Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib.
Sentyabrın 8-də 11 saylı Bakı Peşə Liseyində respublika peşə təhsili işçilərinin konfransı keçirilib. Konfransda təhsil naziri Misir Mərdanov çıxış edərək peşə təhsili işçilərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Son zamanlar ölkədə aparılan sosial-iqtisadi islahatların peşə təhsilinin də müasirləşməsi, maddi-texniki bazasını güclənməsi və peşə təhsili sisteminin yeniləşməsi zərurəti yaratdığını deyən nazir ölkə Prezidenti cənab İlham Əliyevin məhz bunu nəzərə alaraq təsdiq etdiyi “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın həmin sahənin inkişafında əhəmiyyətli rol oynadığını bildirib. Nazir öz çıxışında bu Proqramın icrası istiqamətində görüləcək işlər, peşə təhsili sistemi qarşısında duran mühüm vəzifələr, peşə məktəbi və liseylərində bazar iqtisadiyyatının tələblərinə uyğun kadr hazırlığının vəziyyəti, onun yaxşılaşdırılması ilə bağlı həyata keçiriləcək tədbirlərdən, respublikanın ayrı-ayrı bölgələrində yaradılacaq yeni peşə təhsili müəssisələrindən də söz açıb. Bütün bunlarla yanaşı, texniki peşə təhsili sahəsində bir sıra problemlərin də mövcud olduğunu qeyd edən Misir Mərdanov onların aradan qaldırılması, əsaslı islahatların həyata keçirilməsi məqsədi ilə hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayıb. Konfransda Texniki-peşə təhsili şöbəsinin müdiri N. Məmmədov çıxış edərək qeyd olunan sahə ilə bağlı məsələlərə toxunub. Müzakirələr zamanı peşə təhsili müəssisələri rəhbərlərinin təklifləri səslənib və onları maraqlandıran suallara aydınlıq gətirilib.
08/07/2015 16:52
Sentyabrın əvvəllərində “British Council” təşkilatı Təhsil Nazirliyi ilə birgə “Təbiət fənləri üzrə müəllimlər üçün təlimlər” layihəsinin I mərhələsi üzrə 5 günlük seminar keçirib.
“Tədris materiallarının yazılması” mövzusunda keçirilən seminarın məqsədi təbiət fənlərini tədris edən müəllimlərin interaktiv tədris metodlarından istifadəsi üzrə peşəkar qabiliyyətlərini inkişaf etdirmək, müxtəlif tələbə yönümlü öyrətmə və öyrənmə üsullarını birləşdirən mövzu dəstlərinin işlənib hazırlanması ilə onları tanış etməkdir. Seminarda Azərbaycan Müəllimlər İnstitutu və onun 11 filialı, Azərbaycan Dövlət Pedaqoji, Bakı, Gəncə, Sumqayıt, Lənkəran Dövlət Universitetləri, eləcə də Bakı, Gəncə, Sumqayıt şəhər, Lənkəran və Salyan rayon ümumtəhsil məktəblərindən seçilmiş 52 nəfər layihə iştirakçısı- təbiət fənlərini tədris edən müəllim, metodistlər iştirak edib. Seminarın son günü təntənəli mərasim keçirilib və layihə iştirakçılarına sertifikatlar paylanılıb. Tədbirdə Təhsil Nazirliyi, BP-nin Azərbaycan üzrə rəhbər nümayəndələri, “British Council”-un direktoru xanım Nikol lə Os de Laluvye və media nümayəndələri iştirak edib.
08/07/2015 16:52
Avqustun 29-da Təhsil Nazirliyində uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramının icrası məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib.
Avqustun 29-da Təhsil Nazirliyində uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-İnstitusionalizasiya) və alternativ qayğı” Dövlət Proqramının icrası məsələlərinə həsr olunmuş növbəti tədbir keçirilib. Tədbirdə uşaq hüquqlarının müdafiəsi QHT alyansının nümayəndələri Save the Children Azərbaycan, Azərbaycana Birgə Yardım (UAFA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, Humanitar Uşaq fondu “Buta” , SOS uşaq kəndləri Assosiasiyası , Əqli sağlamlıq təşəbbüsü təşkilatının təmsilçiləri iştirak ediblər. Uşaqların internat müəssisələrindən ailələrə verilməsi, habelə bu müəssisələrə uşaqların yeni qəbulunun qarşısının alınması mexanizmini özündə birləşdirən uşaq müdafiəsi sisteminin yaradılması barədə müzakirələr aparılıb. QHT-lər tərəfindən Təhsil Nazirliyinə qeyd olunan proqramın icrasını təmin edəcək mükəmməl uşaq müdafiəsi sistemi üzrə model təklif olunub.Tədbirdə nazirliyin proqramın əlaqələndiricisi olması nəzərə alınaraq həmin modeli Təhsil Nazirliyinin dəstəyi əsasında yaradılmasının zəruriliyi vurğulanıb. Ekspertlər yekdilliklə qeyd ediblər ki, proqramın uğurlu icrası üçün 3 əsas amil - uşaq müdafiəsi agentliyi, yerli səviyyədə uşaqlar və onların ailələrinə xidmətlər, bu sahədə əhalinin maarifləndirilməsi sahəsində gərgin iş aparılmalıdır. Tədbirdə Təhsil, Beynəlxalq və QHT-lər təklif olunan modelin ölkənin bir sıra rayon və şəhərlərində sınaqdan keçirilməsini tövsiyə edib. Eyni zamanda Təhsil Nazirliyi ilə bu sahədə qabaqcıl təcrübəyə malik mütəxəssis və QHT- lərlə məsləhətləşmələrin davam etdiriləcəyi qərara alınıb.
08/07/2015 16:52
Yanvarın 21-də Təhsil Nazirliyində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu və Gəncə Dövlət Universitetində pilot layihə kimi tətbiq edilən “Təhsilin əsasları” fənni üzrə II semestrin materiallarına dair təqdimat dinlənilib.
İclası təhsil naziri Misir Mərdanov açaraq bu barədə təqdimat etmək üçün sözü nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanovaya verib. A. Süleymanova öncə ölkəmizdə alı təhsilin bakalavr pilləsində tədris edilən “Təhsilin əsasları” fənni üzrə I semestrin nəticələrindən bəhs edib. Sonra A.Süleymanova II semestrdə tədris ediləcək “Təhsildə dövlət siyasəti”, “Təhsilin iqtisadiyyatı” məzmun xətlərinə, eləcə də qeyd olunanlara dair təlim materialları haqqında məlumat verib. Təqdimatda “Təhsilin iqtisadiyyatı”, “Kurikulum və onun elmi-nəzəri əsasları”, habelə “Təhsilin metodoloji əsasları” üzrə IV və V semestrdə ayrılacaq dərs yükü barədə də danışılıb. Sonda müvafiq fənn üzrə tədrisin səmərəliliyini yüksəltmək məqsədi daşıyan rəy və təkliflər verilib.
08/07/2015 16:52
Avqustun 11-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri cənab Qabriel Kelleri qəbul edib.
Avqustun 11-də təhsil naziri Misir Mərdanov Fransanın ölkəmizdəki səfiri cənab Qabriel Kelleri qəbul edib. Qonaqları salamlayan nazir iki ölkə arasında təhsil sahəsində mövcud əlaqələrdən danışıb, son vaxtlar bu əlaqələrin yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb. Nazir vurğulayıb ki, ikitərəfli əlaqələri daha da genişləndirmək üçün çoxcəhətli iş aparılır. Əsas istiqamətlərdən biri azərbaycanlı gənclərin Fransada təhsili ilə bağlıdır. Nazir qeyd edib ki, 2007-ci ildə Fransanın QNUS təşkilatı ilə Təhsil Nazirliyi arasında saziş imzalanıb. Həmin sazişə əsasən 13 tələbə Fransada təhsil almağa göndərilib. Onların 12-si hazırlıq, 1-i isə magistratura pilləsində təhsil alır. Nazir vurğulayıb ki, hazırda Fransada təhsil almaq üçün 45 azərbaycanlı gənc nazirliyə müraciət edib. Onlardan 28-i bakalavr, 15-i isə magistr pilləsində təhsil almaq istəyir. Təhsil naziri Misir Mərdanov Azərbaycanın ali məktəblərində fransız dilinin tədrisini də ikitərəfli əlaqələrə müsbət təsir edən amil kimi qiymətləndirib, əvvəlki illərlə müqayisədə fransız dilinə marağın xeyli artdığını deyib. Qeyd edib ki, artıq Bakı, Naxçıvan, Lənkəran Dövlət universitetlərində və digər ali məktəblərdə fransız dili yüksək səviyyədə tədris olunur. Nazir fransız dilinin tədrisi səviyyəsinin yüksəldilməsi sahəsində aparılan işlərə Fransa səfirliyinin bundan sonra da yaxından kömək edəcəyinə inandığını bildirib. Səfir Qabriel Kelleri öz növbəsində onu və nümayəndə heyətini səmimi qəbul etdiyi üçün təhsil naziri Misir Mərdanova öz təşəkkürünü bildirib. Qeyd edib ki, Fransa səfirliyinin Təhsil Nazirliyi ilə sıx əməkdaşlığı iki ölkə arasında təhsil sahəsindəki əlaqələrin inkişafına müsbət təsir göstərəcək. Səfir Dövlət Proqramının yüksək səviyyədə həyata keçirilməsi üçün Fransa tərəfinin əlindən gələni etməyə hazır olduğunu bildirib. Cənab Qabriel Kelleri ölkəmizin başçısı cənab İlham Əliyev ilə görüşündə də bu proqram haqqında ətraflı söhbət etdiklərini söyləyib. Təqaüd proqramının ötən il uğurlu olduğunu deyən Fransa elçisi onun bu il də uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.
08/07/2015 16:52
Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb.
Avqustun 12-də təhsil naziri Misir Mərdanov Bakının Şüvəlan qəsəbəsindəki 16 nömrəli internat məktəbdə istedadlı uşaqlar üçün açılmış yay təlim-istirahət düşərgəsində olub, burada dincələn şagirdlərlə görüşüb. Görüşdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, nazirliyin Kənd məktəbləri üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin müdiri Aydın Əhmədov, respublika fənn olimpiadalarının kimya və biologiya üzrə münsiflər heyətinin sədrləri, tanınmış alimlər Vaqif Abbasov, Ədalət Fərəcov və KİV nümayəndələri iştirak ediblər. Uşaqları səmimi salamlayan nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətin sərvəti olan istedadlı uşaqların aşkara çıxarılması və inkişafına böyük diqqət yetirir. Bu məqsədlə ölkə başçısının xüsusi sərəncamı ilə iki il əvvəl “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) təsdiq olunub. Dövlət Proqramının icrası ilə bağlı təhsil Nazirliyinin Fəaliyyət Planına əsasən yerlərdə riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə aşkara çıxarılmış istedadlı şagirdlər arasından ən istedadlılarını müəyyənləşdirmək məqsədi ilə bu ilin mayında Bakı şəhərində alim və mütəxəssislərin iştirakı ilə təkrar seçim aparılıb. Bu düşərgəyə də məhz həmin seçim zamanı ən yüksək bal toplayanlar cəlb olunub. Sonra nazir düşərgədə şagirdlərin istirahətlərinin necə keçməsi ilə maraqlanıb. Günlərinin xoş və mənalı keçdiyini deyən uşaqlar yaradılan şəraitdən razılıq edib, istedadlı uşaqların inkişafına göstərdiyi qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Nazirə məlumat verilib ki, istirahətlərini səmərəli keçirmək üçün uşaqlara hər cür şərait yaradılıb, müxtəlif tədbirlərlə zəngin gün rejimi tərtib olunub. Onlar hər gün sevdikləri idman növləri ilə məşğul ola bilir, şahmat, dama oynayır, şəhərin görməli yerlərinə gəzintilərə çıxırlar. İndiyədək Qız qalasına, Şirvanşahlar sarayına, Mərdəkan dendrarisinə, Atəşgaha gəzintilər təşkil olunub, bir sıra idman növləri üzrə yarışlar keçirilib. İnternat məktəbin zəngin kitabxanası, kompüter otaqları, idman zalı, hovuzu istedadlı uşaqların ixtiyarındadır. Uşaqlarla söhbət edən nazir onların arzu-istəkləri ilə maraqlanıb, çoxsaylı suallarını cavablandırıb. Nazir istedadlı uşaqların düşərgədə olduqları müddətdən maksimum səmərəli istifadə etmələri üçün paytaxtın tarixi-mədəni abidələrinə, muzeylərinə, xüsusən də Azərbaycan tarixi, xalça muzeylərinə ekskursiyaya aparılmasını tövsiyə edib. Təhsil naziri istedadlı uşaqlar üçün düşərgədə yaradılmış şəraiti, onlarla keçirilən mədəni-kütləvi tədbirləri, alimlərin şagirdlərlə görüşünü yüksək qiymətləndirib, bu işdə əməyi olanlara təşəkkür edib. Görüşün sonunda Misir Mərdanov yay təlim-istirahət düşərgəsində dincələn istedadlı uşaqlarla xatirə şəkli çəkdirib.
08/07/2015 16:52
ABŞERON RAYONUNDA YENİ DƏRS İLİNƏ CİDDİ HAZIRLIQ GÖRÜLÜR
AzərTAc xəbər verir ki, Abşeron rayonunda yeni dərs ilinə ciddi hazırlıq görülür. Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirmişdir ki, rayonda fəaliyyət göstərən 34 məktəbin hamısında yeni dərs ilinə hazırlıqla əlaqədar cari təmir işləri aparılır. Xırdalan şəhər 1 nömrəli və Ceyranbatan qəsəbə 1 nömrəli məktəbləri Təhsil Nazirliyinin, Novxanı kənd 1 nömrəli məktəbi isə rayonun daxili imkanları hesabına əsaslı təmir olunur. Bununla yanaşı, Qobu qəsəbəsində rayonun daxili imkanları, Masazır kəndində isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına hər biri 200 şagird yerlik yeni məktəb binaları inşa edilir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan edir.
1946-cı ildə təsis edilmiş Fulbrayt Tələbə Proqramı ABŞ Dövlət Departamentinin xarici əlaqələrində mühüm rol oynayıb. Bu proqram idarəetmə xüsusiyyətləri, açıq düşüncə nümayiş etdirəcək gələcəyin liderlərini hazırlamaq prinsiplərini rəhbər tutur. 2008-ci ilin 19 iyun tarixində Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi və Azərbaycan tərəfinin bu proqramı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” vasitəsilə azərbaycanlı tələbələrin ABŞ universitetlərində təhsil almasının dəstəklənməsi qeyd olunub. Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqə də məhz həmin Saziş əsasında aparılır. Müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslər iştirak edə bilərlər. Sənədlər sentyabrın 12-dək Təhsil Nazirliyi və ABŞ Səfirliyində qəbul olunacaq. Müsabiqə barədə elan “Azərbaycan müəllimi” qəzetində, Təhsil Nazirliyinin (www.edu.gov.az) və ABŞ səfirliyinin (www.azerbaijan.usembassy.gov) saytlarında verilib. Ərizə formasını isə göstərilən saytlardan əldə etmək olar.
08/07/2015 16:52
Avqustun 8-də Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.
Mətbuat konfransı ABŞ ali məktəblərinin magistraturasında təhsil almaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və bu ölkənin Azərbaycandakı səfirliyinin Fulbrayt Tələbə Proqramı üçün ilk müsabiqəni elan etməsinə həsr olunmuşdu. Təhsil naziri Misir Mərdanov öncə mətbuat konfransında iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Ənn Dersi, səfirliyin İctimaiyyətlə əlaqə şöbəsinin yeni rəhbərini və media nümayəndələrini səmimi salamlayıb. Misir Mərdanov Fulbrayt Tələbə Proqramının başlanmasını hər iki ölkə üçün müsbət addım kimi dəyərləndirib. Sonra nazir bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq cari ilin iyununda Azərbaycan Respublikasının Hökuməti ilə ABŞ Hökuməti arasında Saziş imzalanıb. Nazir əlavə edib ki, bu Sazişin 4-cü maddəsində Tərəflərin təbiət, mühəndislik, informasiya texnologiyaları, sosial, humanitar elmlər, incəsənət, kommunikasiya, biznesin idarə edilməsi, kənd təsərrüfatı və səhiyyə, digər sahələr də daxil olmaqla, tələbə, alim və tədqiqatçıların daha geniş mübadiləsinin aparılması, birgə maliyyələşdirmək yolu ilə Fulbrayt proqramının genişləndirilməsi qeyd olunub. Fulbrayt Tələbə Proqramı çərçivəsində elan olunan bu müsabiqənin məhz həmin Saziş əsasında aparıldığını diqqətə çatdıran Misir Mərdanov müsahibədə Azərbaycan Respublikasının vətəndaşı olan, bakalavr dərəcəsinə malik, 2007-2008 və 2008-2009-cu illərdə magistr pilləsi üzrə keçirilən imtahanlarda müvafiq olaraq 70 və 80 bal toplayan, əvvəlki illərdə bakalavr və mütəxəssis proqramlarını yüksək göstəricilərlə başa vurmuş şəxslərin iştirak edə biləcəyi barədə məlumat verib. Xanım Ənn Dersi çıxış edərək dövlət başçımızın təsdiq etdiyi müvafiq proqramı aıqışlayıb və bu proqramın azərbaycanlı gənclərə dünyanın ən nüfuzlu universitetlərində oxumaq üçün faydalı imkan yaratdığını vurğulayıb. Səfir eyni zamanda bildirib ki, ABŞ höküməti 1993-cü ildən Fulbrayt Proqramı çərçivəsində hər iki ölkənin alimlərinin qarşılıqlı səfərlərini təşkil edir və bu proqramın iştirakçıları professor-müəllim heyəti, tədqiqatçılardır. Xanım Dersi onu da əlavə edib ki, bu proqram çərçivəsində seçilənlər ABŞ-da iki il magistr proqramı üzərində çalışacaqlar. Mətbuat konfransının sonunda təhsil naziri Misir Mərdanov və ABŞ-ın ölkəmizdəki səfiri xanım Ənn Dersi media nümayəndələrinin Fulbrayt Proqramı ilə bağlı suallarını cavablandırıblar.
08/07/2015 16:52
Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov və Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Öncə Misir Mərdanov qonaqlara ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci ölkələrdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər haqqında məlumat verib. Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov bu görüşdən məmnun olduğunu ifadə edib. V.Məmmədov rəhbəri olduğu təşkilatın məram və məqsədləri haqqında danışaraq nazirə müxtəlif ölkələrdə keçirilən Forumlar barədə də məlumat verib, qeyd edib ki, məhz belə tədbirlərdə azərbaycanlı tələbələr bir araya gəlməklə fikir mübadiləsi aparır, müxtəlif təklif və ideya verirlər. Forumun əhəmiyyətindən danışan təşkilat rəhbəri Azərbaycanın Avropada tanıdılması işində keçirilən tədbirlərin böyük rol oynadığını vurğulayıb. Brüsseldə təşkil olunan azərbaycanlı tələbələrin Avropa Forumunda müzakirə edilən məsələlər, eləcə də qarşıda duran perspektivlərdən söz açan V.Məmmədov Forumun digər fəaliyyət istiqamətlərindən də danışıb. Qeyd olunan təşkilatla mütəmadi əlaqələr yaradılması, görüşlər keçirilməsinin zəruriliyini bildirən Misir Mərdanov birgə tədbirlər planının hazırlanması, TEMPUS-TASİS proqramı üzrə iş aparılması təklifi ilə çıxış edib. Nazir həmçinin bu təşkilata Azərbaycanın tarixi, mədəniyyəti, dili ilə bağlı dərslik və xəritələr verilməsi fikrini də qeyd edib. Misir Mərdanov bildirib ki, bəzi ölkələrin aparıcı ali məktəblərində Azərbaycan Mərkəzinin yaradılması işi də bu istiqamətdə atılan ən yüksək addımlardan biri olar. Təhsil naziri Misir Mərdanov təşkilatın işinə dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb və birgə fəaliyyət göstərməyə böyük önəm verdiyini açıqlayıb. Görüşdə Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə hazırladığı memorandumun bu ilin noyabrında Londonda keçiriləcək Forum zamanı imzalanması təklifi də səsləndirilib.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı