Mayın 6-da təhsil naziri Misir Mərdanov Zaqatala rayonunda bir sıra tədris ocaqlarının açılış mərasimlərində iştirak edib.
İlk öncə təhsil naziri rayon rəhbərliyi ilə birlikdə Heydər Əliyev adına parka gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Misir Mərdanov Zaqataladakı akademik Zərifə Əliyeva adına liseyə baş çəkib, tədris ocağının pedaqoji kollektivi ilə görüşüb. Həmin gün nazir Zaqatala şəhərində 320, Mazıx kəndində 220 şagird yerlik yeni inşa edilmiş orta məktəblərin və Mamrux kəndində 40 yerlik uşaq bağçasının açılış mərasimində iştirak edib. Sonda rayonun Suvagil kənd mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsindən, bu sahəyə göstərilən dövlət qayğısından və təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açılıb.
08/07/2015 16:52
Mayın 5-də təhsil naziri Misir Mərdanov Yevlax rayonundakı Şıxəli Qurbanov adına 8 saylı orta məktəbin açılış mərasimində iştirak edib.
Öncə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Nazir rayon rəhbərliyini, təhsil ocağının pedaqoji və şagird kollektivini təbrik edib, rayonda həyata keçirilən bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda təhsilə gösərdiyi diqqət və qayğı sayəsində mümkün olduğunu nəzərə çatdırıb. Həmin gün təhsil naziri rayonun Mərkəzi Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş «Heydər Əliyev- müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda elmi-praktik konfransda və Heydər Əliyev adına sarayda təhsil işçilərinin müşavirəsində iştirak edib. Daha sonra təhsil naziri Misir Mərdanov mərasimdə iştirak edən ölkə ziyalıları ilə birlikdə Heydər Əliyev muzeyində olub və xatirə kitabına ürək sözlərini yazıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar mayın 4-də Heydər Əliyev Fondunda olublar.
Fondun zəngin ekspozisiyası, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir mərhələsi barədə geniş təsəvvür yaradan dəyərli materiallar maraqla qarşılanıb. Ümummilli liderin Bakıda, Naxçıvanda və Moskvada ayrı-ayrı vəzifələrdə işlədiyi illər ərzində ölkə həyatının müxtəlif sahələrində həyata keçirdiyi layihələr, qazanılan uğurlar haqda məlumatlar qonaqlarda böyük maraq doğurub. Təhsil işçiləri ulu öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, bu sahələrdə çalışan insanlara diqqət və qayğısı, dünyanın müxtəlif bölgələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən stend və guşələrlə tanış olublar. Fondun fəaliyyətindən bəhs edən videofilm təhsil işçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Filmdə Heydər Əliyev Fondunun son illərdə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələr əksini tapıb. Sonra təhsil naziri Misir Mərdanov Fondun 5 illik yubileyi ilə bağlı təhsil işçilərinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları təbriki, ən xoş istək və arzularını çatdırıb. Nazir qeyd edib ki, ölkəmizin təhsil ictimaiyyəti ulu öndər Heydər Əliyevin nəcib və xeyirxah əməllərini yaşadan Fondun bütün istiqamətlərdə, xüsusilə də təhsil sahəsində həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayır.
08/07/2015 16:52
Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialının inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyinin məqsədyönlü fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, respublika səviyyəsində ilk dəfə həyata keçirilən “Gənc kompüter istedadları” müsabiqəsinə 2007-ci ildə yalnız Bakı şəhərinin məktəbliləri qatılıb, 2008-ci ildə isə müsabiqə Sumqayıt şəhərində təşkil olunub. Müsabiqəyə marağı, eləcə də ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə 1-ci Dövlət Proqramının icrasının yaratdığı imkanları nəzərə alaraq “Gənc kompüter istedadları” müsabiqəsinin respublika səviyyəsində keçirilməsinin əhəmiyyətindən bəhs edən Misir Mərdanov müsabiqənin əsasnaməsinə uyğun olaraq İKT ilə bağlı dövlət və özəl qurumlardan ibarət Təşkilat Komitəsi və Münsiflər Heyəti yaradıldığını nəzərə çatdırıb. Təhsil naziri Təşkilat Komitəsinə AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları İnstitutlarının, Bakı Dövlət Universitetinin, “Delta Telekom” şirkətinin, “Bakı” nəşriyyatının, Münsiflər Heyətinin tərkibinə isə “HP”, “Microsoft Azerbaijan”, “İntel”, “Delta Telekom”, “Ultra” kimi şirkətlərin və “Multimedia” mərkəzinin nümayəndələrinin daxil edildiyini söyləyib. Müsabiqədə iştirak etmək üçün məktəblilərin 114 ərizə verdiyini, müxtəlif nominasiyalar üzrə 70 layihənin təqdim edildiyini nəzərə çatdıran nazir deyib ki, dörd nominasiya üzrə 42 layihə yekun turuna buraxılıb və yekun turda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini, Zaqatala və Şəki rayonlarını təmsil edən məktəblilər fərqləniblər. Təhsil naziri Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “Zəngi” liseyinin, Bakı şəhərindəki 134, 286, 313, 56 saylı, Sumqayıt şəhərindəki 21, 23, 25 saylı, Zaqatala rayonundakı 3 saylı, Şəki şəhərindəki 11 saylı məktəblərin şagirdlərinin də yüksək nəticələr əldə etiyini bildirib. Sonra akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi Rəsul Axundovun “Məktəblinin kalkulyatoru”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi Vüsal Həsənovun və Ceyhun Yusifovun “Qoğal” nağılı, Sumqayıt şəhər 25 saylı orta məktəbin şagirdləri Ömürtay Şükürlünün və Orxan Şükürlünün “İdiomlar” mövzularında hazırladıqları təqdimatlar olub. Daha sonra məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb, I, II və III yeri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələri (kompüter, LCD-Monitor (TV) və ya videokamera, DVD Player) təqdim edilib. Onu da qeyd edək ki, final mərhələsinin bütün iştirakçılarına müvafiq sertifikatlar verilib, “Ən orijinal layihə” və “Ən gənc iştirakçı” müəyyənləşdirilib. Mərasimin sonunda təhsil naziri Misir Mərdanov bütün qalibləri təbrik edib, onlara uğurlar diləyib və ən xoş arzularını bildirib.
08/07/2015 16:52
Mayın 1-də Bakıdakı 23 saylı orta məktəbdə «British Council» beynəlxalq təşkilatı və Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş 7 pilot məktəbin 55 ingilis dili müəlliminin iştirak etdiyi bir həftəlik təlim kursunun başa catması ilə əlaqədar təqdimat mərasimi kecirilib.
Tədbiri giriş sözü ilə «British Council» un proqramlar üzrə meneceri Gülşən Hüseynova acaraq bildirib ki, bu təşkilat Böyük Britaniyanın digər ölkələrlə təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirən beynəlxalq bir qurumdur. Təşkilatın Təhsil Nazirliyi ilə birgə ilk dəfə müəllimlər üçün yeni və dinamik ingilis dili təlim kursu hazırladığını qeyd edən G. Hüseynova kursun birinci mərhələsinin artıq 2008-ci ilin iyul ayında kecirildiyini nəzərə çatdırıb. O deyib ki, «British Council» təşkilatının trenerləri tərəfindən paytaxtın 23, 134, 6, 7 saylı orta məktəblərində, Ankara və Pişəvəri adına humanitar liseylərdə çalışan 55 müəllimin I və V siniflərdə tədris etdikləri ingilis dili dərslərinin müşahidələri aparılıb. Növbəti tədris ilində II və VI siniflər üçün yeni proqramın təqdim olunması məqsədilə aprelin 27-dən mayın 1-dək ikinci mərhələnin həyata keçirildiyini söyləyən Gülşən Hüseynova bu işdə Böyük Britaniyadan dəvət edilmiş tanınmış ingilis dili mütəxəssisi Julietta Schoenmannın xüsusi rolunun olduğunu diqqətə çatdırıb. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov Bakının 7 pilot məktəbində müəllimlər üçün keçirilən ən müasir ingilis dili təlim kursunun əhəmiyyətindən söz açıb və yeni olan bu təşəbbüs sayəsində qabaqcıl təlim metodlarının təqdim olunduğunu qeyd edib. Təməli qoyulmuş bu işin yaxın gələcəkdə bütün məktəbləri əhatə etməsinin vacibliyini vurğulayan Misir Mərdanov ingilis dili üzrə savadlı kadrların hazırlanması ilə yanaşı, rus dilinin tədrisində də müasir təlim metodlarının tətbiqinə ehtiyac olduğunu nəzərə çatdırıb. Məktəb rəhbərlərindən və xarici dil müəllimlərindən bu işə məsuliyyətlə yanaşmağı tələb edən nazir səmərəli əməkdaşlığa görə «British Council» beynəlxalq təşkilatının əməkdaşlarına təşəkkürünü bildirib. Sonda 7 pilot məktəbin 55 ingilis dili müəlliminə təhsil naziri Misir Mərdanov və Julietta Schoenmann tərəfindən sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda «Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər» mövzusunda respublika elmi konfransı keçirilib.
Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın «Yaşlıların təhsili XXI əsrin açarıdır» şüarı altında keçirildiyini bildirib. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verib. Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir qeyd edib ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsilinin insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşüldüyünü vurğulayan Misir Mərdanov bildirib ki, son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Nazir qeyd edib ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə 30-a yaxın tədbir həyata keçirib. Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən, yaşlıların təhsili kontingentinə aid olunan sosial-demoqrafik qruplardan söz açaraq deyib ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Hər bir insanın cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etməsi üçün öz peşə, bilik və bacarığını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsinin vacibliyini önə çəkən nazir yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərdən, bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs edib. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxunub, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açıb. Çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təkliflərini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasının müdiri Ramiz Məmmədzadə «Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri», ADPU-nun kompüter mərkəzinin direktoru İlham Əhmədov «Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri» mövzularında məruzələr ediblər. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söyləyib və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə edib. Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirib.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Protokola uyğun olaraq 2009-2010-cu tədris ilində də Rusiya ali məktəblərində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavr və mütəxəssis proqramları üzrə 100 yer ayrılıb.
Hər iki ölkənin təhsil nazilrikləri arasında mövcud olan əməkdaşlıq nəticəsində Rusiya tərəfi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərini qəbul edərək azərbaycanlı gənclərin təhsil almaları üçün prioritet ixtisaslar üzrə ən nüfuzlu universitetlərin adlarını açıqlayıb. Bu ali məktəblər arasında N.E. Bauman adına Moskva Dövlət Texnologiya Universiteti, Moskva Aviasiya İnstitutu, Dövlət İdarəçilik Akademiyası, Rusiya Dövlət Turizm və Xidmət Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, “Stankin” Moskva Dövlət Texnologiya Universiteti, Sankt-Peterburq Dövlət Politexnik Universiteti, Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti, Kazan Dövlət Texniki Universiteti, Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti və digər universitetləri qeyd etmək olar. Ayrılan kvota çərçivəsində Rusiya ali məktəblərində təhsil ödənişsizdir. Yataqxana və digər xərcələrin ödənilməsi məsələləri isə qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarına aiddir. Tələbənin illik tibbi sığortalanması məcburidir (250 ABŞ dollarından yuxarı). Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunacaq və ildə bir dəfə yay tətili müddətində onların təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ödəniləcəkdir. Rusiya ali məktəblərinə qəbul Təhsil Nazirliyinin müvafiq sifarişinə əsasən Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Bu günlərdə TQDK tərəfindən qəbul ilə bağlı müvafiq elan veriləcəkdir.
08/07/2015 16:52
Aprelin 29-da Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.
Azərbaycanla Rusiya Federasiyası arasında təhsil sahəsində mövcud olan əlaqələrdən, səmərəli əməkdaşlıq ənənələrindən bəhs edən təhsil naziri respublikamızda rus dilinin tədrisi barədə fikirlərini bildirib. Ölkəmizin orta məktəblərində oxuyan şagirdlərin 8 faizinin rus dilində təhsil aldığını, ali məktəblərdə isə bu göstəricinin daha yüksək olduğunu nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda Rusiya Federasiyasının iki ali məktəbinin filialının fəaliyyət göstərdiyini qeyd edib. Nazir deyib ki, cari ilin fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəsmi açılış mərasimində şəxsən iştirak etməsi dövlətlərarası münasibətlərimizin yüksək səviyyədə təşəkkül tapmasının və respublikamızda təhsil sahəsinin inkişafına göstərilən həssas münasibətin təzahürüdür. Son illər ərzində Azərbaycanda yeni tikilən və əsaslı təmir edilən tədris ocaqlarının sayının 3000-dən artıq olduğunu vurğulayan nazir bu baxımdan Heydər Əliyev Fondunun səmərəli fəaliyyət göstərdiyini, Azərbaycan təhsilinə layiqli töhfələr verdiyini söyləyib. Orta məktəblərdə rus dilinin tədrisi ilə bağlı məsələlərə toxunan nazir hələ keçmiş sovetlər dövründən bu sahədə bəzi nöqsanların olduğunu, onların aradan qaldırılması üçün müvafiq tədbirlərə ehtiyac duyulduğunu vurğulayıb. Müzakirələr əsnasında qərara alınıb ki, bununla bağlı gələn ayın sonlarında Azərbaycanın təhsil işçilərindən ibarət nümayəndə heyəti Rusiya Federasiyasından olan həmkarları ilə müzakirələr aparmaq üçün Moskvaya səfər etsinlər. Azərbaycanın Rusiya Federasiyası ilə tələbə və magistr mübadiləsi sahəsində də yaxından əməkdaşlıq etdiyini söyləyən Misir Mərdanov 198 rusiyalı gəncin Azərbaycan universitetlərində, 200-dən çox azərbaycanlı tələbənin isə dövlət xətti ilə Rusiya ali məktəblərində təhsil aldığını bildirib. Fəaliyyəti dövründə hər zaman təhsil sahəsinə xüsusi önəm verdiyini qeyd edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan təhsl sisteminin düzgün istiqamətdə inkişafını, tədrisin müxtəlif dillərdə aparılmasına yaradılan sərbəst şəraiti yüksək dəyərləndirib. Səfir bildirib ki, Rusiya tərəfi digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlığın genişləndirilməsi xəttinə sadiqdir. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib, təhsil sahəsindəki əlaqələrin inkişafından razılıq ifadə olunub.
08/07/2015 16:52
“Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları”na uyğun olaraq Cənubi Koreyanın KAİST Universitetində (Koreya Yüksək Elm və Texnologiyalar Universiteti) müxtəlif ixtisaslar üzrə bakalavr pilləsində təhsil almağa göndəriləcək azərbaycanlı tələbələrin seçilməsi məqsədilə Təhsil Nazirliyi müsabiqə elan edib.
Müsabiqədə Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin I və II kursunda təhsil alan, ali məktəblərə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə isə ən azı 600 bal toplayan 18 yaşı tamam olmuş tələbələr iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə-əsaslandırma (2 dildə-Azərbaycan və xarici dildə), doldurulmuş xüsusi anket forması (Təhsil Nazirliyindən əldə edilir), 2 ədəd tövsiyə məktubu (iddiaçının təhsil aldığı ali məktəbin professor müəllim heyəti tərəfindən verilir, ərizə formasını http://http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək mümkündür), xüsusi anket forması (http://admission.kaist.ac.kr/sub05/sub05_1.do saytından əldə etmək olar), ali məktəbə qəbul zamanı topladığı bal haqqında TQDK tərəfindən verilmiş arayış, tələbənin ali məktəbdə təhsil alması barədə arayışın və qiymət kitabçasından çıxarışın surətləri (notarial qaydada təsdiq olunmuş və ingilis dilində tərcüməsi ilə), tərcümeyi-hal (CV, 2 dildə-Azərbaycan və xarici dildə), 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 santımetr ölçüdə) və şəxsiyyət vəsiqəsinin surətini 10 may 2009-cu il tarixinə kimi Təhsil Nazirliyinə təqdim etməlidirlər. Müsabiqədə uğur qazanan tələbələr Koreyanın KAİST Universitetində nanotexnologiya, bio mühəndislik, mexaniki, aerokosmik və sistem mühəndisliyi, mülki və ekoloji mühəndisliyi, sənaye dizaynı, kimya və biomolekulyar mühəndisliyi, materialşünaslıq və mühəndislik, nüvə və kvant mühəndisliyi, elektrik mühəndisliyi, kompüter elmləri, sənaye və sistemlər mühəndisliyi kimi ixtisaslar üzrə təhsil almaq imkanı qazanacaqlar.
08/07/2015 16:52
Aprelin 28-də Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yannyan ilə görüşüb.
Azərbaycanda təhsilin müasir tələblər səviyyəsinə yüksəldilməsi yönündə görülən kompleks işlərdən, həyata keçirilən islahatlardan bəhs edən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət siyasətində təhsil sektoruna xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bildirən Misir Mərdanov qeyd edib ki, atılan məqsədyönlü addımlar sayəsində dünya təhsil sisteminə inteqrasiya istiqamətində ciddi uğurlar qazanılıb və bir çox ölkələrlə səmərəli qarşılıqlı əlaqələrin inkişafına nail olunub. Respublikamızda təhsilin bütün pillələrində müşahidə edilən müsbət dəyişikliklərə toxunan təhsil naziri xarici ölkələrlə qarşılıqlı tələbə mübadiləsi istiqamətində görülən işlərdən, 2007-2015-ci illərdə 5000 azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini nəzərdə tutan Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən söhbət açıb. Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətlərinin tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarında yaxından iştirak etməkdən ibarət olduğunu söyləyən nazir 2008-2009-cu tədris ilində ölkəmizdə 7000-dən artıq əcnəbi tələbənin təhsil aldığını nəzərə çatdırıb. Misir Mərdanov Azərbaycanın ali məktəblərində oxuyan çinli tələbələrin sayının 228 nəfər olduğunu bildirib və təhsil sahəsində Çin Xalq Respublikası ilə əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib. Təmsil etdiyi ölkənin təhsil sisteminin strukturu haqqında ətraflı məlumat verən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Can Yannyan iki ölkə arasında təhsil sahəsində mövcud olan əlaqələrin daha da inkişaf etməsi, müvafiq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti və digər məsələlər barədə fikirlərini bildirib. Səfir qeyd edib ki, Çin Azərbaycanla əlaqələrin dərinləşməsinə xüsusi önəm verir və bu baxımdan təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə maraq göstərir. Görüşdə hər iki ölkə arasında təhsil sahəsinə dair qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, gələcək əməkdaşlığın əsas istiqamətlərindən söhbət açılıb.
08/07/2015 16:52
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı