Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış şagirdlər növbəti dərs ilində qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) təkrar buraxılış imtahanı verirlər.
Şagird təkrar buraxılış imtahanında üzürsüz səbəbdən iştirak etmədikdə və ya yenə də qeyri-kafi qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydasında bütün fənlərdən buraxılış imtahanı verir. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər (ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə) rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir. Əvvəlki dərs ilində buraxılış imtahanı keçirilməyən bir və ya bir neçə fəndən qeyri-kafi qiymət aldığı üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan şagirdlər də hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edir və rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən müəyyən olunmuş məktəbdə qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) mərkəzləşdirilmiş qaydada ilkin mərhələ imtahanları verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan, habelə müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsil səviyyəsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər də ekstern yolu ilə imtahanlara buraxılırlar. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
08/07/2015 16:52
Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.
Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib. Hələ keçmiş İttifaq zamanında müvafiq əlaqələrin olduğunu xatırladan nazir bu istiqamətdə münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. İraqın Azərbaycanla qarşılıqlı münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas götürdüyü sabit kursun dəyişmədiyini diqqətə çatdırıb. Heydər Şiyə Qubeyşi əl-Barrak yaxın zamanlarda İraqla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişafına xidmət edən sazişin imzalanmasının nəzərdə tutulduğunu qeyd edib. Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin aparılması perspektivləri müzakirə edilib və iraqlı tələbələrin respublikamızın ali məktəblərində təhsili ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Avqustun 20-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov xaricdə təhsilin hər zaman prioritet məsələ olduğunu, hələ 1918-ci ilə qədər və Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlıların dünyanın bir sıra ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərilməsi daha intensiv xarakter alıb, hər il 1000-1500 tələbə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yola salınıb. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərilməsini və onların dövlət qayğısı ilə əhatə olunmasını təmin etdiyini bildirən Misir Mərdanov hazırda ümumilikdə 10000-dən çox azərbaycanlının dünyanın ən nüfuzlu universitetlərində oxuduğunu vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirildiyini söyləyən nazir bildirib ki, Dövlət Proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsindən ibarətdir. Dövlət Proqramının şərtlərinə əsasən həmin tələbələrin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdıran təhsil naziri proqramın icrasına başlandığı vaxtdan 512 nəfər gəncin təhsil almaq üçün müxtəlif xarici ölkələrə göndərildiyi barədə məlumat verib. Misir Mərdanov 2007-ci ildə 66, 2008-ci ildə 137, 2009-cu ildə 309 nəfərin Dövlət Proqramından bəhrələndiyini, 2010-cu ildə isə təxminən 200 nəfər tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün göndərilməsinin nəzərdə tutulduğunu bildirib. Nazir Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrdən 32 nəfərin artıq məzun olduğunu, onların müxtəlif dövlət və özəl qurumlarda işlə təmin edildiyini söyləyib. Təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində təhsil alan gənclərin doktorantura səviyyəsi üzrə sosial elmlər, mühəndislik, tibb və informasiya telekommunikasiya texnologiyaları, magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, sosial elmlər, hüquqşünaslıq, informasiya telekommunikasiya texnologiyaları, mühəndislik, tibb və digər ixtisaslara üstünlük verdiklərini xüsusi olaraq qeyd edib. Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələri təbrik edən Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov gənclərə göstərilən etimadın özünü doğruldacağına, onların Azərbaycanın gələcək inkişafına layiqli töhfələr verəcəklərinə inandıqlarını bildiriblər. Təhsil naziri respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq növbəti tədris ilindən etibarən tələbələr xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisaslarına üstünlük veriləcəyini bildirib. Azərbaycanlı gənclərin yaxşı təhsil almaqla bərabər, oxuduqları ölkələrdə fəal olmalarının üstün cəhətlərinə toxunan nazir dünyada Azərbaycan həqiqətlərinin yayılmasında onların da üzərinə məsuliyyət düşdüyünü qeyd edib. Sonda çıxış edən tələbələr göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib, onları maraqlandıran bir sıra məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
08/07/2015 16:52
Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan ilə Almaniya arasında müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını nəzərə çatdırıb. Ölkələrimiz arasındakı səmərəli təhsil əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Misir Mərdanov ötən il oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində müzakirə olunan məsələlərin diqqət mərkəzində saxlanıldığını, Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində və İxtisasartırma Təhsili Akademiyasındakı görüşlərdə irəli sürülmüş təkliflərlə bağlı müəyyən işlərin görüldüyünü bildirib. Respublikamızın ümumtəhsil məktəblərində Alman dilinin tədrisi, bu istiqamətdə həyata keçirilməli olan zəruri tədbirlərdən bəhs edən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricə göndərilən tələbələrin sayına görə Almaniyanın ilk üçlükdə qərarlaşdığını söyləyib. Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və Almaniyanın bütün sahələrdə, eləcə də təhsil sektorunda Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Müasir tələblər baxımından ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işini təkmilləşdirmək üçün Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq təşəbbüsü ilə çıxış edən Otto Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən Alman iş adamlarının axınının güclənməsinə əlavə təkan verəcəyini qeyd edib. Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərinə toxunan fəxri konsul onlara yaxşı təhsil almaqda hər cür kömək etməyə hazır olduqları, həmin gənclərin gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə layiqli töhfələr verə biləcəyi haqda fikirlərini açıqlayıb. Qonaq Alman mütəxəssislərin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr yaratmaqda və birgə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib. Almaniyada peşə təhsili sisteminin yüksək səviyyədə inkişaf etdiyini və ölkənin sosial-iqtisadi tərəqqisində bu amilin mühüm rol oynadığını nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı yolunda ən əlamətdar hadisələrdən biri olacaqdır. Azərbaycan Dövlət Neft Akademiyasının hələ ötən əsrin 80-ci illərindən Almaniya ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu söyləyən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birgə işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində Alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi, ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
08/07/2015 16:52
TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddəti bitdiyi üçün bu məsələyə yenidən baxilması, eləcə də, bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə Ekspert qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. İclasda universitetin ali kollegial idarəetmə orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı qeyd edilib. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də, universitet rəhbərliyinə 01.09.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılıb. Həmçinin, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilib.
08/07/2015 16:52
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmamış, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub.
Payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcəkdir. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.
08/07/2015 16:52
2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq.
Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub. Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
08/07/2015 16:52
Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir. Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udi dili” dərslikləri yeni hazırlanıb və çap olunub.
08/07/2015 16:52
2010-cu ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının və 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatdırılıb.
Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Onu da qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
08/07/2015 16:52
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur.
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Təhsil Nazirliyində olmuşdur. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. O, Prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırlatmışdır. Prezident Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil alacağı universitetlərin sırasına Niderlandın 14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı artırmaq barədə niyyəti olduğunu da diqqətə çatdırmışdır. M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu bildirmişdir. Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq sahədə beynəlxalq əlaqələr barədə ətraflı məlumat vermişdir. Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rena Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır. Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. AzərTAc
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı