Tələbə yaz məktəbləri yekunlaşıb
Azərbaycan Dövlət İqtisad Universitetinin Quba Tədris, İdman və İstirahət Kompleksində 24-28 mart tarixlərində keçirilən "Beynəlxalq münasibətlər və diplomatiya", "İT və proqramlaşdırma" və "Riyaziyyat" üzrə tələbə yaz məktəbləri yekunlaşıb.
Təhsil İnstitutu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Pathtomath" həvəskar riyaziyyatçılar klubu, “Strateji Düşüncə” Tələbə Diplomatiya Mərkəzi və EESTEC Baku təşkilatının birgə təşəbbüsü ilə təşkil olunan yaz düşərgələri tələbə və məzunların müvafiq sahələrə olan marağını artırmağa, bu sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirməyə, onların akademik və peşəkar inkişafına töhfə verməyə yönəlib.
Beş gün ərzində davam edən yaz məktəblərində ümumilikdə 80 tələbə və məzun iştirak edib.
Beynəlxalq münasibətlər və diplomatiya üzrə keçirilən yaz məktəbində ölkənin aparıcı universitetlərinin beynəlxalq münasibətlər, hüquq və siyasi elmlər sahələri üzrə təhsil alan tələbələri iştirak edib. Yaz məktəbi çərçivəsində tanınmış mütəxəssislər tərəfindən Azərbaycanın xarici siyasəti, qlobal və regional məsələlər, dəyişən dünya nizamı, Yaxın Şərq, geosiyasət kimi fərqli mövzularda interaktiv təlim görüşləri keçirilib, gənclərin hazırladıqları akademik məqalələr üzrə qiymətləndirmə və fikir mübadiləsi aparılıb. Yaz məktəbində, həmçinin, Birləşmiş Millətlər Təşkilatı Modeli (Model United Nations - MUN) simulyasiya konfransı baş tutub. Konfrans zamanı gənclər BMT-nin Təhlükəsizlik Şurasının simulyasiya sessiyalarında müxtəlif ölkələri təmsil edərək “Yaxın Şərqdə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Təhlükəsizlik Şurasının effektiv rolunun təmin edilməsi” mövzusunda çıxışlar edib, problemlərin həlli üzrə diplomatik müzakirə və debatlarda iştirak edərək sonda yekun qətnamə hazırlayıblar.
Ali təhsil müəssisələrinin riyaziyyat, fizika və texniki ixtisaslar üzrə tələbə və məzunlarının iştirakı ilə təşkil edilən “MathCamp 2025” çərçivəsində isə müəllim və dosentlər tərəfindən iştirakçılarla riyaziyyatın və xətti cəbrin tətbiqi sahələri, mürəkkəb problemlərin həlli üsulları, məntiqi təfəkkürün inkişaf etdirilməsi, riyaziyyat və fizikanın müasir elmdə və texnologiyada rolu kimi mövzular üzrə təlimlər həyata keçirilib və gənclərə müvafiq sahələr üzrə praktiki nümunələr göstərilib. Təlimlərlər yanaşı iştirakçılar arasında inteqral və törəmə duelləri keçirilib.
İT və proqramlaşdırma üzrə yaz düşərgəsi ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisasları üzrə tələbə və məzunlarının iştirakı ilə keçirilib. Düşərgə çərçivəsində sahə üzrə mütəxəssislər və təcrübəli mentorlar gənclərə proqramlaşdırmanın fundamental prinsipləri, proqramlaşdırma dilləri və onların tətbiq sahələri, alqoritmik düşüncə, süni intellekt, proqramlaşdırma sahəsində müasir yanaşmalar və texnologiyalar, kibertəhlükəsizlik və startap ekosistemi haqqında geniş məlumat verib və onlarla peşəkar təcrübələrini bölüşüblər. Görüşlər zamanı iştirakçılar komandalar şəklində real layihələr, keyslər və digər praktiki tapşırıqlar üzərində işləyərək alqoritmlərin qurulması, kodlaşdırma texnikaları və s. istiqamətlər üzrə əldə etdikləri bilik və bacarıqları təkmilləşdiriblər.
Təlim və görüşlərlə yanaşı, hər üç düşərgənin iştirakçıları birlikdə müxtəlif intellektual oyunlarda, komanda quruculuğu fəaliyyətlərində və düşərgələrarası həvəskar stolüstü tennis və voleybol turnirlərində aktiv iştirak ediblər.
Düşərgənin son günündə hər üç yaz məktəbinin iştirakçıları ilə birlikdə "Azərbaycan 2050" simulyasiya yarışı keçirilib. Simulyasiya yarışında komanda şəklində birgə işləyən tələbələr onların qarşısına qoyulmuş hədəfə nail olmaq üçün kütlə qarşısında çıxış etmə, fikirlərini əsaslandıra bilmə, faktlara istinad etmə, məhdud resurslardan maksimum səmərəli istifadə edə bilmə səriştələrini nümayiş etdiriblər.
İştirakçılar Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev Mərkəzi, Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini də ziyarət ediblər.
Yaz məktəblərinin bağlanış mərasimində gənclərin düşərgə ərzində aktiv fəaliyyəti yüksək qiymətləndirilib və iştirakçılara sertifikatlar təqdim edilib.
01.04.2025 - 18:00
Digər xəbərlər
-
“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
02.04.2025 - 17:17 -
Tələbə yaz məktəbləri yekunlaşıb
01.04.2025 - 18:00 -
Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə sənəd qəbulu davam edir
01.04.2025 - 12:30 -
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edəcək
01.04.2025 - 11:36 -
Tələbə yaz məktəbləri uğurla davam edir
27.03.2025 - 17:40