Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək
Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 1 avqust 2017-ci il tarixində saat 11:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək. Qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 24-27 iyul 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
24/07/2017 09:33
Məktəblilərimizin növbəti olimpiada uğuru
12-22 iyul 2017-ci il tarixlərində Braziliyada 58-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirilib. 112 ölkədən 600-dən çox şagirdin iştirak etdiyi olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin IX sinif şagirdləri Ramil Cəbiyev, Anar Rzayev, X sinif şagirdi Anar Abbaslı, Gəncə şəhər 26 nömrəli tam orta məktəbin eksperimental pilot sinfinin XI sinif şagirdi Mirəli Əhmədli bürünc medal qazanıblar. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Murad Ağazadə və akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinif şagirdi Emil Qasımov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər. Qeyd edək ki, bu, 2011-ci ildən sonra Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanılan ən yaxşı nəticədir. Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya-biologiya təmayüllü liseylərdə yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
22/07/2017 13:55
Təhsil Nazirliyində görüş
İyulun 21-də Təhsil Nazirliyində Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş bir qrup məktəbli ilə görüş keçirilib. Görüşdə təhsil naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirak edib. Forum haqqında tədbir iştirakçılarına məlumat verən Aynur Sofiyeva bildirib ki, Uşaqların Ümumrespublika Forumu onların öz hüquqları ilə bağlı qərarların qəbul olunmasında iştirakını təmin etmək, uşaqlara öz problemləri haqqında təşəbbüslərlə çıxış etmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəltmək məqsədilə keçirilir. İştirakçılara uğurlar arzulayan təhsil naziri Mikayıl Cabbarov forumun keçirilməsini yüksək qiymətləndirib, bu tədbirin uşaqların ictimai fəallığının artırılmasında, müxtəlif layihələrdə iştirakının təmin edilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib. Daha sonra uşaqların fikirləri, təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Cari ilin noyabr ayında keçiriləcək forumda iştirak üçün ölkəmizin şəhər və rayonlarından bir qrup uşaq nümayəndə seçilib. Seçilmiş uşaqların fəallığını təmin etmək, forumda müzakirəyə çıxarılacaq mövzu üzrə onların biliklərini və problemə yanaşma tərzini təkmilləşdirmək üçün il ərzində uşaqların iştirakı ilə uşaq hüquqlarının ayrı-ayrı sahələri üzrə tədbir, təlim və görüşlərin keçirilməsi nəzərdə tutulub.
21/07/2017 17:43
Qəbələ Peşə Məktəbinin müəllim və şagirdləri üçün təlim keçirilib
Qəbələ Peşə Məktəbinin müəllim və şagird heyətinin Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) və yaxın rayonlara praktik təlimlərin keçirilməsi ilə bağlı üç günlük səfəri təşkil edilib. Səfər Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyi, “Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin davamlı idarəolunması” layihəsi və ADAU-nun təşkilatçılığı ilə keçirilib. Səfər zamanı universitetin Aqronomluq fakültəsinin Aqrokimya və torpaqşünaslıq kafedrasının müdiri Arif Hüseynov laboratoriyada olan müasir cihaz və qurğular haqqında ətraflı məlumat verib. Daha sonra iştirakçılara kənd təsərrüfatı texnikaları, dənli bitkilərin seleksiyası, yeni taxıl sortları, bitkiçilik və müasir bitkilərin diaqnostikası ilə bağlı təlimlər keçirilib. Səfər çərçivəsində Samux rayonunda inşa edilən müasir hidroponika üslublu istixana ilə tanışlıq olub. İştirakçılara istixananın qazanxanası, gübrə tankerləri və avtomatlaşdırılmış dozalayıcı qurğular, mikroiqlimi kontrol edən cihazlar, kompüter sistemi, suvarma, aerozol, gübrələmə sistemi barədə məlumat verilib. Həmçinin iştirakçılar mikrobiologiya laboratoriyasında mövcud olan cihaz və avadanlıqlarla tanış edilib, xəstəliyə yoluxmuş heyvanların müayinəsi, onlardan qan analizlərinin götürülməsi və xəstəliyin diaqnozu ilə bağlı məlumatlandırılıblar. Digər təlim isə ADAU-nun pomidor becərilən istixanasında keçirilib və burada soeks markalı elektron nitratester cihazının iş prinsipi iştirakçılara əyani nümayiş etdirilib. Sonra Göygöl Milli Parkına səfər edilib, mövcud biomüxtəliflik və ekoloji tarazlıq haqqında iştirakçılara praktik təlim təşkil olunub. Təlimin sonunda iştirakçılar Gəncə şəhərinin tarixi abidələrini və dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
21/07/2017 16:27
Təhsil Menecerlərinin Peşəkar İnkişafı layihəsi çərçivəsində müsabiqə başa çatıb
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqə başa çatıb. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların onlayn ərizədə qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir. “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsinin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.
20/07/2017 16:13
Təmsilçilərimiz beynəlxalq idman turnirindən uğurla dönüb
Paytaxt məktəblərinin təmsilçiləri beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin 10 şagirdi və 1 müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə Açıq Avropa Çempionatında uğurla çıxış edib. Təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar. Turnirdə 171 nömrəli tam orta məktəbin şagirdlərindən 2-si I, 1-i III yeri tutub. Həmçinin, 86, 191 nömrəli ümumi təhsil müəssisələrinin yetirmələri I yerə layiq görülüb. 76, 275, 278, 290 nömrəli tam orta məktəblərin şagirləri II, 287 nömrəli “Zəkalar” liseyinin yetirməsi III yerə sahib olub. Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan 2 idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan, 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə I yeri tutub. Çempionatda, həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının tələbəsi I yerə layiq görülüb. Ümumilikdə, Azərbaycandan yarışa qatılan 12 nəfərin hamısı fəxri kürsüyə yüksəlib. Qaliblər medal və diplomla təltif olunub. Turnidə 18 ölkədən olan 250-dən artıq idmançı iştirak edib. Onlar müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıblar.
20/07/2017 11:05
Tələbələrin köçürülməsi prosesi davam edir
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbulu davam edir. Ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılır. İyulun 17-dən başlayan bu proses transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Bu günədək 192 nəfər tələbə orta ixtisas, 960 nəfər isə ali təhsil müəssisələrinə köçürülmək üçün elektron portaldan qeydiyyatdan keçib. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Ötən tədris ili üzrə 233 nəfər tələbə transfer.edu.az portalı vasitəsilə seçdikləri ali təhsil müəssisələrinə, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb. Tələbələrin köçürülməsi prosesi avqustun 15-dək davam edəcək.
19/07/2017 15:42
Təhsil naziri olimpiada qalibləri ilə görüşüb
İyulun 19-da təhsil naziri Mikayıl Cabbarov 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilər, onların müəllimləri və valideynləri ilə görüşüb. Təhsil naziri olimpiada qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına və əldə olunan təcrübənin gələcəkdə daha böyük nailiyyətlərə imkan yaradacağına əminliyini ifadə edib. 49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin yüksək nailiyyətlərinə görə Azərbaycanın 78 ölkə arasında 15-ci yerdə qərarlaşdığını deyən təhsil naziri bu uğurların şagird və müəllimlərin gərgin əməyinin nəticəsi olduğunu bildirib. Nazir həmçinin, 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasının M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirildiyini, iki şagirdimizin bu olimpiadada bürünc medala layiq görüldüyünü xatırladıb. Son illərdə azərbaycanlı şagirdlərin olimpiadalardakı yüksək nəticələrindən danışan Mikayıl Cabbarov bu prosesin təşkilinə xüsusi diqqət yetirildiyini qeyd edib. M.V.Lomonosov adına MDU-nun Bakı filialının kimya fakültəsinin dekan müavini, komandanın rəhbəri İqrar Nəzərov çıxış edərək bildirib ki, şagirdlərimiz digər ölkələrin təmsilçilərindən iki-üç yaş kiçik olmalarına baxmayaraq böyük uğura imza atıblar. İqrar Nəzərov şagirdlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasının əhəmiyyətindən, tədris laboratoriyalarında medalçılar üçün yaradılan şəraitdən danışıb. 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanan akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə, gümüş medalçı, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov və olimpiadanın bürünc medalçısı, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli olimpiada ilə bağlı öz təəssüratlarını bölüşüblər. Görüşün sonunda 49-cu Beynəlxalq Kimya Olimpiadasının qaliblərinə, komandanın rəhbəri və müəllimlərinə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.
19/07/2017 15:13
“Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şuranın ilk iclası keçirilib
Təhsil Nazirliyi yanında “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şuranın ilk iclası keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramovun sədrliyi ilə keçirilən iclasda şuranın ictimai əhəmiyyəti və gözləntilər haqqında məlumat verilib. Şura üzvləri ilə birlikdə təhsilin məzmunu və dərsliklərlə bağlı ümumi vəziyyət ətraflı müzakirə olunub, şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gözləntilər müəyyənləşdirilib. Görüşün sonunda növbəti iclasın əsas mövzusu “Ümumi təhsilin dövlət standartları” kimi müəyyən olunub. “Təhsilin Məzmunu və Dərsliklər” üzrə Daimi Şura bu sahədə mövcud olan problem və təklifləri maraqlı tərəflərlə - dövlət qurumları, nəşriyyatlar, valideyn icmaları və məktəb rəhbərləri ilə müzakirə etməklə təhsilin məzmununda müasir yanaşmaları tətbiq etməyə imkan yaradacaq. Şurada təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərliyi ilə ümumilikdə 17 nəfər olmaqla nazirliyin, universitetlərin, özəl sektorun nümayəndələri, millət vəkilləri və təhsil mütəxəssisləri fəaliyyət göstərir.
18/07/2017 17:53
Azərbaycanlı məktəblilərin olimpiada uğurları
Ölkəmizi 49-cu Beynəlxalq Kimya Olimpiadasında təmsil edən Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədlinin uğurları təkcə bu olimpiada ilə məhdudlaşmır. Şagirdlərimizin son illərdə olimpiadada qazandıqları uğurlar barədə məlumatı təqdim edirik. Qeyd edək ki, Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.
18/07/2017 14:20
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı