Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Orta təhsil səviyyəsi üzrə (XI sinif) buraxılış imtahanlarının nəticələri yekunlaşdırılıb.

İmtahan aparılan fənlər üzrə şagirdlərin attestatına yazılacaq yekun qiymətləri barədə məlumatlar 21 iyun 2010-cu il tarixində saat 17.00 radələrində Təhsil Nazirliyinin internet saytının (www.edu.gov.az) imtahan bölməsində yerləşdiriləcək. Şagirdlər attestat qiymətləri ilə yanaşı, alacaqları attestatların seriya və nömrələrini görə biləcəklər. Əsas təhsil səviyyəsi üzrə (IX sinif) buraxılış imtahanlarının nəticələrinə görə imtahan fənləri üzrə şagirdlərin şəhadətnaməsinə yazılacaq qiymətlər haqqında məlumatlar 23 iyun 2010-cu il tarixində Təhsil Nazirliyinin internet saytında (www.edu.gov.az)  yerləşdiriləcək.  Məlumat üçün qeyd edək ki, imtahanın nəticələri ilə bağlı ərizə və şikayətlər şagirdin təhsil aldığı şəhər və rayon təhsil şöbələrində qəbul ediləcək. O cümlədən, Bakı şəhərində təhsil almış şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə şəhərində təhsil almış şagirdlər Gəncə Şəhər Təhsil İdarəsinə, Abşeron rayonunda təhsil almış şagirdlər Abşeron rayon Təhsil Şöbəsinə və s. müraciət edəcəklər. Yerlərdə imtahanla bağlı ərizə və şikayətlərin qəbulu 26 iyun 2010-cu il tarixədək davam edəcəkdir.

İyunun 22-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin fənn proqramları müəllifləri ilə görüş keçirilib.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanması və tender yolu ilə çapının nəzərdə tutulduğunu bildirib. Bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara təsadüf edildiyini nəzərə çatdırıb. Bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması və mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünməməsindən söz açan Misir Mərdanov bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib. Təhsil naziri bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirən nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafıq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb. Sonra mövzu ətrafında müzakirələr aparılıb, ümumtəhsil məktəblərinin fənn proqramları müəlliflərinin məsələ ilə bağlı fikirləri dinlənilib.

İyunun 22-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə həsr olunmuş mətbuat konfransı olub.

Təhsil naziri Misir Mərdanov konfransı giriş sözü ilə açaraq ölkəmizin ümumtəhsil məktəblərinin XI siniflərində keçirilən buraxılış imtahanlarının nəticələri ilə media nümayəndələrini tanış edib. Nazir bildirib ki, imtahanlarda ölkə üzrə ümumilikdə 88815 nəfər (96,54%) iştirak edib. Onlardan 74832 nəfəri (84,26%) müvəffəq qiymət alıb. Nazir əvvəlki illərlə müqayisədə müvəffəq qiymət alanların sayının çoxaldığını də diqqətə çatdırıb. Bakı şəhəri üzrə imtahanlarda 24933, Sumqayıt şəhəri üzrə isə 4083 şagirdin imtahan verdiyini qeyd edən təhsil naziri eyni zamanda 14 minə yaxın XI sinif şagirdinin bir və ya bir neçə fəndən “qeyri-kafi” qiymət aldığını da açıqlayıb. Misir Mərdanov Təhsil Nazirliyinin internet saytında orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı şagirdlərə verilən attestatların seriya və nömrələrinin də göstərildiyini qeyd edib. Nazir, həmçinin, artıq Bakı və Sumqayıt şəhərlərində attestatların verilməsinə başlanıldığını vurğulayıb. Daha sonra Misir Mərdanov cari dərs ilində müxtəlif fənn olimpiadalarının və beynəlxalq səviyyəli idman yarışlarının qalibi olan 51 və xəstəliyə görə isə 570 nəfərin buraxılış imtahanlarından azad olunduğunu nəzərə çatdırıb. Nazir apelyasiya komissiyasının iyunun 26-dək Bakıdakı 276 saylı məktəbdə fəaliyyət göstərəcəyini də qeyd edib. Təhsil naziri Misir Mərdanov iyunun 23-də əsas və orta təhsil səviyyəsi üzrə eksternat qaydasında keçiriləcək buraxılış imtahanlarında 103 şagirdin, habelə bu il üzürlü səbəbdən buraxılış imtahanlarında iştirak etməyən 13 şagirdin iştirak edəcəyi barədə məlumat verib. Mətbuat konfransında o da qeyd olunub ki, ötən tədris illərində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarında bir və bir neçə fəndən “qeyri-kafi” qiymət almış şagirdlərdən 8586 nəfəri imtahan vermək üçün müraciət edib və onların 6413 nəfəri (74,69%) orta təhsil kursu üzrə təkrar buraxılış imtahanlarında iştirak edib, onlardan 3852 nəfər (60,07%) müvəffəq, 2173 nəfər (25,31%) isə “qeyri-kafi” qiymət alıb. Nazir ölkəmizin təhsil sistemində məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə proqramlarının həyata keçirilməsindən bəhs edərək qiymətləndirmə siyasətinin təkmilləşdirilməsinin, bu sahədə treninqlərin təşkil olunmasının məqsədəuyğunluğunu vurğulayıb. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.

İyunun 25-də Füzuli rayonunun Horadiz şəhərində Azərbaycan Mətbuat Şurası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təhsil və mətbuat” mövzusunda regional konfrans keçirilmişdir.

Milli mətbuatın 135 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən konfransda təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Aqil Abbas, respublikanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarov tədbiri açaraq iştirakçıları salamlamış və konfransın Horadiz şəhərində keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişdir. Təhsil naziri Misir Mərdanov diqqəti müzakirə edilən məsələnin əhəmiyyətinə çəkərək, təhsil sistemində baş verən yeniliklər barədə məlumatların obyektiv surətdə ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulamışdır. Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirin işğaldan azad olunmuş ərazidə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir. İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli, “Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas, Bərdə rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova, Füzuli rayon təhsil şöbəsinin müdiri Hafiz Tahirov konfransda çıxış etmiş, təhsil müəssisələri ilə media qurumları arasında qarşılıqlı münasibətlər mövzusu ətrafında müzakirələr aparılmışdır. Çıxışlarda təhsildən yazan jurnalistlərin ixtisaslarının artırılması, “reket” qəzetlərlə mübarizə, bəzi mətbuat orqanlarında müəllim nüfuzuna xələl gətirən materialların dərc olunması və bunun ictimaiyyətə təsiri, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, jurnalistika fakültələrində təhsil alan tələbələrin ixtisaslaşdırılması, təhsil və media münasibətlərindən bəhs olunmuşdur. Konfransda iştirak edən Milli Məclisin sədr müavini Bahar Muradova sonda çıxış edərək, Azərbaycan jurnalistikasının bugünkü durumu, ölkədə söz və kütləvi informasiya vasitələri azadlığından, ümummilli lider Heydər Əliyevin müstəqil mətbuata verdiyi önəmdən danışmış, KİV-lərdə dərc olunan yazılarda obyektivliyin və həqiqətin əks olunmasının vacibliyini vurğulamışdır. Sonra tədbir iştirakçıları Zobucuq qəsəbəsindəki orta məktəb və uşaq baxçasında yaradılmış şəraitlə tanış olmuşlar.   AzərTAc.

İyunun 30-da “Hyatt Regency” otelində ənənəvi «İnnovasiya günü» forumu keçirilib.

Azərbaycan Respublikası Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Microsoft Azərbaycan şirkətinin birgə təşkilatçılığı, HP, Ultra və Bestcomp Groupun dəstəyi ilə gerçəkləşən tədbirdə «Xalq kompüteri» layihəsinin əsas mərhələsinin başlanması haqda razılaşma sənədi imzalanıb. Forumda ali məktəblərin rektorları, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin müvafiq şöbələrinin, müxtəlif şirkət və təşkilatların rəhbərləri, beynəlxalq qurumların nümayəndələri, müəllimlər və KİV təmsilçiləri iştirak ediblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov «Xalq kompüteri» layihəsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. HP-Azərbaycan şirkətinin nümayəndəsi Rüfət Hacıəlibəyov, Bestcomp Group şirkətinin direktoru Rauf Həsənov və Ultra şirkətinin direktoru Tahir Mirkişili layihə çərçivəsində görülən işlər və həyata keçirilən tədbirlər barədə söz açıblar. Microsoft Azərbaycan şirkəti tərəfindən «Microsoft şirkəti yaxın gələcəkdə bizi necə görür» adlı videoçarx nümayiş etdirilib. Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov təxminən bir il bundan əvvəl başlanmış layihənin nəticələri barədə məlumat verib, ötən dövr ərzində 8 minə yaxın orta məktəb müəlliminin bu layihədə iştirak etdiyini vurğulayıb. Bu işdə əməyi olanların hamısına təşəkkürünü bildirən təhsil naziri həyatımızı kompütersiz təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. On il əvvəl Azərbaycanda hər 1046 şagirdə 1 kompüter düşdüyü halda, bu gün orta hesabla hər 20 şagirdə 1 kompüter düşdüyünü nəzərə çatdıran Misir Mərdanov bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və qayğısı sayəsində mümkün olduğunu bildirib. Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında mövcud olan səmərəli əməkdaşlığa diqqət çəkən nazir artıq orta məktəb müəllimləri ilə yanaşı, ali məktəb müəllimləri və tələbələrin də bu layihədən yararlana biləcəklərini qeyd edib. Azərbaycan müəllimlərinin müasir texnologiyalara tədricən daha geniş yer verdiyini konkret faktlarla əsaslandıran təhsil naziri məktəblərdə elektron tədris resurslarından istifadə edilməsinin üstün cəhətlərinə toxunub, gənclərin və uşaqların bu sahəyə daha çox maraq göstərməsini müsbət hal kimi səciyyələndirib. Müvafiq sahədə monitorinq aparan beynəlxalq təşkilatların reytinq cədvəlinə əsasən Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqinin Şərqi Avropa səviyyəsini keçdiyini bildirən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu inkişafın son illər daha geniş vüsət aldığını vurğulayıb. Azərbaycanın təhsil sistemində yüksək texnologiyaların tətbiqinin təhsilin keyfiyyətinə göstərdiyi müsbət təsirdən söz açan Əli Abbasov ölkəmizdə İKT-nin prioritet sahə kimi qəbul olunması, müvafiq dövlət proqramlarının uğurla həyata keçirilməsi istiqamətində aparılan işlər barədə də fikirlərini bildirib.

İyulun 6-da Təhsil Nazirliyində Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibəti ilə “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər arasında keçirilmiş müsabiqə qaliblərinin mükafatlandırma mərasimi olub.

Qeyd edək ki, bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə əməkdaşlıqdan söz açıb, ilk dəfə keçirilən bu müsabiqəyə 45 yazının təqdim olunduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, əsas məqsədi Azərbaycan təhsilində gedən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq, təhsil sahəsindən yazan ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərmək, kütləvi informasiya vasitələrinin təhsil orqanları ilə səmərəli əməkdaşlıq prinsiplərini təbliğ etmək, təhsil mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarət olan müsabiqəyə sənəd qəbulu iyunun 10-dan iyulun 1-dək davam edib. Təhsillə bağlı 15 mövzu üzrə keçirilmiş müsabiqəyə təqdim olunmuş yazıların təcrübəli ekspertlər tərəfindən qiymətləndirildiyini söyləyən Misir Mərdanov 1 nəfərin I yerə, 2 nəfərin II yerə, 3 nəfərin III yerə, 10 nəfərin isə həvəsləndirici yerə layiq görüldüyünü qeyd edib. Müsabiqənin qalibi olan 16 jurnalistin Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna layiq görüldüyünü və onlar üçün pul mükafatının nəzərdə tutulduğunu vurğulayan nazir bu müsabiqənin uğurla başa çatdırılmasında köməyi keçən hər kəsə təşəkkürünü bildirib. Azərbaycan Milli Mətbuatının 135 illiyi münasibətilə Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən müsabiqəyə qatılmış jurnalistlərin tutduqları yerlərdən asılı olmayaraq, hər birinin qalib olduğunu nəzərə çatdıran Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov belə tədbirlərin gələcəkdə də keçiriləcəyinə ümidvar olduqlarını bildirib, media nümayəndələrini təbrik ediblər. Sonra müsabiqədə qalib gəlmiş jurnalistlərə diplomlar və pul mükafatları təqdim edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzu olunub.

İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib.

İyulun 7-də “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin “Kitab evi”nin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, Nizami Cəfərov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Çingiz Əlioğlu və digər tanınmış ziyalılar iştirak ediblər. Öncə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Kitab evi”nin rəmzi açılışını bildirən qırmızı lenti kəsib, açılış münasibətilə hamını təbrik ediblər. “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsinin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisə və “Kitab evi” haqqında məlumat verib. B.Axundov daha sonra bildirib ki, çoxsaylı peşəkar kollektivə, ən müasir poliqrafiya texnologiyasına malik olan “Təhsil” Nəşriyyat-Poliqrafiya müəssisəsi yeni standartlara və müasir kitab ticarəti normalarına cavab verən öz kitab yayım mərkəzini – “Kitab evi”ni təsis edib. “Kitab evi”ndə 1000-dən artıq adda müxtəlif nəşr nümunələrinin toplandığını söyləyən baş direktor burada, həmçinin, lazımi kitabı asanlıqla seçməkdə alıcıya kömək edəcək elektron kartoteka mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, alıcı kataloq vasitəsilə istənilən kitab barədə məlumat ala bilər. O da bildirilib ki, istənilən şəxs “Kitab evi”ndə ölkəmizdə, eləcə də xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, bədii publisistik, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat, dərslik və dərs vəsaiti, lüğət və ensiklopediyalar, həmçinin, dəftərxana və məktəb ləvazimatlarını əldə etmək imkanına malik olacaqdır. Sonra təhsil naziri Misir Mərdanov və digər qonaqlar yeni açılmış “Kitab evi” ilə yaxından tanış olublar.

