Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb

Avqustun 18-də müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.  Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçirilmiş müsahibələrdə 4 minə yaxın namizəd iştirak edib. Müsahibə mərhələsinin nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.  Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçiblər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılıb. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.  

Peşə təhsili müəssisələrinə qəbulda  fəallıq

2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Artıq 10 gündür davam edən sənəd qəbulunda 7200-dən çox vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib. Qeyd edək ki, qəbul prosesində böyük fəallıq müşahidə olunur. Qeydiyyatdan keçənlər arasında ən çox aşpaz, veb-dizayner, kompüter operatoru, bərbər, dərzi, avtomobil üzrə elektrik, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, elektrik avadanlıqlarına xidmət və təmiri mütəxəssisi, qaynaqçı və digər ixtisaslarına üstünlük verilib. Sənəd qəbulu avqustun 26-dək davam edəcək. Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir. Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

“Xəzər günü” ilə əlaqədar iməcilik keçirilib

“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib. İməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri də iştirak edib. Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir. Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 m3 tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb. Aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir. Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb

Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.  Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.          Ərizələrin onlayn qeydiyyatı  Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək  (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 3 sentyabr tarixdən başlayacaq, 28 sentyabrda başa çatacaq. Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur.  Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U),  2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə ( qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə  valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi(olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində məktəbəhazırlıq qruplarında təhsil ödənişli həyata keçirilə bilər. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.  Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.   2018/2019-cu dərs ili üçün Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərində, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına qəbuluşaqların qeydiyyatının elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Avqustun 13-də start verilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Avqustun 15-də keçiriləcək müsahibədə kimya, fizika və texnologiya müəllimi olmaq istəyən 764 namizədin iştirak edəcəyi gözlənilir. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.    

Təhsil naziri Qazax şəhərində vətəndaşları qəbul edib

Avqustun 13-də təhsil naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmməd Alıyev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Avqustun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun - müsahibə mərhələsinə start verilib. Avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4337 namizədin iştirakı nəzərdə tutulub. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

Azərbaycan-Tacikistan sənədləri imzalanıb

Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon dövlət başçılarının Birgə Bəyanatını imzaladılar. “Azərbaycanda İxracin və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev və Tacikistanın İnvestisiya və Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda imzaladılar. “Azərbaycan Sənaye Korporasiyası” ilə “Tacik Alüminium Kompaniyası” (TALKO) Dövlət Unitar Müəssisəsi arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzaladılar. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”u “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Tacikistan Hökuməti yanında Televiziya və Radio Komitəsinin sədri Maxmadsaid Şoxiyon imzaladılar. “SOCAR və TALKO şirkətləri arasında neft koksunun təchizatı haqqında Anlaşma Memorandumu”nu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Tacik Alüminium Kompaniyası” Dövlət Unitar Müəssisəsinin Direktorlar Şurasının sədri Kabir Şerali imzaladılar. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi arasında Tacikistan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının hərbi qulluqçularının Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasında təlimi haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Tacikistan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, Sərhəd Qoşunlarının komandanı Rəcəbəli Rəhmonəli imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Tacikistanın Qida Təhlükəsizliyi üzrə Komitəsinin sədri Farxod Kamolzoda imzaladılar. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”u Azərbaycanın təhsil naziri Ceyhun Bayramov və Tacikistanın təhsil və elm naziri Nuriddin Said imzaladılar. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İqtisadi İnkişaf və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda imzaladılar. “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye və yeni texnologiyalar sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şavkat Bobozoda imzaladılar. “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Tacikistan Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın baş prokuroru Zakir Qaralov və Tacikistanın baş prokuroru Yusif Rəhmon imzaladılar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2019-2020-ci illər üzrə Əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistanın xarici işlər naziri Muxriddin Sirociddin imzaladılar.   www.president.az

Vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

  Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi  mərhələsinin nəticələri barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib. Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaqdır.  

 “Yay məktəbi”nin ll mərhələsi davam edir

Paytaxt məktəbliləri üçün təşkil olunan yay məktəbinin ikinci mərhələsi davam edir. VII-VIII sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 12 məktəbi əhatə edir. “Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur. Qeyd edək ki, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli təşkili məqsədilə “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində paytaxt məktəblərinin V-VI sinif şagirdləri üçün iyulda reallaşdırılan “Yay məktəbi” başa çatıb.  “Yay məktəbi”nin əsas məqsədi şagirdlərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasından ibarətdir.  “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, tədris ocaqlarında tam təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.    

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı