2024-cü təqvim ili rəqəmlərdə - HESABAT
Məktəbəqədər və ümumi təhsil
117 000 uşaq məktəbəqədər təhsil alır
Ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib. Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.
1676 dövlət məktəbəqədər təhsil müəssisəsi
Yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Cari il ərzində 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Hazırda ölkə ərazisində 1676 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellərinin tətbiqi
Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsinə dəstək məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən “Alternativ məktəbəqədər təhsil xidmətlərinin təşkili” pilot qrant proqramı həyata keçirilir. Proqrama 19 layihə təqdim edilib və onlardan 16-sı qrant qazanıb. Layihələr Bakı, Lənkəran, Şəki, Şirvan, Füzuli, Zaqatala, Masallı, Astara, Göygöl və Naxçıvanda icra olunur. Ümumilikdə qrant proqramına 500-dən çox uşaq cəlb edilib.
Bununla yanaşı, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması istiqamətində “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” elan edilib. Müsabiqənin məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Müsabiqəyə müraciət edən 42 özəl məktəbəqədər təhsil müəssisəsindən 25-i qrant qazanıb.
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 890 mərkəzdə (ümumi təhsil müəssisəsində) 1177 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 19 133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Bu uşaqların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.
Məktəbəqədər təhsildə dövlət-özəl əməkdaşlığı
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə dövlət-özəl əməkdaşlığı modelinin 1500 uşağı əhatə etməsi gözlənilir.
Məktəbəqədər təhsildə kadr potensialının yaxşılaşdırılması
Son iki il ərzində məktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi-müəllim, 79 nəfər müdir təyin olunub. İndiyədək məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 000-ə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən Bakı və regionlarda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin 1600-ə yaxın müdir, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib.
Pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi
2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib.
Ölkə üzrə məktəb, müəllim və şagird sayı
Bu gün ölkədə 4282 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 150 mindən, şagird sayı isə 1 700 000-dən çoxdur.
134 min uşaq birinci sinfə gedib
2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib.
93 211 uşaq məktəbəhazırlığa gedib
2024-cü ildə 93 211 uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib.
Səriştəəsaslı məzmunun tətbiqi, dərslik hazırlığı, tədris planları
2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 67 adda (52 adda yeni hazırlanmış, 15 adda təkmilləşdirilmiş) dərslik və metodiki vəsaitin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalqın dili olan “Tat dili” dərslikləri hazırlanıb.
Bununla yanaşı, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələrinin dərslik ehtiyaclarının təmin olunması üçün 322 adda 7 244 545 nüsxə dərsliyin çapı yekunlaşdırılıb və məktəblərə çatdırılıb.
Yeni tikilən və təmir edilən məktəblər
Cari ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) hesabına Elm və Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələri şəbəkələrinin genişləndirilməsi, yeni məktəblərin tikintisi və əsaslı təmir işləri yerinə yetirilib. Belə ki, 57 təhsil müəssisəsində (3 peşə, 5 məktəbdənkənar, 1 uşaq bağçası, 48 ümumi təhsil müəssisəsi) tikinti-quraşdırma işləri aparılıb. Bu müəssisələrdən 46-sı yeni tikilidir və ya yeni korpus tikilib, 11-i isə əsaslı təmir olunub. 33 təhsil müəssisəsinin təmir-tikintisinin başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda 24 təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə yekunlaşması planlaşdırılır. Həmçinin layihələndirilməsi aparılan 33 təhsil müəssisəsinin (3 peşə, 30 ümumi təhsil müəssisəsi) təmir-tikintisinə başlanılması planlaşdırılır.
Eyni zamanda dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış müvafiq xərclər hesabına 215 təhsil müəssisəsində (10 peşə, 6 kollec, 9 məktəbdənkənar və 190 ümumi təhsil) cari təmir işləri aparılıb. Həmçinin 234 müraciət əsasında 70 məktəbəqədər təhsil müəssisəsində cari təmir işləri yekunlaşıb, 100 müəssisədə işlər davam edir, 64 müəssisədə isə işlərin başlanılması üçün hazırlıq gedir.
Böyük Qayıdış üzrə I Dövlət Proqramı
2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 1000-dən çox şagird və 140-dək təhsilverən daxil olmaqla 6 ümumi təhsil müəssisəsi, 115 uşaq və 16 təhsilverən daxil olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb.
Müəllimlərin yerdəyişməsi
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 210 nəfər uğur qazanaraq iş yerini qarşılıqlı dəyişdirib.
Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində ümumilikdə 66 723 elektron müraciət qəbul edilib. 6283 namizəd müsabiqədə uğur qazanaraq işə qəbul olunub. Bu il keçirilən MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma faizi 90 faizin üzərində olub.
Müəllimlərin sertifikatlaşdırılması
Cari ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24050, uğur qazanan isə 20 224 nəfər olub.
Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb.
IV və VI sinif şagirdləri üçün monitorinqlər
2024-cü ilin 18-19 may tarixlərində ölkə üzrə IV və VI sinif şagirdləri üçün monitorinqlər təşkil olunub. Monitorinqlərdə ümumilikdə 300 000-dən çox şagird iştirak edib.
5 məktəbin fəaliyyəti tam orta təhsil səviyyəsi üzrə təşkil edilib
Ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun öyrədici və sosial-psixoloji mühit yaratmaq məqsədilə 2024-2025-ci tədris ilindən 5 ümumi təhsil müəssisəsində fəaliyyət yalnız tam orta təhsil səviyyəsi üzrə təşkil edilir.
STEAM
STEAM layihəsi cari tədris ilindən 398 təhsil müəssisəsində tətbiq olunur və ümumilikdə 250 000 şagirdi əhatə edir. İlk dəfədir ki, layihənin ibtidai siniflərdə də (4-cü siniflərdə) tətbiqinə başlanılıb. Layihə bu ildən işğaldan azad edilmiş ərazilərdə və Naxçıvanda da həyata keçirilir.
“Rəqəmsal bacarıqlar”
2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi 2024-2025-ci tədris ilində əlavə 230 təhsil müəssisəsində tətbiq edilib. Hazırda layihə 510 000 şagirdi əhatə edir.
Peşə təmayüllü siniflər
2024-2025-ci tədris ilində 7541 şagird peşə təmayüllü siniflərdə təhsil alır.
Ümumi təhsil müəssisələrində yoxlamalar
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrində aparılan yoxlamalar nəticəsində 70 nəfər işdən çıxarılıb, 133 nəfərə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.
Məktəbdənkənar təhsil sahəsində elektron yenilik
2024-cü ildə məktəbdənkənar təhsil müəssisələrində uşaqların qəbulu ilk dəfə elektron qaydada həyata keçirilib. Pilot olaraq 20 müəssisəni əhatə edən elektron qəbul nəticəsində 10 000-ə yaxın təhsilalan məktəbdənkənar təhsil müəssisələrinə qəbul edilib.
Yenilənmiş dərnəklər
2024-2025-ci tədris ilində yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində 10 əsas istiqamət üzrə 73 adda dərnək yenilənib. Bu addım dərnəklərin müasir standartlara uyğunlaşdırılmasına və təhsilalanların yaradıcılıq imkanlarının genişləndirilməsinə yönəlib.
İdman və yaradıcılıq tədbirləri
2024-cü ildə məktəbdənkənar təhsil çərçivəsində idman istiqaməti üzrə 1 014 000 məktəbli müxtəlif yarış və tədbirlərə cəlb edilib. Yaradıcılıq istiqaməti üzrə isə 66 500 məktəbli müsabiqə və sərgilərdə iştirak edib.
İdarəetmənin təkmilləşdirilməsi
2024-cü ildə 145 məktəbdənkənar təhsil müəssisəsindən 107-də monitorinqlər aparılıb və bu müəssisələrdə fəaliyyət göstərən dərnək və idman qruplarının 70 faizində yoxlamalar aparılıb. Monitorinqin nəticələrinə əsasən, fəaliyyət göstərməyən 125 qrup bağlanıb, davamiyyəti aşağı olan qruplara nəzarət gücləndirilib və 64 müəssisə rəhbərinə intizam tənbehi tədbirləri tətbiq edilib. 29 direktora xəbərdarlıq, 12 direktora töhmət, 18 direktora sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və 5 müəssisə rəhbəri işdən azad edilib.
Məktəbdənkənar təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatı
2024-cü ildə 595 ədəd kompüter avadanlığı 145 məktəbdənkənar təhsil müəssisəsinə paylanılıb.
Şagirdlərimizin yerli və beynəlxalq uğurları
Uşaq-gənclər inkişaf mərkəzlərinin 200-ə yaxın dərnək üzvü 2024-cü ildə Türkiyə, Qazaxıstan, Belarusiya, Polşa və Avstraliyada keçirilən beynəlxalq müsabiqə və tədbirlərdə diplom və medallarla mükafatlandırılıb.
Hesabat dövrü ərzində uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri respublika yarışlarında 386 qızıl, 357 gümüş, 511 bürünc, beynəlxalq yarışlarda 144 qızıl, 127 gümüş, 171 bürünc olmaqla, ümumilikdə 1696 medal qazanıblar.
Respublika fənn olimpiadaları
Olimpiadanın rayon (şəhər) mərhələsində 57 483, yarımfinal turda 12 238, final turunda isə 1025 nəfər iştirak edib. Onlardan 491 nəfər qalib olub. Qızıl medalçıların sayı 85, gümüş medalçıların sayı 162, bürünc medalçıların sayı isə 244 nəfərdir. “Birincilərin birincisi” nominasiyası üzrə 8 nəfər seçilib.
Beynəlxalq fənn olimpiadaları
Cari ildə milli komandalarımız 01.01.2024-cü il tarixindən 17.12.2024-cü il tarixinədək 22 fərqli beynəlxalq olimpiadalarda iştirak ediblər. Beynəlxalq olimpiadalarda birinci yer üzrə 6 medal, ikinci yer üzrə 22 medal, üçüncü yer üzrə 35 medal və 18 həvəsləndirici sertifikat qazanılıb.
Respublika fənn müsabiqələri
43 110 şagird müsabiqəyə qatılıb. Yarımfinalda 8610 şagird, finalda isə 1068 nəfər şagird iştirak edib. 307 şagird qalib olub. Onlardan biologiya fənni üzrə 45 nəfər, fizika fənni üzrə 42 nəfər, kimya fənni üzrə 43, informatika fənni üzrə 46, riyaziyyat VI siniflər üzrə 43 nəfər, VII siniflər üzrə 43 nəfər, təbiət fənni üzrə isə 45 nəfər qalib elan edilib.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası
Olimpiada üzrə rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, 21 474 iştirakçıdan 2396 şagird yarımfinal mərhələdə iştirak hüququ qazanıb və onlardan 307 nəfər finalda iştirak etmək hüququ qazanıb. Ümumilikdə 62 nəfər qalib elan edilib.
Qərbi Azərbaycana Qayıdış olimpiadası
10 minə yaxın şagirdin qatıldığı olimpiadada ümumilikdə 36 nəfər finalda iştirak hüququ qazanıb. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsi
8 istiqamət və 652 layihə üzrə 1068 şagird qeydiyyatdan keçib. 113 layihə üzrə 200 şagird sərgidə iştirak edib. Hər istiqamət üzrə I yer 1 layihə, II yer 2 layihə, III yer 3 layihə, ümumilikdə 48 layihə üzrə 87 şagird qalib elan edilib. 11-19 may tarixlərində ölkəmizi təmsil etmək üçün 5 layihə üzrə 10 şagird ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərinə səfər edib.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi
Ölkə üzrə 4234 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib. Bunlardan 1756 fiber-optik, 1701 simsiz və 777 ADSL rabitə kanalı vasitəsilə çıxışla təmin edilib.
Cari ildə 333 ümumi təhsil müəssisəsində genişləndirmə işləri həyata keçirilib. Belə ki, “Rəqəmsal bacarıqlar” və “STEAM” layihələri tətbiq edilən, o cümlədən peşə təmayüllü siniflərdə və məktəblərin digər layihə tələblərinə uyğun olaraq daxili simli lokal şəbəkələr qurulub.
Elektron təhsil texnologiyalar tətbiqinin genişləndirilməsi
Hazırda məktəbəqədər təhsil pilləsi üzrə “Samford” məktəbəqədər təhsil üçün platforma - https://samford.website/az/ hazırlanıb. Platformada ümumilikdə 10357 ədəd elektron tapşırıq yerləşdirilib.
Hazırda rəqəmsal mühitdə öyrənmə, tədris və ünsiyyətin qurulması məqsədilə “Rəqəmsal məktəb” əməkdaşlıq platforması (https://digital.edu.az/) yaradılır. Burada müxtəlif istiqamətlər üzrə (Azərbaycan dili, Azərbaycan tarixi, coğrafiya, kimya və s.) 373 ədəd videodərs yerləşdirilib. https://www.youtube.com/@icteduaz. Eyni zamanda müxtəlif fənlər üzrə (Azərbaycan dili, riyaziyyat, xarici dil, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə) ümumilikdə 19 531 ədəd videodərs tərcümə olunaraq milli kurikuluma uyğunlaşdırılıb və video.edu.az portalında yerləşdirilib.
Məlumat və Resurs Mərkəzi
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) tərəfindən informasiya sistemləri və ehtiyatları qismən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “Hökumət buludu” layihəsi çərçivəsində Yerləşdirmə (Colocation) xidmətindən istifadə edilməklə informasiya resursları miqrasiya edilərək kritik sistemlərin yüksək əlçatanlığı təmin edilib.
Uşaq və gənclərin inkişafı
1 – 7 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilib. Ölkə üzrə bütün ümumi təhsil müəssisələrini əhatə edən tədbirdə 1 milyona yaxın məktəbli iştirak edib.
Azərbaycan Tələbə Liqası
Ölkədə ilk dəfə ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqası təşkil olunub. Liqada 12 ali təhsil müəssisəsinin komandaları mübarizə aparıb.
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilib. 6500 nəfər şagird arasından festival-müsabiqənin final mərhələsinə vəsiqə qazananlardan münsiflər heyəti tərəfindən 116 nəfər I, 94 nəfər II, 84 nəfər isə 3-cü yerə layiq görülüb.
"Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festival
1 iyun tarixində türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib. Şuşada baş tutan festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli öz ölkələrinin musiqi, rəqs və ifa mədəniyyətini təqdim edib.
“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi
Cari ilin iyun, oktyabr və dekabr aylarında regionlarda “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 10 min nəfərdən çox məktəblinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda müxtəlif mövzulara həsr olunan tamaşaları izləməsi təmin edilib.
“Məktəblərdə Məhəmməd Füzuli ayı”, “Məktəblərdə Heydər Əliyev ayı”, “Məktəblərdə ekologiya ayı”, “Məktəblərdə Naxçıvan ayı” layihələri
Ölkə üzrə cari ilin aprelində “Məktəblərdə Məhəmməd Füzuli ayı”, may ayında “Məktəblərdə Heydər Əliyev ayı”, oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı”, dekabr ayında isə “Məktəblərdə Naxçıvan ayı” layihələri keçirilib. Layihələr çərçivəsində yuxarıda qeyd olunan mövzulara uyğun olaraq ümumi təhsil müəssisələrində dəyirmi masalar, debatlar, elmi və bədii əsərlər, məqalə və kitablarla tanışlıq işinin təşkili, ədəbi-bədii kompozisiyalar, sinif təşkilat saatları, seminar və müsabiqələr keçirilib, bədii və sənədli filmlər nümayiş olunub, 120 min nəfərə yaxın məktəblinin iştirakı təmin edilib.
Uşaq müdafiəsi və təhlükəsizliyi layihəsi
Bakı şəhəri üzrə 14, Naxçıvan Muxtar Respublikası üzrə 20, Ağcabədi rayonu üzrə 6, Gəncə şəhəri üzrə 5, Lənkəran şəhəri üzrə 5 məktəb olmaqla ümumilikdə 30 məktəbdə uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi fəaliyyətə başlayıb.
İnklüziv təhsil
Bakı şəhəri üzrə 12, Abşeron rayonu üzrə 1, Sumqayıt şəhəri üzrə 1, Şəki şəhəri üzrə 1, Biləsuvar rayonu üzrə 1, Şirvan rayonu üzrə 1, Qusar rayonu üzrə 1, Şabran rayonu üzrə 1, Göygöl rayonu üzrə 1, Beyləqan rayonu üzrə 1, Saatlı rayonu üzrə 1, Mingəçevir şəhəri üzrə 3, Qazax ryonu üzrə 1, Tovuz rayonu üzrə 1, Şamaxı şəhəri üzrə 1, İmişli rayonu üzrə 1 olmaqla ümumilikdə 29 yeni məktəbdə inklüziv siniflər fəaliyyətə başlayıb.
İnnovativ məktəb layihəsi
VII siniflər üçün sahibkarlıq fənni adlı dərs vəsaiti hazırlanıb. Bakı, Gəncə, Quba, Xaçmaz, Şəki, Yevlax, Neftçala, Tərtər, Lerik üzrə 12 innovativ məktəbin VII və VIII siniflərində sahibkarlıq fənninin tədrisinə başlanılıb.
Peşə təhsili
Tələbə qəbulu 25 000 nəfərə yaxın olub
2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır. 21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub. Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.
Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. Bu, 2021-2022-ci tədris ilində 14 160, 2022-2023-cü tədris ilində 16 040, 2023-2024-cü tədris ilində 18 290, 2024-2025-cü tədris ilində isə 23185 nəfər olub.
Dual peşə təhsili
2024-2025-ci tədris ilində 70 qrup üzrə 1273 nəfər dual peşə təhsil proqramına qəbul olub. Tələbə qəbulunda keçən illə müqayisədə 46 faiz artım olub. Proqram 25 peşə təhsili müəssisəsində 110-dan artıq işəgötürənlə Bakı şəhəri də daxil olmaqla 16 regionda (Bakı, Zaqatala, Balakən, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Lənkəran, Neftçala, Saatlı, Sumqayıt, Şəki) həyata keçirilir. Proqramda toplam 30 ixtisas tədris olunur.
Yüksək texniki peşə təhsili
2024-2025-cü tədris ilində yüksək texniki peşə təhsili səviyyəsində 19 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 2453 nəfər tələbə adını qazanıb.
2024-cü ildə bu peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52.7%) ali təhsil müəssisəsinə imtahansız qəbul olub.
Adambaşına maliyyələşmə mexanizmi
2024-cü il ərzində 8 pilot müəssisə üzrə 7 142 tələbəyə adambaşına maliyyələşmə mexanizmi tətbiq edilib.
Yeni ixtisaslar
2024-2025-cü tədris ilindən etibarən peşə təhsilində 9 yeni ixtisas tədris olunub. Bura dronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə nəzarətçi, elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.
Dərsliklərin çapı
2024-cü ildə 73 adda 33 500 peşə dərsliyi çap olunub. Bu dərsliklərdən 36-sı yerli mütəxəssislər tərəfindən hazırlanıb, 37 dərslik isə xarici dillərdən tərcümə edilib. Eyni zamanda 135 900 sayda ümumi təhsil dərsliklərinin çapı tamamlanıb.
Mühəndis-pedaqoji heyətin işə qəbulu
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı 1275 vakant yer təqdim olunub, ümumilikdə 3708 nəfər müraciət edib və 2375 şəxs imtahana buraxılıb. İmtahan mərhələsində uğur qazanmış 485 nəfərdən 388 nəfəri müsahibədə iştirak edib və 308 nəfər işə qəbul edilib.
Qısamüddətli təlimlər
2024-cü il ərzində qısamüddətli təlimlərə 234 nəfər cəlb olunub. Cari ildə 215 nəfər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təlimlərə cəlb olunub.
Publik hüquqi şəxs statusu alan müəssisələr
2024-cü il ərzində 9 peşə təhsili müəssisəsi publik hüquqi şəxs statusu alıb.
Ali təhsil və elm
Qəbul planı artırılıb
Cari tədris ilində tələbə qəbulu planı artırılıb, ali təhsil pilləsi üzrə 80 154 yer planlaşdırılıb və 74 000 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.
İlk dəfə olaraq doktorantura pilləsi üzrə bütün namizədlərin dövlət sifarişi hesabına qəbulu təmin edilib. Əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq dövlət sifarişinin təkmilləşdirilməsi məqsədilə dövlət sifarişli yerlərin sayı artırılıb və 36 140 yerə çatdırılıb.
Qarabağ Universiteti fəaliyyətə başlayıb
2024-2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən, 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılır.
Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayıb
Universitetdə Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunur. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçirilir.
Elm və ali təhsil müəssisələrinin beynəlxalq elmmetrik bazalara çıxış imkanı
2024-cü ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenidən imzalanmış müqavilələr əsasında 100-dən çox elm və ali təhsil müəssisəsinin “Scopus”, “Science Direct” və “Web of Science” elmmetrik bazalarına çıxış imkanı yaradılıb.
Alimlərin mükafatlandırılması
Cari ilin iyul ayından başlayaraq nazirliyin tabeliyindəki elmi müəssisələrdə çalışan və elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara hər ay 1000 manatadək ödənişlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, layihə çərçivəsində 17 müəssisədən 143 nəfərin mükafatlandırılması həyata keçirilib.
Nüfuzlu beynəlxalq jurnallarda çap olunan məqalə sayında artım
“Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2024-cü ildə dərc olunmuş nəşrlərin sayında ötən ilin göstəricisinə nisbətən 40 faizə yaxın artım müşahidə olunub (2023-cü il üzrə göstərici – 2 816, 2024-cü il üzrə cari göstərici – 4000).
“Clarivate TM” şirkətinə məxsus “Web of Science” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən 2024-cü ildə dərc edilmiş elmi nəşrlərin sayında ötən ilin göstəricisinə nisbətən 52,9 faiz artım müşahidə olunub (2023-cü il üzrə göstərici -1885, 2024-cü üzrə cari göstərici – 2882).
2024-cü ilin elmmetrik göstəriciləri
Dünya üzrə ən çox istinad alan (Top 10%) yerli elmi işlərin xüsusi çəkisinin faiz göstəricisinə görə, Azərbaycan alimlərinin xüsusi payı 1.8% artaraq keçən illə müqayisədə cari ildə 10.5% olub.
Cari ilin ilk 12 ayı ərzində “sahə üzrə istinad təsiri” göstəricisi 1.55-dək artıb.
2024-cü ildə Q1 indeksli elmi jurnallarda elmi nəşr sayı 1600-dən çox, Q2 indeksli elmi jurnallarda isə 750-dən çox elmi nəşr əks olunub. Q1 indeksli jurnallarda məqalə sayı Q2 indeksli jurnallarda əks olunan məqalə sayından təxminən 2.14 dəfə çox olub.
“Scopus AI” – süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı
Cari ilin avqust ayında Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib. “Elsevier” şirkəti tərəfindən yaradılmış sistem 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.
SABAH qrupları layihəsi
Hazırda SABAH qrupları 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, 4225 tələbəni, bu ilin məzunları da daxil olmaqla ümumilikdə bakalavriat və magistratura səviyyələri üzrə 6842 məzunu əhatə edir. Qeyd edilən tələbə sayına SABAH qrupları layihəsinin modeli əsasında beşinci ildir ki fəaliyyət göstərən Azərbaycan İdman Akademiyasının xüsusi istedadlı tələbələri də daxildir.
2024-2025-ci tədris ili üzrə 3 yeni ali təhsil müəssisəsində (Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti, Sumqayıt Dövlət Universiteti) SABAH qrupları layihəsi çərçivəsində tələbə qəbulu aparılıb.
2024-2025-ci tədris ili üzrə SABAH qrupları layihəsinin bakalavriat səviyyəsində 4 yeni ixtisas, magistratura səviyyəsində isə 5 yeni ixtisaslaşma üzrə tələbə qəbulu elan edilib. Ümumilikdə bu tədris ilində SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə isə 512 tələbə qəbul olub. Hazırda SABAH qruplarında 4225 tələbə təhsil alır.
SABAH qrupları üzrə 2014-2024-cü illər ərzində məzunlar da daxil olmaqla tələbə sayı 11 067 nəfəri əhatə edir.
“SABAH qrupları” layihəsi Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan İdman Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Musiqi Akademiyası, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində həyata keçirilir.
Orta ixtisas təhsili müəssisələrində monitorinqlər
Cari ildə 30-a yaxın orta ixtisas təhsili müəssisəsində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı kolleclərdə tədris prosesinin təşkilində, eləcə də idarəetmədə müəyyən edilən nöqsanlar nəticəsində bir sıra kolleclərin rəhbər şəxsləri barədə müvafiq intizam tənbeh tədbirləri görülüb, 9 direktor və 8 direktor müavini ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib.
Əlavə təhsil müəssisələrinə lisenziya verilməsi
Cari ildə 9 müəssisəyə baxış keçirilib, onlardan 3-ü barədə müsbət, 4-ü barədə mənfi qərar qəbul edilib. 2 müəssisənin isə sənədləri hazırda baxılma mərhələsindədir.
Tələbələrin yerdəyişməsi
2024-2025-ci tədris ili üçün ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.
Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 1000-dən çox müraciət
2024-2025-ci tədris ilində HTP çərçivəsində Macarıstanda 129, Çində 28, Latviyada 8, Qazaxıstanda 7, Türkiyədə 6 (YTB xətti ilə doktorantura üzrə), Rusiyada (MGIMO) 5, Rumıniyada 2, Slovakiyada 1, ümumilikdə isə 188 Azərbaycan vətəndaşı dünyanın 9 müxtəlif ölkəsinə aid 56 ali təhsil müəssisəsində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində dövlət hesabına təhsil
Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Xarici İşlər Nazirliyi ilə Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına 2024-2025-ci tədris ili üzrə müraciət etmiş 47 ölkədən yüzlərlə namizəd sırasından 35 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb.
Seçilmiş namizədlər əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti olmaqla Azərbaycanın 10 ali təhsil müəssisəsində bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura, rezidentura, doktorantura təhsil səviyyələrində təhsil almaq hüququ qazanıblar.
Dünyanın 105 ölkəsindən 11 000-ə yaxın əcnəbi tələbə
Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Ötən tədris ilinə nisbətdə təhsil alan əcnəbi tələbə sayında 10 faiz artım olub.
Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.
HTP çərçivəsində 5 fərqli ölkədən 109 əcnəbi tələbə
2024-2025-ci tədris ili üzrə Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Serbiya Respublikası və Rumıniyadan olan 47 əcnəbi tələbə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Ötən ilə nisbətdə təhsil almaq hüququ qazananların sayında 62% artım qeydə alınıb, 2 yeni ölkədən - Serbiya, Rumıniyadan tələbə qəbulu aparılıb.
HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Serbiyadan olan 109 əcnəbi tələbə hazırda ölkəmizin ali təhsil müəssisələrində təhsil alır.
Təhsil qrantı proqramları ilə 50-yə yaxın ölkədən beynəlxalq tələbə
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.
Qeyd olunan təhsil qrantı proqramları çərçivəsində 50-yə yaxın ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər.
Ali təhsil müəssisələrinin beynəlxalq reytinq göstəricilərində irəliləyişi
3 ali təhsil müəssisəsi QS qlobal reytinqinə (“QS World University Rankings”) daxil olub və son 5 ildə ilk dəfə Bakı Dövlət Universiteti QS qlobal reytinqində yenidən TOP 1000-də təmsil olunub.
4 ali təhsil müəssisəsi QS sahələr üzrə reytinqdə (“QS Subject Ranking”) təmsil olunub – 2 ali təhsil müəssisəsi TOP 150-də yer alıb. İlk dəfə 7 ali təhsil müəssisəsi QS Dayanıqlılıq (“QS Sustainability Ranking”) reytinqinə daxil olub. Ötən ilə nisbətən bu göstərici 3.5 dəfə artıb.
9 ali təhsil müəssisəsi QS Avropa (“QS Europe Ranking”) reytinqində təmsil olunub.
“Times Higher Education” (THE) qlobal reytinqində (“The World University Rankings”) 2 ali təhsil müəssisəsi təmsil olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilk dəfə bu reytinqə daxil olub.
“The Impact” reytinqində (“The Impact Rankings”) ilk dəfə olaraq 18 ali təhsil müəssisəsi təmsil olunub və Azərbaycan universitetlərinin sayı əvvəlki ilə nisbətən 2 dəfədən çox artıb.
İlk dəfə elan olunan THE fənlərarası elm (“THE Interdisciplinary Science Ranking”) reytinqində 3 ali təhsil müəssisəsi TOP 500-də yer alıb. Eyni zamanda, digər reytinqlərdə (RUR, Greenmetric və s.) də Azərbaycan ali təhsil müəssisələrinin sayı artıb və mövqeyi irəliləyib.
“Hənifə Məlikova – Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı
Proqram Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilir. Təqaüd proqramı çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən və həssas qruplardan olan tələbə qızlar təhsil müddəti ərzində aylıq 200 manat məbləğində təqaüd ilə təmin olunur. 2022-2023-cü tədris ili ərzində təqaüd alan qızların sayı 25 nəfər idi. 2024-cü ildə bu say 181 nəfərə çatıb.
“Zərif mühəndislər” təqaüd proqramı
“Zərif mühəndislər” təqaüd proqramı Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupu tərəfindən həyata keçirilir. Layihənin məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan aztəminatlı ailələrdən olan tələbə qızların təhsilinə, mühəndislik sahəsində peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər təqaüd almaqla yanaşı təcrübə və təlim proqramlarından yararlanmaq imkanını əldə edib.
“Parla” təqaüd və inkişaf proqramı
Təhsilin İnkişafı Fondunun “NEQSOL Holding” ilə tələbə qızlar üçün elan etdiyi təqaüd proqramıdır. İki qurum arasında əməkdaşlığa əsasən Azərbaycanda hər il 50 tələbə qız üçün “Parla” təqaüd və inkişaf proqramı həyata keçirilir. 28 dekabr 2023-cü il tarixində 674 müraciət arasından ilk 50 nəfər qalib müəyyən edilib. Beləliklə, 2024-cü ilin yanvar ayından etibarən 50 nəfər xanıma 200 manat məbləğində təqaüd verilir. Onlardan 5-i şəhid yoldaşıdır.
3 sentyabr 2024-cü il tarixində “Parla” təqaüd və inkişaf proqramının ilk məzun günü keçirilib, 14 nəfər tələbə qız proqramdan məzun olub.
Qeyd edək ki, həmin tələbələrdən 4-ü “NEQSOL Holding” və şirkətlərində işlə təmin olunub. 2025-ci il yanvar ayından “Parla” təqaüd və inkişaf proqramı çərçivəsində iştirakçıların sayı 86 olacaq.
“4Sİ Akademiyası” layihəsi
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, ABŞ-nin “Coursera” şirkəti ilə birgə keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində bilik və bacarıqlarını artırmaq istəyən 10 minə yaxın şəxs “Coursera” platformasının təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşularaq beynəlxalq sertifikatlar əldə edib.
“Maya Hacıyeva adına İKT bacarıqları”
Təqaüd proqramının məqsədi qadınların informasiya texnologiyaları və yüksək texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır. Layihə Təhsilin İnkişafı Fondu və “Women In Tech” təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilir. Təqaüd Fondun maliyyə dəstəyi ilə yanaşı fiziki və hüquqi şəxslər tərəfindən sözügedən layihəyə köçürülmüş ianələr, qrantlar və ya digər daxilolmalar hesabına ayrılacaq. Proqrama 482 nəfər Azərbaycan vətəndaşı olan 15-40 yaş aralığında olan qadınlar müraciət edib, onlardan 30 nəfər təqaüd qazanıb.
TələbəPlus
“TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
Tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, promokod və endirimlərindən yararlana biləcəklər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və digər məkanlarda müəyyən güzəştlər ediləcək. Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170 000 tələbə “TələbəPlus” kartı ilə təmin edilməkdədir.
Ümumi təhsil müəssisələrin təmir və tikintisi
Təhsilin İnkişafı Fondunun əsas fəaliyyət istiqamətlərindən biri olan “təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqaməti sahəsində fond və “Silk Vey Vest aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında ümumi təhsil müəssisələrinin tikintisinin həyata keçirilməsinin dəstəklənməsi nəzərdə tutulub. Hesabat dövründə 6 məktəbdə tikinti işlərinə başlanılıb. 5 məktəb Abşeronda, 1 məktəb isə Kürdəmirdə yerləşir.
“Məktəblərə kitab ianəsi”
“Məktəblərə kitab ianəsi” Təhsilin İnkişafı Fondunun “İnci Group of Companies” şirkəti ilə əməkdaşlığı çərçivəsində reallaşır. Region məktəblərinə klassik dünya və Azərbaycan ədəbiyyatı ilə bağlı kitabların ianə edilməsi məqsədilə baş tutan layihə çərçivəsində 2023-cü ilə Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara və Quba-Xaçmaz Regional Təhsil idarələrinin məktəblərinə 4800 kitab ianə edilib. 2024-cü ildə əlavə 5000 kitab digər region məktəblərinə ianə edilib.
“Universitetlərin elmi-pedaqoji heyət üzvləri və tələbələrin IELTS imtahanına təşviq edilməsi” layihəsi
2022-ci ildən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi” layihəsi icra olunur. 2022-2023-cü illərdə layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300 nəfər akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. 2022-2023-cü illərdə layihənin tərəfdaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Slavyan Universiteti olub.
2024-cü il ərzində Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti ilə layihə çərçivəsində müqavilə imzalanıb. Beləliklə, 451 nəfərin imtahan ödənişi fond tərəfindən qarşılanıb.
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”
2024-cü ildə Təhsilin İnkişafı Fondu ilə Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı” təsis edilib. Proqrama ölkə üzrə bütün ali təhsil müəssisələrinin I kursunda bakalavriat təhsili alan tələbə oğlan və qızlar müraciət edə bilərlər. Proqram çərçivəsində bütün mərhələlərdən uğurla keçən 23 tələbə 2025-ci ildən etibarən aylıq 200 manat məbləğində təqaüd qazanmaq imkanı əldə edəcəklər.
Təhsil tələbə krediti
Bu günədək 46 252 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Onlardan 16 024-ü sosial, 30 228-i standartdır. Kredit alanlardan 28 053-ü qadın, 18 199-u kişidir. Rəsmiləşdirilən kreditlərdən 32 389-u bakalavriat, 11 325-i magistratura, 2 371-i orta ixtisas, 167-si peşə təhsil pilləsinə aiddir.
Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə, 1313 TTK müqaviləsi üzrə 25 və 50 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 435 min manata yaxın vəsait bağışlanıb.
Xarici kvalifikasiyaların tanınması
Cari ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı 6013 müraciət üzrə ekspertiza həyata keçirilib. Ekspertiza nəticəsində 4891 müraciət üzrə müsbət rəy verilib və müraciət edənlərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. Digər 1122 müraciət üzrə mənfi rəy verilib və müraciət edənlərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ölkələrin siyahısı:
Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296), Birləşmiş Krallıq (189).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (127), Ukrayna Milli Mülki Müdafiə Universiteti (119), Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti (103), İstanbul Universiteti (90), S.Kuznets adına Xarkov Milli İqtisad Universiteti (87).
Xarici kvalifikasiyaların tanınması üzrə ən çox müraciət olunan ixtisasların siyahısı:
Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarəedilməsi, tibb.
Qeyri-formal və informal təcrübənin tanınması
2024-cü il ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 6 yeni peşə ixtisası (“Avtomobil mühərrikləri yığıcısı”, “Kargüzar”, “Mühafizəçi”, “Poliqrafiya üzrə dizayner”, “Kompüter operatoru”, “İnşaat ustası”) üzrə qiymətləndirmə və tanınma həyata keçirilib. Qeyri-formal və informal təhsil üzrə qiymətləndirmə və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 20-dən 26-ya çatdırılıb.
Cari il ərzində ümumilikdə 240 nəfər ərizəçi biliklərin qiymətləndirilməsi mərhələsinə cəlb edilib. Onlardan 192 nəfər məqbul hesab edilərək ikinci mərhələyə keçib, 48 nəfər isə qeyri-məqbul alıb. İkinci mərhələ üzrə bacarıq, təcrübə və səriştələrin qiymətləndirilməsi davam edir.
Akkreditasiya qiymətləndirilməsi
Ali təhsil səviyyəsində:
Ölkə üzrə 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Qrafikə uyğun olaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU) institusional akkreditasiya qiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (ADİU Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub.
Adları qeyd edilən ATM-lərdən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024-2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il üçün uzadılması, həmçinin 1 ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub. 2024-cü təqvim ilinin ikinci yarısından etibarən NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında isə institusional akkreditasiya üzrə yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən formalaşmaqdadır.
Dövlət tərəfindən maliyyələşdirilən ikili diplom proqramlarının 4 ali təhsil müəssisəsi üzrə (ADPU-CVU, ADAU-Ege, BMU-İNHA, ADA-CVU) 3 ixtisaslaşma və 8 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılaraq Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında bu proqramların 2024-2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə proqram akkreditasiyasından keçməsinə dair qərar qəbul olunub.
14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib. 3 ali təhsil müəssisənin (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) nəticələri barəsində Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında sözügedən ATM-lərdə təkrar akkreditasiya zərurətinə dair qərar qəbul olunub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavriat səviyyəsində tədris olunan 2 ixtisas (inşaat mühəndisliyi və nəqliyyat tikintisi mühəndisliyi), magistratura səviyyəsində tədris olunan 1 ixtisas (inşaat mühəndisliyi), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat səviyyəsində tədris olunan 3 ixtisas (operator sənəti, aktyor sənəti və teatrşünaslıq) və Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsində tədris olunan 1 ixtisas (idman menecmenti və kommunikasiya), magistratura səviyyəsində tədris olunan 2 ixtisasın (idman tibbi və reabilitasiya və idman menecmenti) beynəlxalq səviyyədə proqram akkreditasiya qiymətləndirilməsi nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında qərar qəbul edilib.
Peşə təhsili səviyyəsində:
Peşə təhsili müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları hazırlanıb və Elm və Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilib.
4 peşə təhsil müəssisəsinin (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) institusional akkreditasiya qiymətləndirməsinin sahə baxışı həyata keçirilib, yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən formalaşmaqdadır.
Dövlət Proqramı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. Bu proqramlar üzrə ümumilikdə qəbul olan tələbə sayı 1041, məzun sayı isə 252 nəfər olaraq müəyyən edilib.
Beynəlxalq ikili diplom proqramları:
Bakalavriat səviyyəsində:
Bakı Mühəndislik Universiteti və Koreya Respublikasının İnha Universiteti ilə mühəndislik ixtisasları üzrə (informasiya texnologiyaları, elektronika mühəndisliyi, elektrik mühəndisliyi, inşaat mühəndisliyi) təhsil almaq hüququ qazananların sayı 400, məzun sayı isə 61 nəfər olub.
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti ilə mühəndislik ixtisasları üzrə (aqromühəndislik, bitki mühafizəsi, iqtisadiyyat, aqronomluq) təhsil almaq hüququ qazananların sayı 330, məzun sayı isə 39 nəfər olub.
Magistratura səviyyəsində:
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universitetinin ikili diplom proqramının təhsil və insan kapitalının inkişafı ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 127, məzun sayı 83 nəfər olub.
ADA Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə kompüter elmləri və verilənlərin analizi, elektrik mühəndisliyi ixtisasları üzrə təhsil almaq hüququ qazananların sayı 124, məzun sayı 69 nəfər olub.
Bakı Dövlət Universiteti və İsrailin Yerusəlim İbrani Universiteti arasında biotexnologiya ixtisasında təhsil almaq hüququ qazananların sayı 20 nəfər olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İngiltərənin Vorvik Universiteti ilə bərpa olunan enerji mənbələri ixtisası üzrə təhsil almaq hüququ qazananların sayı 40 nəfər olub.
“2019-2023 Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə 7 prioritet ixtisas istiqaməti üzrə dünyanın 23 ölkəsinə aid 106 universitetdə 284 nəfər təhsil almaq hüququ qazanıb. 5 nəfər isə təhsilini uğurla başa vuraraq ölkəyə qayıdıb.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir. Proqram çərçivəsində dünyanın 21 ölkəsinə aid 151 ali təhsil müəssisəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.
Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan 13 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
Proqram çərçivəsində dünyanın 14 ölkəsinə aid 64 ali təhsil müəssisəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 186 nəfər Dövlət Proqramı məzunu adını qazanıb. Məzunlardan 46%-i dövlət, 54%-i özəl sektorda olmaqla, 132 nəfər hazırda əmək fəaliyyəti ilə məşğuldur.
Ölkə Prezidentinin Sərəncamı ilə dəyişiklik edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib. Proqrama doktorantura səviyyəsi əlavə olunub, kvota sayı 500 nəfər müəyyənləşib. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Vətəndaş müraciətləri
2024-cü il ərzində Elm və Təhsil Nazirliyi və tabe qurumlarına ümumilikdə 45470 yazılı vətəndaş müraciəti daxil olub.
“ASAN xidmət” mərkəzlərində elm və təhsil xidmətləri
2024-cü il ərzində bütün respublika üzrə elm və təhsil xidmətləri göstərən "ASAN xidmət” mərkəzlərində 35 653 vətəndaşa təhsil xidmətləri göstərilib.
“myGov” platformasına inteqrasiya
Daha 1 xidmət (“Peşə təhsili sənədləri haqqında məlumatlarım”) “myGov” platformasına inteqrasiya edilib.
146-Çağrı Mərkəzinin fəaliyyətinin genişləndirilməsi
2024-cü ildə 5 regional təhsil idarəsinin, Qarabağ Universitetinin və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Çağrı xətləri istifadəyə verilib:
Qazax-Tovuz RTİ – 146-0-8 xətti
Şirvan-Salyan RTİ – 146-0-9 xətti
Dağlıq-Şirvan RTİ – 146-0-10 xətti
Qarabağ Universiteti – 146-6-1 xətti
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi – 146-10 xətti
Şəki-Zaqatala RTİ – 146-0-11 xətti
Şərqi Zəngəzur RTİ – 146-0-12 xətti
2024-cü il ərzində bütün çağrı xətləri üzrə daxil olan zənglərin sayı: 507983
Elm və təhsil xidmətlərinin Dövlət Xidmətlərinin Elektron Reyestrinə əlavə olunması
“Cari təhsil almaqla bağlı təhsil arayışlarının (peşə təhsili, orta ixtisas təhsili və ali təhsil) əldə edilməsi” adlı yeni xidmət əlavə edilib.
5 xidmət yenilənib
Dövlət Xidmətlərinin Elektron Reyestrində olan 39 xidmət ingilis dilinə tərcümə edilərək portala yerləşdirilib.
28.12.2024 - 12:00
Digər xəbərlər
-
Elm və təhsil naziri daha bir neçə rayonun məktəb direktorları ilə görüşüb
28.12.2024 - 17:44 -
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb
28.12.2024 - 16:40 -
Azərbaycan IELS 2025-in əsas mərhələsində iştirak edir
28.12.2024 - 14:48 -
2024-cü təqvim ili rəqəmlərdə - HESABAT
28.12.2024 - 12:00 -
Apellyasiya Şurasının növbəti iclası keçirilib
24.12.2024 - 17:00