Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən “QS dünya universitetləri reytinqi”nin nəticələri açıqlanıb.   Nəticələrə əsasən, ölkə tarixində ilk dəfə 3 universitetimiz sözügedən reytinqin TOP 800-lüyündə yer alıb. Eyni zamanda TOP 1000-də təmsil olunan universitetlərimizin sayı 6-dan 7-yə yüksəlib. Ümumilikdə isə reytinqdə yer alan Azərbaycan universitetlərinin sayı 10-a çatıb. Bakı Dövlət Universiteti 123 pillə irəliləyərək dünyada 565-ci yerdə qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti 801–850 aralığından 634-cü yerə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 851–900 aralığından 711–720 aralığınadək yüksəlib. Bununla yanaşı, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti mövqelərini yaxşılaşdıraraq sözügedən reytinqdə irəliləyiblər. Sumqayıt Dövlət Universiteti öz mövqeyini qoruyub saxlayıb, Azərbaycan Dövlət Pedaqoji Universiteti isə sözügedən reytinqə ilk dəfə daxil olub.    Sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı Cənubi Qafqaz regionunun digər ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 2.5 dəfə çoxdur.   Qeyd edək ki, 2025-ci ilədək Azərbaycan universitetləri dünya reytinqlərində TOP 800-lükdə təmsil olunmayıb. 2025-ci ildə ilk dəfə 1 universitetimiz TOP 800-ə daxil olub, 2026-cı ildə isə onların sayı 3-ə çatıb.   Sözügedən reytinqə dünyanın 106 ölkəsi üzrə 1500-dən çox universitet daxil edilib.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib

17 iyun tarixindən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.   İyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.   Qeyd edək ki, sertifikatlaşdırma prosesinin ilk günündə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili müəllimləri iştirak edirlər.

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.   Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.   Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.   Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent

İyunun 13-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.   “Son zəng” tədbirlərində elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov və Həsən Həsənli, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov, Tural Ayvazlı,  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Təhsilin İnkişafı Fondunun sədri Nicat Məmmədli, elm və təhsil nazirinin müşavirləri Rüstəm Ağayev, Nizami Yusifli, nazirliyin və tabe qurumların struktur bölmə rəhbərləri, yerli icra hakimiyyətlərinin nümayəndələri, məzunlar, şəhid ailələrinin üzvləri və qazilər, ziyalılar, müəllimlər və valideynlər iştirak ediblər.   Tədbirlərdə məktəb məzunlarının iştirakı ilə kompozisiyalar və maraqlı proqram nümayiş etdirilib.   Tədbir iştirakçıları məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.   “Son zəng” tədbirlərindən fotoları təqdim edirik.

Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.   Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.   “Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir. Nazir qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır. Emin Əmrullayev məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb.   Nazir həmçinin şagirdlərlə səmimi söhbət apararaq onların gələcək təhsil və karyera planları ilə maraqlanıb.   Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb, ölkənin inkişafında savadlı və vətənpərvər gənclərin rolunu vurğulayıb.   Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib

İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) "Məzun günü" tədbiri keçirilib.   Əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev əvvəlcə məzunları təbrik edib, onlara uğurlar arzulayıb.  Rektor bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan BDU bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfərlik professor-müəllim heyətinin çalışdığı ali təhsil müəssisəsi kimi BDU təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Bakı Dövlət Universiteti hər zaman öz missiyasına sadiq qalaraq cəmiyyətə savadlı, vətənpərvər, məsuliyyətli və təşəbbüskar gənclər bəxş edib. Bu gün də bu missiya davam edir.    Sonra universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.   Çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, bu il ölkəmizin ali təhsil müəssisələrini 63 mindən artıq tələbə bitirir. Onlardan 6 mindən çoxu Bakı Dövlət Universitetinin məzunudur. Nazir müavini qeyd edib ki, ölkəmizdə təhsildə insan kapitalının inkişafına ciddi diqqət yetirilir: “Ölkə başçısı tərəfindən müəyyən edilmiş siyasətin prioritet istiqamətlərindən biri də məhz təhsil və insan kapitalıdır. Ali təhsilin əlçatanlığı və əhatə dairəsi artırılıb, məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətliliyi gücləndirilib. 2025-ci ilin göstəricisinə görə, 9 ali təhsil müəssisəsi beynəlxalq reytinqlərdə təmsil olunub. Onların 6-sı TOP-1000-likdə yerləşib. Təhsil tariximizdə ilk dəfə olaraq Bakı Dövlət Universiteti 688-ci sıra ilə beynəlxalq reytinqdə təmsil olunub. Ümid edirəm ki, ali təhsil müəssisələrimizin bu göstəriciləri növbəti illərdə daha da yaxşılaşacaq”.   İdris İsayev vurğulayıb ki, hazırda ali təhsil müəssisələrinə il ərzində təxminən 78 min tələbə qəbul edilir. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində hər il 500-ə yaxın istedadlı gənc bakalavriat, magistratura, doktorantura səviyyəsində xarici nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə beynəlxalq ikili diplom proqramlarının sayının səkkizə çatdırılması nəzərdə tutulub. Hazırda altı proqram fəaliyyət göstərir.   Milli Məclis sədrinin müavini Rafael Hüseynov öz növbəsində qeyd edib ki,  bir əsrdən artıq tarixə malik olan Bakı Dövlət Universiteti ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında hər zaman aparıcı rol oynayıb. Azərbaycanı dünyada tanıdan, onu inkişaf etdirən ən böyük qüvvə onun savadlı, vətənpərvər övladlarıdır. Bu övladların böyük bir hissəsi dünən də, bu gün də, sabah da Bakı Dövlət Universitetində yetişəcək.    Çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, BDU Azərbaycan elminin və təhsilinin flaqmanı hesab olunur. Bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Qədim və zəngin Azərbaycan mədəniyyətini təmsil edən BDU ölkənin elmi və mədəni xəzinəsinə mühüm töhfələr verib. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetini "Azərbaycan xalqının milli sərvəti" adlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət elm və təhsil siyasətinin uğurla icrasında Bakı Dövlət Universitetinin böyük xidmətləri var.    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ölkəmizin ilk ali təhsil müəssisəsi olan BDU-nun hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nufuzlu mərkəzlərindən biri olduğunu deyib. O qeyd edib ki, bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır.    Digər çıxışçılar da  məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.   Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və hədiyyələr təqdim edilib.   Tədbir konsert proqramı ilə davam edib.

Bu gün məktəblərdə “Son zəng” çalınır

İyunun 13-də ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.   2025-2026-cı tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 116 550 nəfər şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır.   Bu il həmçinin nəfər 159 mindən çox şagird IX sinfi, 131 mindən çox şagird isə birinci sinfi bitirir.   2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 85 mindən çox uşaq uşaq təhsil alıb.

Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib

İyunun 12-də Elm və Təhsil Nazirliyində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun ilk görüşü keçirilib.    Görüşdə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi ilə yanaşı, nazirliyin müvafiq qurumlarının, həmçinin Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları iştirak ediblər.   Görüşdə İşçi Qrupunun sədri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman açılış nitqi ilə çıxış edib və "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının tədbir və alttədbirləri, xüsusilə 2026-cı il üzrə icrası nəzərdə tutulmuş məsələlər barədə məlumat verib.    Müzakirələr zamanı “Məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması” tədbiri çərçivəsində cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində tətbiq edilən dövlət peşə təhsili standartlarının yenilənməsi, eləcə də uyğunlaşdırılmış peşə təhsili proqramlarının çərçivə sənədinin hazırlanmasına dair görülmüş işlər, mövcud ehtiyaclar və gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.   Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının icrasını təmin etmək məqsədilə elm və təhsil nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Elm və Təhsil Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər maraqlı tərəflərin nümayəndələri daxildir.

Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edib

İyunun 12-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda  Gəncə, Samux və Kəlbəcər sakinləri iştirak ediblər.   Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.     Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıblar

İyunun 11-də Bakı Dövlət Universitetində Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.   Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Açılış mərasimində çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qaliblərin uğurlarının arxasında böyük zəhmət, əzmkarlıq və məqsədyönlü fəaliyyət dayanır. Nazir müavini qeyd edib ki, olimpiada qaliblərinin əldə etdiyi nailiyyətlər yalnız medal və mükafatlarla ölçülmür, eyni zamanda onların qazandıqları bilik, bacarıq və düşüncə tərzi gələcək uğurlarının əsasını təşkil edir.   İdris İsayev əldə olunan nəticələrdə valideynlərin və müəllimlərin rolunu xüsusi qeyd edərək onları təbrik edib, çıxışında dövlətin ən böyük sərvətlərindən birinin insan kapitalı olduğunu bildirib, ölkədə təhsilin inkişafı və gənclərin potensialının üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Respublika Fənn Olimpiadaları şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq səviyyədə rəqabətqabiliyyətli kadrlar kimi yetişməsi baxımından mühüm rol oynayır. Nazir müavini olimpiada qaliblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq bu nailiyyətlərin onların həyat yolunda yeni uğurların başlanğıcı olacağına əminliyini ifadə edib.   Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Respublika Fənn Olimpiadaları ölkənin ən istedadlı məktəblilərini bir araya gətirən nüfuzlu bilik yarışıdır. Rektor qeyd edib ki, olimpiadaların məqsədi şagirdlərin istedad və yaradıcılıq potensialını üzə çıxarmaq, onlarda özünəinam hissini gücləndirmək və gələcək peşə seçimlərinə dəstək olmaqdır. O vurğulayıb ki, olimpiadalar şagirdlərə öz potensiallarını nümayiş etdirmək və gələcəyə daha inamla addımlamaq imkanı da yaradır.   Tədbirin rəsmi hissəsindən sonra humanitar fənlər üzrə 32 qızıl, 62 gümüş, 89 bürünc medal qaliblərə təqdim olunub.   Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.   İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.   Respublika Fənn Olimpiadaları nədir?   Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.   Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.   Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.   Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı