Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində
Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. Təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində tələbələrlə görüşüb. Görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb. Sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen media üçün brifinq keçirib. 2016-2017-ci tədris ilində tələbə qəbul edən UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb. ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 nəfər tələbə təhsil alır. Universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları tədris olunur.
11/01/2017 14:42
Təhsil naziri Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
10/01/2017 17:23
Təhsil naziri Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Görüşdə Azərbaycan və Rumıniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
10/01/2017 16:59
Respublika fənn olimpiadalarına start verilir
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir. Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir. Respublika fənn olimpiadasında iştirak edəcək şagirdlərdən 10842 nəfər IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də vardır), 9311 nəfər X, 9538 nəfər isə XI sinif şagirdidir. 28014 nəfər şagird Azərbaycan, 1677 nəfər şagird isə rus bölməsində təhsil alır. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.
10/01/2017 16:30
2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur. Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edir. Eyni zamanda bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıb. Diaqnostik qiymətləndirmə yanvarın 11-də də davam edəcək.
10/01/2017 12:34
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb
2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunacaq. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək. 2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və qiymətləndirmədən keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaqdır.
09/01/2017 11:51
Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
09/01/2017 11:18
Diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin nəzərinə
10-11 yanvar 2017-ci il tarixlərində ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün qiymətləndirmə keçiriləcək. Qiymətləndirmədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq. Diaqnostik qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu qiymətləndirməyə qatılacaqlar. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
07/01/2017 12:14
Ötən il Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub
2016-cı il ərzində Təhsil Nazirliyinə vətəndaşlar tərəfindən 220880 müraciət daxil olub. Onlardan 195573 müraciət Vətəndaşlarla iş bölməsi, 25307 müraciət (ərizə, teleqram) isə Dəftərxana sektoru tərəfindən qəbul olunub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) ötən il 146038 zəng qəbul edib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 49535 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, yerdəyişməsi və diaqnostik qiymətləndirilməsi, ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi və 1-ci sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülmə və bərpa, təhsil haqqından azad olunma ilə bağlı məsələləri əhatə edib.
06/01/2017 11:02
İngiltərədə təhsil alan tələbə: “UNESCO-da çalışmaq planlarım arasındadır” - Uğur formulu
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Leyla Qurbanovadır. Leyla Qurbanova 1992-ci ildə anadan olub. Bakı şəhərindəki 245 saylı tam orta məktəbi və Azərbaycan Dillər Universitetini bitirib. Hazırda magistratura səviyyəsi üzrə Böyük Britaniyanın Mançester Universitetində təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Burada beynəlxalq təhsil ixtisası üzrə təhsil alıram. Bizim ölkədə bu, yeni sahə hesab edilir və qısaca desək, təhsilin qanunvericiliyi, təşkili və idarəolunması ilə bağlıdır. Xaricdə təhsil, fikrimcə, daha dərin, çoxtərəfli düşünməyi və nəticədə hər hansısa məsələ ilə qarşılaşdıqda daha konstruktiv həll yolları təklif etməyi aşılayır. Burada təhsilin təşkili tamamilə fərqlidir və onun hər aspektini təcrübə etməyin özü fərdin dünyagörüşünü artırmaq üçün yaxşı şansdır. Bundan əlavə, araşdırma bacarıqlarının artırılması və daha yüksək yerlər haqda düşünə bilmək qazandıqlarım sırasındadır. Xaricdə təhsil hər şeyin mümkün və əlçatan olduğunu görməm üçün əyani imkan yaratdı. Fərdi olaraq isə müstəqil yaşadığımız üçün bütün işlərlə özümüz məşğul oluruq, bu da bizi büdcənin, vaxtın, eləcə də digər əldə olan resursların səmərəli idareetmə yolları haqda düşünməyə vadar edir. Mançester Universitetinin özündə də inkişafı lazım olan məqamlar var, lakin ümumi olaraq ümidlərimi doğrultdu. Universitetin texniki sistemi, bütün sahələrlə bağlı tələbələrlə iş şöbəsinin mövcudluğu və aktiv fəaliyyəti, bir sözlə, təhsilin təşkili gözləntilərimi qarşıladı. - Niyə məhz bu ixtisası seçdiniz? - Beynəlxalq təhsil ixtisasını seçməyimin əsas səbəbi təhsildə müşahidə etdiyim hadisələrlə bağlıdır. Gəlməmişdən öncə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İxtisas seçimi və təhsil vasitəsilə gənc potensialların idarəolunması” mövzusunda bir neçə layihədə çalışmışdım. Təhsil müəssisələri ilə tanışlıq zamanı götürdüyüm qeydlər məni bu sahəyə sövq etdi. Daha mükəmməl təşkil olunmuş təhsilin gənc potensiallar yetişdirəcəyinə, nəticədə ölkənin inkişafı və ümumi mənfəətinə çoxsaylı töhfələr verəcəyinə inanıram. Axı Azərbaycanın elm və təhsil müəssisələri dünya reytinq cədvəllərində niyə də yer almasın? - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? -Düzünü desəm mən oxuduğum bütün təhsil məkanlarında öz təkliflərimi həmişə yazıb vermişəm. Lakin ADU-dakı təhsil mühitinin bəzi resurslarla bağlı məsələlərini nəzərə almasaq, kifayət qədər yaxşı olduğunu deyə bilərəm. Yenə də dəyişilməsini istədiyim çox məqamlar var: ilk olaraq tələbənin öz kitabxanasının olması və akademik yolunu detallı şəkildə izləyə biləcəyi fərdi sistemin qurulması yaxşı olardı. Kitabxana və ixtisasla bağlı resursların zənginləşdirilməsi isə şərtdir. Bazarın tələbləri mütləq şəkildə nəzərə alınmalı və universiteti bitirən şəxslər öz işini sərbəst şəkildə görə bilməlidirlər. Azərbaycan universitetlərində sosial fəaliyyət üçün daha müfəssəl imkanların yaradılmasını və universitetlərarası rəqabət mühitinin formalaşdırılmasını istəyərdim. Bunun üçün lokal müqayisə portalının qurulması faydalı ola bilər. Metodiki olaraq, təhsil tələbədən öyrəndiklərini soruşmaqla deyil, daha konstruktiv metodla, tələbənin özünü hadisənin iştirakçısına çevirməklə müstəqil rəy bildirməsini təmin edərək verilərsə, daha faydalı olar-deyə düşünürəm. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız ? - Mançesterdə tələbə və digər azərbaycanlıları birləşdirən Azərbaycan Mançester Cəmiyyəti fəaliyyət göstərir. Üzvü olduğum cəmiyyət hər il dekabr ayında Azərbaycan milli mətbəxinin əsas təamlarının və mədəniyyətinin təqdim edildiyi “Azərbaycan gecəsi” adlı tədbir keçirir. Cəmiyyətdə çalışan biri olaraq mən də digər gənclərimiz kimi tədbirin təşkilində bacardığım qədər kömək etmişəm. Bununla yanaşı, əcnəbi dostlarımla ölkə barədə mütəmadi söhbətlərimiz də olub. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Çox sadə deyərdim. Onlar öyrədən deyil, bizlə birgə öyrənən tərəfdə daha çox olurlar. İstədiyimiz vaxt müəllimlərin elektron poçtuna suallarımızı ünvanlaya bilərik. İşləyəcəyimiz mövzu ilə bağlı ayrıca görüş almamız da mümkündür. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Bəli. Qruplarda yerli tələbələrdən çox əcnəbi tələbələr sayca üstünlük təşkil edir, xüsusilə magistratura pilləsində. Hamıya bərabər səviyyədə münasibət və xidmət göstərilir. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? -İngiltərədən baxdıqda Azərbaycan təhsili inkişaf etməkdə olan mühit kimi görünür. Bunun üçün də gənc alimlərin ölkədə qalmasına daha çox ehtiyac duyulur. İngiltərədə olduğu kimi öz sahəsində çalışan peşəkarların daha çox akademik fəaliyyətdə iştirakının təmin olunmasını istəyərdim. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Asudə vaxtımda rəqs, fitneslə məşğul oluram və bilməcə tərzli kinolara baxıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir? - Planlar həddən artıq çoxdur. Məqsədim isə təhsilin inkişafı ilə bağlıdır. Gələcəkdə təhsil üzrə BMT- Azərbaycan layihələrində məsul şəxslərindən biri olmaq istərdim. UNESCO-da çalışmaq planlarım arasındadır. Bunun üçün bu sahədə daha çox çalışıb təcrübə toplamaq lazım gələcək. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? -Ö zlərini tanımalarını və bacarıqlarının sərhədlərini kəşf etməyi tövsiyə edərdim. Özlərinə uyğun bir peşə tapmadıqda qərar verməsinlər və çalışdıqları qədər praktiki təcrübə əldə etsinlər. Əlavə olaraq, öyrənməyi və araşdırma bacarıqlarını inkişaf etdirməyi deyə bilərəm. Daha böyük yerlər arzulamaqdan çəkinməsinlər. Sizi həvəsdən salacaq kimlərsə varsa, əmin olduğunuz yoldakı addımlarınızla qarşılıq verin. Lakin unutmayın ki, cəhdlərinizin sayı çox olduqca nəticə əldə etmək şansınız da artır. 1news.az
05/01/2017 17:55
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı