Şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılır
Ümumi təhsil müəssisələrinə sy.edu.az vasitəsilə sorğu yerləşdirmə prosesi 30 avqust saat 18:00-da dayandırılacaq. Həmin müddətədək sorğu yerləşdirən valideynlər övladlarının sənədlərini 5 sentyabr saat 15:00-a qədər yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təhvil verməlidirlər. Qeyd edək ki, yerdəyişmə prosesinə II-IX və XI sinif şagirdləri üçün 8 avqust saat 15:00-dan, X siniflər üçün isə 15 avqust saat 15:00-dan başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğu və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
26/08/2024 15:41
Müəllimlərin rəqəmsal peşəkarlığının artırılması istiqamətində təlimlərə başlanılıb
Avqustun 26-da Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən 5 000-ə yaxın müəllim üçün təlimlərə start verilib. Bakı, Abşeron, Sumqayıt, Bərdə, Sabirabad, Şəmkir, Quba, Şirvan, Zaqatala, Şəki, Gəncə, Goranboy, Yevlax, Ağcabədi, Qazax, Qusar, Xaçmaz, Neftçala, Şamaxı, Cəlilabad, Astara, Balakən, Qəbələ, Göygöl, Kürdəmir, Ağdaş, Tərtər, Gədəbəy, Şabran, Ağsu, Lerik, Qax, Zərdab və Göyçayda təşkil olunacaq təlimlər dekabr da daxil olmaqla bir neçə ay davam edəcək. Təlimlər “Microsoft” sertifikatlı pedaqoq” imtahanına hazırlıq, müəllimlərin rəqəmsal savadlılığının artırılması, təbiət fənlərinin hibrid öyrənmə mühitində tədrisi metodikası və onlayn ünsiyyətə dair proqramları əhatə edəcək. Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport Authorized Testing Centers” və “ICDL Authorized Testing Centers” test mərkəzlərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Uğurlu nəticələr əldə edən şəxslərə isə beynəlxalq sertifikat təqdim olunacaq. Qeyd edək ki, təlimlərin təşkilində məqsəd müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq imtahanlara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.
26/08/2024 11:30
“Təhsil” yay düşərgəsi başa çatıb
Avqustun 24-də Elm və Təhsil Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən “Təhsil” yay düşərgəsinin bağlanış mərasimi olub. Tədbirdə çıxış edən təşkilatçı qurumların nümayəndələri yay düşərgəsinin uşaqlarda dostluq münasibətlərinin formalaşması, milli-mənəvi dəyərlərin mənimsənilməsi baxımından böyük rol oynadığını, intellektual, əyləncəli proqramların, idman məşqlərinin məktəblilərin yay tətilini daha səmərəli keçirmələrində xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbirin sonunda “Təhsil” yay düşərgəsinin içtirakçılarına sertifikat və hədiyyələr təqdim olunub, xatirə fotoşəkli çəkdirilib. Qeyd edək ki, yay düşərgəsinə ölkənin şəhər və rayonları, o cümlədən Naxçıvan Muxtar Respublikasından 45 məktəbli cəlb olunub. “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris-İdman Bazasında təşkil olunan düşərgədə uşaqlar üçün ustad dərsləri, intellektual oyunlar, idman yarışları, viktorinalar, konsert və digər əyləncəli proqramlar təşkil olunub. Həftə ərzində məktəblilər tanınmış aktyor, yazıçı, idmançılarla görüşüblər, eləcə də onların muzey, kinoteatr və STEAM İnnovasiya Mərkəzinə səfərləri təşkil olunub. Yay düşərgəsinin təşkilində məqsəd məktəblilərin fiziki və mənəvi inkişafını təmin etmək, onların asudə vaxtlarını maraqlı və əyləncəli keçirmələrinə və yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, uşaqlara yeni bacarıqlar aşılamaqdır. Təltif olunanlar
24/08/2024 19:21
Türkiyə–Azərbaycan Universitetinə böyük maraq
Türkiyə–Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb. Türkiyənin Ali Təhsil Şurası (Yükseköğretim Kurulu – YÖK) və Azərbaycanın Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə yeni universitet modeli olaraq yaradılmış Türkiyə–Azərbaycan Universitetinə abituriyentlər böyük maraq göstəriblər. Qəbul nəticələrinə əsasən, universitetdə kompüter mühəndisliyi və sənaye mühəndisliyi ixtisasları üzrə 30, qida mühəndisliyi ixtisası üzrə 27 nəfər olmaqla ümumilikdə 87 tələbə təhsil alacaq. Universitet 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Türkiyə–Azərbaycan Universitetinin kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 684,9, ən aşağı bal 641,6 olub. Sənaye mühəndisliyi ixtisasında ən yüksək bal 663,7, ən aşağı bal isə 544,4 olub. Qida mühəndisliyi ixtisasında ən yüksək bal 632,8 olduğu halda, baza balı 452,1 olub. Türkiyə–Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirəcək. Belə ki, bu ali təhsil müəssisəsi Türkiyənin 3 aparıcı universitetinin proqramlarını özündə birləşdirəcək. Beləliklə, kompüter mühəndisliyi ixtisasında Orta Şərq Texniki Universitetinin (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universitetinin (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları əsas götürüləcək. Proqramları uğurla başa vuran tələbələrə müvafiq universitetlərin diplomu təqdim olunacaq. Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
24/08/2024 18:40
Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilir
28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
23/08/2024 16:58
Elm və təhsil naziri Şamaxıda vətəndaşları qəbul edib
Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, tələbələrin köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
23/08/2024 14:28
Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri
2024–2025-ci tədris ili üçün mərkəzləşdirilmiş qaydada qəbul keçirilən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub. Qəbul nəticələri ilə sy.edu.az platformasının “İmtahanlar” bölməsi vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul olan şagirdlər üçün avtomatik sorğular yaradılıb. “Sorğularım” bölməsi vasitəsilə onların ardıcıllığını izləmək mümkündür. Şagirdlərin 27 avqust saat 16:00-a qədər qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Həmin tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab olunacaq. Link vasitəsilə keçid balları ilə tanış ola bilərsiniz:https://rb.gy/1a40i8
23/08/2024 12:00
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər
14–22 avqust tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI 2024) keçirilib. Sözügedən müsabiqədə ölkəmizi təmsil edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar. Məktəblilərimiz sözügedən olimpiadada 2017-ci ildən iştirak edirlər və bu vaxta kimi 4 gümüş, 8 bürünc medal qazanıblar. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir. İndiyədək ölkə üzrə fərqli yaş qruplarından olan şagirdlərimiz müxtəlifmiqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 77 medal qazanıblar.
22/08/2024 12:15
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının vakansiya seçiminə start verilir
Avqustun 21-də 2024–2025-ci tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilib. Müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayan namizədlər 25 avqust tarixinədək portal.edu.az vasitəsilə 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq. Qeyd edək ki, imtahan mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 485 namizəd vakansiya seçiminə buraxılıb. Müsahibələrin isə Bakı, Gəncə, Qəbələ, Cəlilabad və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.
21/08/2024 15:02
Rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyatına start verilir
Avqustun 20-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin elektron qeydiyyat prosesinə start verilir. Namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. Elektron sistem üzrə qeydiyyat 26 avqust saat 18:00-da başa çatacaq. Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən təhsil haqqını bank, poçt, “eManat” vasitəsilə nağd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün isə tələbələr portal.edu.az və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərlər.
20/08/2024 14:26
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
1 il əvvəl -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
1 il əvvəl
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı