Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

İyulun 11-də “Park-inn” otelində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi” üzrə təlim keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi keçirilib.

İyulun 11-də “Park-inn” otelində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi” üzrə təlim keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi keçirilib. Mərasimdə təhsil naziri Misir Mərdanov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, layihə üzrə təlim keçən müəllimlər iştirak edib. Məlumat üçün qeyd edək ki, müəllimlərinin ingilis dili dərslərini daha maraqlı və müasir etmələri üçün “British Council” Təhsil Nazirliyi ilə birgə müəllimlər üçün yeni və dinamik İngilis dili təlim kursu hazırlayıb. Yeni olan bu təşəbbüs müasir təlim metodlarını tətbiq  etməklə Bakının ən aparıcı 60 ingilis dili müəlliminin təkmilləşdirilməsini nəzərdə tutur. Təhsil naziri Misir Mərdanov birgə reallaşdırılan bu tədbirin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, “British Council” ölkəmizdə müxtəlif istiqamətli layihələr həyata keçirir. “İngilis dilinin intensiv tədrisi” layihəsini də yüksək dəyərləndirən nazir bu işin Azərbaycanda ingilis dili tədrisinin təkmilləşdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında oynadığı roldan danışıb. Eyni zamanda nazir əlavə edib ki, 2003-2008-ci illərdə həmin təşkilatla Təhsil Nazirliyinin həyata keçirdiyi birgə layihələrin məqsədi Azərbaycanda təhsil islahatlarına uyğun olaraq ingilis dili müəllimləri üçün bu dilin tədrisi sahəsində ən son nailiyyətləri əks etdirən müasir və effektiv ixtisasartırma, təkmilləşdirmə sisteminin yaradılması, ingilis dilinin tədrisində fəal-interaktiv təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqidir. Misir Mərdanov qeyd edib ki, mövcud layihə Bakıdakı 7, 23, 27 saylı məktəblərdə, “İntellekt”, “Ankara” liseyləri, Beynəlxalq Təhsil Kompleksi və S.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Nazir həmçinin məhz bu məktəblərin seçilməsini həmin müəssisələrdə ingilis dilinin dərindən öyrədilməsi, lazımi kadr potensialının olması ilə əlaqələndirib və layihənin akademik Zərifə Əliyeva adına məktəbi əhatə etdiyini də xüsusi qeyd edib. Nazir bildirib ki, layihəyə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Tədbirdə Misir Mərdanov “British Council” un Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvyeyə və təşkilatın bütün əməkdaşlarına bu işdə göstərdikləri dəstəyə görə təşəkkür edib. “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye çıxış edərək qeyd edib ki, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanması bu layihənin əsas məqsədidir. Keçirilmiş təlim–seminarda azərbaycanlı müəllimlərin hazırlıq səviyyəsindən razılıqla danışan xanım Lalüvye rəhbərlik etdiyi təşkilatla Təhsil Nazirliyinin əməkdaşlığını yüksək qiymətləndirib. Xanım Lalüvye həmçinin bu istiqamətdə reallaşdırılacaq digər tədbirlərdən də danışıb. Sonda qeyd olunan layihə üzrə təlim keçən ingilis dili müəllimlərinə sertifikat təqdim olunub.

İyulun 9-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində yerinə yetirilən vəzifələrə dair iclas keçirilib.

İyulun 9-da Təhsil Nazirliyində “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində yerinə yetirilən vəzifələrə dair iclas keçirilib. İclasda təhsil naziri Misir Mərdanov son illər peşə təhsilinin inkişafı istiqamətində atılan addımlardan danışıb, bu sahəyə olan dövlət qayğısını xüsusi qeyd edib. Nazir texniki-peşə təhsilini müvafiq sistemin mühüm pillələrindən biri kimi dəyərləndirərək, onun sosial-iqtisadi inkişafın təmin edilməsində aparıcı rol oynadığını bildirib. Misir Mərdanov məlumat verib ki, hazırda ölkəmizdə 114 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir, onlardan 47-si peşə liseyi, 60-ı peşə məktəbidir. Sonra nazir ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın təsdiq edildiyini və bu proqramda texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, yeni iqtisadi münasibətlərin formalaşdırılması, idarəetmə və kadr hazırlığı işinin təkmilləşdirilməsinin prioritet istiqamət olduğunu diqqətə çatdırıb. Eyni zamanda Misir Mərdanov bu proqrama əsasən görülən işlər barədə məlumat vermək üçün sözü nazirliyin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədova verib. N.Məmmədov bildirib ki, qeyd olunan proqrama əsasən Təhsil Nazirliyi Avropa Təhsil Fondu, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Britaniya Şurası, YUNESKO, Cənubi Koreyanın “DAEWOO” şirkəti və digər beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər reallaşdırılıb. Eyni zamanda şöbə müdiri texniki-peşə təhsili sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması, Bakıda və regionlarda sahibkarlıq kurslarının təşkili, əmək bazarının öyrənilməsi ilə əlaqədar birgə sorğuların keçirilməsi, peşə təhsili sahəsinə aid olan məlumat bazası və internet səhifəsinin açılmasının nəzərdə tutulduğunu vurğulayıb. N.Məmmədov məlumat verib ki, 2008-ci ildə dövlət vəsaiti hesabına 8 texniki-peşə məktəbinin əsaslı təmiri və 1 məktəbin yenidən qurulması planlaşdırılır, habelə yaxın müddət ərzində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin açılışı gözlənilir. Şöbə müdiri Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birlikdə Bakıda inşası nəzərdə tutulan “Ali Texniki Peşə Təhsili Mərkəzi”nin yaradılması istiqamətində görülən işlərdən də danışıb. Sonda N.Məmmədov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Böyük Britaniyanın “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində 5 günlük təlim kursu keçirib.

Böyük Britaniyanın “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində 5 günlük təlim kursu keçirib. Təlim kursunun əsas məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadə üzrə bacarıq və peşəkar qabiliyyətlərinin inkişaf etdirilməsi, müvafiq təlim vasitələrinin öyrədilməsindən ibarət olub. Təlimlərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filalından, Gəncə, Sumqayıt, Lənkəran Dövlət universitetlərindən, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş kimya, biologiya və fizika fənlərini tədris edən müəllimlər, rayon təhsil şöbələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodistləri iştirak ediblər. Layihə üzrə növbəti təlim kursu yeni dərs ilində keçiriləcək.

İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib.

İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi üzrə layihənin tətbiqi”nə dair təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib. Layihənin əsas məqsədi müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlanması, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanmasıdır. Onu da qeyd edək ki, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sisteminin qarşısında da mühüm vəzifələr qoyur, xarici dillərin tədrisinin təkmilləşdirilməsini, dünyada uğurla tətbiq edilən metodikaların Azərbaycanda da həyata keçirilməsini aktuallaşdırır. Məhz bu zərurət nəzərə alınaraq layihə 2008-2009-cu dərs ilindən Bakı şəhərinin 7, 23, 27 saylı məktəbləri, “İntellekt” liseyi, S.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, Ankara liseyi, Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək. Qeyd olunan sənədə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Eyni zamanda layihədə müvafiq siniflərdə dərs deyəcək müəllimlər üçün treninqlər keçirilməsi, bununla bağlı proqramların işlənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi də öz əksini tapıb. Treninqlərə cəlb olunan müəllimlərin ilk qrupu iyulun 7-dən 11-dək, II qrup isə 14-dən 18-dək təlim keçəcək. Sonda həmin müəllimlərə sertifikatlar təqdim olunacaq.

İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib.

İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib. İmtahanda təhsil naziri Misir Mərdanov iştirak edib. Məlumat üçün bildirək ki, bu ali təhsil ocağında ötən semestrdən etibarən kompüter mərkəzi fəaliyyətə başlayıb. Yay sessiyasında 2 mindən artıq tələbə bir fəndən imtahanı bu üsulla verib. Cari ildə ADPU-da Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq bütün ixtisaslar üzrə dövlət imtahanları İKT- nin tətbiqi ilə aparılır. Misir Mərdanov universitetin rektoru Yusif Məmmədovla birgə otaqları gəzərək imtahanların gedişini izləyib. Nazir imtahan komissiyalarının üzvləri və tələbələrlə bu mühüm addımla bağlı söhbət aparıb. ADPU-da həyata keçirilən müvafiq işi yüksək dəyərləndirdiyini diqqətə çatdıran Misir Mərdanov tezliklə digər ali məktəblərin də bu üsulu tətbiq edəcəyinə ümidvar olduğunu bildirib. Nazir həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edib. Sonda nazir tələbələrə bilik sınağında uğurlar arzulayıb.

İyulun 1-də Təhsil Nazirliyində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singerin 4 illik fəaliyyətinin başa çatması ilə əlaqədar mərasim keçirilib.

Nazir bildirib ki, YUNİSEF təşkilatı ötən müddətdə öz missiyasını uğurla yerinə yetirib, uşaq hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində əhəmiyyətli layihələr reallaşdırıb. Misir Mərdanov bu uğurların əldə edilməsində xanım Hanaa Singerin və proqramlar üzrə rəhbər Gülanə Hüseynovanın xidmətlərinin danılmaz olduğunu diqqətə çatdırıb, onları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edib. Eyni zamanda nazir mövcud əməkdaşlığın davamlılığına əminliyini də vurğulayıb. Sonra Misir Mərdanov xanım Hanaa Singerə ölkəmizdə aparılan təhsil islahatlarına göstərdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov “Təhsil Nazirliyi və YUNİSEF: birgə uğurlu əməkdaşlıq” mövzusunda təqdimat edib. F.Qədirov təqdimatında YUNİSEF-lə birgə həyata keçirilən layihələrin məqsədini açıqlayaraq qeyd edib ki, bu layihələr ümumilikdə 200-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisələrini, 20000-ə yaxın uşaq və şagirdi, 5000-ə qədər valideyni, 2500-dək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. F.Qədirov həmçinin birgə reallaşdırılan “Erkən yaş dövründə uşaqların inkişafı”, “Fəal təlim siyasəti”, “Məktəb uşağın dostudur”, “Valideyn-Müəllim Assosiasiyalarının yaradılması” və s. layihələr, eləcə də qarşıda duran perspektivlər barədə iştirakçılara geniş məlumat verib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer ona göstərilən bu yüksək diqqətə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda çalışmaqdan, həyata keçirilən layihələrə göstərilən dəstəkdən razılığını ifadə edib. Mərasimdə millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, rayon təhsil şöbələrinin müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

Bu günlərdə Təhsil Nazirliyi və YUNİSEF–in 2008-ci il üçün birgə fəaliyyət planına əsasən “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində məktəblər üçün keyfiyyət standartlarının hazırlanması məqsədilə üç günlük seminar keçirilib.

YUNİSEF-in beynəlxalq məsləhətçisi İrina Nizovskayanın apardığı seminarda Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Problemləri İnstitutunun əməkdaşları, bir neçə məktəb və liseyin direktor müavinləri, eləcə də qabaqcıl müəllimlər iştirak ediblər.

İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub.

İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub. Mərasimdə təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Qonaqları salamlayan cənab Masamitsu Oki Yaponiya Hökumətinin öz yardımını Azərbaycandan əsirgəmədiyini qeyd edib və həyata keçiriləcək layihələrin uğurlu töhfələr verəcəyinə əmin olduğunu bildirib. Səfir qeyd olunan qrant proqram üzrə ölkəmizdə ayrı-ayrı sahələr üzrə ümumi məbləği 7 327 691 ABŞ dolları olan 106 layihənin həyata keçirildiyini diqqətə çatdırıb, eləcə də imzalanacaq müqavilə haqqında da məlumat verib. Təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdə təhsil sahəsi üzrə görülən işlərə dəstək göstərdiyini xüsusi qeyd edib, eyni zamanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. Ölkəmizin ucqar kəndlərində Yaponiyanın maliyyə vəsaiti hesabına məktəblərin tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Misir Mərdanov görülən işlərə görə səfirə təşəkkür edib. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu proqram çərçivəsində həyata keçirilən tədbirlərin ilkin tibbi yardımın səviyyəsinin yüksəlməsində böyük əhəmiyyətindən danışıb. Sonra ümumi dəyəri 351 289 ABŞ dolları olan Ağcabədinin Taxtakörpü kəndində köçkün məktəbi və Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi, habelə Zaqatalanın Faldarlı, İmişlinin Xalaflı kəndlərində isə ilkin təcili yardım məntəqəsinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalanıb. Müqavilələri Yaponiya tərəfdən cənab Masamitsu Oki, Azərbaycan tərəfindən isə icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalayıblar.

İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb.

İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb. Təhsil Nazirliyi, YUNESKO və bu qurumun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminar üç gün davam edəcək. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə tədbiri açdıqdan sonra sözü təhsil naziri Misir Mərdanova verib. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini deyən nazir son dövrlər bu sahədə keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov şagirdbaşına maliyyələşmənin də təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən ən əsas amillərdən biri olduğunu vurğulayıb, bununla bağlı 3 pilot rayonunda aparılan işləri diqqətə çatdırıb. Nazir iştirakçılara mövzu ilə bağlı beynəlxalq təcrübəni dərindən öyrənməyi tövsiyə edib və əmin olduğunu bildirib ki, seminarın keçirilməsi ölkəmizdə müvafiq istiqamətdə işlək mexanizmin yaradılmasında böyük rol oynayacaq. Sonra “Maliyyə formulası nədir?” mövzusunda mühazirələr dinlənilib və müzakirələr aparılıb. Tədbirdə YUNESKO-nun təmsilçisi Muriel Puasso “Maliyyə formulasına dair ümumi təqdimat: beynəlxalq təcrübə”, Litva Təhsil və Elm Nazirliyi Ümumtəhsil departamentinin direktoru Arunas Plikşnys “Litvada təhsilin maliyyələşmə islahatları” və digər şəxslər çıxış ediblər. Mərasimdə Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları, şagirdbaşına maliyyələşmə üzrə 3 pilot rayonun nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər iştirak edib. Seminar öz işini davam etdirir.

İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib.

İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin reallaşdırılmasından, bu sahənin əhəmiyyətindən danışıb. Misir Mərdanov bildirib ki, son illərdə məktəbəqədər təhsilin inkişafında müsbət addımlar atılıb, beynəlxalq təşkilatlarla birgə yeni təhsil texnologiyalarının tətbiqi, təlim və inkişaf mühitinin yaradılması istiqamətində müəyyən uğurlar əldə edilib. Nazir məktəbəqədər təhsilə olan dövlət qayğısını xüsusi vurğulayıb, müvafiq proqramın icrası ilə bağlı görülən işləri, mövcud binaların əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisəsi binalarının inşası, zəruri avadanlıqlarla təchizatı üzrə nəzərdə tutulan tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Misir Mərdanov hazırda 21 uşaq bağçasında əsaslı təmir işlərinin aparıldığını bildirib.   Müşavirədə nazir məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması, bu planda müvafiq strukturların rolunun müəyyənləşdirilməsi, əlaqələndirici Şuranın təsis edilməsi və s. tədbirlərin təxirəsalınmadan həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Misir Mərdanov cari ilin aprelində Londonda “Erkən yaş dövründə uşaqların inkişafı” mövzusunda keçirilən təlim kursunda Təhsil Nazirliyi əməkdaşlarının da iştirak etdiyini qeyd edib. Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təqdimatında keçirilən təlim kursu barədə məlumat verib, müzakirə olunan problemlər, əsas tendensiyalardan söz açıb. F.Qədirov həmçinin erkən yaş dövründə uşaqların inkişafı ilə bağlı London təcrübəsi haqqında danışaraq yerli orqanların, valideynlərin və icmanın bu sahədə rolunu, beynəlxalq təcrübədən yararlanaraq gələcək perspektivlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd edib. Sonra Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə 2008-ci ilə dair tədbirlər planında nəzərdə tutulan məsələlərdən söz açıb. N.Alnağıyeva bu sahə üzrə mövcud normativlərin, məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində görülən işlər, valideynlərin maarifləndirilməsi məqsədilə treninqlər, seminarların keçirilməsi və s. barədə ətraflı məruzə edib. Müşavirədə iştirak edən YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer hər iki təqdimat üzrə verilən məlumatlardan razılığını ifadə edib, eyni zamanda müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıqlayıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı