Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirilib.
Martın 5-də Təhsil Nazirliyində ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələrinə dair kollegiya iclası keçirilib. Kollegiya iclasını giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirib ki, ötən il Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun bir sıra ümumtəhsil məktəblərinin Dövlət Proqramı çərçivəsində İKT ilə təmin olunması, onların quraşdırılması və tədris prosesində istifadəsi vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq aparılıb. 57 nəfərdən ibarət işçi qrupu yaradıldığını qeyd edən nazir onu da diqqətə çatdırıb ki, monitorinq Bakı şəhərində 304, Sumqayıtda 47, Abşeron rayonu üzrə 5, ümumilikdə isə 356 məktəbdə keçirilib. Sonra Misir Mərdanov aparılmış monitorinqin nəticələrinin ötən ilin 25 dekabrında keçirilən kollegiya iclasında müzakirə olunduğunu, 85 məktəbdə İKT ilə təchizat və tədris prosesində onun tətbiqi sahəsində ciddi problemlər aşkarlandığını vurğulayıb. Eyni zamanda həmin məktəblərdə təkrar monitorinqin keçirilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.Yanvarın ikinci ongünlüyündə təkrar monitorinq aparıldığından söz açan Misir Mərdanov ciddi nöqsanlar aşkarlanan 85 məktəbdən 56-da problemlərin həll edildiyini, vəziyyətin normal olduğunu bildirib. Nazir əlavə edib ki, 29 məktəbdə İKT avadanlıqlarının quraşdırılması və onlardan istifadə üzrə problemlərin həll edilmədiyi də məlum olub. Misir Mərdanov həmin problemlərin məktəb rəhbərliyindən asılı olmayan səbəblərdən, habelə bəzi direktorların laqeyd münasibətindən bu işin həllini tapmadığını qeyd edib. Kollegiya iclasında nazir problemlərin mövcud olduğu məktəblərin adlarını sadalamış, burada aşkarlanan faktları diqqətə çatdırmışdır. Eyni zamanda məktəb direktorlarının müvafiq sahəyə biganə yanaşdığını açıqlayaraq işə məsuliyyətlə yanaşmağın vacib şərt olduğunu xüsusi vurğulayıb. Nazir, həmçinin bu günlərdə keçirilən ikinci sınaq imtahanı barədə də danışaraq işin təşkilindən razı qaldığını bildirib. Buna baxmayaraq bir sıra nöqsanların da aşkarlandığından söz açan nazir bəzi məktəb direktorlarının müvafiq işə laqeyd yanaşmasını, neqativ hallara yol verdiklərini də vurğulayıb. Misir Mərdanov eyni zamanda qeyd edib ki, bu iş davam etdiriləcək və üçüncü sınaq imtahanı aprelin 27-də keçiriləcək. Sonda ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyətinin təkrar monitorinqinin nəticələri nəzərə alınaraq kollegiya qərarı qəbul olunub.
08/07/2015 16:52
Martın 1-də Təhsil Nazirliyində ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması üzrə görülmüş işlər və mövcud problemlərin həlli yollarına dair seminar keçirilib.
Martın 1-də Təhsil Nazirliyində ölkəmizin ali təhsil sisteminin Boloniya prosesinə qoşulması üzrə görülmüş işlər və mövcud problemlərin həlli yollarına dair seminar keçirilib. Seminarda çıxış edən təhsil naziri Misir Mərdanov Boloniya bəyannaməsi prinsiplərinin tətbiqi istiqamətində ali məktəblərimizdə həyata keçirilən tədbirlər, aparılan islahatlar barədə məlumat verib. Nazir müvafiq proses, onun əsasını təşkil edən kredit sisteminin mahiyyəti haqqında daha ətraflı məlumat əldə edilməsi üçün Təhsil Nazirliyinin Mərkəzi Aparatında, ali məktəblərdə bu mövzuda seminarların keçirilməsinin və mütəxəssislərin silsilə mühazirələr oxumasının məqsədəuyğunluğunu qeyd edib. Misir Mərdanov ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən yaradılan işçi qrupun gördüyü işlər barədə məlumat verib. Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı layihəsi üzərində işçi qrupu tərəfindən aparılan işlərin artıq başa çatdığını diqqətə çatdıran nazir burada əksini tapan istiqamətlərlə seminar iştirakçılarını tanış edib. Nazir, həmçinin müvafiq sənədin ali məktəblərə göndəriləcəyi, alınan rəy və təkliflər əsasında yenidən işlənib təkmilləşdirildikdən sonra hökumətə təqdim olunacağını bildirib. Nazir onu da əlavə edib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu il ilk dəfə olaraq 5 azərbaycanlı gənc Koreyaya göndərilib.Misir Mərdanov həmin gənclərin Bakı Dövlət Universitetində təhsil aldıqlarını açıqlayıb. Sonra məruzə üçün söz Azərbaycan Dillər Universitetinin dekanı, professor Əfqan Abdullayevə verilib. Ə.Abdullayev Boloniya prosesi və onun əsasını təşkil edən kredit sisteminin mahiyyəti, çalışdığı təhsil müəssisəsində bu istiqamətdə görülən işlər, qarşıya çıxan problemlər haqqında geniş məruzə-təqdimatla çıxış edib. Eyni zamanda kredit sisteminin tələbələrə verdiyi fayda və imkanlardan, tədris proqramlarında onlara təklif olunan fənlərin bölgüsündən söz açıb, bu sistemdə tələbələrin fənn seçiminə, müstəqil işlərinə daha çox yer ayrıldığını bildirib.
08/07/2015 16:52
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 azərbaycanlı gənc- Azər Hüseynov, Fərhad Haqverdiyev, Emil Abbasov, Rüstəm Əliyev və Nazim Mikayıllı öz təhsillərini Koreya Respublikasının Kyunq Hi Universitetində davam etdirmək imkanı qazanıblar.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5 azərbaycanlı gənc- Azər Hüseynov, Fərhad Haqverdiyev, Emil Abbasov, Rüstəm Əliyev və Nazim Mikayıllı öz təhsillərini Koreya Respublikasının Kyunq Hi Universitetində davam etdirmək imkanı qazanıblar. Onlar burada informasiya texnologiyaları ixtisasına yiyələnəcəklər. Onu da qeyd edək ki, həmin gənclər Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat, mexanika-riyaziyyat və kibernetika fakültəsinin tələbələridir. Bu təhsil müəssisəsinin şərqşünaslıq fakültəsində yapon dili ixtisasına yiyələnmiş Səyyarə Hüseynzadə və Şaiq Cəfərov isə Yaponiya dövlətinin ayırdığı təqaüd hesabına həmin ölkənin Vaseda və Tohoka universitetlərinin magistratura pilləsində təhsil alacaqlar.
08/07/2015 16:52
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə, onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalını keçirəcək.
Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə, onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalını keçirəcək. Festivalın keçirilməsində əsas məqsəd ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyət və incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda onların musiqi sahəsindəki istedadlarını üzə çıxararaq inkişaf etdirməkdir. Məlumat üçün qeyd edək ki, bədii-yaradıcılıq festivalı cari ilin mart-aprel aylarında keçiriləcək. Mayın 1-də isə festival qaliblərinin konserti təşkil olunacaq.
08/07/2015 16:52
Fevralın 28-də “Excelsior” otelində Təhsil Nazirliyi, “İntel təhsil” və “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi “Təhsildə İKT: müəllimlər və texnologiyalar” mövzusunda seminar keçirib.
Fevralın 28-də “Excelsior” otelində Təhsil Nazirliyi, “İntel təhsil” və “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi “Təhsildə İKT: müəllimlər və texnologiyalar” mövzusunda seminar keçirib. Seminarı “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyinin rəhbəri Emil Məmmədov açaraq iştirakçıları salamlayıb və sözü təhsil naziri Misir Mərdanova verib. Nazir son zamanlar İKT-nin tətbiqi sahəsi üzrə tədbirlərin tez-tez təşkil olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək seminarın mövcud istiqamətdə aparılan işlərin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Nazir bildirib ki, müasir dövrdə hər bir ölkənin intellektual və elmi potensialı, sosial-iqtisadi inkişafın ən vacib göstəriciləri məhz İKT-nin tətbiqi səviyyəsi ilə təyin edilir. Misir Mərdanov son 3 ildə Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışaraq bu sahədə qarşıda duran vacib məsələləri diqqətə çatdırıb. Təlim prosesində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edən və mövcud istiqamətdə öz peşəkarlığı ilə seçilən informatika, eləcə də fənn müəllimlərinin adlarını qeyd edən nazir onların sayının daha çox olması məqsədilə bir sıra stimullaşdırıcı tədbirlərin həyata keçiriləcəyini xüsusi vurğulayıb. “Ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı” idarəetmə qrupunun rəhbəri Samir Məmmədov seminarın gündəliyi haqqında məlumat verdikdən sonra iştirakçılar “Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi”, “İntel-gələcək üçün təhsil”, “Köməkçi heyətin hazırlığı” üzrə təqdimat məruzələri dinləyiblər. Seminar öz işini “Dəyirmi masa”larda davam etdirib.
08/07/2015 16:52
Fevralın 27-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Cumhuriyyəti Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, vitse-prezidenti Fəxrəddin Sadıkoğlu və həmin ölkənin Azərbaycandakı səfiri Zəki Qazıoğlu ilə görüşüb.
Fevralın 27-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Cumhuriyyəti Yaxın Doğu Universitetinin qurucu rektoru Suat Günsel, vitse-prezidenti Fəxrəddin Sadıkoğlu və həmin ölkənin Azərbaycandakı səfiri Zəki Qazıoğlu ilə görüşüb. Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edib, eləcə də Azərbaycanla Kipr arasında mövcud olan əlaqələrdən söz açıb. Rəhbəri olduğu ali təhsil müəssisəsi haqqında nazirə məlumat verən Suat Günsel təhsil sahəsində əməkdaşlığın inkişafı, müntəzəm əlaqələrin qurulması və müəllim-tələbə mübadiləsinin aparılmasında maraqlı olduqlarını qeyd edib. Qonaq Yaxın Doğu Universitetində 17 min tələbənin təhsil aldığını və 1500 müəllimin çalışdığını diqqətə çatdıraraq bildirib ki, bu təhsil müəssisəsi müasir standartlara cavab verən elektron kitabxanasına görə dünya universitetləri arasında ilk onluqdadır. Suat Günsel Azərbaycan Universiteti ilə Yaxın Doğu Universitetinin imzaladığı Memoranduma əsasən görüləcək işlər barədə də nazirə məlumat verib. Eyni zamanda əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkilinin vacib şərtlərdən biri olduğunu bildirib. Təhsil naziri Misir Mərdanov bu təklifi yüksək dəyərləndirdiyini və ölkəmizin təhsil işçilərindən ibarət nümayəndə heyətinin Şimali Kipr Cumhuriyyətinə səfər etməsini dəstəklədiyini vurğulayıb. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ölkələrarası təhsil əlaqələrinin qurulmasının müvafiq istiqamətləri müzakirə olunub.
08/07/2015 16:52
Fevralın 21-də “Park İNN-Azərbaycan” otelində “Elektron məktəb və təhsilin elektron idarə edilməsi” mövzusunda pilot layihənin təqdimatına həsr olunmuş konfrans keçirilib.
Fevralın 21-də “Park İNN-Azərbaycan” otelində “Elektron məktəb və təhsilin elektron idarə edilməsi” mövzusunda pilot layihənin təqdimatına həsr olunmuş konfrans keçirilib. “Ultra” şirkətinin prezidenti Tahir Mirkişili konfransda iştirak edən təhsil, rabitə və informasiya texnologiyaları nazirlərini, millət vəkillərini səfirliklərin, layihəni həyata keçiriən beynəlxalq təşkilatların nümayəndələrini, və digər ölkələrdən gəlmiş qonaqları salamlayaraq tədbiri açıq elan edib. T.Mirkişili tədbir iştirakçılarına layihə barədə qısa məlumat verərək bildirib ki, ötən ilin avqustunda təhsil naziri Misir Mərdanovla görüşdən sonra Təhsil Nazirliyi, “Ultra”, eləcə də “SİVECO”, “Microsoft”, “HP” və “İntel” şirkətlərindən ibarət beynəlxalq konsorsium ölkəmizin 2 qabaqcıl orta məktəbində uğurlu pilot layihə həyata keçirməyə başlayıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müasir dövrdə dünyanın bütün ölkələrində təhsilin inkişafının İKT-nin tətbiqi səviyyəsi ilə müəyyən edilməsinin danılmaz həqiqət olduğunu bildirib. Ölkəmizdə bununla bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı proqramı” çərçivəsində həyata keçirilən tədbirlər haqqında məlumat verən nazir bu işlərin davamı olaraq 2008-2012-ci illəri əhatə edəcək yeni proqramın hazırlandığını qeyd edib. Sonra Misir Mərdanov qeyd olunan layihənin həyata keçirildiyi Bakı Avropa liseyi və 23 saylı orta məktəbdə görülən işlərlə tanış olduğunu, nəticədən razı qaldığını bildirib. Konfransda rabitə və informasiya texnologiyalar naziri Əli Abbasov ölkədə aparılan uğurlu İKT siyasətindən, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova “Elektron məktəb” təcrübəsindən söz açıblar. Tədbirdə, həmçinin “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa ölkələrinin biznesin inkişafı üzrə direktoru Cim Levi, “İntel” korporasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Emin Axundov, “SİVECO” şirkətinin beynəlxalq satış direktoru Florin Ciolacu və digər şəxslər İKT-nin təhsil sistemində tətbiqi ilə bağlı ayrı -ayrı məsələlər barədə çıxış ediblər. Tədbirdə təhsil naziri Misir Mərdanov Bakı Avropa liseyi, 23 saylı orta məktəbin layihədə fəal iştirak edən 2 müəllimini kompüterlə mükafatlandırıb və İKT-nin tətbiqi sahəsində fərqlənən ən yaxşı 50 informatika müəlliminə mükafat veriilməsi təşəbbüsünü irəli sürüb. Plenar iclasdan sonra konfrans zalında virtual sinif otağı nümayiş etdirilib.
08/07/2015 16:52
Fevralın 10-dan 14-dək “Britaniya Şurası”nın “İş bacarıqları” (“Skills@work”) layihəsi çərçivəsində İngiltərənin London şəhərində “Qloballaşma dövründə işəgötürənlərin peşə təlimi və tədrisinə cəlbi” mövzusunda beynəlxalq seminar keçirilib.
Fevralın 10-dan 14-dək “Britaniya Şurası”nın “İş bacarıqları” (“Skills@work”) layihəsi çərçivəsində İngiltərənin London şəhərində “Qloballaşma dövründə işəgötürənlərin peşə təlimi və tədrisinə cəlbi” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda İngiltərə, Avstriya, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Nepal, Əfqanıstan, Pakistan, Rumıniya, Bolqarıstan, Sloveniya, Serbiya, Monteneqro, Xorvatiya nümayəndələri ilə yanaşı həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi Bahəddin Şabanov da iştirak edib. Seminarın keçirilməsində əsas məqsəd peşə təhsili sahəsi inkişaf etmiş ölkələrin təcrübələrinin öyrənilməsi, həmin ölkələrdə mövcud istiqamətdə həyata keçirilən siyasətin xüsusiyyətləri haqqında məlumat toplamaq, gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək və müzakirələr aparmaq olub. Seminarda, həmçinin təcrübə mübadiləsi həyata keçirilməsi məqsədilə bir sıra ölkələrin nümayəndələri ilə müzakirələr keçirilib, eyni zamanda Londonun bir sıra peşə təhsili müəssisələrinə səfərlər də təşkil olunub. Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov “Britaniya Şurası”nın nümayəndələri ilə Azərbaycan və Britaniya peşə məktəbləri arasında qarşılıqlı əlaqələrin qurulması, Böyük Britaniyanın “LJ Create” şirkətinin Marketinq üzrə direktoru cənab Damian Breeze ilə görüşdə isə ölkəmizdə avtomobil diaqnostikası üzrə peşə məktəbinin yaradılması barədə fikir mübadiləsi aparıb.
08/07/2015 16:52
Fevralın 20-də Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Fevralın 20-də Təhsil Nazirliyində Uşaq-Gənclər İdman və Şahmat məktəbləri arasında “İlin ən yaxşı idman və şahmat məktəbi”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Misir Mərdanov son illər ölkəmizdə idmanın inkişafı və müvafiq sahəyə dövlətimizin başçısı tərəfindən göstərilən diqqət barədə danışaraq bu müsabiqələrin ölkəmizdə idmana marağın daha da artmasına əlverişli şərait yaratdığını bildirib. Nazir məlumat verib ki, hazırda Təhsil Nazirliyi sistemində 157 idman məktəbi fəaliyyət göstərir. Onlardan 84-ü Uşaq-Gənclər İdman Məktəbi, 61-i Uşaq-Gənclər Şahmat Məktəbi, 9-u İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 3-ü isə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbidir. Mərasimdə o da məlum olub ki, 2007-ci ildə beynəlxalq yarışlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman və Şahmat məktəbləri tərəfindən 43 medal qazanılıb. Onlarda 15-i qızıl, 14-ü gümüş və 14-ü isə bürünc medaldır. Sonra nazir “İlin ən yaxşı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi”, “İlin ən yaxşı Uşaq-Gənclər Şahmat Məktəbi”, “İlin ən yaxşı şahmatçısı”, “İlin ən yaxşı idmançısı” və “İlin ən yaxşı məşqçi-müəllimi” nominasiyaları üzrə qalibləri mükafatlandırıb, onları qazandıqları uğur münasibətilə təbrik edib. Tədbirdə “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini Çingiz Səmədov fəaliyyətində qazandığı uğurlara görə və 55 yaşının tamam olması münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Mərasimdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmanın yüksək sürətlə inkişaf etməsindən söz açaraq bildirib ki, bu gün idmançılarımız ölkəmizi dünya və beynəlxalq olimpiadalarda layiqincə təmsil edirlər. İ.İsmayılov bu sahədə Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın zəruriliyini də qeyd edib. Sonda yüksək nailiyyətləri ilə fərqlənən idman məktəblərinin adları da qeyd olunub.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllimi” müsabiqəsinin keçirilməsi məqsədilə Təhsil Nazirliyində zəruri işlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İlin ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllimi” müsabiqəsinin keçirilməsi məqsədilə Təhsil Nazirliyində zəruri işlər həyata keçirilir. Artıq “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmək üçün nazirliyə 138 müəllim müraciət edib. Onların arasında Bakı, Sumqayıt, Əli Bayramlı və Şəki şəhərində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər sayca daha çoxdur. Eyni zamanda riyaziyyat (23 nəfər), ingilis dili (21 nəfər), Azərbaycan dili və ədəbiyyatı (17 nəfər), fizika (14 nəfər) və tarix (13 nəfər) fənnini tədris edən müəllimlər üstünlük təşkil edirlər. Onu da qeyd edək ki, bu müsabiqədə müəllimin təlim-tərbiyə prosesində qabaqcıl iş təcrübəsi ilə seçilməsi, kompüter və müasir təlim texnologiyalarından istifadə qabiliyyəti, şagirdlərinin ayrı-ayrı göstəricilər üzrə yüksək nəticələri əsas meyar kimi nəzərə alınır. “İlin ən yaxşı məktəbi” müsabiqəsi üzrə də göndərilən sənədlərin qeydiyyata alınması istiqamətində də iş aparılır. Hazırda bu müsabiqəyə 18 sənəd təqdim olunub. Bunlardan 3-ü Sumqayıt, 2-si Mingəçevir şəhərlərinin, 3-ü İsmayıllı, 3-ü Kürdəmir, hərəsindən biri olmaqla Qax, Ağdaş, Samux rayonlarının ümumtəhsil məktəbləridir. Bakı şəhərindən qeydiyyata alınan 4 ümumtəhsil müəssisəsi isə Təhsil Nazirliyinin tabeliyində olan T.İsmayılov adına “İntellekt”, İ.Hacıyev adına “Tərəqqi” Texniki-humanitar, Fizika-riyaziyyat və informatika təmayüllü liseyləri, eləcə də S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyadır. Məlumat üçün bildiririk ki, hər iki müsabiqə üzrə sənədlərin qəbulu martın 15-dək davam edəcək.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı