20 000-ə yaxın “Bir” tələbə-könüllü
Hər il 5 dekabr BMT Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir. Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı ölkənin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəlsəfəsini aşılamaq üçün 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli proqramdır. 6 istiqamətdə fəaliyyət göstərən proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Proqram Azərbaycanda milli könüllü platformasını formalaşdıraraq 20 000-ə yaxın tələbə-könüllüdən ibarət vahid könüllü bazası yaradıb. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir. Proqramda tələbə-könüllülər üçün özünüinkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlim, kurs, seminar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Bunun sayəsində könüllülərin dil biliklərini inkişaf etdirilir, təcrübəsi artırılır və karyera imkanları genişləndirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarında ilk addımlarını atıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər. Proqram tərəfindən “Elektron könüllü portalı” yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Həmçinin bu sayt vasitəsilə tələbə-könüllü şəxsi hesabını yaradaraq şəxsi məlumatlarını hesabına yükləyə və bütün həyata keçirilən tədbirlərdən xəbərdar ola bilər. Minlərlə tələbə-könüllü 3 il ərzində 380 yerli və beynəlxalq səviyyəli tədbirin təşkilinə dəstək veriblər. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.
05/12/2018 10:46
SABAH tələbələrinin ifasında Cümhuriyyətin 100 illiyi ilə bağlı tamaşa
Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub. Tamaşada təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ali məktəblərin rektorları, tanınmış ziyalılarvə tələbələr iştirak ediblər. ADMİU-nun rektoru Ceyran Mahmudova çıxış edərək iştirakçıları salamlayıb və SABAH tələbələrinə yaradıcılıq uğurları arzulayıb. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunan tamaşanın bədii rəhbəri ADMİU-nun Sabah qruplarının rəhbəri Böyükxanım Məmmədbəyovadır. Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin III kurs SABAH qruplarının tələbələri Mirsənan Kazımlı, Ziya Ağa, Gövhər Şabanova, Fidan İsmayılova, Mətləb Abuşov, Elçin Əmirov, Toğrul Qasımov və başqaları çıxış ediblər. Qan Turalının pyesi əsasında hazırlanmış “Hərə bir qəhrəman” adlı tamaşada Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətin ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir. Yaradıcı heyətin böyük ruh yüksəkliyi, tələbələrin obrazları peşəkar şəkildə canlandırmaları, aydın səhnə danışığı, eləcə də dinamika, geyimlər, dekorasiyanın bir-birini tamamlaması tamaşaçıların alqışları ilə qarşılanıb.
04/12/2018 17:20
Beynəlxalq Könüllülər Forumunda Azərbaycan da təmsil olunur
Rusiyanın Moskva şəhərində “Könüllülər ili” elan olunması ilə əlaqədar Beynəlxalq Könüllülər Forumu keçirilir. Foruma 100-dən çox ölkədən 15000-ə yaxın könüllü qoşulub. Forum müddətində iştirakçılar “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülüklə məşğul olmaq, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllü mərkəzlərini ziyarət etmək imkanı əldə ediblər. Həmçinin iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirə və seminarlara qatılıblar. Forumda Azərbaycanı təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının nümayəndəsi Ağa Səlimov da var. Ağa Səlimov ötən il keçirilən Azərbaycan Tələbə-Könüllülərinin üçüncü forumunda “ən fəal könüllü koordinatoru” seçilib, 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib. Forum dekabrın 5-dək davam edəcək. “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 19000-dən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. “Bir” könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.
04/12/2018 12:41
5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir
Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib. Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə həmçinin əməkdar mədəniyyət işçisi, mərhum tarzən Murtuz Mehdiyevin 75 illik yubileyi qeyd edilib. Tədbirdə çıxış edən məktəbin direktoru İradə Vəzirova bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərə dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində addımlar atılır. İradə Vəzirova qeyd edib ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir və uşaqların tam orta təhsilini həyata keçirir. İnternat məktəbində 30 sinif komplektində 307 nəfər şagird təhsil alır. Onlardan 98 nəfəri qız, 209 nəfəri isə oğlandır. Onların təlim-tərbiyəsi ilə 34 nəfəri I qrup əlil olmaqla 97 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. 1980-cı ildə məktəbin şagirdlərinin musiqiyə olan həvəslərinin və xüsusi duyumlarının olduğunu nəzərə alaraq 38 nömrəli musiqi məktəbi təşkil olunub və Murtuz Mehdiyev məktəbin direktoru təyin edilib. İradə Vəzirova internatda təhsil alan sağlamlıq imkanları məhdud uşaqların həyatında bu məktəbin və Murtuz Mehdiyevin əvəzsiz rol oynadığını vurğulayıb. Direktor qeyd edib ki, hazırda musiqi məktəbində internat məktəbinin 150 şagirdi tar, kamança, qarmon, nağara, xanəndə, forte piano, skripka üzrə siniflərdə təhsil alır. Məktəb kollektivinin əməyinin dövlət tərəfindən həmişə qiymətləndirildiyini deyən direktor bildirib ki, məktəbin rus dili müəllimi Afət Aşumova 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub. Tədbirdə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuş məktəbin riyaziyyat müəllimi Eldar Hacıyevə mükafat təqdim edilib.
03/12/2018 16:57
Noyabr ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9306 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin noyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9306 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 6747 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2559 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1246 sənəd (476 ərizə, 770 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər bu kimi məsələləri əhatə edib.
03/12/2018 16:19
Direktorların işə qəbulu üzrə müsahibəyə başlanılır
Dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir. Bu mərhələdə 700-dən artıq namizədin iştirakı gözlənilir. Müsahibələr Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir. Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim edirlər. Bu mərhələ üzrə keçid balı 3 bal müəyyən edilir. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
03/12/2018 11:26
"İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans
Dekabrın 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) təşkilatçılığı ilə "İnklüziv təhsildə müəllim səriştəsi" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində müəllimlərin üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi, müzakirəsi və bu istiqamətdə nəzəri-praktik məsələlərin öyrənilməsidir. Konfransda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universitetinin müəllimləri, “Birgə və Sağlam” İctimai Birliyinin nümayəndəsi iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva inklüziv təhsilin inkişafı ilə bağlı Azərbaycanda görülən işlərdən və konfransın müəllimlər üçün praktik əhəmiyyətindən danışıb. Nazir müavini qeyd edib ki, bu sahədə müəllimlərin peşə səriştəsinin artırılması ümumilikdə təhsilimizin humanistləşdirilməsinə və onun keyfiyyətinin artırılmasına xidmət edəcək. Məhəbbət Vəliyeva sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması ilə bağlı əhali arasında məlumatlandırma işinin təşkil edilməsində müəllimlərin əvəzsiz rol oynadığını vurğulayıb. Tədbirdə qeyd olunub ki, Dövlət Proqramının qəbulundan keçən müddət ərzində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən ibtidai sinif müəllimləri üçün “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təhsili proqramı hazırlanıb, həmçinin məktəb rəhbərlərinin bu istiqamətdə məlumatlandırılması məqsədilə “İnklüziv məktəb” mövzusunda seminarlar təşkil edilib. Cari dərs ilinin sonunadək Bakı şəhərində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərinin direktorlarının həmin seminarlarda iştirakı planlaşdırılır. Gələn dərs ilindən seminarlar digər regionları da əhatə edəcək. TİPİİ həmçinin Avropa İttifaqının qrantını qazanmış iki böyük təşkilatın – Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin Azərbaycanda inklüziv təhsil mədəniyyətinin genişləndirilməsinə yönəlmiş layihələrinin fəal tərəfdaşıdır. Konfrans ADA Universitetinin baş müəllimi Ülviyyə Mikayılovanın “İnklüziv təhsilin nəzəri məsələləri" mövzusunda məruzəsi və məruzə ətrafında müzakirələrlə davam edib. Panel müzakirələrdə mütəxəssislər Nərmin Rəhimlinin “Autizm sindromlu uşaqlarla işin təşkili” və Vüsalə Həsənovanın "İnklüziv siniflərdə istifadə olunan interaktiv təlim üsulları" mövzularında çıxışları dinlənilib. Xatırladaq ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
01/12/2018 12:13
Gəncə Dövlət Universitetinin 80 illik yubileyi qeyd olunub
Noyabrın 30-da Gəncə Dövlət Universitetinin (GDU) 80 illik yubiley mərasimi keçirilib. Yubiley mərasimində təhsil naziri Ceyhun Bayramov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, ali məktəb rektorları, ictimai-siyasi xadimlər və universitetin professor-müəllim heyəti iştirak edib. Tədbir iştirakçıları Gəncə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Daha sonra universitetin ən böyük tədris binası olan 5-ci korpusunun əsaslı yenidənqurmadan sonra açılışı olub. Məlumat verilib ki, yeni tədris binası müasir təhsil standartları səviyyəsində yenidən qurulub. Ümumi ərazisi 4,8 hektar olan 4 mərtəbəli tədris binası müasir infrastruktura və zəngin maddi-texniki bazaya malikdir. Korpusda 2 mərtəbəli tədris binası, 99 otaq, idman və 306 yerlik iclas zalı, kiçik iclas zalı, tibb məntəqəsi, yeməkxana və idman sahəsi var. Həmçinin yeni tədris binasının nəzdində Heydər Əliyev guşəsi, universitetin tarixini əks etdirən muzey, 30 min kitab fonduna malik Nuru Paşa adına kitabxana, Əlil Tələbələr üçün Mərkəz, Müasir Təlim Mərkəzi, E-Öyrənmə Mərkəzi, Aleksandr Düma adına Fransa Mədəniyyət Mərkəzi, Dil Resursları Mərkəzi və iki müxtəlif istiqamətdə fəaliyyət göstərəcək kompüter mərkəzi yaradılıb. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədlərinin imzalandığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, son 5 ildə aparılan islahatlar nəticəsində təhsilin bütün sahələri üzrə uğurlar əldə olunub. Ölkədə ali təhsilin əhatəlilik səviyyəsinin əhəmiyyətli şəkildə artdığını qeyd edən nazir vurğulayıb ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib. Ceyhun Bayramov ölkə Prezidenti tərəfindən imzalanan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin beynəlxalq standartlara uyğunlaşmasına səbəb olacağını deyib. Nazir qeyd ki, yeni Dövlət Proqramı rəqabət qabiliyyətli və dayanıqlı iqtisadi inkişafın təşkilində, milli təhsil sisteminin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm töhfələr verəcək. Yubiley tədbirinin əlamətdar bir ildə qeyd edildiyini deyən nazir bildirib ki, 2018-ci il Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Hər iki yubiley tədbirinin arasında rəmzi bağlılığın olduğunu deyən Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılmasında, xalqımızın ictimai-siyasi və mədəni həyatında çox zəngin irs qoymuş Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə, həmçinin təhsil sahəsində də tarixi qərarlar qəbul edib. Universitetinin 80 illik yubileyi münasibətilə təhsil ocağının kollektivini bir daha təbrik edən Ceyhun Bayramov vurğulayıb ki, Gəncə Dövlət Universiteti böyük potensiala malik təhsil müəssisəsi olmaqla yanaşı, həm də qərb bölgəsində böyük mədəni mərkəzdir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov isə bildirib ki, Gəncə Dövlət Universitetinin istifadəyə verilən yeni tədris korpusu ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Niyazi Bayramov yalnız qərb bölgəsindən deyil, respublikanın müxtəlif guşələrindən yüksək ballı abituriyentlərin Gəncə Dövlət Universitetini seçməsinin diqqətəlayiq olduğunu deyib. Universitetin rektoru Yusif Yusibov isə qeyd edib ki, GDU ötən 80 il ərzində təkçə ölkəmiz üçün yox, qonşu respublikalar üçün də peşəkar, səriştəli pedaqoji kadrlar hazırlayıb və qərb regionunda maarifçiliyin inkişafında öz xidmətlərini göstərib. Son illər tələbə qəbulu planının 97 faizə çatması ilə GDU ali məktəblər arasında ilk üçlüyə daxil olub. Tədbirin sonunda ölkə Prezidentinin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin fəxri adlarla və “Tərəqqi” medalı ilə təltif olunan 23 əməkdaşına dövlət mükafatları təqdim edilib.
30/11/2018 17:09
Yeni Peşə Təhsil mərkəzləri yaradılır
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər barədə qərar qəbul edib. Qərara əsasən, regionlarda fəaliyyət göstərən 20 peşə təhsili müəssisəsinin bazasında 10 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Belə ki, Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilib. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilərək onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilərək onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi, Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilərək onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilərək onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilərək onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. O cümlədən, 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilərək onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi, 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilərək onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi, 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilərək onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi təşkil edilib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun həyata keçirilir. 2016-2017-ci illərdə Bakı, Gəncə şəhərlərində və Qəbələ rayonunda 34 peşə təhsili müəssisəsinin bazasında 14 Peşə Təhsil Mərkəzi yaradılıb. Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
30/11/2018 11:56
Təhsil naziri Niderland Krallığının ölkəmizdəki səfiri ilə görüşüb
Noyabrın 29-da təhsil naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.
30/11/2018 09:58
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Olimpiya icmalı #TəhsilTV #MRİO2026
ƏtraflıMəktəblilərin Respublika İdman Olimpiadası üzrə yekun statistika
Ətraflı26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. ?? Vətənimizin müdafiəsi və təhlükəsizliyi naminə şərəflə xidmət edən bütün hərbçilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq. #ElmVəTəhsilNazirliyi #26İyun #SilahlıQüvvələriGünü
Ətraflı