İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Amerini səmimi salamlayaraq onun ölkəmizə gəlişini, iki ölkə arasında təhsil sahəsində rəsmi sənədə imza atılmasını yüksək dəyərləndirib. Azərbaycan-ABŞ əlaqələrinin son illər daha da inkişaf etdiyini qeyd edən nazir ölkəmiz müstəqillik qazandıqdan sonra azərbaycanlı gənclərin müvafiq ölkənin tanınmış universitetlərində təhsil almasına böyük önəm verdiyini alqışlayıb. Misir Mərdanov imzalanacaq sazişi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu açıqlayıb. Nazir həmçinin müvafiq sənəd imzalandıqdan sonra azərbaycanlı gənclərin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması üçün daha əlverişli şərait yaradılacağını, bu sahədə yüksək addımlar atılacağını inamla vurğulayıb, eyni zamanda qısa müddət ərzində bu sənədi hazırlayanlara təşəkkürünü bildirib. Xanım Qoli Ameri Azərbaycana gəlişindən məmnunluq duyduğunu ifadə edib. Təhsil sahəsində sənədin imzalanmasına xüsusi önəm verdiyini qeyd edən xanım Ameri ABŞ-la Azərbaycan arasında mövcud olan təhsil əlaqələrindən, Fulbrayt mübadilə proqramı çərçivəsində görülən işlərdən və müvafiq proqramların uğurlu nəticələrindən söz açıb. Qonaq bu sazişin ölkələr arasında təhsil sahəsində əlaqələrin, mübadilə proqramlarının genişləndirilməsinə təkan verəcəyinə ümid bəslədiyini qeyd edib. Sonra Azərbaycan Respublikası Hökuməti adından təhsil naziri Misir Mərdanov, Amerika Birləşmiş Ştatları Hökuməti adından isə ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar. ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi və səfirliyin məsul əməkdaşları mərasimdə iştirak edib.
08/07/2015 16:52
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur.
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər. Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adının verildiyi bildirildi. Təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin memarı və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır. Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrindən bəhs edən nazir bu sahədə əməkdaşlığın genişlənməsində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın mühüm rolu olduğunu bildirmişdir. Türkiyə Böyük Millət Məclisinin sədrinə Qafqaz Universitetinin fəxri doktoru mantiyası, diplom və hədiyyələr təqdim edilmişdir. Öz ölkəsi ilə Azərbaycanın tarixi birliyi və geniş əlaqələri olduğunu qeyd edən Köksal Toptan bu əlaqələrin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, ulu öndərin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. O, ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Türkiyə Böyük Millət Məclisinin sədri yüksək ada – Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü üçün məmnun olduğunu qeyd etmiş, təşəkkürünü bildirmişdir. Bu il Türkiyədə keçirilmiş VI Beynəlxalq Türkcə Olimpiadasının qalibi olan və medallara layiq görülən azərbaycanlı tələbə və şagirdlərə mükafatlar təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir. Nümayəndə heyəti universitetin tədris şəraiti ilə də tanış olmuşdur. AzərTAc
08/07/2015 16:52
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu liseyində olub.
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Bakı Türk Anadolu liseyində olub. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanı və onunla birgə gələn qonaqları səmimi salamlayıb. Liseylə tanışlıqdan sonra qonaqlar təhsil müəssisəsinin konfrans zalında təşkil olunan məzun gecəsində iştirak ediblər. Gecədə türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himni ifa olunub. Mərasimi giriş sözü ilə açan Bakı Türk Anadolu Liseyinin direktoru Cahit Altınçiçək 1993-cü ildən fəaliyyət göstərən təhsil ocağının uğurlarından danışıb, liseyi bitirən məzunların xoş soraqlarının dünyanın inkişaf etmiş ölkələrinin ən nüfuzlu universitetlərindən gəldiyini deyib. C.Altınçicək liseyi bu il qurtaran 43 məzundan 28-nin Türkiyənin tanınmış universitetlərinə qəbul olunduğunu diqqətə çatdırıb, habelə nüfuzlu nümayəndə heyətinin gəlişindən böyük şərəf duyduğunu bildirib. Sonra səhnəyə bu il liseyi uğurla bitirən məzunlar dəvət edilib. Türkiyə Respublikasının ali məktəblərinə daxil olan gənclərin adları xüsusi qeyd olunub, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan gənclərə liseyi bitirmələri haqqında diplom və xatirə hədiyyələri təqdim edib. Təhsil naziri Misir Mərdanov məzunlara orta təhsil haqqında attestatları təqdim edərək onlara müvəffəqiyyətlər arzulayıb. Tədbirdə Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən ölkəmizdə fəaliyyət göstərən Azərbaycan –Türkiyə özəl liseylərinin, Qafqaz Universitetinin uğurlarından danışıb. Təhsil naziri Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Nazir xüsusilə hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib, bu sahədə əldə olunan uğurlardan danışıb. Nazir Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın və onun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycandan öz vətənlərinə gözəl təəssüratlarla dönəcəklərinə ümidvar olduğunu deyərək ən xoş arzularını çatdırıb. Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan çıxış edərək hər iki ölkə parlamentləri arasında mövcud olan işgüzar əməkdaşlıqdan danışıb. Qardaş və dost Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini deyən Türkiyə Parlamentinin sədri burada özünü vətənindəki kimi hiss etdiyini bildirib və məzunlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.
08/07/2015 16:52
İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb.
İyunun 18-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye ilə görüşüb. Qonağı səmimi salamladıqdan sonra Misir Mərdanov “British Council” təşkilatı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıqdan söz açıb. Nazir bildirib ki, bu təşkilat ölkəmizdə ingilis dili müəllimlərinin təkmilləşdirilməsi, bu dili öyrənənlərə yardım göstərilməsi və digər mühüm layihələr istiqamətində əhəmiyyətli işlər həyata keçirib. Nazir həmçinin təşkilatın ölkəmizdəki 15 illik fəaliyyəti dövründə təhsil sahəsinə göstərdiyi dəstəkdən razılığını ifadə edib və aparılan işi daha səmərəli şəkildə davam etdirməyin labüdlüyünü vurğulayıb. Yeni tədris ilindən ölkəmizin 7 orta məktəbində pilot layihə reallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayan nazir bu layihənin məqsədindən danışaraq bildirib ki, həmin məktəblər üçün xüsusi tədris planı təsdiq ediləcək, ingilis dilinin tədrisinə ayrılan vaxt artırılacaq və burada müvafiq fənni tədris edən müəllimlər treninqlərə cəlb olunacaq. Nazir, layihə uğurlu olduğu təqdirdə bu işin davamlı olacağını da diqqətə çatdırıb. Misir Mərdanov ölkəmizin orta ümumtəhsil məktəblərində ingilis dilinin tədrisi vəziyyətindəki mövcud problemləri sadalayaraq qeyd edib ki, hazırda bu istiqamətdə məqsədyönlü iş aparılır. Sonra nazir müvafiq layihəyə, eləcə də ingilis dili dərsliklərinin və dərs komplektlərinin hazırlanması işinə “British Council” təşkilatı tərəfindən dəstək göstərilməsinin məqsədəuyğunluğunu bildirib, qarşılıqlı səfərlərin təşkilinin aparılan işə yardım edəcəyini qeyd edib. Eyni zamanda nazir bu təşkilatın təbiət fənlərinin tədrisi üzrə yaxın günlərdə keçirəcəyi seminarın əhəmiyyətindən də söz açıb, bu işi dəstəklədiyini açıqlayıb. Xanım Nikol lə Os de Lalüvye səmimi qəbula və görülən işləri yüksək qiymətləndirdiyinə görə təhsil naziri Misir Mərdanova təşəkkür edib. Qonaq ölkəmizdə ingilis dilinin tədrisi və təkmilləşdirilməsi üzrə aparılan layihələrə lazımi köməklik göstərməyə hazır olduqlarını qeyd edib. Cari ilin payızında texniki-peşə təhsili sahəsi ilə bağlı mütəxəssislərin Bakıya səfərinin nəzərdə tutulduğunu diqqətə çatdıran xanım Lalüvye onların peşə təhsili müəssisələrində görüşlər keçirməsinin əhəmiyyətdən danışıb. Görüşdə azərbaycanlı gənclərin Böyük Britaniyanın nüfuzlu universitetlərində təhsil almasına dair layihənin hazırlanması və təsdiqi, ingilis dili müəllimlərinin təkmilləşdirilməsi işinə yardım göstərilməsi, bu dilin tədrisi üzrə monitorinq keçirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
İyunun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair saziş imzalanıb.
İyunun 16-da Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair saziş imzalanıb. Təhsil Nazirliyində bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Misir Mərdanov açıb. Qonaqları səmimi salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun qaldığını bildirib. Ölkəmizlə Alman Akademik Mübadilə Xidməti arasındakı mövcud əlaqələrdən danışan nazir hər iki tərəf üçün faydalı əməkdaşlığın son illər xeyli inkişaf etdiyini, azərbaycanlı tələbələr arasında Almaniya universitetlərində təhsil almağa marağın artdığını bildirib. Misir Mərdanov hər il təxminən 60-70 nəfərin DAAD-ın təklif etdiyi müxtəlif təhsil proqramlarında iştirakını da vurğulayıb. Ölkəmizdə gənclərin xaricdə təhsil almasına dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini qeyd edən nazir bu məqsədlə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunan Proqram barədə qonağa məlumat verib və imzalan sazişin məhz həmin proqramın tərkib hissəsi olduğundan söz açıb. Hazırda ölkəmizdə yüksək ixtisaslı həkimlərə, kənd təsərrüfatı mütəxəssislərinə, mühəndislərə böyük ehtiyac olduğunu vurğulayan nazir bu sahədə Almaniya universitetləri ilə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Misir Mərdanov Almaniya tərəfinin təklif etdiyi hər iki istiqamətdə-humanitar və texniki təhsildə əməkdaşlığa, aparılan işlərin şəffaflığı üçün lazımi dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti cənab Maks Huber təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlıq edib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan arasında 17 ilə yaxın dövr ərzində davam edən əlaqələri yüksək dəyərləndirib, habelə imzalanan sazişin ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni təkan verəcəyini açıqlayıb. Tədbirdə DAAD-ın 1000-dən artıq azərbaycanlı alim və tələbəyə təhsil təqaüdü ayırdığı da qeyd edilib. Görüşdə Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Per Kristofer Stankina da çıxış edərək imzalanan sazişin əhəmiyyətindən, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Sonra Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Alman Akademik Mübadilə Xidmətinin vitse-prezidenti Maks Huber azərbaycanlı tələbələrin təhsili üzrə təqaüd proqramına dair sazişi imzalayıb. İmzalanma mərasimindən sonra nazir və vitse-prezident jurnalistlərin suallarını cavablandırıb.
08/07/2015 16:52
İyunun 13-də Təhsil Nazirliyində mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələrinə dair mətbuat konfransı keçirilib.
İyunun 13-də Təhsil Nazirliyində mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələrinə dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov 52 min şagirdi əhatə edən buraxılış imtahanının nəticələrindən, müvəffəqiyyət göstəricisindən razı qaldığını bildirib. Mərkəzləşdirilmiş imtahanların keçirilməsində əsas məqsədin orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin, müəllim və şagirdlərin fəallığının artırılması olduğunu qeyd edən nazir konfransda hər bir rayon üzrə nəticələri media nümayəndələrinin diqqətinə çatdırıb. Sonra Misir Mərdanov bildirib ki, şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək. Nazir həmçinin yekun qiymətin toplanması düsturu ilə iştirakçıları tanış edib və bu düstura əsasən şagirdlərin X-XI siniflərdəki illik qiymətinin, mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanının nəticələrinin nəzərə alınacağını açıqlayıb. Eyni zamanda Misir Mərdanov imtahanda müvəffəqiyyət qazanmayan şagirdlərin iyunun 19-da təkrar imtahan vermək imkanına malik olduğunu vurğulayıb. Mətbuat konfransının sonunda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
08/07/2015 16:52
İyunun 13-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu günün Azərbaycanın müasir tarixində mühüm rolundan danışıb.
İyunun 13-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirədə çıxış edən təhsil naziri Misir Mərdanov qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edib, bu günün Azərbaycanın müasir tarixində mühüm rolundan danışıb. Nazir ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin qüdrətlənməsi, dövlətçilik ənənələrinin qorunub saxlanması istiqamətində yeritdiyi uğurlu siyasətdən söz açıb. Eyni zamanda nazir bu siyasətin ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib. Sonra Misir Mərdanov qarşıda duran bir sıra mühüm məsələləri iştirakçıların diqqətinə çatdırıb. Nazir ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələrindən razı qaldığını bildirib, qısa müddətdə elan olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Nazir həmçinin imtahanın əhatə etdiyi bölgələrdəki məktəblərin göstərdiyi nəticələri də açıqlayıb. Nazir müvafiq imtahanların gələn ildən etibarən ölkəmizin bütün bölgələrində, habelə IX sinif üzrə də keçiriləcəyini qeyd edib, test tapşırıqları yoxlanılarkən daha da təkmilləşmiş metodlardan istifadə edilməsinin məqsədəuyğunluğunu nəzərə çatdırıb. Hazırda ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı ciddi iş aparıldığını bildirən Misir Mərdanov ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında texniki- peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb. Nazir bildirib ki, həmin proqrama uyğun olaraq yaxın vaxtlarda Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi açılacaq. Müşavirədə nazir Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə Təhsil Nazirliyi arasında memorondumun, ABŞ hökuməti ilə təhsil sahəsində əməkdaşlığa dair sazişin imzalanmasının nəzərdə tutulmasından, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və gənclərin seçim qaydalarının təsdiqi üzrə qərarın icrasından, eləcə də məktəbəqədər təhsilin təkmilləşdirilməsi, istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı ilə bağlı məsələlərdən danışıb. Sonra nazir bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na əsasən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini bildirib. Eyni zamanda nazir bu ayın əvvəllərində İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfər etdiyini açıqlayıb. Nazir məlumat verib ki, qonaq Azərbaycanda İKT-nin daha çox tətbiq olunduğu akademik Zərifə xanım Əliyeva adına orta məktəbdə olub və burada tətbiq olunan modeli yüksək dəyərləndirib. Misir Mərdanov görüş zamanı Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri ilə birgə Niyyət Protokolu imzalandığını da vurğulayıb. Müşavirədə ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisaslar üzrə təcrübələrinin təşkili vəziyyəti, problemlər və onların həlli yolları ilə bağlı məsələnin kollegiya iclasında müzakirə edilməsi, Azərbaycan müəllimlərinin III qurultayının keçirilməsi üzrə təşkilat komitəsinin yaradılması, “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqəsinə yekun vurulmasının vacibliyi qeyd edilib. Təhsil naziri Misir Mərdanov öz çıxışında ümumtəhsil məktəblərinin avadanlıqlarla təminatının əsas şərt olduğunu nəzərə çatdıraraq bildirib ki, cari ildə bu iş 327 məktəbdə həyata keçiriləcək. Daha sonra nazir 2008-2009-cu dərs ilində dərsliklərin çapı, məktəblərin istilik sistemi ilə təminatı, orta məktəblərdə ingilis dilinin tədrisi vəziyyəti və qarşıda duran vəzifələrdən danışıb. Misir Mərdanov onu da əlavə edib ki, 2008-ci ildə 113 yeni məktəb binası tikiləcək, 33 məktəbdə 625 əlavə sinif otağının, 2 internat məktəbinin, 4 rayon təhsil şöbəsinin inzibatı binasının tikintisi, eləcə də 91 məktəbin, 21 uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulur. Nazir bu sıraya internat və peşə məktəblərinin də əlavə ediləcəyini qeyd edib. Sonda Misir Mərdanov cari ilin 6-8 oktyabr tarixlərində islam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin Bakıda keçiriləcək konfransına hazırlıq işlərinin aparılması liə bağlı məsul şəxslərə göstərişlər verib.
08/07/2015 16:52
İyunun 5-də İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfərin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi ilə tanış olmaq, təhsil sahəsi üzrə həyata keçirilən proqramlara dəstək vermək olub.
İyunun 5-də İNTEL Korporasiyası idarə heyətinin sədri cənab Kreyq Barrettin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Səfərin məqsədi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsi ilə tanış olmaq, təhsil sahəsi üzrə həyata keçirilən proqramlara dəstək vermək olub. Səfər müddətində qonaqlar ölkəmizdə İKT-nin ən çox tətbiq olunduğu akademik Zərifə xanım Əliyeva adına orta məktəblə tanış olublar. Tanışlıq zamanı təhsil naziri Misir Mərdanov qonağa son illər orta məktəblərin kompüterləşməsi sahəsində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir burada tətbiq olunan “Elektron məktəb”, “Noutbuk-proyektor” modelini nümayiş etdirərək Azərbaycanın digər məktəblərində də mövcud sistem üzrə iş aparılmasının nəzərdə tutulduğunu bildirib. Məktəbdə “1 şagird -1 kompüter” modeli ilə tanış olan cənab Barrett bu modeli yüksək qiymətləndirib. Sonra Cənab Kreyq Barrett, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov birgə görüş keçirib, İKT-nin ölkə iqtisadiyyatına təsiri, müəllimlərin treninqlərdən keçirilməsi, “Xalq kompüterləri” layihəsi və tədrisdə noutbuklardan effektiv idarə olunma modeli müzakirə olunub. Görüşdə İNTEL Korporasiyası, Təhsil, Rabitə və İnformasiya nazirlikləri arasında Niyyət Protokolu imzalanıb. Həmin protokola əsasən 2009-cu tədris ilinədək İNTEL Korporasiyası Təhsil Nazirliyinə 1000 ədəd noutbuk hədiyyə edəcək.
08/07/2015 16:52
İyunun 12-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru cənab İsmayıl Serageldinlə görüşüb.
İyunun 12-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru cənab İsmayıl Serageldinlə görüşüb. Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Son illər Misir-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində atılan addımlar, ölkələrarası səmimi münasibətdən danışan nazir ikitərəfli əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayıb. Nazir, həmçinin azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində təhsil aldıqlarından da söz açıb. Sonra nazir kitabxananın hər bir xalqın inkişafında oynadığı rolu qeyd edərək, İsgəndəriyyə kitabxanasının bu baxımdan mühüm əhəmiyyətini diqqətə çatdırıb. Cənab İsmayıl Serageldin səmimi qəbul üçün nazirə minnətdarlıq edib, eyni zamanda həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumat verib. Qonaq həmin layihəyə əsasən, İsgəndəriyyə kitabxanası ilə əlaqələrin yaradılması, kompüter şəbəkəsi vasitəsilə lazımi məlumatların əldə edilməsi, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili və bu istiqamətdə digər tədbirlərdən danışıb. Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Yusif Əhməd əl-Şarkavi ölkələr arasındakı mövcud təhsil əlaqələrini xüsusi vurğulayıb və bu əməkdaşlıqdan məmnunluğunu qeyd edib. Görüşdə ölkəmizin ali təhsil müəssisələrində tələbələrin İsgəndəriyyə kitabxanasının materiallarından istifadə imkanları, universitetlərarası əlaqələr və s. məsələlər müzakirə olunub.
08/07/2015 16:52
İyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib.
İyunun 6-da mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarına 50 279 şagird cəlb olunub, onlardan 47 780 nəfəri imtahanda iştirak edib. İmtahan vermiş şagirdlərin 37 601 nəfəri bütün fənlərdən müvəffəq olub, 5124 nəfəri 1 fəndən, 1791 nəfəri 2 fəndən, 2400 nəfəri isə 3 və daha çox fəndən “2” qiymət alıb. 16.06.2008-ci il tarixində şagirdlərin yekun attestat qiyməti Təhsil Nazirliyinin internet səhifəsində (www.edu.gov.az) yerləşdiriləcək.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı