitabxanasına baxış keçirilib. Sonda məktəb kollektivi ilə xatirə fotosu çəkdirilib.
21/09/2023 16:57
Daha 116 məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb
2023–2024-cü tədris ilindən əlavə olaraq 116 məktəbdə də peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Hazırda “Peşə təmayüllü siniflərin təşkili” layihəsi 232 sinif olmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil tamamilə ödənişsizdir. Peşə təmayüllü siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə bərabər, müvafiq peşə ixtisasına uyğun nəzəri və praktiki dərslər də keçirilir. Tədris ilinin sonunda şagirdlər təhsil aldıqları peşə ixtisasları üzrə imtahan verərək dövlət nümunəli sertifikat əldə edirlər. Bununla yanaşı, şagirdlərin səriştəliliyinin artırılması məqsədilə onlara əsas səriştələr fənni tədris olunur. Qeyd edək ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.
21/09/2023 11:10
Dilarə Seyidzadə ilə “Heydər Əliyev – 100 il” adlı görüş keçirilib
Sentyabrın 20-də “Heydər Əliyev İli” çərçivəsində Elm və Təhsil Nazirliyində tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "Heydər Əliyev – 100 il" adlı görüş keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən görüşün mahiyyətindən danışıb. Nazir müavini Elm və Təhsil Nazirliyinin “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı barədə məlumat verib və ümummilli liderin Azərbaycanın inkişafı naminə misilsiz xidmətlərini vurğulayıb. Daha sonra çıxış edən Dilarə Seyidzadə nazirlik əməkdaşları ilə belə görüşün təşkilinə görə təşəkkürünü bildirib. Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Dilarə Seyidzadə ümummilli liderlə birgə fəaliyyətindən danışıb. Dilarə Seyidzadə ümummilli liderin həyatının bu gün hər kəs üçün örnək olduğunu vurğulayıb. Ulu öndərin Azərbaycanın müstəqilliyinin qorunması və hərtərəfli inkişafı naminə əvəzolunmaz xidmətlərini diqqətə çatdıran qonaq Heydər Əliyevin uğurlu siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Tədbirdə nazirlik əməkdaşlarının Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və dövlətçilik fəaliyyəti ilə bağlı sualları cavablandırılıb. Sonda Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının Elm və Təhsil Nazirliyi Ərazi Partiya Təşkilatının yeni üzvlərinə biletlər təqdim edilib.
20/09/2023 18:00
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Bu, Elm və Təhsil Nazirliyinin ötən ildə keçirdiyi analoji qrant müsabiqəsinə təqdim olunan layihələrin sayından 45 faiz daha çoxdur. Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi davam edir və müsabiqənin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet resursları vasitəsilə yayımlanacaq. Qeyd edək ki, “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin prioritet mövzuları məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, peşə təhsilinin təşkili və təlim-tədris prosesinin qurulması, ali təhsildə əlçatanlığın, keyfiyyət və beynəlxalq rəqabətliliyin təmin edilməsi, ömürboyu təhsil sisteminin gücləndirilməsi, distant təhsil imkanlarının genişləndirilməsi istiqamətində ictimai fəallığın dəstəklənməsi olub.
20/09/2023 16:21
Elm və təhsil naziri Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb
Sentyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb. Görüşdə təhsil sahəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü tədris ili üzrə təqaüd qazanmış Azərbaycan vətəndaşlarının təhsil üçün Böyük Britaniyanın ali təhsil müəssisələrinə üstünlük vermələri xüsusi vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
20/09/2023 15:40
Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupun növbəti iclası keçiriləcək
Sentyabrın 22-də Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun növbəti iclası keçiriləcək. Görüşdə “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri (ali təhsil müəssisələri, dövlət və özəl sektor nümayəndələri, ekspertlər) iştirak edəcəklər. İclasda altqrupun 2023-cü il üçün təsdiqlənmiş “Yol xəritəsi” üzrə görülmüş işlərin müzakirəsi aparılacaq. Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.
20/09/2023 15:15
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti 16 iyun 2026-cı il saat 17:00-dək uzadılır. ? Qeyd edək ki, müsabiqədə ümumi təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi üzrə ən azı 3 il pedaqoji staja malik olan və yaşı 60-dan çox olmayan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu ?grants@edu.gov.az elektron poçtu vasitəsilə həyata keçirilir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #AzərbaycanDili
ƏtraflıAli təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. ⏳ Sənəd qəbulu 9 iyun 2026-cı il saat 18:00-da yekunlaşacaq. Doktorantura təhsili almaq istəyən namizədlər müraciətlərini portal.edu.az üzərindən "Şəxsi kabinet" vasitəsilə elektron qaydada təqdim edə bilərlər. ✅ Müraciəti müsbət qiymətləndirilən şəxslər xarici dil imtahanında iştirak hüququ əldə edəcəklər. #ElmVəTəhsilNazirliyi #EduGovAz #Eduaz #AliTəhsil #Doktorantura
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev iyunun 12-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək. ? Qəbula kimlər yazıla bilər? Gəncə, Samux və Kəlbəcər sakinləri ? Qəbula necə yazılmaq olar? ? Çağrı Mərkəzi: 146 – 11 ilə əlaqə saxlayaraq ? Elektron formada: www.edu.gov.az saytının “Əlaqə” bölməsinə daxil olaraq ? "WhatsApp" vasitəsilə: +994 51 206 78 48 nömrəsinə müraciət göndərərək ⏰ Qeydiyyat üçün son tarix: 8 iyun 2026-cı il (saat 18:00-dək) ❗️ Qəbulda iştirak etmək üçün qeydiyyat mütləqdir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #VətəndaşQəbulu
Ətraflı