Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

5 ilin hesabatı

Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib   Noyabrın 28-də qapılarını müəllimlərin üzünə açan Bakı Konqres Mərkəzi Azərbaycan təhsil işçilərinin 1906-cı ildən bəri keçirdiyi növbəti - XV qurultayına ev sahibliyi etdi. Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndənin qatıldığı qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Müstəqillik dövründə artıq 5-ci olan qurultayda təhsil naziri Ceyhun Bayramov hesabat məruzəsi ilə çıxış edib. Müəllimlərin XV qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğu bir dövrə təsadüf edib. Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ənənələrinin inkişafında müstəsna rolunu xatırladan təhsil naziri, ömrünün qısa olmasına baxmayaraq, o dövrdə milli təhsil quruculuğu sahəsində tarixi qərarlar qəbul edildiyini vurğulayıb: “Xüsusi iftixar hissi ilə qeyd etmək lazımdır ki, cümhuriyyətin müstəqillik ideallarını ulu öndər Heydər Əliyev gerçəkləşdirdi. Özünün böyük dühası, zəngin idarəçilik təcrübəsi, dönməz iradəsi ilə müstəqil və güclü Azərbaycanın möhkəm təməlini yaratdı”. Həmin möhkəm təməl üzərində qurulan müasir Azərbaycan dövləti artıq Qlobal Rəqabətlilik Hesabatında 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Nazir təhsil indikatorları üzrə əldə edilən irəliləyişə diqqət çəkib: “Təkcə onu demək kifayətdir ki, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib”.   Hər bir uşaq üçün imkan...   Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na diqqət çəkən təhsil naziri bu sənədin əsas məqsədi üzərində xüsusi dayanıb. Keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sistemi yaratmaq strategiyanın məqsədlərdən sadəcə biridir. Təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin və infrastrukturun qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması, ölkənin davamlı inkişafının təmin edilməsi məqsədi ilə hazırlanan Strategiyanın 5 strateji istiqamət - məzmun, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə üzrə islahatların aparılması nəzərdə tutulub. Həmin islahatlar artıq öz nəticəsini verib. Məsələn, təhsil tariximizdə ilk dəfə olaraq dövlət büdcəsi hesabına ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların məktəbəhazırlığına başlanılıb. 2016-cı ildə həmin yaşda olan uşaqların 55 faizi, 2017-ci ildə 65 faizi, cari ildə isə 75 faizi məktəbəhazırlığa cəlb edilib. Məktəbəhazırlıq qruplarında işləyən 10 minədək ibtidai sinif müəllimi təlimlərə cəlb edilib, yeni məzmun və tədris materialları hazırlanaraq tətbiq olunub. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilib. Nazir təməl bacarıqların uşaqlıq dövründən əldə edildiyi, uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq başlanan bu islahatda əsas hədəfi də açıqlayıb:“Hədəfimiz əhatə səviyyəsinin 2020-ci ildə 90 faizə çatdırılmasıdır, növbəti illərdə isə hər bir uşaq üçün belə imkanın yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək”.   3-5 yaşlı uşaqlar təhsilə cəlb edilir   Azərbaycana həyata keçirdiyi islahatlarda YUNİSEF və Avropa Birliyi xüsusi dəstək verib. Məsələn, adıçəkilən təşkilatların maliyyə dəstəyi ilə 2017-ci ildən “3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi”nə start verilib. Bakı şəhərində və 10 rayonda 2 min uşağı əhatə etməklə 100 icma qurulub. Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilib. Bunun nəticəsidir ki, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 132-yə çatıb.   Ümumi təhsil pilləsində keyfiyyət artır   Şəxsiyyətin formalaşmasında, zəruri həyati bacarıqlara yiyələnməsində, müstəqil fəaliyyətə hazırlanmasında müstəsna əhəmiyyətə malik ümumi təhsil pilləsində saysız-hesabsız yeniliklər bu sahəyə xüsusi diqqətin nəticəsidir. Elə götürək, idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində baş verən keyfiyyət dəyişikliyini. Nazir bu dəyişikliyi göstərən rəqəmlərə əsaslanaraq bildirib ki, ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlib: “Bütün imtahan fənlərindən müsbət qiymət alan IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb.   Keyfiyyət yeni qaydada qiymətləndirilir   Təhsil naziri ümumi təhsil müəssisələrinin IX və XI siniflərində buraxılış imtahanlarının məzmununun müəyyənləşdirilməsi, yeni qiymətləndirmə vasitələrinin tətbiqi sahəsində Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlərə diqqət çəkib. Bu tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı DİM tərəfindən yeni qaydaların hazırlanmasında Təhsil Nazirliyinin yaxından iştirak etdiyini vurğulayıb: “Hesab edirik yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək”.   Ali təhsil alma imkanları genişlənir   Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin daha bir nəticəsi ali təhsil müəssisələrinə tələbə qəbulunda özünü göstərib. Belə ki, son beş ildə keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilib. Məsələn, qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Təkcə bu il 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib ki, bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Bu rəqəmlərə əsaslanan təhsil naziri ölkədə ali təhsil alma imkanlarının genişləndirildiyini deyib. Bu il 41 min nəfərin tələbə adı qazandığını nəzərə alsaq, son 5 ilin təhlili 20.8 faiz artım göstərir.   Olimpiada bir hərəkata çevrilir   İstedadlı uşaqlarla sistemli işin təşkili nəticəsində ölkədə olimpiada hərəkatı genişlənib. İstedadlı uşaqlarla işə xüsusi yer ayıran təhsil naziri hesabat çıxışında bu məqsədlə yaradılan olimpiadaya hazırlıq mərkəzlərinin fəaliyyətinə də toxunub. Respublika fənn olimpiadalarında bu il 33 mindən çox şagirdin iştirakına diqqət çəkən nazir son 5 ildə bu istiqamətdə dəyişən rəqəmləri müqayisə edib. Müqayisə göstərib ki, iştirakçılar 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq fənn olimpiadalarında isə medalların sayı artıb. 2013-2018-ci illərdə beynəlxalq yarışlara qatılan məktəblilərimiz ölkəyə 3 qızıl, 28 gümüş və 100 bürünc medalla qayıdıb və beynəlxalq olimpiadalarda iştirak tariximizə ümumilikdə 131 medal yazdırıblar. Bu ildən isə beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu mümkün olacaq. Təhsil Nazirliyinin istedadlı uşaqlarla iş sahəsində yeni planları da var. Bu sahədə yeni ideya və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı “İstedadlı uşaq və gənclərin inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq Azərbaycan hökumətinə təqdim edilib.   Şagirdlərin bacarıqları beynəlxalq qiymətləndirmə vasitələri ilə ölçülür   Azərbaycanda keyfiyyət artımı beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələrində də aydın görünür. PIRLS beynəlxalq qiymətləndirməsinin nəticələrinə görə, şagirdlərimizin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal, “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb. Nazir əmin edib ki, növbəti illərdə ölkəmizin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı təmin ediləcək.   Təmayülləşmədə yeni hədəf   Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə 2015-ci ildən tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqinə başlanıb. Təhsil naziri Ceyhun Bayramov artıq 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini vurğulayaraq, təmayülləşmənin X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil etdiyini qeyd edib: “İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirirlər. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanır”. Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq da son 5 ilin hədəflərindən idi. Odur ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə start verilib. Elektron təhsil texnologiyalarının tətbiqi məqsədi ilə “Elektron məktəb” layihəsi 50 təhsil müəssisəsində davam etdirilib. Təhsil müəssisələrində İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal şəbəkənin inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi və digər hədəflər əhatə olunmaqla “Təhsil müəssisələrinin İKT infrastrukturunun inkişafı üzrə Dövlət Proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.   Müəllim peşəsinin nüfuzunun artırılması   Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində son illərdə əhəmiyyətli tədbirlərdən də danışan təhsil naziri 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinin nəticələrinə toxunub. Ölkə Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamına əsasən, onların həftəlik dərs yükünün 1.5 dəfə, vəzifə maaşının 2 dəfə artırıldığını deyib: “Müəllimin orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla, ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşıb. Həyata keçirilən tədbirlər müəllimin nüfuzunu artırıb, onların arasında sağlam rəqabəti və motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub”. Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə mərkəzləşdirilmiş müsabiqə mexanizmi son illərdə şəffaflıq və obyektivlik baxımından daha da təkmilləşdirilib. Cari ildə işə qəbul üzrə müsabiqədə iştirak etmək üçün 51 min müəllim elektron ərizə ilə müraciət edib. Nazir bunu 2013-cü illə müqayisə edərək 3 dəfə artım olduğunu bildirib. Son 5 ildə 18136 müəllim işə qəbul olunub, onlardan kənd məktəblərində fəaliyyətə başlayan 11600 nəfərə (64 faiz) hökumətin qərarı ilə həvəsləndirmə tədbirləri tətbiq edilib. Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” layihəsi çərçivəsində davamlı olaraq stimullaşdırıcı tədbirlər həyata keçirilib, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan, müəllimlik ixtisasını ilk sıralarda seçən tələbələr üçün təqaüd müəyyənləşdirilib. Son 5 ildə bu təqaüddən 1500 tələbə faydalanıb. Bütün bu tədbirlərin nəticəsində müəllim peşəsinə maraq əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu da 2013-cü ilə nisbətən 2.3 dəfə, ötən ilə nisbətən isə 53.6 faiz artım deməkdir. Sadəcə müəllimlərin nüfuzunu deyil, nüfuzuna birbaşa təsir edən peşəkarlığını da artırmaq üçün addımlar atılıb. İxtisasartırma təlimlərinin səmərəli və peşəkar səviyyədə aparılmasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə 2015-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu yaradılıb. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfərə qədər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib. Ümumi təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik menecerlərin hazırlanması, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yeni mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilib. Son 5 ildə 700 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Bu istiqamətdə daha çevik mexanizmlərin tətbiqi, ehtiyat kadrların hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.   İnfrastruktur   Strategiyada nəzərdə tutulmuş müasir tələblərə cavab verən və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması hədəfinə nail olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Son 5 ildə 500-dən çox, 2003-2018-ci illər ərzində isə ölkədə 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib. Nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Ölkə Prezidentinin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingenti olan qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib: “2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Cari ilin sonunadək 43 regionda 8120 şagird yerlik daha 137 modul tipli məktəbin quraşdırılması işləri başa çatdırılacaq, azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll ediləcək”.   Təhsil üçün maneəsiz mühit   Sağlamlıq imkanları məhdud şəxslərin təhsili də əsas prioritetlərdən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanaraq 2017-ci ilin sonunda təsdiq edilib. Təhsil naziri deyib ki, Proqramın məqsədi təhsilin bütün pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin təhsilini digər həmyaşıdları ilə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.   Məktəbdən kənarda məktəb   Nəinki məktəbdə, məktəbdənkənar fəaliyyətdə də təhsilin qürur duyacağı hərəkatlara start verilib. Nazir son illərdə məktəbdənkənar təhsil müəssisələri tərəfindən gənclərin yaradıcı və intellektual inkişafı ilə bağlı intellektual oyunlar, ayrı-ayrı idman növlərinin təbliği, perspektivli idmançıların aşkar edilməsi, onlarda idmana marağın artırılması, sağlam həyat tərzinin formalaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb: “Hər il bu tədbirlərdə 100 minlərlə şagird və tələbə iştirak edib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2013-2018-ci illərdə Təhsil Nazirliyinin idman və şahmat məktəblərinin yetirmələri beynəlxalq yarışlarda 537 qızıl, 468 gümüş, 681 bürünc medal qazanıblar. Əldə edilmiş bu nailiyyətlərlə yanaşı, hesab edirəm ki, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələləri olmalıdır”.   Peşə və orta ixtisas təhsilinin inkişafı   Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınıb. Təhsil naziri 2016-cı ildə ölkə Prezidentinin Fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması ilə ardıcıl xarakter alan tədbirlərə diqqət çəkib. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda yerləşən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılmasından, ümumilikdə 34 peşə təhsili müəssisəsinin bazasında yaradılan müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 14 Peşə Təhsil Mərkəzindən danışıb. Bildirib ki, Təhsil Nazirliyi tərəfindən iri sənaye mərkəzlərində və regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davam etdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. 2016-cı ildən başlayaraq peşə təhsili müəssisələrinə qəbulda şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün həyata keçirilən “ASAN Peşə” layihəsi hazırda ölkəni tam əhatə edir. İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilib. Peşə təhsili müəssisələrində müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, yüksək hazırlıqlı peşəkar insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində ölkə Prezidentinin Sərəncamına əsasən, 2017-2018-ci illərdə 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb. Orta ixtisas təhsilinin inkişafı ilə bağlı addımlar da var. Nazirlər Kabinetinin qərarlarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib. Bununla əlaqədar həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunub. Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.   Ali təhsildə yeniliklər   İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna əhəmiyyət daşıdığını vurğulayan təhsil naziri ötən qurultaydan sonrakı dövrdə olan yeniliklərdən sadəcə bir qisminə nəzər salıb. Yeni universitetlər - ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universiteti, mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti, yüksək ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil və ikili diplom almaq imkanı verən Fransız-Azərbaycan Universitetinin (UFAZ) yaradılmasına diqqət çəkib. Özü yeni olmasa da, standartları yenilənən 10 universitetdə ikili diplomların verilməsi təcrübəsi və beynəlxalq proqramlar tətbiq olunub, bununla əlaqədar tədris planları və proqramları tərəfdaş universitetlərin standartlarına uyğunlaşdırılıb. Hazırda həmin ali məktəblərdə 10 minədək tələbə ingilis dilində təhsil alır. Təhsil naziri ali təhsildə inkişafdan danışarkən 2014-cü ildən ali təhsil sahəsində ilk dəfə olaraq yeni məzmun və tədris texnologiyaları əsasında həyata keçirilən SABAH layihəsini də unutmayıb. Artıq 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən çox tələbəni əhatə edən SABAH qruplarının 1572 məzunu var. İlkin təhlillərə əsasən, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir, qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlayıb. Azərbaycan gənclərinə sadəcə ölkədəki ali təhsil müəssisələrində deyil, həm də dünyanın ən qabaqcıl universitetlərində yüksək keyfiyyətli ali təhsil almaq imkanı yaradılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər bu fürsətdən yararlanıb. Hazırda ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən, ayrılmış kvotaya uyğun olaraq ümumilikdə 535 nəfər azərbaycanlı tələbə müvafiq ölkələrin büdcəsi hesabına mühəndislik, kompüter elmləri, nanotexnologiya, kənd təsərrüfatı və digər ixtisaslar üzrə təhsil alır. Keyfiyyətli təhsil almaq üçün dünyanın dörd bir yanına üz tutan yalnız azərbaycanlı gənclər deyil. Ötən 5 il ərzində Azərbaycan da keyfiyyətli təhsilin ünvanına çevrilib. Ali təhsil sahəsində keyfiyyət göstəricilərinin yüksəlməsi nəticəsində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayında müsbət dinamika müşahidə edilir. 2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 76 ölkədən olmaqla 5871 nəfər təşkil edib, bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir. Elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər də nəticə verib. Nazir 2015-ci ildə dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti və Təhsil Nazirliyi arasında bağlanmış Sazişi xatırladaraq, ölkəmizin ali təhsil müəssisələrinin “Web of Science®” elmi məlumat platformasına çıxışının təmin edildiyini vurğulayıb. Nəticədə qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə əvvəlki illə müqayisədə 75 faiz artım müşahidə olunub. İmpakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında isə son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb, onların təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. Nazir hesab edir ki, bu sahədə mövcud olan imkanlardan daha səmərəli istifadə istiqamətində səylər daha da gücləndirilməlidir. Təhsil Nazirliyi sistemində olan universitetlərin professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair son 5 ildə 216 sifariş verilib. İxtiralara alınan patentlərin sayı isə 164 olub. Onlardan 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda alınıb: “Universitetlərin mövcud elmi potensialı patentlərin sayının əhəmiyyətli şəkildə artırılmasına imkan verir. Bu baxımdan mövcud elmi potensialdan səmərəli istifadə edərək elmi tədqiqatların keyfiyyət əmsalının artırılması, nüfuzlu beynəlxalq nəşrlərdə elmi məqalələrin çapının genişləndirilməsi, tədqiqat nəticələrinin daha geniş tətbiqinə nail olunması ali təhsil və elmi tədqiqat müəssisələri qarşısında duran əsas vəzifələrdəndir”. Son illərdə elmi kadr hazırlığını təmin edən doktorantura təhsilinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar da nazirin çıxışının əsas ştrixlərindən olub. O, Təhsil Nazirliyi, AMEA, ölkəmizin 9 və Avropa Birliyinin 5 ali təhsil müəssisəsi tərəfindən “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və vahid Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması” NİZAMİ layihəsi çərçivəsində görülən işlərdən danışıb. “Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməlidir. Ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməlidir. Əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir” deyən təhsil naziri təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumi təhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumlarının məhz bu yanaşmadan çıxış edərək hazırlandığını deyib. Elə bu yanaşma əsasında ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartları hazırlanıb, onların təsdiqi və tətbiqi ilə bağlı işlər davam etməkdədir.   Növbəti qurultayadək...   “Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir”, - deyən təhsil naziri hesab edir ki, yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara, yeni ixtisaslara ehtiyac yaranacağını nəzərə alaraq, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi bir sıra innovativ məzmunun ümumi təhsildə tətbiqi prioritet hesab olunmalıdır: “Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi bu istiqamətdə əsas hədəflər kimi müəyyən edilib”. Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq ixtisasların yeni məzmununun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. “Ali təhsil sahəsində fəaliyyətimizin ən mühüm istiqamətləri əhatəliliyin və keyfiyyətin artırılmasıdır”, - deyən nazir ölkə başçısı tərəfindən təsdiq edilən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı”na diqqət çəkib: “Hesab edirəm ki, proqramın növbəti illərdə uğurlu icrası ali təhsilin keyfiyyətinin artırılmasına və kadr potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Əlavə olaraq, keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir”. Nazir hesab edir ki, sənaye və texnoloji inqilab ərəfəsində olan bir cəmiyyətdə təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir: “Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulmuş məqsədlərə nail olmaq olar”.   “Təhsilə sərmayə qoyan dövlətlər inkişaf edirlər”   Daha sonra çıxış edən Baş nazirin müavini Əli Əhmədov Azərbaycan təhsilində son illər ərzində həyata keçirilən islahatlara diqqət çəkib. Onun sözlərinə görə, sadəcə, məktəb tikintisində son 15 ilin göstəricisi Azərbaycanın bütün dövrlərində inşa edilən məktəblərin 70 faizini təşkil edir. Bu illər ərzində Azərbaycanda müəllimin cəmiyyətin, dövlətin inkişafına öz töhfəsini verdiyini deyən baş nazirin müavini hesab edir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan ən cəsarətli addımdır: “Bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq”. O bildirib ki, dövlətin təhsilə qayğısı nəticəsində müəllimin həyat şəraiti, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması müşahidə edilir: “Təhsilin məzmununda keyfiyyət dəyişikliyi ilə əlaqədar islahatlar öz bəhrəsini verir”. Ancaq qarşıda duran vəzifələr də çoxdur. Bunun üçün isə qarşılıqlı fikir mübadiləsinin aparılmasına ehtiyac var: “İlk növbədə yeni texnologiyaların yaranması və həyatımızda tətbiqinə imkan yaradılmalıdır. Təhsilin milli sərvətə çevrilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı, təhsilin rəqabət qabiliyyətinin artırılması da vacib şərtdir. Bu gün təhsilə, yeni texnologiyaların tətbiqinə sərmayə qoyan dövlətlər inkişaf edirlər”. Ə.Əhmədov təhsilin səviyyəsinin yüksəlməsi ilə məşğulluq arasında bağlantı qurub: “Təcrübə göstərir ki, yüksək ali təhsil alanlar digərlərinə nisbətən 3 dəfədən çox əməkhaqqı alırlar. Hər il əmək bazarına təhsilini başa vuran 100 mindən çox yeni işçi qüvvəsi gəlir. Araşdırmalar göstərir ki, işlərini daha tez-tez itirənlər yüksək təhsil səviyyəsi olmayanlardır. Bu mənada, təhsilin səviyyəsinin yüksəlməsinin məşğulluğun yüksəlməsi ilə birbaşa əlaqədar olduğunu deyə bilərik”. Baş nazirin müavini hesab edir ki, bu gün ölkəmizdə hər bir təhsil alan gənc öz imkanlarının 60 faizini reallaşdıra bilir, inkişaf etmiş ölkələrdə isə bu göstərici 75 faizdən yüksəkdir.   İmkanlı ailələrin təhsil xərclərinə maliyyə vəsaiti ayırmasının qanunverici əsası yaradılmalıdır   Azərbaycan Müəllimlərinin XV qurultayının keçirilməsini cəmiyyət üçün çox əlamətdar hadisə kimi dəyərləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bəşəriyyət hər zaman qazandığı uğurlara görə təhsilə və elmə borclu olub. Təhsil sistemində bir çox uğurları qeyd edən B.Muradovanın fikrincə, bu, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir. B.Muradova təhsil sahəsində qanunvericiliyin hər zaman diqqət mərkəzində olduğunu, bu sahə üzrə qanunvericlik aktlarının daim təkmilləşdirildiyini də vurğulayıb: “Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu, həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır”. Milli Məclis sədrinin müavini təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı, ailənin, cəmiyyətin bu işə cəlb edilməsinin mütləq olduğu qənaətindədir: “Övlad yetişdirən valideynlərin müasirləşməsi, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”. B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən edilən maddi yardımların qanuniləşdirilməsini təklif edib: “Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.   DİM-müəllim əməkdaşlığı öz töhfəsini verir   Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Muxtar Respublikada təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut  edir. Ölkədə təhsilin və müəllimin inkişafına sevinənlərdən və bunun  üçün əlindən gələni edənlərdən biri də AHİK-dir: “Bu gün əminliklə demək olar ki, strateji sahə olan təhsil cəmiyyətin bütün sahələrinə nüfuz edib”. Səttar Möhbalıyev AHİK üzvü olan təhsil işçilərinin hüquq və mənafelərinin qorunması, onların və ailələrinin sağlamlığına qayğı, istirahətlərinin təşkili istiqamətində həyata keçirilən işlərdən danışıb. Bu məsələdə əsas tərəfdaşı olan Təhsil Nazirliyi ilə qarşılıqlı razılaşmalara toxunub. AHİK sədri bundan sonra da Azərbaycan müəllimlərinə diqqət və qayğını davam etdirəcəklərini, onların asudə vaxtını səmərəli təşkil etməyə çalışacaqlarını deyib. “Ölkəmizdə gedən sosial-iqtisadi inkişaf bütün sahələr üzrə bacarıqlı mütəxəssislərin hazırlanmasını tələb edir. Ölkə rəhbərliyinin böyük diqqət və qayğısı nəticəsində təhsil və mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu isə öz növbəsində DİM-in işinin keyfiyyətinə müsbət təsir göstərir” - deyən Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XV qurultayında rəhbərlik etdiyi qurumun müəllimlərlə əməkdaşlıqlarından, müəllimlərin onların işinə verdiyi töhfədən xüsusi danışıb. DİM sədri təbrik nitqini Azərbaycan təhsil sisteminin aparıcı təhsil sistemlərindən birinə çevriləcəyinə ümid notları ilə yekunlaşdırıb: “İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcək”. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Dünya İqtisadi Forumunun 2018-ci ildə dünya ölkələrinin inklüziv inkişaf barədə hesabatına toxunub. Azərbaycan bu hesabatda keçid iqtisadiyyatı ölkələri arasında 3-cü yeri tutub. Bu sənəddə daha önəmli bir məqam inklüziv inkişaf səviyyəsi ilə bağlıdır. Qrupda Azərbaycanın iqtisadi imkanına görə, 26-cı yerdə olmasına baxmayaraq, inklüziv inkişaf göstəricisinə görə 3-cü yeri tutduğunu deyən rektor bunu təhsil sisteminin inkişafının nəticəsi kimi dəyərləndirib və bu məsələdə Azərbaycan müəllimlərinin rolunu xüsusi qiymətləndirib. McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy hesab edir ki, keyfiyyətli təhsil milli hökumətlər üçün önəmlidir. Azərbaycan, təhsil sahəsi də daxil olmaqla, bir çox istiqamətlərdə aparılan islahatlar üzrə dünyada lider ölkələrdən biridir. Təhsildə qoyulan hədəflərə nail olmaq üçün Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlar və vacib istiqamətlər üzrə əldə edilən uğurlara toxunan Köksoy müəllimlərin nüfuzunun artırılmasını Azərbaycanın gələcəyi üçün önəmli məsələlərdən sayıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev ölkə təhsilinin əldə etdiyi uğurlarda Cəbrayıl rayonunun payına düşən rəqəmlərə diqqət çəkib. Daha sonra çıxış edən gənc müəllim Nigar Əliyeva yüksək balla müəllimlik ixtisasını seçənlərdəndir. O, 670 balla riyaziyyat müəllimi olmağı seçib və artıq bu arzusuna çatıb. Nigar müəllim bu peşəni seçməsində sadəcə riyaziyyata olan həvəsi deyil, riyaziyyat müəlliminə olan sevgisinin də payı olduğunu deyib. Təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun artırılması istiqamətində atılan addımlardan danışıb. Bir müəllim kimi görülən tədbirlərdən həvəsləndiyini diqqətə çatdırıb. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən “Əməkdar müəllim” fəxri adı verilmiş və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Panel iclasları “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”, “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında aparılıb. Daha sonra qurultayın qətnaməsi qəbul olunub.   “Azərbaycan müəllimi” qəzeti

Tələbə-könüllülərdən müəllimlərin XV qurultayına dəstək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 70-ə yaxın könüllüsü Azərbaycan müəllimlərinin XV qurultayının işinə dəstək verib. Tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, yerləşdirilməsi, qeydiyyatın aparılması, təltifetmə mərasimi, həmçinin panel müzakirələri zamanı olan işlərin təşkilinə yardım ediblər. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən 200-dən artıq nümayəndə iştirak edib. Təhsil naziri Ceyhun Bayramov tədbirin təşkilindəki uğurlu fəaliyyətlərinə görə tələbə-könüllülərə təşəkkür edərək, onların əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Çətin peşəyə ASAN yiyələnmə...

Peşə təhsili artıq ən modern metodlarla aparılır   Dövrün ən mühüm sosial problemlərindən biri işsizlikdir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayılan son hesabatda qeyd edilmişdi ki, 2017-ci ildə qlobal səviyyədə işsizlərin sayı 2016-cı illə müqayisədə 3,4 milyon artaraq 201 milyona çatıb. Azərbaycanda isə 2003-2017-ci illərdə 1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş yerinin açılması məşğulluq imkanlarının artmasına, əmək bazarında sabitliyə, işsizliyin və yoxsulluğun 5,04 faiz səviyyəsinə enməsinə səbəb olub. Ümumiyyətlə, ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunlardan biri də "ASAN peşə” layihəsidir.   Arzuların gerçəkləşməsi artıq çətin deyil   Müasir peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi sayəsində vətəndaşların bu sahəyə marağı get-gedə artır. Dövlət peşə təhsili müəssisələrinə qəbulun "ASAN peşə” layihəsi çərçivəsində aparılması isə bir yenilik kimi bu işə öz töhfəsini verib. 2016/2017-ci tədris ilindən reallaşdırılan layihənin əsas məqsədi peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının, şəffaflığın və obyektivliyin təmin edilməsi, subyektiv amillərin qarşısının alınmasıdır. Məhz buna görə də "ASAN peşə” layihəsi cəmiyyət tərəfindən çox müsbət qarşılanıb. Peşə təhsili müəssisələrinə daxil olmaq istəyən şəxslər elektron vasitələrlə sənədlərini təqdim edib, istədiyi ixtisası seçirlər və beləliklə, vaxt itkisi yaşanmır. Nəticələr göstərir ki, bu layihə peşə təhsili sahəsində atılan mühüm addımlardan biridir. Belə ki, 2016/2017-ci tədris ili ilə müqayisədə cari tədris ilində müraciət edənlərin sayı 3 dəfəyədək artıb. Təhsil Nazirliyinin "ASAN xidmət”lə birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi bu il də uğurla davam etdirilib. Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili mövzu ilə bağlı qəzetimizə açıqlamasında layihənin əhəmiyyətindən və müsbət nəticələrindən bəhs edib.   Layihənin əhatə dairəsi genişləndirilir   Amil Əlili bildirib ki, peşə təhsili əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına töhfə verən aparıcı sahələrdəndir. Bu gün peşə təhsilinin inkişafı ölkə rəhbərliyinin xüsusi diqqətindədir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Müvafiq tədbirlər sayəsində peşə təhsili ilə bağlı vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Şöbə müdirinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində 300 peşə üzrə 100 mindən artıq şagirdin təhsil aldığı 185 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. İndi də ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində peşə təhsili ölkəmizdə prioritet sahələrdən biridir. Ölkəmizdə aparılan təhsil islahatlarının tərkib hissəsi olan peşə təhsilinin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü işlər aparılır, mühüm qərarlar qəbul edilir. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, "Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Amil Əlili deyir ki, cari tədris ilində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət peşə təhsili müəssisələrinə qəbul dövlət və ödənişli əsaslarla "ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilib. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə isə yalnız dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılıb: "Layihənin əhatə dairəsinin genişlənməsi ilə əlaqədar olaraq Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal” mərkəzi, Quba və Mingəçevir "ASAN xidmət” mərkəzləri də vətəndaşlara bu xidməti göstərib. Ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Bunun üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlara 10 ixtisas seçmələrinə imkan yaradılır. Qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin (ana dili-tədris dili, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, informatika, fizika və xarici dil) orta balı nəzərə alınmaqla həyata keçirilir”.   33-ü yeni olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul keçirilib   2018/2019-cu tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində 33-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparıldığını qeyd edən Amil Əlili deyir ki, "ASAN peşə” layihəsinin müsbət nəticələrindən biri də peşə təhsili almaq üçün müraciət edənlər arasında orta attestat balı "4”-dən yuxarı olanların sayının kifayət qədər çoxluğudur. Layihənin 1-ci ili ilə müqayisədə, 2018/2019-cu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrdən orta attestat balı "4”dən yuxarı olanların sayı 3 dəfə artıb. Cari ildə dövlət başçısının iştirakı ilə açılışı olan Mingəçevir "ASAN Həyat” kompleksinə daxil olan "ASAN Peşə” Təhsil Mərkəzi bu tədris ilindən etibarən fəaliyyətə başladı və mərkəzdə elektrik, elektro-mexanik, santexnik, İT üzrə mütəxəssis və tikişçi istiqamətləri üzrə kadr hazırlığına start verildi.   Bir neçə sənəti pis bilməkdənsə bir sənəti yaxşı bilmək yaxşıdır   "ASAN peşə” layihəsi çərçivəsində ən çox sənəd verilən ixtisaslar aşpaz, dərzi, elektrik qaz qaynaqçısı, İT mütəxəssisi və veb-dizayner, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingərdir. Kompüter operatoru, aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədərdir. Valideynlərini itirənlər, valideyn himayəsindən məhrum olanlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla oxuyursa, birmənalı olaraq onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq "Peşə təhsili haqqında” qanunda yaşlıların, xüsusi qayğıya ehtiyacı olan gənclərin və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına kömək göstərilməsi nəzərdə tutulub. Bunun nəticəsidir ki, ölkəmizdə ilk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclər üçün "Soyuducu qurğuların maşinisti” ixtisası üzrə qrup açılıb və 9 nəfər inklüziv təhsil alıb. Bundan başqa, peşə təhsili müəssisələrinə qəbul qaydası, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi, həmin müəssisələrdə tətbiq edilən dövlət peşə təhsili standartları, peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası, peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə və peşə təhsilinin inkişafı fondunun nizamnaməsinin layihələri hazırlanır.   Artıq konkret nəticələr əldə olunub   Bu il də sənəd qəbulu prosesində şəffaflıq və vətəndaşlar üçün rahat müraciət etmək imkanının yaradıldığını xüsusi vurğulayan Amil Əlilinin fikrincə, layihənin keçirilməsində əsas məqsəd dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək idi ki, artıq buna nail olunub. Peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qəzetimizə bildirib ki, "Peşə təhsili haqqında” qanunun qəbul edilməsi Prezident İlham Əliyevin ölkəmizdə cəmiyyət quruculuğunun daha da sürətləndirilməsi üçün çox vacib sahələrdən biri olan peşə təhsili istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə hüquqi təminat verir. İsa Həbibbəyli qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və səmərəli fəaliyyəti bu sahədə böyük irəliləyişlərə nail olmağa geniş meydan açıb: "Azərbaycanda Cənubi Koreya ilə birgə Müasir Peşə Təhsili Kompleksinin yaradılması, paytaxt Bakıda və regionlarda yeni peşə təhsili müəssisələrinin açılması artıq konkret nəticələrin əldə olunduğunu göstərir. Bu baxımdan peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir. Artıq üçüncü ildir ki, "ASAN xidmət” yolu ilə peşə təhsili müəssisələrinə keçirilən qəbul imtahanları Azərbaycan ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Fikrimcə, peşə təhsili müəssisələrinə axının artmasında və qəbul zamanı bir sıra ixtisaslar üzrə rəqabət mühitinin yaranmasında Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı, "ASAN xidmət”in formalaşdırdığı şəffaf mühitin böyük rolu var. Ümumiyyətlə, "ASAN xidmət” yeni dövrün mühüm nailiyyətidir”. İnsan adətən bacardığı işə görə dəyərləndirilir. Xoş günlər yaşamaq üçün ən vacib şərtlərdən biri sevdiyin işi görməkdir. Həyat o qədər qısadır ki, onu sevmədiyin bir işi görməklə boşuna yaşamağa dəyməz. Bacardığın və zövq alacağın bir peşənin qulpundan yapış və gerçək xoşbəxtliyini tap. Bunun üçün hər cür imkan yaradılıb. Bu gün ölkəmizdə peşə təhsil sisteminin infrastrukturunun və maddi-texniki bazasının yenidən qurulması yaxın dövrdə real nəticələr verəcək.   "Azərbaycan” qəzeti    

Müəllimlər arasında müsabiqə keçiriləcək

Təhsil İnstitutu tərəfindən “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək. Dekabrın 15-də keçiriləcək müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir. Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçiriləcək.  Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək. “Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək müsabiqədə iştirak könüllüdür.

Azərbaycan müəllimlərinin 15-ci Qurultayının Qətnaməsi

Əlamətdar haldır ki, Azərbaycan müəllimlərinin 15-ci qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bu dövr, həm də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, yeni əsrin çağırışlarına cavab verən insan kapitalının formalaşması istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.   Təbrik məktubunda təhsil sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, qurultay qeyd edir ki, bu, dövlət başçısının təhsilə və təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir. Qurultay hesab edir ki, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsində təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar və qazanılan yüksək nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış, təhsil sistemi qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilmişdir. Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, infrastrukturun müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi, şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından sistemli tədbirlərin həyata keçirilməsi və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin qazanıldığını, təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu xüsusi vurğulayaraq, nazirin hesabat məruzəsini qənaətbəxş hesab edir. Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, Azərbaycan Respublikası təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir: uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması; istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın  reallaşdırılmasına nail olunması; bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması; yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi; ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi; ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi; bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi;  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi; təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi və bu kimi sistemli tədbirləri özündə ehtiva edən “Milli tərbiyə konsepsiyası”nın hazırlanması; “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində əmək bazarının tələblərinə uyğun olaraq biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi; ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramına uyğun olaraq məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin təşkili; keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi. Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, müstəqil Azərbaycanın  müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Azərbaycan müəllimlərinin XV qurultayı başa çatıb

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Təhsil naziri vurğulayıb ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub,  Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb. Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın təhsil sisteminin inkişafına mühüm təsir edəcəyinə əminliklərini bildirib, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması istiqamətində görülən işləri müsbət dəyərləndiriblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Panel müzakirələr "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılıb. Daha sonra qurultayın qətnaməsi qəbul olunub. Qurultay bədii hissə ilə davam edib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin (bədii rəhbər SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli, dirijor xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Azər Zeynalov, Mehriban Zəki, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, İsfar Sarabski, Taleh Yəhyayev, beynəlxalq müsabiqələr laureatları Ceyla Seyidova, Aydan Həsənova, Tofiq Şıxıyev çıxış ediblər. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.  

Qurultay çərçivəsində dövlət təltifləri təqdim olunub

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son 5 ildə təhsil sahəsində ən mühüm nailiyyətin müəllim nüfuzunun artırılması olduğunu deyib. Nazir qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni əməkhaqqı sisteminin tətbiqi, məktəblərin infrastrukturunun yenilənməsi müəllim peşəsinin nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində qəbul imtahanlarında yüksək bal toplayaraq müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə ötən illə müqayisədə 53,6 faiz, 2013-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ceyhun Bayramov onu da vurğulayıb ki, son 3 ildə müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb. Son beş ildə 18136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar müəllimlər arasında sağlam rəqabəti, motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Sonra müəllimlərə dövlət təltifləri təqdim edilib. Qurultay panel müzakirələrlə işini davam etdirir.

Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları! Əziz müəllimlər və təhsil işçiləri! Sizi – Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirir, hər birinizə çətin və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm. Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Ölkəmizdə anadilli təhsil sistemi və təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir. Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialını təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 noyabr 2018-ci il.   AZƏRTAC

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov son illər təhsil sahəsində ciddi islahatların həyata keçirildiyini və qarşıda mühüm vəzifələrin dayandığını qeyd edib. Əli Əhmədov bildirib ki, insanın formalaşmasında valideynlərlə yanaşı, müəllimlərin böyük rolu var. Azərbaycan müəllimləri bu işi şərəflə görürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə müəllimlərə, məktəblərə yüksək qiymət verilməsi, təhsilin inkişafı dövlətin əsas prioritet məsələlərindən biridir. Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsil sahəsində böyük işlər görülüb. Bahar Muradova bildirib ki, Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə investisiyadır. Bu investisiya artıq özünü doğrultmaqdadır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Azərbaycan elm və təhsil ölkəsi kimi tanınır. Muxtar Respublikada  2018-ci ildə 7 tam orta məktəb binasının istifadəyə verildiyini deyən Rəhman Məmmədov 4 məktəbin tikintisinin davam etdirildiyini bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut  edir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, rəqabət qabiliyyətli mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Məleykə Abbaszadə DİM-in keçirdiyi imtahanlarda müəllimlərin yaxından iştirak etdiyini, 1101 nəfərin əməyinin qiymətləndirildiyini qeyd edib. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva təhsil sahəsində qazanılan uğurlar, müəllim nüfuzunun artırılması, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə atılan addımlardan danışıblar. Qurultay öz işini panel müzakirələrlə davam etdirir. Panel müzakirəlrə "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılacaq. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

27/06/2026

Olimpiya icmalı #TəhsilTV #MRİO2026

Ətraflı
26/06/2026

Məktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika

Ətraflı
25/06/2026

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü

Ətraflı