Təhsil Siyasəti üzrə Şəbəkələr Mərkəzi tərəfindən Gürcüstan Respublikasında “Müasir dövrdə liderlik: keçid dövrünü yaşayan cəmiyyətlərdə təhsil liderliyi” mövzusunda yay məktəbi təşkil edilib.

Yay məktəbində Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçiləri Vüqar Əbdülrəhimov, Natiq Əliyev, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram direktoru Elmina Kazımzadə, həmin mərkəzin ali təhsil üzrə proqram meneceri Raziyə İsayeva, Kurikulum Mərkəzinin böyük elmi işçisi Fəridə Hüseynova və Bakı şəhərindəki 193 nömrəli orta məktəbin ingilis dili müəllimi Təranə Böyükzadə iştirak edib. Məktəbin təşkilində əsas məqsəd təhsildə liderlik təcrübəsini öyrənmək, məktəb direktorlarının idarəetmə sahəsində peşəkarlıq səviyyəsini yüksəltmək, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq bilikləri əldə etmək, çevik və müasir idarəetmə bacarıqlarına yiyələnmək olub. Yay məktəbində ölkəmizi təmsil edən nümayəndələrdən Elmina Kazımzadə, ABŞ-dakı Cənubi Konnektikut Dövlət Universitetinin professorları Ketrin Maqno, Listra Riçardson və ABŞ-dakı Viskonsin Universitetinin professoru Maykl Applın “Liderlər yeniliklərin təbliğatçısı kimi”, “Yeni əsr üçün yeni yanaşmalar”, “Tədqiqat liderliyin mühüm istiqaməti kimi” mövzuları üzrə məruzə və təqdimatları dinlənilib. Qeyd olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda, ayrı-ayrı qruplarda praktiki işlər həyata keçirilib. Sonda ölkəmizi təmsil edən iştirakçılara Təhsil Siyasəti üzrə Şəbəkələr Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub.

Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib­. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib. İyun ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Sorğuların 4000-ə qədəri ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən imtahanlar, onların nəticələrinin öyrənilməsi, apelyasiya şikayətlərinin qəbulu və onun yekunu barədə məlumatın əldə edilməsi, imtahanların keçirildiyi zaman şagirdlərin üzləşdikləri problemlər, eyni zamanda, ümumi orta və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədardır.        Digər sorğularda müəllimlərin işə qə­bulu, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi qaydaları ilə bağlı olub. Eyni zamanda şa­gird­lərin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının he­sab­lan­ması qay­da­ları və digər  mə­sə­lə­lər­ə dair sorğularla da müraciət olunub. Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar apa­rıl­ıb, prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­­ciətlərin böyük əksəriyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax, Quba, Lənkəran və digər rayonlardan olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsindəki ça­tış­mazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və başqa mə­sələlər öz əksini tapıb.  Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseylərindən  və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyəti olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunur. Məlumat üçün qeyd edək ki, təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 21.05.2010-cu il tarixli, 632 saylı əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib.  Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları və s. ilə bağlı olub.  Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirərək, qiymətlərinin yüksəldilməsinə apelyasiya qaydasında köməklik göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və buna əsasən  tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə uyğun obyektiv qiymətləndirilməsi təmin olunub. Özəl ali təhsil müəssisələrindən daxil olan 11 müraciətdən 8-i Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı məsələlər  öz əksini tapıb. Eyni zamanda Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universitetindən də imtahan sessiyası dövründə şikayət xarakterli müraciətlər daxil olub. Bununla əlaqədar bütün müraciətlər yerində araşdırılıb və müəlliflərə cavab verilib. Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan müraciətlər daxil olub. Həmin müraciətlərdə tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi barədə şikayətlər əks olunub. “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin struktur bölmələrinə məlumat verilib. Eyni zamanda adı çəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində yol verilmiş nöqsanların aradan qaldırılması tövsiyə olunub.

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə

“Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri Prezidentin 23 fevral 2010-cu il tarixli, 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlagədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və Əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələri «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarında, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda) ediləcəklər. Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildiririk ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürülmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcəkdir. Qeyd olunanları nəzərə alıb, mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsində köçürülmələr barədə məlumatı əlavə edilmiş formaya uyğun bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etmək Sizə tapşırılır.             Hörmətlə, Nazir Misir Mərdanov №46-03-4808/17 10.08.2010   Köçürülən və bərpa olunan (o cümlədən xarici ölkə təhsil müəssisəsindən) tələbələr haqqında MƏLUMAT № Tələbənin soyadı və adı Əvvəl təhsil aldığı təhsil müəssisəsinin adı Əvvəl təhsil aldığı ixtisasın adı Köçürüldüyü və ya bərpa olduğu ixtisas Köçürülmə əmrinin tarixi və nömrəsi Təhsil müəssisəsinin tabe olduğu qurumun razılıq məktubu (tarixi və nömrəsi)                                                                                                                                            

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı