Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib

İyunun 5-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatının birgə əməkdaşlığı ilə “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, elm və təhsil ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-in baş direktoru Frensis Qarrinin Bakıya səfərini yüksək dəyərləndirib, bu qurumla əməkdaşlığın uğurlu nəticələrindən söz açıb. Bildirilib ki, hazırda ölkəmizdə Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi və ÜƏMT-in birgə hazırladığı “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə” həyata keçirilir. Bu layihə ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədlərinə xidmət edir. Bununla bağlı 2017-ci ildə Birgə Bəyannamə imzalanıb. Qeyd olunan məsələlərə aid 2016-2017-ci illərdə ÜƏMT ilə birgə əməkdaşlıqda üç beynəlxalq tədbir keçirilib, elm ocaqlarında əqli mülkiyyət siyasəti ilə bağlı tanınmış beynəlxalq ekspertlər tərəfindən lazımi kömək göstərilib, mütəxəssis hazırlığı aparılıb. Buradakı sərgidə əməkdaşlığın bəhrəsi kimi startapların və spinautların fəaliyyətlərinin nəticələri nümayiş etdirilir. F.Qarrinin “gələcəkdə texnologiyalar tərəfindən əqli mülkiyyətin beynəlxalq arxitekturası və formasının getdikcə daha çox diktə ediləcəyi və onu idarə etməsi qaçılmazdır” fikrini xatırladan K.İmanov deyib ki, bununla da texnologiyaların əqli mülkiyyətin mövcud landşaftına kardinal təsirini və öz növbəsində, əqli mülkiyyətin buna qarşı çıxmamasını, əksinə, ona uyğunlaşmasını vurğulayırıq. Bu da F.Qarrinin öncədən gördüyü əqli mülkiyyətin gələcək təkamülünün konturlarını müəyyənləşdirir. Məhz bu səbəblərdən F.Qarrinin əqli mülkiyyətin rolunun yenidən dərk edilməsi barədə fikirlərinə qoşulur və dəstəkləyirik. Əqli mülkiyyətin dəyişmiş rolu onun fəaliyyətinin yeni konteksti və ona münasibətdə bizim düşüncə tərzimizin dəyişməsi Azərbaycan üçün çox aktualdır. Çünki Azərbaycan yeni iqtisadi siyasətinin mühüm qolu–innovativ inkişafa qədəm qoyur. Qeyri-neft sektorunu inkişaf etdirən, diversifikasiyanı uğurla aparan və “Made in Azerbaijan” brendini təşviq edən dövlətimiz qısa müddətdə böhran vəziyyətini arxada qoyub, hazırda ölkədə iqtisadi artımlı dinamika müşahidə olunur, qeyri-neft sektorunda cari ilin dörd ayında 11 faiz irəliləyiş var və mötəbər Dünya İqtisadi Forumunun məlumatına əsasən, Azərbaycan rəqabətqabiliyyətliliyə görə dünyada bir sıra inkişaf etmiş ölkələri üstələyərək 35-ci yeri tutur. Yaşadığımız “biliklər cəmiyyətində”, texnologiyaların sıçrayışı dövründə və rəqəmsal innovasiyaların “rəqəmsal imperativ” zamanında innovativ inkişaf tədqiqatların nəticəsində əldə edilən biliklərin və texnologiyaların, investisiyaların və əqli mülkiyyətin yaratdığı insan kapitalının ekosistemidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. K.İmanov deyib ki, qarşımızda duran vəzifələri də, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz – innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq və sahibkarlara dövlət dəstəyindədir” fikri ilə izah etmək olar. Bu yolla irəliləyən Azərbaycan 2009-cu ildən başlayaraq, yuxarı-orta gəlirli ölkələr sırasındadır. Davos İqtisadi Forumunun 2018-ci il üçün “İnklüziv inkişaf indeksi”nə əsasən, ölkəmiz inkişaf edən ölkələr arasında üçüncü yeri tutur. Ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə müsbət təsirini göstərir. Belə ki, Rəqabətqabiliyyətlilik İndeksinin “Əqli mülkiyyətin qorunması” alt göstəricisi üzrə Azərbaycan 37-ci yeri tutur. Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı beş faizi ötüb, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Piratçılığa qarşı görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi müxtəlif sahələrdə 20-30 faiz aşağı düşüb. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti və dəstəyi nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində fəal beynəlxalq əməkdaşlıq aparır, müəlliflik və oxşar hüquqlar sahəsində 6, sənaye mülkiyyətinə aid 11 beynəlxalq çoxtərəfli konvensiya və sazişlərdə iştirak edir. Hazırda ÜƏMT-in müəlliflik hüququna aid iki yeni müqaviləsinə – Mərakeş və Pekin müqavilələrinə qoşulma prosesi gedir, həmçinin sənaye mülkiyyəti ilə bağlı üç sazişə qoşulmaq planlaşdırılır. Vurğulanıb ki, Azərbaycan ÜƏMT-in rəhbər orqanlarında, o cümlədən Koordinasiya Komitəsində, Proqram və Büdcə Komitəsində təmsil olunur. Azərbaycanın nümayəndəsi - Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri K.İmanov “ÜƏMT-in Müəlliflik hüququna dair Müqaviləsi” Assambleyasının vitse-prezidenti seçilib. ÜƏMT ilə əməkdaşlığın nəticəsi olaraq, 2006-cı ildə Azərbaycan Respublikası Hökuməti ilə bu qurum arasında Əməkdaşlıq Proqramı, 2014-cü ildə əməkdaşlıq haqqında anlaşma memorandumu və hazırda yenilənmiş memorandum imzalanıb. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycanın əqli mülkiyyətə aid zəngin milli qanunvericilik bazası formalaşıb. Buraya bilavasitə əqli mülkiyyəti qoruyan səkkiz qanun və məcəllənin müvafiq müddəaları, əqli mülkiyyət hüquqlarını dolayısı ilə qoruyan iki qanun və əqli mülkiyyət hüquqlarının qorunmasına istinad olunan 12 qanun daxildir. MDB məkanında analoqu olmayan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” və Avropada ilk olan “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması” haqqında qanunlar xüsusilə qeyd edilməlidir. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilib və sənədə bu sahənin inkişafı ilə bağlı səkkiz tədbir daxil edilib. Ölkə Prezidentinin 2018-ci il 20 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Dövlət başçısının apardığı institusional islahatlara uyğun olaraq təsis edilmiş Əqli Mülkiyyət Agentliyinin qarşısında duran vəzifələr Prezident İlham Əliyevin innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə formalaşdırılır və əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa adekvat xidmət göstərməsini əhatə edir. Həmin vəzifələrin icrası üç amil nəzərə alınmaqla, həyata keçirilir: ali təhsil və elm sistemində radikal transformasiya nəticəsində 3.0 (təhsil, tədqiqatlar və biliklərin kommersiyalaşması) universitetlərin yaranması, burada texnologiyaların kommersiyalaşması və transferinin ön plana çevrilməsi; kiçik və orta sahibkarlığın (KOS) iqtisadi rolunun və innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması; əqli mülkiyyətin yeni fəaliyyət konteksti ilə bağlı onun dəyişmiş rolunun nəzərə alınması, sərvətlərin yaranma mərkəzinin maddi aktivlərdən qeyri-maddi aktivlərə, intellektual kapitala yönəlməsi və investisiya axınlarının əqli mülkiyyətə istiqamətlənməsi. Qeyd olunanlarla bağlı bir sıra tədbirlər, o cümlədən Azərbaycanın uzunmüddətli Əqli mülkiyyət Strategiyasının hazırlanması; İxtiraçılara dəstək məqsədilə beynəlxalq patent qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən xərclərin bir qisminin ödənilməsi, həmçinin patent alınmasını sadələşdirən Patent hüququ Müqaviləsinə (PLT) qoşulması və Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzinin yaradılması; Universitetlər, elmi-tədqiqat institutlarında və KOS subyektlərində IP ofislərin yaradılması, onların texnologiyaların kommersiyalaşma ofislərinə (TKO) çevrilməsi; Elm və sənaye arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün Texnologiyaların transfer Mərkəzləri və Əqli mülkiyyət hüquqlarının Kommersiyalaşdırılması Mərkəzlərinin, o cümlədən Əqli Mülkiyyət Agentliyi nəzdində yaradılması; “Made in Azerbaijan” brendinin təşviqi, “Əmtəə nişanlarının beynəlxalq qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində qorunan yerli əmtəə nişanlarının xərclərinin qismən dövlət hesabına ödənilməsi və kütləvi istehsal olunan və fərdi toxunan xalçalarımız üzərində Azərbaycana aid loqonun ilmələrlə toxunmasına dəstək verilməsi və qeydiyyata alınması; Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə edilməsinin idarəetmə sisteminin tətbiqi həyata keçirilməlidir. K.İmanov ÜƏMT-in baş direktoru F.Qarriyə, Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessovaya keçirilən konfranslara dəstək göstərdiklərinə görə təşəkkürümü bildirib, iştirakçılara uğurlar arzulayıb. Tədbirdə çıxış edən F.Qarri Bakıya səfərinin əhəmiyyətindən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə faydalı və səmərəli əməkdaşlıqdan danışıb, iki qurum arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb. ÜƏMT-in baş direktoru deyib ki, son on ildə əqli mülkiyyətə qlobal səviyyədə diqqət və maraq artmaqdadır. Dünyanın müxtəlif ölkələrində əqli mülkiyyət fəaliyyətinin tətbiqi iqtisadiyyatın inkişafı ilə bağlıdır. Ötən il əmtəə nişanları ilə əlaqədar iki milyona yaxın ərizə verilib. İnnovasiya və əqli mülkiyyətin coğrafiyası da dəyişməkdədir. Asiya qitəsi intellektual əqli mülkiyyət ərizələrinin əsas mənbəyinə çevrilib. Qlobal səviyyədə 60 faizdən çox ərizə Asiya ölkələrindən daxil olub. Beynəlxalq patent ərizələrinin 49 faizi Asiya qitəsindən gəlir. Strateji mövqeyə malik Azərbaycan kimi ölkələr üçün bu çox vacib göstəricidir. Əqli mülkiyyətin fəaliyyət göstərdiyi texnoloji əsas dəyişib. Xüsusi əhəmiyyətli ekosistemlərin yaradılmasında universitetlərin rolu böyükdür. Çox şadıq ki, Azərbaycanda bu sahədə birgə layihə həyata keçirilir. Universitetlər və tədqiqat institutları dəyişikliklərin əsası və bilik mənbəyidir. Onlar biliklərin iqtisadiyyatda elmi tədqiqi baxımında elm və texnologiya arasında körpü rolunu oynayır. Bunun üçün müxtəlif siyasətlər və tədqiqatların dəstəklənməsi lazımdır. Tədqiqat institutları və universitetlərin inkişafı uğurlu innovasiya sistemi üçün vacibdir. Azərbaycan Milli Elmlər Akademiyasinin prezidenti, akademik Akif Əlizadə bildirib ki, ölkədə elm siyasətini, o cümlədən uzunmüddətli elmi tədqiqat işlərini AMEA həyata keçirir, rəqabətə davamlı innovasiya iqtisadiyyatının formalaşmasında bu təşkilatın rolu böyükdür. Dünya təcrübəsində elm-biznes əməkdaşlığının xüsusi əhəmiyyət verildiyi məqamlardan biri də elmi-tədqiqat institutlarının tərkibində texnoparkların yaradılmasıdır. Dövlətimizin başçısının 2016-cı il 8 noyabr tarixli müvafiq Sərəncamı ilə yaradılan “AMEA Yüksək Texnologiyalar Parkı” bu istiqamətdə atılan çox vacib addımlardan biridir. Elm-biznes əməkdaşlığının formalaşdırılması istiqamətində real işlər görən AMEA və onun nəzdində yaradılan Yüksək Texnologiyalar Parkı qısa müddətdə bir sıra işləri uğurla həyata keçirib. Təhsil naziri Ceyhun Bayramov vurğulayıb ki, uğurlu inkişafın təməlində bilikyönümlü cəmiyyətin və rəqabətqabiliyyətli mühitin texnoloji innovasiyalarla tamamlanması dayanır. Yaşadığımız bilik və innovasiya iqtisadiyyatı dövründə davamlı və hərtərəfli inkişafın təmin edilməsində elm və təhsilin rolu əhəmiyyətli dərəcədə artmaqdadır. İnnovasiya prosesi yeniliklərin yaradılmasından başlayaraq bu yeniliklərin mənimsənilməsi və bazara çıxarılmasınadək olan bütün mərhələlərdə əqli mülkiyyətin iştirakını özündə ehtiva edir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Qeyd edilib ki, ali təhsil müəssisələrinin tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, universitetlərin elmi və elmi-texniki fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması isə yüksək elmi potensialı tələb edir. Hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən çox alim elmi tədqiqatlarla məşğul olur ki, onlardan da 35 faizi fəlsəfə doktoru, səkkiz faizi isə elmlər doktorudur. Qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illərlə müqayisədə 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son dörd ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son üç ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb, ilkin təhlillərə əsasən, 1.118 elmi tədqiqat işinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb. Avrasiya Patent Təşkilatının prezidenti xanım Saule Tlevlessova diqqətə çatdırıb ki, Azərbaycan bu qurumun səkkiz üzvündən biridir. Ötən il təşkilata müvafiq sahə üzrə 37 ərizə daxil olub. Bu qurumun iyirmi illik fəaliyyəti dövründə ümumilikdə 320 ərizə verilib, 240 ixtira qeydə alınıb. Azərbaycandan hazırda 7300 patent dəstəklənir. Ölkədən daxil olan ərizələrin 80 faizi elmi müəssisələrin, akademiyaların və institutların payına düşür. Sonra tədbir iştirakçıları universitetlər tərəfindən yaradılmış startaplar və onların nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar. Beynəlxalq konfrans çərçivəsində “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: İqtisadiyyat innovasiyanın faydalarından necə yararlana bilər?” mövzusunda regional seminar təşkil olunub. Bir sıra ölkələrdən tanınmış ekspertlərin iştirak etdikləri seminarda “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qlobal dəyər zəncirlərində qeyri-maddi aktivlər” (ÜƏMT-in 2017 hesabatına giriş), “İnnovasiya və enerji” və digər mövzularda məruzələr dinlənilib. Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.   AZƏRTAC 

“Ədəbiyyat biliciləri” mükafatlandırılıb

İyunun 5-də “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib.  Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb. Tədbirdə çıxış edənlər şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından müsabiqənin əhəmiyyətindən danışıblar. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 5311 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən ölkə mərhələsində 110 şagird iştirak edib . Bu mərhələdə iştirakçılar 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar da təqdim olunub.   Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində  nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir. Tədbirdə eyni zamanda Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” müsabiqəsinin qalibləri də diplom və tərifnamələrlə təltif olunub. Bu müsabiqənin qaliblərinin əsərlərindən ibarət toplu tədbir iştirakçılarına təqdim olunub.  

Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatı

“Azərbaycan Şən və Hazırcavablar” klubunun “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib. Təhsil Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb. Finala 9 komanda vəsiqə qazana bilib. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından, əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın nəticəsinə əsasən, “Yunior Liqa”nın 2017-2018-ci ilin mövsümünün çempionu adına “Ataların qızları” (“Papinı doçkı”) komandası layiq görülüb. İkinci yeri “6 nömrəli məktəbin yığması” komandası qazanıb. Üçüncü yerin qalibi isə Dağıstan Respublikasını təmsil edən “Dağların uşaqları” (“Deti qor”) komandası olub.  

“Birdən çox siqaret, amma BİR həyat”

Tələbə-könüllülər tərəfindən İçərişəhərdə 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş fləşmob keçirilib. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada könüllülər siqaretin zərərləri barədə şəhər sakinlərinə maarifləndirici məlumatlar veriblər. Aksiya tütünün insan orqanizminə vurduğu zərər və siqaret çəkən şəxsin həm öz, həm də ətrafındakı insanların sağlamlığına ziyan vurması və insan həyatının önəmi barədə maarifləndirmə məqsədi daşıyıb. Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.  

Turizm sahəsində yeni kurikulumlar hazırlanacaq

İyunun 4-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş keçirilib. Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) ölkə üzrə rəhbəri Sonia Fontaine, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Təhsil İnstitutunun nümayəndələri və alman ekspertləri iştirak edib. Görüşün əsas məqsədi Avropa İttifaqının maliyyə dəstəyi ilə GİZ tərəfindən həyata keçirilən “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsil və təlim pilotlarının yaradılması” layihəsi  çərçivəsində səriştə əsaslı kurikulum modelinə uyğun olaraq turizm sahəsində yeni kurikulumların hazırlanmasına dair müzakirənin keçirilməsi olub. Görüşdə dual peşə təhsilinin xüsusiyyətləri və turizm sahəsində sistemin tətbiq olunması üçün imkanlar müzakirə edilib. Eyni zamanda müəllimlərin hazırlanması mexanizminin yaradılmasının vacibliyi diqqətə çatdırılıb. İştirakçılar kurikulumun hazırlanmasında işəgötürənlərin və sənayenin yaxından iştirakının vacibliyini vurğulayaraq, hazırlanacaq təhsil proqramlarında turizm sənayesində tələb edilən bütün əsas səriştə və bacarıqların tədrisini və tədrisin bir hissəsi kimi iş yerində təcrübə komponentinin daxil edilməsini qeyd edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Müəllimlərin yerdəyişməsi ilə bağlı daha çox verilən suallar və onların cavabları

İyunun 4-dən müəllimlərin yerdəyişməsinə başlanılıb. Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan  keçməlidirlər. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yerdəyişmə prosesi iyunun 11-dək davam edəcək. Müəllimlərin yerdəyişməsi ilə bağlı daha çox verilən suallar və onların cavabları təqdim edilir:   Sual: Respublika üzrə ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə 2018-ci ilin 26-27 aprel tarixlərində keçirilən müsahibələrdə uğur qazanmış müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklərmi? Cavab: Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.   Sual: İş yerini dəyişmək istəyən müəllimlərlə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulub? Cavab: Mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.   Sual: İş yerini dəyişmək istəyən müəllimlərin imtahan ballarının bəzi sosial amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman və kim tərəfindən həyata keçiriləcək? Cavab: Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra  namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.   Sual: Müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsinə çıxarılan vakant yerlər ilə necə tanış olmaq olar? Cavab: Namizəd qeydiyyatdan keçdikdən sonra elektron ərizənin tələb olunan bölmələrinə şəxsi məlumatlarına əsasən məlumatları yerləşdirir. Məhz bundan sonra elektron ərizənin son bölməsində namizəd yalnız öz ixtisasına uyğun olaraq vakant yerlərə  baxaraq seçim edə bilər.   Sual: İki ixtisasa malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi? Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak etmişdirsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.   Sual: Elektron ərizəni təsdiq etdikdən sonra vakansiya seçimini dəyişmək olar? Cavab: Vakansiya seçimi edib, elektron ərizəni təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir. İş yerini dəyişmək istəyən namizədlərin elektron ərizələrində yerdəyişmək istədikləri 4 vakant yer seçimi etmək hüququ vardır. Vakansiyaları seçimindən öncə vakant yer elan olunan məktəbin yerləşdiyi ünvan haqqında məlumatla tanış olmağınız tövsiyə edilir. Bunun üçün hər bir vakansiyanın qarşısında “Ətraflı” bölməsi yaradılıb. Həmin bölmə vasitəsilə məktəb haqqında ətraflı məlumt əldə edə bilərsiniz. Qeyd olunan vakant yerləri seçərkən diqqətli olmanız, həqiqətin iş yerinizi dəyişmək istədiyiniz müəssisəni seçməyiniz xahiş olunur.   Sual: Namizəd iş yerini dəyişdikdən sonra imtina edərək əvvəlki iş yerinə qayıda bilərmi? Cavab: İş yerini dəyişmək hüququ qazanmış namizəd müəyyən olunmuş müddət ərzində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçmək üçün müddət hər bir namizədin şəxsi səhifəsinə yerləşdiriləcəkdir. Həmin müddət ərzində qeydiyyatdan keçməyən namizədin nəticəsi ləğv olunacaq və həmin namizəd əvvəlki iş yerində fəaliyyətini davam etdirə bilər.   Sual: Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişə bilərmi? Cavab: Həmin müəllimlər 2018-2019-cü tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.

İsveçrə səfiri

Asiya inkişaf bankı

Peşə təhsili üzrə beynəlxaq təcrübə öyrənilir

Almaniyada işgüzar səfərdə olan Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər şərçivəsində Bonn şəhərində yerləşən Almaniya Federal Peşə Təhsili və Təlimi İnstitutunun (BİBB) nümayəndələri ilə görüşüb. Görüş zamanı Almaniyada peşə təhsili sisteminin xüsusiyyətləri və Federal İnstitut ilə agentlik arasında əməkdaşlıq imkanları müzakirə edilib. Nümayəndə heyəti həmçinin kənd təsərrüfatı istiqamətində ixtisaslaşan DEULA model müəssisəsinə səfər edib. Görüşdə adıçəkilən müəssisənin işəgötürənlər, peşə təhsil müəssisələri və sosial partnyorlarla əməkdaşlığı, həmçinin informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizmi müzakirə edilib. Bununla yanaşı, Almaniya və digər qonşu ölkələrin bu sahədə təcrübəsinin təqdimatı keçirilib. Daha sonra  kənd təsərrüfatı sahəsində peşə təhsili üzrə İsveçrə təcrübəsinin öyrənilməsi məqsədi ilə Lindau şəhərində yerləşən “Strickhof” peşə təhsil müəssisəsində olan agentliyin əməkdaşları yeni yaradılan təhsil müəssisəsində ixtisasların nəzəri və praktiki tədrisi və müvafiq sahələrdə tədqiqatın aparılması ilə yaxından tanış olublar. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyi ilə icra olunan layihə çərçivəsində baş tutub.

“Təhsil Liqası”na yekun vurulub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib. Bakı şəhəri 248267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda hər liqa üzrə I yerə "Qarabağ" Futbol Klubunun, II yerə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə "Keşlə" Futbol Klubunun komandası layiq görülüb. U-9 liqasında “Ən yaxşı oyunçu” nominasiyasına Keşlə FK-dan Elşən Hidayətov, “Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Onur Əliyev, U-8 liqasında "Ən yaxşı oyunçu" nominasiyasına “Təhsil” Sumqayıt komandasından Mirzə Məmmədli, "Ən yaxşı bombardir" nominasiyasına Qarabağ FK-dan Uğur Qurbanlı layiq görülüb. Qaliblər diplom, kubok və medallarla təltif olunub. Qeyd edək ki, 13 oktyabr 2017-ci il tarixindən hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb, ümumilikdə 264 oyun keçirilib. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub. Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarət olub.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı