30.11.2016 14:10

Müəllimlərinin “Qızıl parçası” adlandırdığı tələbənin “Uğur formulu”

Təhsil Nazirliyi  və  “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Murad Abasovdur.

Murad Abasov 1998-ci ildə Bakı şəhərində musiqiçi ailəsində doğulub. İlk təhsilini 244 nömrəli tam orta məktəbdə alıb. Kiçik yaşlarından musiqiyə meyli olan Murad ilk musiqi təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasında alıb. 11 il pedaqoq Ayşə Əliyevanın tələbəsi olub. Hazırda Almaniyanın Trossingen Dövlət Musiqi Universitetində fortepiano ixtisası üzrə təhsilini davam etdirir.

Murad bu ilin 23-27 may tarixlərində Almaniyanın Myulakker şəhərində “Baden-Vyurtenberqdə musiqi istedadları” adlı Beynəlxalq müsabiqədə iştirak edib və ən yüksək mükafat olan “Assoluto”ya layiq görülüb. Müsabiqənin münsiflər heyətinin üzvü Tamara Poddubnaya onun ifasını yüksək qiymətləndirərək öz sinfində təhsil almaq üçün ABŞ-ın Long İsland Konservatoriyasına (Loung İsland Conservatory) dəvət edib.

Respublika və beynəlxalq miqyaslı müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüsü, pianoçu Muradı müəllimi, professor Tomislav Baynov “Gold Stück - Qızıl parçası” adlandırır.

- Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdə təhsil mənə klassik musiqini daha dərindən öyrənməyə birbaşa vasitə oldu. Çox şadam ki, Almaniyadakı təhsil ümidlərimi doğruldaraq istədiyim nəticələri əldə etməkdə mənə kömək edir. “Baden-Vyurtenberqdə musiqi istedadları” adlı beynəlxalq müsabiqədə mən ən yüksək mükafata layiq görülməklə yanaşı, Almaniyanın Myulakker şəhərində solo konsert vermək üçün təklif aldım, eləcə də 28-31 iyul tarixlərində Almaniyada keçirilən daha bir beynəlxalq müsabiqəyə dəvət olundum. İştirakçılar arasında ən kiçik yaşlı ifaçı (18–35 yaş) və yeganə azərbaycanlı idim. Burada da çox böyük nəticələr əldə edərək ən yüksək balla I yerə layiq görüldüm. Məhz bu çıxışım Almaniya mətbuatında “Ən böyük alqışa səbəb olan ifa” başlığı ilə dərc olundu.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Musiqi duyumum və musiqiyə olan sonsuz həvəsim məni bu ixtisası seçməyə vadar etdi. Mən daha çox klassik musiqiyə qulaq asıram. Klassik musiqi ilə çox kiçik yaşlarımdan tanışam. Valideynlərimin də fortepianoda ifa etməyi məni çox həvəsləndirib. Musiqisiz həyatı düşünə bilmədiyim üçün məhz bu ixtisası seçdim.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- İştirak etdiyim tədbirlərə hər zaman Azərbaycan bayrağı ilə gedirəm. Qalib gəldiyim müsabiqələrdə Azərbaycan bayrağı dalğalanır. Öz ifalarımda Azərbaycan musiqisini tanıdıram. Burada bir çox tanınmış musiqiçilər Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə kimi dahi sənətkarlarımızı tanıyırlar. Bu, mənə qürur hissi verir.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Müəllim-tələbə münasibətləri Almaniyada çox yüksək səviyyədədir. Müəllimlə tələbə arasında qarşılıqlı hörmət var. Biz istədiyimiz zaman müəllimlərimizlə əlaqə yaradır, onlardan kömək istəyə, fikirlərimizi bölüşə bilirik.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Bəli, əlbəttə, razıyam. Burada çoxsaylı əcnəbi tələbə təhsil alır. Zamanımız çox olmadığı üçün bir yerə toplaşa bilmirik. Amma vaxt tapan kimi futbol oynayırıq.

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Əslində boş vaxtlarım çox azdır, lakin asudə vaxtlarımda idmanla məşğul oluram, yaxın şəhərlərə gedirəm, müsabiqələrə və ustad dərslərinə qatılmağı sevirəm. Ustad dərsləri mənim üçün bilik, yarışlar isə təcrübədir.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?

- Xaricdə təhsilimi bitirdikdən sonra vətənə geri dönüb biliklərimi tələbələrlə bölüşmək niyyətindəyəm. Eyni zamanda müxtəlif ölkələrdə solo konsertlər verərək Azərbaycanı tanıtmağa davam edəcəyəm. Ölkəmizi layiqincə təmsil etmək və bayrağımızı ucaltmaq üçün bundan sonra da var gücümlə çalışacağam.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Həmyaşıdlarıma arzularının ardınca gedərək reallaşdırmağı tövsiyə edirəm. Azərbaycanlı tələbələrin hər birinin özlərinə inandığını görmək istəyirəm. Fikrimcə, musiqi təhsili alan tələbələr sadəcə öz ixtisaslarına deyil, musiqinin bütün sahələrinə diqqət yetirməlidir.

 

1news.az


Açar sözlər: ,  ,  ,