Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Dostluq çələngi” konsert proqramı keçirilib

İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Dostluq çələngi” adlı konsert proqramı keçirilib. “Multikulturalizm ili”nə həsr olunan tədbirdə qeyd edilib ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycanda müxtəlif millətlər sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayır. Bildirilib ki, bu ənənə müxtəlif millətlərin uşaqlarının üzv olduğu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də qarşılıqlı hörmət və dostluq çərçivəsində davam edir. Tədbirdə “Azəri inciləri” rəqs kollektivi haqqında videoçarx nümayiş olunub. Dərnək üzvləri milli rəqslərlə yanaşı, dünya xalqlarının rəqslərini nümayiş etdiriblər. Mərkəzin vokal dərnəyinin üzvləri mahnılar ifa edib, "Çiçəyim" uşaq teatrının təqdimatında səhnəcik nümayiş olunub. Qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 29 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1800-dən çox uşaq, yeniyetmə və gənc məşğul olur. 

Azərbaycan Milli Ensiklopediyasının yubileyi qeyd olunub

İyunun 8-də AMEA-nın əsas binasının Dairəvi zalında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. AMEA, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri, alim və mütəxəssislər, eləcə də KİV nümayəndələri iştirak ediblər. Yubiley mərasimini giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açaraq milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan milli ensiklopediyanın inkişaf tarixindən danışıb. A.Əlizadə bildirib ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik ulu öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini qeyd edib: “Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşıb, kadr potensialı gücləndirilib”. Azərbaycan Milli Ensiklopediyasının inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını deyən akademik Prezident İlham Əliyevin həmin ildə imzaladığı "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı tarixi sərəncamları xatırladıb. Qeyd edib ki, müstəqillik dövründə Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi sahəsində əməli addımlar atılıb. Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. T.Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb. “Elmi Mərkəzin qarşısına  dünya standartlarına cavab verən  mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub. Akademik Milli Ensiklopediyanın maarifçilik xüsusiyyətlərindən də danışıb: “Milli Ensiklopediyanın nəşrə başlaması Azərbaycan xalqının tarixində böyük hadisədir. Ölkənin coğrafiyası və ictimai həyatı haqqında məlumatları ilk dəfə olaraq əhatəli, dəqiq və dürüst şəkildə əks etdirən Milli Ensiklopediya, xüsusən də “Azərbaycan” xüsusi cildi maarifçilik baxımından mühüm əhəmiyyətə malikdir”. Ölkənin təhsil ictimaiyyəti adından təbriklərini çatdıran təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Milli Ensiklopediyasının yaradılmasının 50 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinin hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan alimi və təhsil işçisi üçün əlamətdar hadisə olduğunu bildirib. Nazir qeyd edib ki, özündə böyük maarifçilik funksiyasını daşıyan milli ensiklopediya elmi nəşr olmaqla yanaşı, həm də millətin yaddaş kitabıdır. İftixarla qeyd edilməlidir ki, sovet dövründə 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının yaranmasında ümummilli lider Heydər Əliyevin, müstəqillik illərində isə 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının yaradılmasında onun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin daimi qayğıları müstəsna rol oynayıb. Təhsil naziri bildirib ki, Azərbaycan Milli Ensiklopediyasının işıq üzü görmüş cildləri mükəmməl informasiya mənbəyi kimi cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. Sevindirici haldır ki, nəşr edilən cildlər ölkə Prezidentinin tapşırığı ilə ölkənin bütün təhsil müəssisələrinə dövlət hesabına paylanılıb. Nazir cəmiyyətimizin tərəqqisini təmin edən alət və açarların elm və təhsildə axtarılmasının zəruri olduğunu söyləyib. Bu baxımdan Təhsil Nazirliyi ilə AMEA arasındakı əməkdaşlıq səviyyəsinin son illərdə yüksəlməsi və ali təhsil müəssisələrinin AMEA-nın institutları ilə əlaqələrinin dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Elmin inkişafı biliklər əsasında qurulur. Biliklər isə kitablarda və ensiklopediyalarda əks olunur. Buna görə çalışmalıyıq ki, nəşr olunan dərsliklərimiz, monoqrafiya və ensiklopediyalarımız yüksək keyfiyyətli olsun. Bildiyiniz kimi, hazırda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, ümumi təhsil pilləsində təfəkkürün inkişafını ehtiva edən yeni məzmun yaradılır. Açıq etiraf etməliyik ki, dərslik hazırlığı sahəsində kadr qıtlığı ilə üzləşmişik. Hesab edirik ki, istər AMEA, istərsə də ali məktəb alimləri təhsil proqramlarının təkmilləşdirilməsinə, müasir dərslik və digər tədris resurslarının yaradılmasına da öz töhfələrini verməlidirlər”. Sonra tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin "Texnika, neft, mədən işləri, informatika, elektronika" redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək nəşrin Azərbaycanın müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar. Tədbirdə, həmçinin Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın Fəxri fərmanları təqdim edilib.

“Yaz həyəti” layihəsinin qalibləri təltif olunub

İyunun 8-də Təhsil Nazirliyi və IDEA İctimai Birliyinin məktəblərin həyətyanı sahələrinin yaşıllaşdırılmasına həsr olunmuş “Yaz həyəti” layihəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, layihə məktəbli və gənclərdə ekoloji dünyagörüşün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasında mühüm rol oynamaqla yanaşı, həm də onlara ekoloji problemlərin həllində fəal olmağı, təbiətə qayğıkeş və humanist münasibəti aşılayır. IDEA İctimai Birliyinin baş koordinatoru Fərid Cəfərov Təhsil Nazirliyi və İDEA-nın birgə təşkilatçılığı ilə Azərbaycanda ekoloji balansın qorunması üçün keçirilən uğurlu layihələrdən danışıb. “Yaz həyəti” layihəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində 15 ali və 26 orta ümumi təhsil müəssisəsini əhatə edib. Bu təşəbbüs təhsil müəssisələrinin ekoloji vəziyyətinə və təhsilalanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, məktəbli və tələbələrin ekoloji biliklərinin genişlənməsinə, onlarda təbiətə həssas münasibətin formalaşmasına da töhfə verib. Layihə çərçivəsində tələbə və şagirdlər məktəblərdə 12 000-ə yaxın ağac və kol bitkiləri əkib, yaşıllıqların qayğısına qalıb, həyətyanı sahələrdə iməcilik işləri və digər abadlıq tədbirləri həyata keçiriblər. Layihədə iştirak edən hər bir təhsil müəssisəsinə IDEA İctimai Birliyi tərəfindən xüsusi quş yuvaları təqdim olunub. Təhsil Nazirliyi və IDEA İctimai Birliyi layihədə iştirak edən Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki 26 ümumi təhsil müəssisəsi arasında müsabiqə keçirib. Müsabiqənin şərtlərinə əsasən, ən səliqəli və gözəl "Yaz həyəti" salınmış məktəblər qalib elan olunub. Mükafatlandırma mərasimində qaliblərə xüsusi diplom və hədiyyələr təqdim olunub.

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək. Qəbulda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 13, 14 və 16 iyun 2016-cı il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycan cüdoçuları turnirin qalibi olub

1999-2001-ci il təvəllüdlü oğlanlar və qızlar arasında Həzi Aslanovun xatirəsinə həsr edilmiş XXVIII beynəlxalq cüdo turniri keçirilib.  10 ölkənin 357 idmançısının iştirak etdiyi turnirdə Təhsil Nazirliyi 13 nömrəli İOEUGİM 38 cüdoçu ilə təmsil olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda idman məktəbinin çüdoçuları 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, I yerə layiq  görülüblər. Murad Abışov 46 kq, Cəfər Əkbərli 90 kq, Mehdi Zeynalov 55 kq və Diana Şoranova 70 kq çəkidə qızıl, Sabir İsmayılov 66 kq çəkidə gümüş, Nigar Hacıramazanova 40 kq və Paşa Əliyev 73 kq çəki dərəcəsində bürünc medalla turniri başa vurublar. Ümumi komanda hesabında I yeri Azərbaycan, II yeri Gürcüstan, III yeri isə Macarıstan cüdoçuları tutublar.

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsi davam edir

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsi davam edir. İyunun 7-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində Etno-Ekoloji Mərkəzdə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda  məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi keçirilib. Bu mərhələdə Bakı şəhəri ilə yanaşı, ətraf rayonlardan da məktəblilər iştirak ediblər. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən müsabiqə aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək, bilik və bacarıqlarını genişləndirmək məqsədilə təşkil edilib. Müsabiqə iki mərhələ və  9 nominasiya üzrə  keçirilir. Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər. 1270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, təcrübələrin gedişatı, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət münsiflər heyətinin ekspert qrupu tərəfindən müsabiqənin Bakı zona mərhələsinə təqdim olunan işlər 100 bal sistemi üzrə qiymətləndirib. 50-dən artıq bal toplayan məktəblilər 2016-cı ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək müsabiqənin Respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.

Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi başa çatır

Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir. İctimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq. Rəy və təkliflər seçilmiş dərslik layihəsinin səhifəsində xüsusi ayrılmış bölmədə yazılmaqla, yaxud derslik@edu.gov.az elektron poçtuna göndərilməklə bildirilə bilər.   Dərslik layihələrinin təkmilləşdirilməsi baxımından konkret faktlara əsaslanan rəy və təklifləriniz bizim üçün önəmlidir. Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik.

Abdulla Şaiqin 135 illik yubileyi keçirilib

Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə Nərimanov rayonu gözdən əlillər üçün 5 saylı xüsusi internat məktəbində Abdulla Şaiqin 135 illik yubileyinə həsr olunmuş “Mənim uşaq dünyam” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdləri milli uşaq teatrının banisi A.Şaiqin yaradıcılığı ilə yaxından tanış etmək və onun irsinin təbliğindən ibarətdir. Tədbirdə əməkdar artist Rəhman Rəhmanov, A.Şaiqin mənzil-muzeyinin direktoru  Ülkər Talıbzadə, Təhsil Muzeyinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Şairin həyat və yaradıcılığı haqqında məlumat verilib, şagirdlərin iştirakı ilə A.Şaiqin şeirləri, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, “Yaxşı arxa” adlı mənzum hekayəsindən səhnəcik nümayiş olunub. Çıxış edənlər şairin yaradıcılığının uşaqların inkişafındakı xüsusi rolundan və əhəmiyyətindən danışıblar. Sonda tədbir iştirakçıları şagirdlər tərəfindən A.Şaiqin əsərlərinə çəkilmiş rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Futzal üzrə Respublika birinciliyi başa çatdı

İyunun 6-da Bakı İdman Sarayında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə Respublika birinciliyinin final mərhələsi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Futzal Futbol Federasiyasının nümayəndələri və ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Yarışın final oyunu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunda ADBTİA 9:2 hesabı ilə yarışın qalibi olub. İkinci yeri Bakı Dövlət Universiteti, üçüncü yeri isə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları tutub. Komandaların mükafatlandırılma mərasimdə çıxış edən təhsil nazirinin müavini F.Qurbanov bildirib ki, ilk dəfə təşkil edilən yarışın məqsədi ali və orta ixtisas təhsili məktəblərinin tələbələri arasında futbolun kütləviliyini artırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Təhsil Nazirliyinin idmanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verən nazir müavini ümumi təhsil, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin şagird və tələbələri arasında mütəmadi olaraq yarış, turnir və çempionatların təşkil olunduğunu söyləyib. Birinci Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycanda idman sahəsində böyük uğurlar qazanıldığını deyən nazir müavini bir neçə gündən sonra "Formula-1” Avropa Qran-Prisi ilə yenidən dünyanın diqqətinin ölkəmizə yönələcəyini bildirib.   Daha sonra komandalar mükafatlandırılıb. Birinici yerin sahibi 3 min, ikinci yerin sahibi 2 min, üçüncü yerin sahibi isə 1500 manat dəyərində pul mükafatı, kubok və medallarla təltif olunublar. Həmçinin, əsas oyunu idarə edən hakimlər, eləcə də fərqlənən iştirakçılar 7 nominasiya üzrə qiymətləndirilib. Respublika birinciliyində 40-a yaxın komanda 800 tələbə iştirak edib.  Yarışlar AFFA, Azərbaycan Tələbə Futbol Federasiyasının təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirlikləri, Futzal Futbol Federasiyasının dəstəyi ilə keçirilib.

Maarifçi Tələbə Kredit Fondu mediaya təqdim edildi

İyunun 6-da Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinq keçirilib. Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud  bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.          Sonra fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi (www.maarifci.az) barədə söhbət açılıb. Bildirilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı