Bakıda TÜRKÜNİB-in 7-ci Baş Assambleyasının iclası keçirilir
Mayın 20-də Bakıda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası təşkil olunub. Tədbirdə əvvəlcə UNEC-in rektoru Ədalət Muradov universitetin TÜRKÜNİB-ə sədrliyi dövründə görülən işlər barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu gün TÜRKÜNİB qarşısında çox böyük vəzifələr dayanır. Qeyd edilən hədəflərə çatmaq üçün TÜRKÜNİB-in təşkilati strukturunun təkmilləşdirilməsi və maliyyə imkanlarının genişləndirilməsi qarşıda duran önəmli məsələlərdəndir. Açılış mərasimində çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın gördüyü işlərdən söz açıb. Baş katib TDT-nin gələcək fəaliyyət istiqamətlərini də diqqətə çatdırıb. Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli türk dövlətləri arasında elm və təhsil sahəsində əməkdaşlığın vacibliyi, ortaq layihələrin həyata keçirilməsi, “Orhun” mübadilə proqramının əhəmiyyətindən danışıb. Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev öz növbəsində TÜRKÜNİB-in mövcudluğunu türk dövlətlərinin ali təhsil sahəsində inteqrasiyaya can atmasının bariz göstəricisi kimi qiymətləndirib. Assambleya işini müzakirələrlə davam etdirib. İclasda TÜRKÜNİB-ə üzv universitetlərin elm və təhsil sahəsi üzrə mübadilə proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin tanınması, eləcə də birgə akademik fəaliyyət, layihə, konfransların təşkili, mədəniyyət, idman sahələrində müsabiqələrin keçirilməsi və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması məsələləri müzakirə olunub. Qeyd edək ki, 49 ali təhsil müəssisəsini özündə birləşdirən TÜRKÜNİB-in üzvləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti yer alır.
20/05/2024 16:51
Elm və təhsil naziri Dünya Təhsil Forumunda
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir. 114 ölkədən 120 nazirin iştirak etdiyi forum “Süni intellektin təşviqi, insan münasibətləri və dayanıqlılığın qurulması, iqlim fəaliyyətinin sürətləndirilməsi. Daha güclü, daha cəsarətli, daha yaxşı təhsil üçün siyasət və icranı necə prioritetləşdirməliyik?” mövzusuna həsr olunub. Qeyd edək ki, forum çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
20/05/2024 16:17
Çağrı Mərkəzinin Qarabağ Universiteti ilə bağlı yeni istiqaməti
Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq. Belə ki, Çağrı Mərkəzinin 146 – 6 – 1 xidməti artıq istifadədir. Vətəndaşlar Qarabağ Universiteti ilə bağlı müvafiq nömrəyə zəng edə və suallarına qısa zaman ərzində cavab ala bilərlər. Əlavə olaraq bildiririk ki, universitetlə bağlı sualların cavablandırılması üçün (+994) 70 812 10 10 "WhatsApp" nömrəsi də istifadəyə verilib.
20/05/2024 16:01
Təhsilini lisey və gimnaziyalarda davam etdirmək istəyən şagirdlərin nəzərinə!
2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir. Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək. Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək: 21 iyun – 7 və 8-ci siniflərə qəbul 22 iyun – 6-cı siniflərə qəbul 23 iyun – 5-ci siniflərə qəbul Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3yugIS7
20/05/2024 15:21
"Danışır təcrübə" layihəsinin növbəti qonağı millət vəkili Kamal Cəfərov olub
Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə “Danışır təcrübə” layihəsi həyata keçirilir. Layihənin budəfəki qonağı millət vəkili Kamal Cəfərov olub. Kamal Cəfərov “Antikorrupsiya davranış modeli” mövzusunda çıxış edib. Kamal Cəfərov çıxışında korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, bu mübarizənin davamlılığı və korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiqindən danışıb. Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.
20/05/2024 13:00
Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev 19–21 may tarixlərində London şəhərində keçirilməkdə olan Dünya Təhsil Forumunda iştirak üçün Birləşmiş Krallıqda işgüzar səfərdədir. Səfər çərçivəsində elm və təhsil naziri Böyük Britaniya universitetlərində dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Emin Əmrullayev tələbələrə Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlar və gələcək planlar barədə məlumat verib. Xüsusən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılan irimiqyaslı layihələrdən bəhs edən nazir növbəti tədris ilindən Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti barədə də danışıb. Nazir bildirib ki, məqsəd bu universiteti beynəlxalq elm və tədqiqat, həmçinin Qafqazın keyfiyyətli ali təhsil mərkəzinə çevirməkdir. Bundan əlavə, xaricdə təhsil üzrə dövlət və ikili diplom proqramları, beynəlxalq təhsil layihələri barədə məlumat verən nazir Azərbaycanda doktorantura təhsilinin inkişafı sahəsində görülən işlərdən söz açıb. Emin Əmrullayev dövlət proqramları çərçivəsində azərbaycanlı tələbələrin daha çox dünyanın ən nüfuzlu universitetlərində təhsil almasının sevindirici hal olduğunu vurğulayıb. Nazir bu göstəricinin önümüzdəki illərdə də artan dinamika ilə davam edəcəyinə ümidini bildirib. Görüşün sonunda nazir tələbələrin suallarını cavablandırıb, onlarla xatirə şəkli çəkdirib.
20/05/2024 10:20
Məktəblilərimizin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında ilk medalı
Azərbaycan məktəbliləri ilk dəfə olaraq ABŞ-nin Beynəlxalq Elm və Mühəndislik Yarışmasında medal qazanıblar. 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər. Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Yarışması (ISEF) şagirdlər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsidir.
18/05/2024 10:25
CEENQA-nın Baş Assambleyası Bakıda keçirilir
Mayın 17-də Bakıda Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) Baş Assambleyasının açılış mərasimi keçirilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə keçirilən tədbir Mərkəzi və Şərqi Avropa regionunda keyfiyyət təminatı agentlikləri arasında ali təhsil müstəvisində keyfiyyət təminatı, institusional, proqram akkreditasiyası və kvalifikasiyaların tanınması sahəsində dialoqun təşviq edilməsində mühüm tədbirlərdən biridir. TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədovun salamlama nitqi ilə öz işinə başlayan tədbir daha sonra elm və təhsil nazirinin müavini İdris İsayev və CEENQA-nın prezidenti Fransi Demşarın çıxışı ilə davam edib. Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, CEENQA-nın İdarə Heyətinin üzvü Ülkər Səttarova və Beynəlxalq Biznes İdarəetməsinin Akkreditasiyası Fondunun (FIBAA) icraçı direktoru Diane Freiberger moderator qismində çıxış ediblər. Tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən beynəlmiləlləşmə meyillərinin akkreditasiyaya təsirləri, xarici kvalifikasiyaların tanınması, tələbə mübadiləsi üzrə qabaqcıl təcrübələrlə bağlı çıxışlar olub. Bununla yanaşı, bir sıra mühüm mövzular ətrafında iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Günün ikinci yarısı Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Beynəlxalq Şəbəkəsinin (INQAAHE) İdarə Heyətinin üzvü Olqun Çiçeyin moderatorluğu ilə “Azərbaycan nümunəsində transsərhəd kvalifikasiyaların və keyfiyyət təminatının tanınması üzrə hüquqi çərçivə və təcrübələr” adlı panel müzakirəsi təşkil olunub. Qeyd edək ki, tədbirin mayın 18-də keçiriləcək ikinci günündə CEENQA-nın yeni strategiyasının müzakirəsi və növbəti illərə dair fəaliyyət planının təsdiq olunması gözlənilir. Tədbir çərçivəsində qonaqların Heydər Əliyev Mərkəzi, Nobel İrsi Fondunu ziyarəti, həmçinin “Cadenza” orkestrinin heyəti ilə tanışlığı nəzərdə tutulur.
17/05/2024 17:28
Elm və təhsil naziri Masallıda vətəndaşları qəbul edib
Mayın 17-də elm və təhsil naziri Emin Əmrullayev Masallı rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
17/05/2024 15:21
Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış keçirilib
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş badminton idman növü üzrə respublika birinciliyi keçirilib. Beynəlxalq Badminton Federasiyasının qaydaları əsasında “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil olunan yarışda Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 100 nəfərə yaxın idmançı iştirak edib. Yarış 2010–2011, 2012-ci il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında keçirilib. Respublika birinciliyinin qalibləri diplom, medal və kubokla təltif olunublar. Yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin irsini şagirdlərə aşılamaq, badminton idman növünü təbliğ etmək və məktəblilərin yarış təcrübələrini artırmaq olub.
17/05/2024 10:19
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı