Məktəb direktoru olmaq istəyənlər üçün təlimlər
Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.
Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri əhatə edən təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
Təlimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, kompüter və təlim texnologiyaları, təhsildə statistika və təhlil, təhsilin idarəedilməsi və monitorinqi, təhsili idarəetmənin psixoloji əsasları, kurikulum: nəzəriyyə və tətbiq, təhsildə maliyyənin idarəolunması kimi mövzuları əhatə edəcək. Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə görüşlər təşkil olunacaq.
Müsabiqəyə ali pedaqoji təhsilə malik və ən azı 3 (üç) il pedaqoji iş təcrübəsi olan şəxslər qatıla bilərlər. Müvafiq tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq 26 fevral 2016-сı il tarixinədək telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Daha sonra namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə-müsahibəyə dəvət ediləcəklər. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış şəxslər təlimlərdə iştirak edə bilərlər.
Təlimləri başa vuran şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin isə işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli rayonu Aşağı Alıxanlı kənd tam orta məktəbində ilk idman festivalı keçirilib
26.09.2024 - 17:10 -
Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı ilə bağlı brifinq keçirilib
26.09.2024 - 15:00 -
Təhsilin İnkişafı Forumu keçiriləcək
26.09.2024 - 14:30 -
Moskva şəhərində Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
26.09.2024 - 12:00 -
Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçiriləcək
25.09.2024 - 15:47