İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.
Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov öncə son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən Misir Mərdanov əlavə edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22, ümumilikdə isə 70-dən artıq azərbaycanlı gənc hazırda Cənubi Koreya universitetlərində təhsil alır. Eyni zamanda nazir dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı gəncin bu ölkədə oxuduğunu qeyd edib. Sonra Misir Mərdanov peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb və bu istiqamətdə müvafiq əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb. Daha sonra təhsil naziri Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birgə görülən işlərdən söz açaraq bu işin yaxın zamanlarda reallaşacağına inamını ifadə edib. İki ölkənin təhsil sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini açıqlayan Misir Mərdanov bununla bağlı həyata keçirilməsi nəzərdə tutulan məsələlərdə səfirə uğurlar arzulayıb. Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını, təhsil sahəsinin isə bu əlaqələrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir Azərbaycanı Koreyaya yaxın bir ölkə kimi dəyərləndirdiklərini qeyd edib. Səfir Li Ci Ha ölkəmizlə müxtəlif layihələr çərçivəsində yaradılmış əlaqələrdən və təhsil sahəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən söz açıb. Daha sonra səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolunu nəzərə çatdırıb. Görüşdə təhsildə “Elektron hökumət” layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
IX SİNİFLƏR ÜZRƏ BURAXILIŞ İMTAHANLARININ VAXTI DƏYİŞDİRİLDİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun 2010-cu il tarixindən 18 iyun 2010-cu il tarixinə keçirilib.
08/07/2015 16:52
İyunun 11-də Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
24365 şagird 81 imtahan mərkəzində imtahan verib. Həmin rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2247 nəfər XI sinif məzunu da bu gün 22 imtahan mərkəzində imtahan verib. Qeyd olunan rayonların ümumtəhsil məktəblərinin IX sinif şagirdləri isə iyunun 12-də imtahan verəcək və 83 imtahan mərkəzində keçiriləcək imtahanlarda 35553 IX sinif şagirdi iştirak edəcək.
08/07/2015 16:52
İyunun 11-də Azərbaycan Müəllimlər İnstitutunda I siniflərdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin xüsusi proqramı üzrə 10 günlük treninq kursundan keçmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim olunub.
Öncə məzun Sevinc Babayeva “Müəllim hazırlığına verilən müasir tələblər və mən” mövzusunda təqdimatla çıxış edib. Sonra müəllimin dərsdən əvvəlki təlimin təşkili məsələlərində idarəçilik bacarıqlarına aid kiçik səhnəcik göstərilib və ana dili fənnindən “Ad bildirən sözlər” mövzusunda dərs nümayiş etdirilib. Tədbirdə iştirak edən təhsil naziri Misir Mərdanov İ siniflərdə dərs deyəcək müəllimlər üçün təşkil olunan belə treninqlərin gələcəkdə davam etdirilməsinin önəmli olduğunu vurğulayıb. Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunun yerlərdəki filiallarında da artıq bununla bağlı müvafiq tədbirlərin həyata keçirildiyini, həm institutda, həm də filiallarda maddi-texniki bazanın, eləcə də kadr potensialının gücləndirildiyini qeyd edib. Təhsil naziri Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının ilkin müəllim hazırlığında, məktəblərimizdə çalışan yüz minlərlə müəllimin müasir təlim texnologiyalarına yiyələnməsində bundan sonra da yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib. Çıxışının sonunda Misir Mərdanov məzunlara uğurlar arzulayıb. Sonda treninq kursunda iştirak etmiş “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının məzunlarına sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
İyunun 12-də Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təşkilatçılığı ilə valideyn-müəllim assosiasiyalarının rəhbərləri və valideynlərlə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyətindən və bu təşkilatın valideyn-məktəb əlaqələrinin qurulması istiqamətində gördüyü işlərdən danışıb. Nazir bildirib ki, hazırda bu təşkilata 1000-ə yaxın məktəb və uşaq bağçası üzv olub. VMA-nın fəaliyyətinin möhkəmləndirilməsini və genişləndirilməsini mühüm məsələlərdən biri kimi dəyərləndirən Misir Mərdanov qeyd olunan sahə üzrə nəzərdə tutulan tədbirlərdən söz açıb. Təhsil naziri məktəbin fəaliyyətinin və burada müxtəlif səviyyəli tədbirlərin təşkilində valideynlərin iştirakının əhəmiyyətini nəzərə çatdırıb, eyni zamanda belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb. Daha sonra valideyn-məktəb əlaqələrinin müntəzəm qurulmasına diqqət çəkən nazir VMA-nın bu istiqamətdə irəli sürdüyü təkliflərə münasibətini açıqlayıb, o cümlədən “İlin valideyni” müsabiqəsinin keçirilməsinə müsbət yanaşdığını qeyd edib. VMA-nın mövcud şəbəkəsinin daha səmərəli fəaliyyətinin təşkili məsələlərinə də toxunan Misir Mərdanov mərkəzləşdirilmiş buraxılış imtahanlarında valideynlərin müşahidəçi kimi iştirakının, onların fəallığının artırılmasının məqsədəmüvafiq olduğunu bildirib. Tədbirdə bir neçə orta məktəbin Valideyn-Müəllim Assosiasiyalarının rəhbərləri, eləcə də valideynlər maraqlı təkliflər irəli sürüb, “İlin şagirdi” müsabiqəsinin keçirilməsinin də bu istiqamətdə görülən işlərə müsbət təsir göstərəcəyini inamla vurğulayıblar. Eyni zamanda VMA rəhbərləri təhsildə ictimai nəzarətin formalaşdırılması, valideyn-məktəb əməkdaşlığının daha da genişləndirilməsi, valideynlərin forum və ya qurultaylarının keçirilməsi, eləcə də digər bu kimi məsələlər barədə təkliflər səsləndiriblər. Sonda yeni dərs ili ərəfəsində valideynlər və VMA rəhbərləri ilə təhsil ocaqlarında görüş keçirilməsi, Təhsil Nazirliyi, YUNİSEF və Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının 2010-2011-ci illər üzrə birgə tədbirlər planı hazırlaması məqsədəuyğun hesab edilib.
08/07/2015 16:52
Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
Bakı şəhəri üzrə 73 imtahan mərkəzində 24933, Sumqayıt şəhəri üzrə 11 imtahan mərkəzində 4083 şagird imtahan verib. Ötən tədris illərində Bakı şəhəri üzrə attestat ala bilməyən 1790 nəfər XI sinif məzunu da bu gün 4 imtahan mərkəzində, Sumqayıt şəhəri üzrə isə 240 nəfər XI sinif məzunu 1 imtahan mərkəzində imtahan verib. Məlumat üçün qeyd edək ki, bu gün ümumilikdə Bakı şəhəri üzrə 77 imtahan mərkəzində 26723, Sumqayıt şəhəri üzrə 12 imtahan mərkəzində 4323 şagird imtahan verib.
08/07/2015 16:52
İyunun 17-də Təhsil Nazirliyində Dünya Bankının nümayəndəsi Lire Ersadonun “Azərbaycan: təhsilə çıxış və təhsilin keyfiyyəti” mövzusunda təqdimatı dinlənilib.
Misir Mərdanov tədbiri açaraq son illər Təhsil Nazirliyi ilə Dünya Bankı arasında qurulan əməkdaşlıq və həyata keçirilən təhsil islahatlarından danışıb. Sonra Misir Mərdanov sözü Dünya Bankının əməkdaşına verib. Təqdimat iştirakçılarına təşəkkür edən Lire Ersado Azərbaycanda yaşayış şəraitinin qiymətləndirilməsinə dair hazırlanan hesabat barədə məlumat verib. Azərbaycanda insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirildiyini diqqətə çatdıran qonaq ölkədə iqtisadi artımın mövcudluğundan, yoxsulluğun azaldılması üzrə görülən tədbirlərdən söz açıb. Bununla yanaşı tədqiq etdikləri digər sahələr haqqında məlumatları iştirakçıların nəzərinə çatdıran Lire Ersado təhsilin insanların həyat şəraitinin yaxşılaşdırılmasında rolunu qeyd edib, Azərbaycanda bu sahədə əldə olunun nailiyyətlər, həyata keçirilən işlər barədə məlumatlı olduqlarını bildirib. Lire Ersado məktəbəqədər və ali təhsil sahəsində mövcud olan problemlər, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul göstəricilərindən də söz açıb, ölkədə insan resurslarının inkişafı baxımından bu sahəyə diqqətin daha da artırılmasının əhəmiyyətini qeyd edib. Sonra təhsil sahəsinə dair xərclərə, azərbaycanlı şagirdlərin PİSA proqramında iştirakına, müəllimlər tərəfindən tədris materiallarının istifadə edilməsinə və digər məsələlərə dair slaydlar nümayiş etdirilib. Tədbirdə təhsil naziri Misir Mərdanov məruzə-təqdimatda qeyd olunan bir sıra məsələlərə münasibətini açıqlayıb, eləcə də təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri nəzərə çatdırıb. Nazir keyfiyyətli təhsil verilməsinin önəmli olduğunu vurğulayaraq bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb, habelə, ilkin peşə təhsilinin inkişaf etdirilməsinin zəruriliyi haqqında fikirlərini bildirib.
08/07/2015 16:52
Bu gün Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin IX siniflərində buraxılış imtahanları keçirilib.
08/07/2015 16:52
İyunun 21-də “Park İnn” mehmanxanasında “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim keçirilib.
Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuş müsabiqədə beş nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Təhsil Nazirliyinin təşəbbüsünü qəbul edib bu müsabiqəyə dəstək verən insanlara, şirkətlərə Azərbaycanın pedaqoji ictimaiyyəti adından təşəkkürünü bildirən nazir müsabiqənin əsas məqsədləri barədə məlumat verib. Misir Mərdanov qeyd edib ki, Microsoft Azərbaycan, Intel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Azerfon-Vodafone, HP, Mədəd təşkilatlarının dəstəklədiyi müsabiqənin məqsədi elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadənin miqyasını genişləndirmək və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müsabiqəyə Bakıdan 850, Sumqayıtdan 125, regionlardakı məktəblərdən isə 500 nəfər müəllimin qatıldığını nəzərə çatdıran təhsil naziri bölgələr arasında Quba, Gəncə, Qazax, Zaqatala müəllimlərinin daha yüksək fəallıq göstərdiklərini vurğulayıb. Sonda müsabiqədə beş nominasiyanın hər biri üzrə qalib gəlmiş şəxslərə noutbuklar, digər hədiyyə və mükafatlar təqdim olunub.
08/07/2015 16:52
İyunun 21-də Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin nəticələrinə dair Təşkilat Komitəsinin yekun iclası keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq 3 il ərzində təşkil olunan bu müsabiqəyə sənəd təqdim edənlərin sayının getdikcə artdığını və müvafiq istiqamət üzrə görülən işləri xüsusi qeyd edib. Müsabiqənin əsas məqsədinin ən yaxşı müəllim və məktəblərin üzə çıxarılması olduğunu, bu prosesdə obyektivliyin və şəffaflığın qorunmasının əsas şərt kimi diqqətdə saxlanıldığını vurğulayan Misir Mərdanov bu işin həyata keçirilməsində xüsusi əməyi olan Təşkilat Komitəsinin hər bir üzvünə təşəkkürünü bildirib. Sonra təhsil naziri 2010-cu ildə keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin yekununa dair arayışı iclas iştirakçılarının nəzərinə çatdırıb. Nazir bildirib ki, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak üçün ölkəmizin əksər bölgələrini təmsil edən 123 məktəb Təşkilat Komitəsinə müraciət edib. Bu il də iştirakçılar arasında Bakı şəhəri məktəblərinin üstünlük təşkil etdiyini, 123 məktəbdən 49-nun (57 %) paytaxt məktəbləri olduğunu və Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrindən yalnız Respublika incəsənət gimnaziyasının iştirak etdiyini qeyd edib. Nazir qalan 73 məktəbin isə 34 kənd rayonunu (65 məktəb) və 3 şəhəri (8 məktəb) təmsil etdiyini açıqlayıb. Arayışda o da qeyd olunub ki, müsabiqədə iştirak üçün İsmayıllı, Yevlax, Ağstafa, Ağsu rayonlarının hər birindən 4, Sumqayıt və Şirvan şəhərlərinin, Cəlilabad, Tovuz, Masallı, Hacıqabul, Kürdəmir, Quba rayonlarının hər birindən 3, Gəncə şəhərinin, Qubadlı, Qazax, Qəbələ, Göyçay, Neftçala, Ucar, Saatlı rayonlarının hər birindən 2, 17 rayondan (Şamaxı, Qax, Şəmkir, Samux, Beyləqan, Lənkəran, Xaçmaz, Salyan, Şəki, Bərdə, Ağcabədi, Abşeron, Goranboy, Göygöl, Qusar, İmişli, Sabirabad) 1 məktəb müraciət edib. 123 məktəbin təqdim etdiyi sənədlər ekspertizadan keçirildikdən sonra 96 məktəb müsabiqənin II mərhələsinə buraxılıb. Bunlardan 47-si Bakı şəhərinin, 4-ü İsmayıllı rayonunun, hər birindən 3 olmaqla Sumqayıt və Şirvan şəhərlərinin, Quba, Hacıqabul, Ağstafa rayonlarının, hər birindən 2 olmaqla Gəncə şəhəri, Tovuz, Qəbələ, Ucar, Qazax, Kürdəmir, Qubadlı rayonlarının və hər birindən 1 olmaqla 15 rayonun (Şamaxı, Qax, Şəmkir, Yevlax, Lənkəran, Salyan, Masallı, Göyçay, Bərdə, Goranboy, Neftçala, Qusar, İmişli, Saatlı, Cəlilabad) məktəbləri və Respublika incəsənət gimnaziyası olub. Ekspertizadan keçdiyi halda, direktorları müəyyən nöqsanlara görə cəza aldıqları üçün Bakı şəhəri 94 və 151 nömrəli məktəblərin müsabiqənin II mərhələsində iştirakı Təşkilat Komitəsi tərəfindən məqsədəmüvafiq bilinmədiyindən II mərhələyə 94 məktəb buraxılıb. Misir Mərdanov digər məsələlərdən də söz açaraq vurğulayıb ki, müsabiqənin hər 3 mərhələsinin yekununa əsasən, 47 məktəb qalib hesab edilib. Qeyd olunanlarla yanaşı, nazir ölkəmizin bir sıra şəhər və rayonlarının məktəblərinin bu müsabiqədə iştirak etməməsini və ya zəif iştirak etdiyini təəssüf doğuran hal kimi dəyərləndirib. Təhsil naziri Misir Mərdanov daha sonra “Ən yaxşı müəllim” müsabiqəsinin yekunu barədə məlumat verərək bildirib ki, bu müsabiqədə iştirak üçün 460 nəfər müəllim sənəd təqdim edib, müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün 9 nəfərin sənədləri qəbul edilməyib və 451 nəfərin sənədləri ekspertizadan keçirilib. Qeyd olunub ki, sənədləri ekspertizadan keçirilən müəllimlərin 206-sı (45.68%) Bakı şəhərinin, 51-i (11.31%) Sumqayıt şəhərinin məktəblərindən, 40-ı (8.87%) Təhsil Nazirliyinin nəzdindəki müəssisələrdən, 16-sı İsmayıllı rayonundan, 10-u Gəncə şəhərindən, 9-u Bərdə rayonundan, 7-si Göyçay rayonundan, hər birindən 6 nəfər olmaqla Lənkəran, Qazax, Xaçmaz rayonlarından, hər birindən 4 nəfər olmaqla Şirvan şəhəri, Ağstafa, Göygöl, Kürdəmir, Quba, Şamaxı, Yevlax rayonlarından, hər birindən 3 nəfər olmaqla Mingəçevir şəhəri, Abşeron, Cəlilabad, İmişli, Qax, Qəbələ, Qubadlı, Qusar, Samux, Tovuz, Ucar, Zaqatala rayonlarından, hər birindən 2 nəfər olmaqla Ağcabədi, Ağsu, Füzuli, Goranboy, Hacıqabul, Salyan, Şəmkir, Siyəzən rayonlarından, hər birindən 1 nəfər olmaqla Beyləqan, Şabran, Gədəbəy, Laçın, Masallı, Neftçala, Sabirabad, Tərtər, Xızı rayonlarından, eləcə də 3 nəfər Beynəlxalq ümumtəhsil özəl məktəbindən, 2 nəfər Bakı Slavyan Universiteti nəzdindəki humanitar liseydən olub. Bildirilib ki, ümumilikdə Təhsil Nazirliyi və ali məktəblərin nəzdindəki, habelə özəl məktəblər istisna olunmaqla müsabiqədə ölkənin 45 rayon və şəhərini 406 müəllim təmsil edib. Bu müsabiqəyə sənəd təqdim etməyən rayonların adlarını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov əlavə edib ki, ekspertizanın nəticələrinə görə 203 nəfər növbəti mərhələdə iştirak etmək hüququ qazanıb, onlardan 3 nəfər obyektiv səbəblərdən müsabiqənin II mərhələsində iştirak edə bilməyib. O da bildirilib ki, müsabiqənin III mərhələsində üzrlü səbəbdən iki nəfər iştirak etmədiyindən yekun mərhələdə 198 müəllimin təqdimatı dinlənilib. Təhsil naziri müsabiqənin sonunda hər üç mərhələnin balları əsasında müəllimlərə yekun bal müəyyən edildiyini və ən yüksək nəticə göstərən 95 nəfər müəllimin qaliblər sırasına daxil olunduğunu vurğulayıb. İclasda təhsil naziri Misir Mərdanov 2011-ci ildə keçiriləcək “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsinə dair təkliflərini və bununla bağlı bir sıra məsələləri diqqətə çatdırıb, ekspert komissiyalarının işinin daha da təkmilləşdirilməsinin, hər bir fənn üzrə sınaq dərslərinin yalnız bir komissiya tərəfindən dinlənilməsinin məqsədəuyğunluğunu qeyd edib.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı