Yanvarın 11-dən 29-dək ABŞ Dövlət Departamenti tərəfindən “ABŞ-da universitetlərin idarə olunması” mövzusunda təşkil olunmuş Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali məktəblərin nümayəndələri iştirak ediblər.
Xarici Qonaqlar Liderlik Proqramında Azərbaycanı Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin Əlavə təhsil sektorunun müdiri Zöhrab Kəlbəliyev, İqtisadiyyat şöbəsinin Plan-maliyyə sektorunun müdiri Vüqar Əsgərov, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru Dünyamin Yunusov, Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aygül Hacıyeva və Azərbaycan Diplomatik Akademiyasının Tələbələrə xidmət şöbəsinin əlaqələndiricisi Rəna Rzayeva təmsil ediblər. Səfər müddətində iştirakçılar ABŞ-ın Vaşinqton şəhərində, Merilənd, Alabama, Kaliforniya, Kanzas və Missuri ştatlarında olub, təhsil departamentlərində ali təhsillə bağı fəaliyyət göstərən bir sıra dövlət qurumları və qeyri-hökümət assosiasiyalarında, ABŞ-ın 12 kollec və universitetlərində təşkil olunmuş 30-dan çox görüşlərə qatılıblar. Bu müddətdə iştirakçılar ali təhsilin strukturu, idarəedilməsi, maliyyələşdirilməsi, müəllim heyəti və tələbələr qarşısında duran məsələlər haqqında məlumatlar əldə ediblər. Bununla yanaşı, proqram iştirakçıları ABŞ-da kollec və universitetlərin akkreditasiya sistemi, ali təhsil siyasətinin təbliğində qeyri-hökümət təşkilatları və peşəkar assosiasiyaların rolu barədə məruzələr dinləyib və müzakirələr aparıblar. Səfər müddətində iştirakçılar həmçinin Vaşinqton, Montqomeri, San-Fransisko və Nyu-York şəhərlərinin tarixi və mədəni abidələri, parkları və muzeyləri ilə tanış olublar. Səfərin sonunda iştirakçılara ABŞ Dövlət Departamentinin Təhsil və mədəniyyət məsələləri bürosunun xarici qonaqlar idarəsi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
Fevralın 9-da “Landmark” otelində Təhsil Nazirliyi və “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə informasiya texnologiyalarının tətbiqi” mövzusunda birgə konfransı keçirilib.
Konfransda “Ultra”, “İntel”, HP şirkətlərinin və “Mədəd” humanitar təşkilatının nümayəndələri, paytaxt məktəblərinin, eləcə də ölkəmizin müxtəlif bölgələrindəki bir sıra təhsil müəssisələrinin direktorları və qabaqcıl müəllimləri iştirak ediblər. Tədbiri “Microsoft Azərbaycan” şirkətinin “Təhsildə əməkdaşlıq” proqramının meneceri E.Axundov açaraq bir sıra məsələlərin geniş müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələrinin açıqlanacağını bildirib. Qeyd olunub ki, müsabiqə Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na müvafiq olaraq keçirilib. Müsabiqədə paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən 200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala vəsiqə qazanıb. Həmin finalçılar arasından I, II, III yerləri tutan qaliblər müəyyənləşdirilib. Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Təhsil naziri keçirilən tədbirin vacibliyini diqqətə çatdıraraq “Microsoft” şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan danışıb, bu şirkətin ölkəmizdə təhsillə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə yaxından köməklik göstərdiyini qeyd edib. Eyni zamanda nazir bildirib ki, ölkəmizdə müvafiq sahə üzrə fəaliyyət göstərən digər şirkətlər də təhsildə İKT-nin tətbiqi işində fəallıq göstərirlər. Bunu müsbət hal kimi dəyərləndirən nazir təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində mühüm işlərin görüldüyünü qeyd edib. Çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayan Misir Mərdanov belə tədbirlərin təhsil işçiləri üçün faydalı və əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirdə “İnnovativ müəllimlər” müsabiqəsinin nəticələri açıqlanıb, II-III yerin qaliblərinə DVD pleyer və noutbuklar hədiyyə edilib. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu il martın sonunda Almaniyada keçiriləcək Avropa İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil edəcək.
08/07/2015 16:52
Fevralın 10-da təhsil naziri Misir Mərdanov Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviç də iştirak edib. Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq Azərbaycanla Belarus arasında təhsil sahəsində əməkdaşlığın inkişafı istiqamətində atılan addımlardan danışıb və bu əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib. Səfir Nikolay Pastkeviç səmimi qəbul üçün Misir Mərdanova minnətdarlığını bildirib və görüşdə iştirak edən qonaqları nazirə təqdim edib. Sonra Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin rektoru Baturoy Mixail Pavloviç rəhbərlik etdiyi təhsil ocağı, burada tətbiq olunan yeniliklər və gələcək planlar barədə geniş məlumat verib. Rektor, eyni zamanda təhsil naziri Misir Mərdanovun Belarus təhsil sistemi ilə bağlı bir sıra suallarına aydınlıq gətirib. Azərbaycanla Belarus arasında təhsil sahəsindəki mövcud əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunan təhsil naziri Misir Mərdanov azərbaycanlı gənclərin Belarus universitetləri barədə ətraflı məlumata malik olmaları məqsədilə gələcəkdə ölkəmizdə müvafiq təhsil sərgisinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında qonaqlara məlumat verib, azərbaycanlı gənclərin Belarus ali təhsil müəssisələrində təhsil almalarının önəminə diqqət çəkib. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətləri, kadr hazırlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı
Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsil səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası məqsədilə QƏRARA ALIRAM: 1. 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilsin. 2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunsun. 3. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. 4. Müəyyən edilsin ki: 4.1. dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir; 4.2. hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir; 4.3. Azərbaycan Respublikası Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir; 4.4. ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki: 5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin; 5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişi ilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin; 5.3. ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etsin; 5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 7. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılsın ki: 7.1. 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin; 7.2. dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 10 fevral 2010-cu il.
08/07/2015 16:52
Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin II mərhələsinin başa çatmasına dair dəyirmi masa keçirilib.
Tədbirdə təhsil nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru, professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə tədris olunan «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar məlumat verib və ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda təşkil olunan treninqlərdən danışıb. Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd edib və bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirib. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən nazir AMİ-də «Təhsilin əsasları» fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürüb və bu işlərin həyata keçirilməsində maddi-texniki cəhətdən çətinlik olarsa, Təhsil Nazirliyi tərəfindən köməklik göstəriləcəyini vurğulayıb. Misir Mərdanov müəllimlər tərəfindən «Təhsilin əsasları» fənninin tədrisi metodikasına dair məqalələrin hazırlanıb «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını da tövsiyə edib. Tədbirdə iştirak edən «Təhsilin əsasları» fənnini tədris edən müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, «Təhsilin əsasları» fənninin tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu fənnin interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin özündən asılıdır. Sonda təhsil naziri Misir Mərdanov tərəfindən «Təhsilin əsasları» fənninin tədrisinə dair təşkil olunmuş təlim kurslarının II mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırıb. Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü ildən fəaliyyətə başlamış Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni qiymətləndirmə sisteminin işlənib hazırlanması olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin təmin olunması, qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi və digər mühüm məsələlərdən söz açıb. Şöbənin fəaliyyət planında nəzərdə tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva 2004-2005-ci tədris ilində beynəlxalq qiymətləndirmə sahəsində görülən işlər barədə fikirlərini bildirib. Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində Xətai və İmişli rayonlarının məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi, 172 məktəbin 5011 şagirdinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin aparılması məsələlərinə toxunub. 2006-2007-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının Bakı şəhərinin Xətai, Səbail rayonlarını, Təhsil Nazirliyinə tabe olan məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu əhatə etdiyini söyləyən Təranə Hacıyeva imtahanlarda iştirak edən 11866 şagirddən 10865-nin, yəni 91,56 faizinin müsbət qiymət aldığını vurğulayıb. Ötən il respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən, əvvəlki dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini diqqətə çatdıran Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri onu da bildirib ki, qazanılan təcrübə bu istiqamətdəki işlərin gələcəkdə daha yaxşı təşkilinə yol açır. Milli və beynəlxalq qiymətləndirmə sahəsində həyata keçirilən tədbirlərin ilkin nəticələrindən söz açan Təranə Hacıyeva onu da qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı müəyyənləşdirməkdən ibarətdir. Azərbaycanda təhsil islahatlarının uğurla nəticələnməsi üçün mütərəqqi yeniliklərin tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu baxımdan beynəlxalq və milli qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə diqqətin artırılmasını gərəkli hesab etdiyini bildirib. Nazir onu da qeyd edib ki, bu barədə ölkənin təhsil ictimaiyyətində daha aydın təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə diqqət artırılmalı, bu istiqamətdə zəruri tədqiqatların aparılması təmin olunmalıdır. Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq təkliflər səsləndirilib.
08/07/2015 16:52
Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası fəaliyyətə başlayıb.
“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının əsas məqsədi elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, onların təhsil portalında yerləşdirilməsi və daha effektiv formada tətbiqidir. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin informasiyalaşdırılması idarəsi əlaqələndirəcəkdir. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, “Mədəd” humanitar təşkilatı, Microsoft Azərbaycan şirkəti, Azedunet təşkilatı, müəllimlər və qeyri-hökumət təşkilatları daxildir. Şuranın əsas vəzifələri sırasına bütün orta məktəb kurikulumlarına aid fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlərin işlənməsi və yayımı üzrə tövsiyələrin hazırlanması, elektron tədris və metodiki resurslar kataloqunun yaradılması, təhsil portalında yerləşdirilməsi üzə tövsiyələrin verilməsi, beynəlxalq standartlara uyğun elektron təhsil resurslar bazasının yaradılması, təhsil müəssisələrinin elektron resurs standartlarının və normativlərinin hazırlanmasına dair təkliflərin irəli sürülməsi və digər məsələlər daxildir.
08/07/2015 16:52
Fevralın 18-də “Uşaq Qaynar Xətt” xidmətinin (telefonlar (012) 480-22-80; 050-680-22-80; e-mail ünvanı: yardim@qaynarxett.az; yardim@usaqxett.az) açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək xidmətin işinə uğurlar arzulayıb. Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım və dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə, eləcə də təxirəsalınmaz köməyin göstərilməsidir. Bu xidmətdən dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan, işləyən, istismara, zorakılığa məruz qalan, psixoloji problemlərlə üzləşən, fiziki və əqli cəhətdən qüsurlu, qaçqın və məcburi köçkün, habelə böhranlı ailələrdən olan, hüquqları pozulmuş, xüsusi qayğıya, müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilərlər. Verilən məlumata görə ötən il QHT Alyansı və bu qurumun üzvü olan “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Azercell Telekom”-un maliyyə dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin yaradılması ilə bağlı təşəbbüs göstərilib. «Uşaqların Xilası» və «Dünyaya Baxış» beynəlxalq təşkilatları da xidmətin fəaliyyətə başlaması üçün köməklərini əsirgəməyiblər. Bundan sonra xidmətdə çalışacaq əməkdaşlar üçün təlim kursları təşkil edilib, müvafiq beynəlxalq təcrübə öyrənilib və sayt (www.childhelpline.az) hazırlanıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətinə daim xüsusi önəm verən Təhsil Nazirliyi “Uşaq Qaynar Xətt” xidməti üçün yer ayırıb və lazımi texniki dəstək göstərib. “Uşaq Qaynar Xətt” xidmətinin açılmasının əhəmiyyətini qeyd edən təhsil naziri Misir Mərdanov bu işdə xidməti olan, zəruri maddi və texniki dəstəyi göstərən bütün ictimai qurumlara, təşkilat və şirkətlərə minnətdarlığını bildirib. Belə bir xidmətin yaradılmasının xeyli müddətdir ki, gözlənildiyini vurğulayan nazir bu gün Azərbaycanın müasir dünya və Avropa ölkələrinə inteqrasiyası istiqamətində növbəti addımın atıldığını nəzərə çatdırıb. Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verən nazir sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin, sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması məqsədilə günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin açıldığını, Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq konfransın keçirildiyini, bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradıldığını söyləyib. Misir Mərdanov hələlik ancaq Bakı şəhərini əhatə edən xidmətin gələcəkdə bölgələrdə, xüsusilə daha çox problemləri olan rayonlarda da təşkil olunacağına inamını ifadə edib və mərkəzin əməkdaşlarına uğurlar arzulayıb. “Azercell Telekom” MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar. Onu da qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən uşaqların anonimliyi qorunacaq və yalnız uşağın özünün arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən edilən zənglər ödənişsizdir.
08/07/2015 16:52
Fevralın 22-dən 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcək.
Fevralın 22-dən 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcək. “Microsoft” şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın əsas məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir. Seminarda “Tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “Öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “Tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları barədə də danışılacaq. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin “Microsoft Azərbaycan” şirkəti ilə imzaladığı “Təhsildə Əməkdaşlıq” Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan nümayəndə heyəti də bu seminarda iştirak edəcək. Ölkəmizi seminarda Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edəcəklər.
08/07/2015 16:52
Fevralın 20-də Xırdalan şəhər mədəniyyət evində Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olunub.
Yubiley mərasimində bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri ziyalılar, məktəbin məzunları və pedaqoji kollektivi, KİV nümayəndələri iştirak ediblər. Öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən film nümayiş olunub. «Butafilm» studiyasının hazırladığı «Dağların ziyalı yaddaşı» filmində Minkənd məktəbinin təşəkkülü və inkişaf yolundan, tədris ocağının təhsilin inkişafında, ziyalıların yetişməsindəki rolundan söhbət açılıb. Mərasimi giriş sözü ilə açan Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir iştirakçılarını salamlayıb məktəbin yubileyinin keçirilməsi təşəbbüslərinə dəstək vermiş müvafiq dövlət qurumlarının rəhbərlərinə, Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edən R.Cəbrayılov yubiley ərəfəsində Minkənd kənd orta məktəbinin iki müəlliminin «Tərəqqi» medalı ilə təltif olunmasını, bir müəllimin isə «Əməkdar müəllim» fəxri adına layiq görünməsini nəinki yubilyar məktəbin pedaqoji kollektivinin, bütövlükdə Laçının təhsil ictimaiyyətinin, rayon ziyalılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı Minkənd məktəbinin məzunları arasında 10 elmlər doktoru, 22 elmlər namizədi olduğunu vurğulayıb. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısının qaçqın və köçkünlərə göstərdiyi qayğıdan, onların sosial problemlərinin həlli, o cümlədən də təhsil şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər atılmış addımlardan bəhs edib. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Minkənd kənd məktəbinin yubileyinin yüksək təntənə ilə keçirilməsini, bu münasibətlə düzənlənən mərasimdə dövlət rəsmilərinin, milli məclis üzvülərinin, ölkənin tanınmış ziyalılarının iştirakını təhsilə, məktəbə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Müvafiq təşəbbüslə çıxış etmiş Laçın və mərasimin təşkilinə kömək göstərmiş Abşeron rayonlarının icra başçılarına təşəkkür edən nazir belə bir yubileyin keçirilməsinin Azərbaycan mədəniyyətinin, təhsil tarixinin zənginliyini dünyaya göstərmək baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Misir Mərdanov Minkənd məktəbinin təhsilimizin inkişafı tarixindəki rolunu xüsusi vurğulayaraq qeyd edib ki, vaxtilə Azərbaycan Demokratik Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi 100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu məktəbin məzunu olub. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində görülmüş böyük işlərə toxunaraq ölkəmizdə son illər ərzində 2000-dən çox yeni məktəb binasının və əlavə korpusun tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter düşən məktəblərdə indi 20 şagirdin 1 kompüterlə təmin olunduğunu, təhsilin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş işlərin uğurla davam etdirildiyini, təhsilin, elmin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində məqsədyönlu addımlar atıldığını nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda 120 yaşlı Minkənd məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim edib. Daha sonra yubilyar məktəbin məzunu, BDU-nun professoru Maarif Cəfərov çıxış edib, təhsil ocağının inkişaf yolu barədə söz açıb. Tədbirdə bir sıra rayonların icra hakimiyyətləri tərəfindən yubilyar məktəbə kompüter dəstləri hədiyyə edildiyi bildirilib, tədris ocağının bir qrup müəlliminə Laçın rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub. Yubiley tədbiri incəsənət ustalarının ifasında bədii proqramla davam etdirilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Mayın 23-də elm və təhsil naziri Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb. Görüş çərçivəsində Tacikistan Respublikası ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub. Universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23105-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıYüksək impakt faktorlu "Open Access" (açıq əlyetərli) jurnallarda məqalələrin ödənişsiz dərc imkanlarından yararlanmaq istəyən tədqiqatçılar üçün məlumatlandırıcı material təqdim olunur. Məqalələrin əlçatanlığının artırılması üzrə tövsiyələrlə tanış olmaq üçün keçid: https://www.cambridge.org/core/services/authors/promoting-your-published-paper Müqavilə meyarlarına uyğunluğunuzu yoxlamaq üçün keçid: cambridge.org/oa-waivers-and-discounts Müəssisənizin ROR qeydiyyatının olub-olmadığını yoxlamaq üçün keçid: https://ror.org/search Alimlərimizin limitsiz sayda ödənişsiz məqalə dərc imkanları ilə bağlı ən çox verilən suallar və cavabları üçün keçid: https://eatda.edu.az/melumatlar/alimlerimizin-limitsiz-sayda-odenissiz-meqale-derc-imkanlari-ile-bagli-en-cox-verilen-suallar-ve-onlarin-cavablari #EATDA #ETN #Cambridge
Ətraflı