Sloveniyanın Loqarska Dolina şəhərində Təhsil Siyasəti Mərkəzləri Şəbəkəsinin dəstəyi ilə “Təhsillə bağlı tədqiqatlar, siyasət və təcrübələr” mövzusunda yay məktəbi keçirilib. Təhsil Nazirliyinin kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin aparıcı məsləhətçisi A. Süleymanova, İqtisadiyyat şöbəsinin mühasibat uçotu və hesabat sektorunun aparıcı məsləhətçisi V.Əsgərov, həmçinin Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əməkdaşları N.İsmayılova, R. Behbudov bu məktəbdə iştirak etmişlər.
Yay məktəbinin əsas məqsədi keçid mərhələsində olan ölkələrin təhsil işçilərini aktuallıq kəsb edən problemlər ətrafında düşündürmək və məlumatlandırmaq olub. Məktəbdə dünyanın 10 ölkəsindən 23 dinləyici-təhsil üzrə mütəxəssis iştirak edib. Beş günlük məşğələlər ərzində iştirakçılar müxtəlif ölkələrin təhsil sahəsi üzrə tanınmış mütəxəssislərinin “Keçid ölkələrində təhsil siyasəti”, “Təhsil və sosial bərabərlik”. “Müəllim və kurrikulumun keyfiyyəti”, “Akademik nailiyyətlər”, “Maliyyələşdirmə və dövlət idarəetməsi” mövzularında mühazirələrini dinləyib, öz ölkələrinin təcrübələri barədə müzakirələr aparıb və verilən tapşırıqlar üzərində çalışıblar. Sonda dinləyicilərə fəal iştiraka və müvəffəqiyyətlərinə görə sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək.
Yeni dərs ilinin əvvəlində Bakıda - Heydər Əliyev adına Sarayda Azərbaycan müəllimlərinin XIII qurultayı keçiriləcək. Qurultayda ölkədə aparılan təhsil islahatlarının gedişi, təhsilin inkişafı üzrə əldə olunmuş nailiyyətlərdən söz açılacaq, milli təhsil quruculuğu sahəsində qarşıda duran vəzifələr, mövcud problemlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək. Qurultaya hazırlıq işlərinin təşkili və onun yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Təhsil Nazirliyində Təşkilat Komitəsi yaradılıb. Komitəyə qurultayın keçirilməsi üzrə tədbirlər planının hazırlanması ilə bağlı tapşırıq verilib.
08/07/2015 16:52
2008-2009-cu tədris ilinə ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır.
2008-2009-cu tədris ilinə ümumtəhsil məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanır. Bunlar müəllim üçün 21 adda vəsait, I siniflər üçün 13, III-XI siniflər üçün 68 adda dərslikdir. Artıq dərsliklərin 60%-dən çoxu çap olunaraq Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilib. Qalan dərsliklər isə növbəti on gün ərzində təhvil veriləcək. Onu da qeyd edək ki, Maddi-Texniki Təchizat İdarəsinə daxil olmuş dərsliklər müəyyən olunmuş qrafik üzrə rayon, şəhər təhsil şöbələrinə göndərilir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”na uyğun olaraq 2008-2009-cu tədris ilində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi fəaliyyətə başlayacaq.
Bu müəssisə ölkəmizdə turizm və otelçilik üzrə fəaliyyət göstərəcək ilk Peşə Tədris Mərkəzi olacaq. Mərkəzdə orta ümumtəhsil məktəbi şagirdlərinə təhsillərini davam etdirməklə yanaşı, ödənişli yolla peşə təhsili almaq imkanı da yaradılacaq. Eyni zamanda əsas iş yerindən ayrılmamaqla əlavə peşə almaq, ixtisasartırmadan keçmək də mümkün olacaq. ] Müasir standartlar səviyyəsində yaradılacaq bu mərkəzdə barmen- bufetçi, ofisiant, aşbaz, qənnadçı, otel nəzarətçisi, ekskursovod, qid-bələdçi, turist səfərlərinin təşkili üzrə sifarişlərin qəbulu agenti, otel xidməti, kastelyanşa, qapıçı, otel administratoru peşələri üzrə ixtisaslı kadrlar hazırlanacaq. Mərkəzin yaradılmasında əsas məqsəd regionda turizm və otelçilik sahələrinin inkişafına nail olmaq, turizm və otel obyektlərində xidmət səviyyəsinin yüksəldilməsinə yardım göstərməkdir. Peşə Tədris Mərkəzində texniki səviyyədə əsas təhsil üzrə dövlət və ödənişli hesaba 2 illik, orta təhsil üzrə 1 illik, 3-6 aylıq qısamüddətli ödənişli, mühəndis-pedaqoji işçilər üçün 3 aylıq ixtisasartırma və yenidənhazırlanma, xarici dil və İKT üzrə ödənişli, eləcə də rəhbər işçilər və sahibkarlar üçün ödənişli təkmilləşdirmə kurslarının keçirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Ölkə Prezidenti cənab İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı Sərəncama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub.
Ölkə Prezidenti cənab İlham Əliyevin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” imzaladığı Sərəncama əsasən 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulub. Hazırda bu proqram çərçivəsində ABŞ-da 7, Avstraliyada 2, Almaniyada 5, Böyük Britaniyada 8, İsveçdə 2, İsveçrədə 1, İspaniyada 1, Yaponiyada 1, Yeni Zellandiyada 1, Cənubi Koreyada 5, Niderlandda- 4, Rusiyada 20, Türkiyədə -10, Fransada 13, Çexiyada 1, ümumilikdə isə 81 azərbaycanlı tələbə tibb, iqtisadiyyat, sənaye, İKT, elm, hüquq və incəsənət istiqamətləri üzrə təhsil alır.
08/07/2015 16:52
İyulun 18-də Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə reallaşdırdığı “İngilis dilinin intensiv tədrisi layihəsi” çərçivəsində təlim-seminar keçən müəllimlərin ikinci qrupuna sertifikatlar təqdim olunub.
İyulun 18-də Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə reallaşdırdığı “İngilis dilinin intensiv tədrisi layihəsi” çərçivəsində təlim-seminar keçən müəllimlərin ikinci qrupuna sertifikatlar təqdim olunub. Məlumat üçün qeyd edək ki, bu layihə çərçivəsində təlim keçən ingilis dili müəllimlərinin ilk qrupuna sertifikatlar iyulun 11-də verilib. Təhsil naziri Misir Mərdanov tədbiri açaraq həyata keçirilən layihə barədə qısa məlumat verib, müəllimlərin ixtisas biliklərini və elmi-metodik hazırlıqlarını artırmaqda təlim-seminarın mühüm əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda layihənin təşkilatçılarına, xüsusilə bu işdə böyük əməyi olan “British Council”un proqram üzrə rəhbəri Gülşən Hüseynovaya təşəkkürünü bildirib. Bu işin ölkəmizdə davamlı olaraq aparılmasının vacibliyini vurğulayan nazir yeni dərs ilindən başlayaraq digər məktəblərdə dərs deyən ingilis dili müəllimləri üçün də müvafiq seminarlar təşkil etməyin məqsədəuyğunluğunu bildirib. Misir Mərdanov ölkədə aparılan təhsil islahatlarında, xüsusilə, tədris prosesinə yeni texnologiyaların tətbiqində ingilis dili müəllimlərinin fəallığını xüsusi qeyd edib və məhz bunun nəticəsi olaraq “Ən yaxşı müəllim” müsabiqəsində yer tutanlar arasında ingilis dili müəllimlərinin çoxluq təşkil etdiyini diqqətə çatdırıb. Mərasimdə çıxış edən bir sıra məktəb direktorları və seminarı aparan müəllimlər keçirilən təlimləri yüksək dəyərləndirib, bu işin ardıcıl davam etdirilməsinin vacibliyindən söz açıblar. Sonda təlim-seminarın ikinci qrupunun iştirakçılarına sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
İyulun 18-də “Xarı bülbül” restoranında Təhsil Nazirliyi Azərbaycan Milli Mətbuatının 133-cü ildönümünə həsr olunmuş mərasim keçirib.
İyulun 18-də “Xarı bülbül” restoranında Təhsil Nazirliyi Azərbaycan Milli Mətbuatının 133-cü ildönümünə həsr olunmuş mərasim keçirib. Tədbirdə nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri və nazirliyin rəhbər işçiləri iştirak edib. Mərasimi giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq kütləvi informasiya vasitələri nümayəndələrini qarşıdan gələn bu əlamətdar gün münasibətilə təbrik edib. Nazir cəmiyyətin ən aparıcı qüvvəsi hesab edilən jurnalistikanın, azad mətbuatın inkişafının ümummilli liderimiz Heydər Əliyevin həmişə diqqətində olduğunu vurğulayıb və bu yolun hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, son illər ölkəmizdə təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən tədbirlər bu gün geniş ictimaiyyətin diqqət və marağındadır. Görülən işlərin ictimaiyyətə vaxtında çatdırılmasında KİV-in danılmaz rol oynadığını qeyd edən Misir Mərdanov Təhsil Nazirliyinin media nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb, eləcə də bu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Misir Mərdanov həmçinin 2008-2009-cu tədris ili üzrə yeniliklərdən, məktəb tikintisi, Azərbaycan müəllimlərinin XIII Qurultayına hazırlıq işlərinin aparılması və digər məsələlərdən söz açıb. Sonra təhsil sahəsində görülən işləri obyektiv və peşəkar işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrinə Təhsil Nazirliyinin Fəxri fərmanı və pul mükafatı təqdim olunub. Mərasimdə ölkə jurnalistikasının tanınmış nümayəndələri çıxış edərək Təhsil Nazirliyinin keçirdiyi bu tədbiri yüksək dəyərləndiriblər.
08/07/2015 16:52
İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb.
İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb. Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan İordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib. Görüşdə, həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında “Qardaşlaşmış məktəblər” layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib. Misir Mərdanov Azərbaycan-İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb. Eyni zamanda nazir səfirə gələcək işlərində uğurlar arzu edib. Cənab Adel Adaileh səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya-Azərbaycan əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Aparılan islahatlar nəticəsində İordaniyada Yaxın Şərqdə nümunəvi təhsil sistemi yaradıldığını diqqətə çatdıran səfir, həmçinin nazirin qeyd etdiyi məsələlərə dəstək göstərməyə hazır olduğunu bildirib. Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı səfərlərin təşkili məsələlərindən də bəhs olunub.
08/07/2015 16:52
İyulun 14-də Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirədə qarşıda duran bir sıra məsələlər və prioritet istiqamətlərlə bağlı müzakirələr aparılıb. Təhsil naziri Misir Mərdanov 2008-2009-cu tədris ilində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq işə daha da ciddi məsuliyyətlə yanaşılmasının vacibliyini bildirib. Sonra Misir Mərdanov cari ilin sentyabrında keçiriləcək Azərbaycan müəllimlərinin XIII qurultayına hazırlıq işlərinin aparılmasının ən vacib məsələ olduğunu diqqətə çatdırıb, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə bu istiqamətdə lazımi işlərin həyata keçirilməsi məqsədilə tapşırıqlar verib, eləcə də bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması qərara alınıb. Müşavirədə yaxın günlərdə nəşri nəzərdə tutulan “Azərbaycanın təhsil tarixi” kitabı üzrə işin yekunlaşdırılması, orta ümumtəhsil məktəblərində xarici dillərin tədrisində mövcud olan problemlərin aradan qaldırılması, məktəblərin müasir avadanlıqlara malik fizika və kimya üzrə laboratoriyalarla təchiz olunması, dərsliklərlə təminat, habelə digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq şəxslərə konkret göstərişlər verilib.
08/07/2015 16:52
İyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təqdimat keçirilib.
İyulun 12-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı təqdimat keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bu proqramın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Nazir bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə” Sərəncam imzalayıb. Həmin Proqram çərçivəsində 8 il ərzində 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil almasının nəzərdə tutulduğunu qeyd edən Misir Mərdanov bildirib ki, gənclərimiz, həmçinin Təhsil Nazirliyi ilə imzaladıqları müvafiq fərdi müqaviləyə əsasən xarici ölkədə təhsil aldıqdan sonra yüksək səviyyəli kadr kimi vətənə dönərək 5 il ərzində təyinat üzrə müvafiq sahədə işləmək öhdəliyini daşıyırlar. Sonra nazir azərbaycanlı gənclərin ölkədən kənarda təhsil almasının tarixindən söz açaraq bu işdə ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətləri olduğunu, müvafiq ənənənin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, bu sahə üzrə verilən Sərəncamların əhəmiyyətini qeyd edib. Nazir məlumat verib ki, hazırda qeyd olunan Proqram çərçivəsində 80-dən artıq azərbaycanlı gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində təhsil alır. Misir Mərdanov Dövlət Proqramının səmərəli həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin müxtəlif ölkələrin tərəfdaş qurumları, yaxud birbaşa ali məktəbləri ilə əməkdaşlıq üzrə atılan addımlar barədə də danışıb. Fransanın “Cnous”, Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatları və ABŞ Dövlət Departamentinin “Fulbrayt” Proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradıldığını vurğulayan nazir əlavə edib ki, “Cnous” təşkilatı ilə imzalanmış saziş çərçivəsində ötən il 13 azərbaycanlı gənc Fransanın müxtəlif universitetlərində təhsil almağa göndərilib. Nazir eyni zamanda DAAD təşkilatı ilə cari ilin iyununda Təhsil Nazirliyinin imzaladığı saziş çərçivəsində Almaniyadan gəlmiş ekspertlərlə birgə bu ölkədə təhsil almağa göndəriləcək 12 namizədin müəyyən olunduğundan, yaxın vaxtlarda həmin namizədlərin Almaniyaya göndəriləcəyindən söz açıb. Tədbirdə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərə dair təqdimat edib. Q. Novruzov öz təqdimatında Dövlət Proqramının yaranma zərurəti, onun əsas məqsəd və vəzifələri, bu proqramın hazırkı təqaüdçüləri, ən çox üstünlük verilən istiqamətlər, ümumilikdə mövcud sahədə reallaşdırılan tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Sonda Dövlət Proqramı üzrə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. x
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı