Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Tələbələrin köçürülməsinə başlanılır

Fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq. Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın  7-dək davam edəcək.  Tələbələrin köçürülməsi ilə bağlı daha geniş məlumatı https://transfer.edu.az/az/faq linkinə daxil olmaqla əldə edə bilərsiniz.

24 yanvar – Beynəlxalq Təhsil Günüdür

Birləşmiş Millətlər Təşkilatı (BMT) yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib. BMT Baş Assambleyasının ötən ilin dekabrında elan etdiyi Beynəlxalq Təhsil Günü ilk dəfə qeyd olunur. BMT-nin qərarında bildirilir ki,  təhsil hər bir ölkədə dayanıqlı inkişafın əsas amilidir. Beynəlxalq Təhsil Günündə təşkilata üzv dövlətlər təhsilin inklüziv keyfiyyətinə diqqəti artırmalı, bu sahədə əlavə tədbirlər görməlidirlər. Beynəlxalq Təhsil Günü münasibəti ilə YUNESKO-nun baş direktoru Odre Azulenin təbrik məktubunda bildirilib ki, bu mühüm qərar "Dünyamızın dəyişdirilməsi: 2030-cu ilə qədər davamlı inkişaf gündəmi" adlı fəaliyyət proqramının həyata keçirilməsində təhsilin vacibliyini vurğulayır. Odre Azule qeyd edib ki, hərtərəfli,  ədalətli və keyfiyyətli təhsil olmadan, hər kəs üçün ömür boyu öyrənmə imkanları yaratmadan dövlətlər milyonlarla uşağı və gənci inkişaf prosesindən kənarda saxlayan yoxsulluğun səviyyəsini azalda bilməz. Beynəlxalq Təhsil Gününün qeyd olunması bu sahədə təməl prinsiplərə bağlılığı təsdiqləmək üçün böyük  fürsətdir. YUNESKO-nun baş direktoru hazırda dünyada 262 milyon uşağın məktəbə getmədiyini diqqətə çatdırıb.  617 milyon uşaq və yeniyetmə isə oxuma  və ibtidai hesablama bacarıqlarına malik deyil.  Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Qarşıdurmalar və itkilər onların adi həyat tərzini pozub. Odre Azule BMT-yə üzv dövlətləri təhsilin bütün səviyyələrdə hərtərəfliliyini  və ədalətliyini qorumaqla  hər kəsin maraqlarını təmin etməyə, qızların, qaçqın və məcburi köçkünlərin,  miqrantların təhsil ehtiyaclarına, müəllim hazırlığına,  təhsil və təlimdə gender perspektivini daha fəal şəkildə təbliğ etməyə xüsusi diqqət yetirməyə çağırıb.

“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans

Yanvarın 23-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumlarının, beynəlxalq təşkilatların, ali təhsil müəssisələrinin və şirkətlərin nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən ASK-nın prezidenti Məmməd Musayev gənclərin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərək, məşğulluğun təminatında təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın mühüm rola malik olduğunun vacibliyini bildirib.   Təhsil nazirinin müavini İdris İsayev təhsilin iqtisadiyyatın inkişafında, insan kapitalının formalaşmasında və gənclərin məşğulluğunun təmin olunmasında əsas amillərdən biri olduğunu qeyd edib və bu sahədə peşə təhsilinin rolunu xüsusi vurğulayıb. İdris İsayev bildirib ki, hazırda peşə təhsili sistemində ciddi islahatlar, təhsilin məzmununun işəgötürənlərin tələblərinə uyğunlaşdırılması, bu sahəyə investisiyaların cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən il peşə sahəsində 20 yeni ixtisasın peşə təsnifatına daxil edildiyini deyən nazir müavini diqqətə çatdırıb ki, aparılan tədbirlər nəticəsində məzunlar əmək bazarında öz yerlərini tutmağa başlayıb. Turizm sahəsi üzrə məzunların 62,3 faizi, informasiya texnologiyaları üzrə 73 faizi, xidmət sahəsi üzrə isə 69 faizi işlə təmin olunub. Nazir müavini qeyd edib ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlıq sisteminin həyata keçirilməsi əsas şərtlərdən biridir. Strateji Yol Xəritəsi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda işəgötürənlərin stimullaşdırılması ilə bağlı maliyyə, hüquqi və digər sahələr üzrə güzəştlərin verilməsinin nəzərdə tutulduğunu vurğulayan nazir müavini bunun özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacağını diqqətə çatdırıb. Tədbirdə digər çıxış edənlər əmək bazarının çağırışları, problemlər və onların həlli yolları, sosial dialoqun inkişafı, gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət və beynəlxalq təcrübə barədə geniş məlumat veriblər. Konfransda daha sonra BƏT tərəfindən “Əməyin gələcəyi” mövzusunda hazırlanan qlobal hesabat açıqlanıb.  “Əmək bazarının tələbləri, təhsil, təlim və bacarıqların inkişafı” mövzusunda keçirilən panel iclasda Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə əməkdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayıb, agentlik tərəfindən bu istiqamətdə görülən işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Daha sonra tədbir “Gənclər arasında sahibkarlığın inkişafı”, “Əlverişli qanunvericilik və əmək münasibətləri” mövzularında panel iclaslarla davam edib.  

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçiriləcək

Fevralın 3-də ölkənin bütün şəhər və rayonlarında 2018-2019-cu tədris ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək. Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak edəcəklər. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçiriləcək. Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim ediləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib. Olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat (8203 nəfər), ən az şagird isə informatika (721 nəfər) fənlərindən qatılacaq.  Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Təhsil naziri Forumun ikinci günündə "Təlim və tədris keyfiyyətinin yaxşılaşdırılması imkanları” adlı sessiyada çıxış edib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlar barədə ətraflı məlumat verib. Ceyhun Bayramov müəllim peşəsinin nüfuzunun artırılmasının sözügedən strategiyanın əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Həmçinin ali məktəblərə qəbul imtahanında yüksək nəticə qazanan məzunları müəllimlik ixtisasına təşviq edən  təqaüd proqramı, modul üzrə ixtisasartırmanın təşkili, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılmasının bu sahədə keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verdiyini vurğulayıb.  Ceyhun Bayramov eyni zamanda Təhsil Nazirliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər və həyata keçirilən pilot layihələrə dair məlumatı iştirakçıların nəzərinə çatdırib. Daha sonra nazir sessiya çərçivəsində Forum iştirakçılarının suallarını cavablandırıb.

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti 20-23 yanvar 2019-cu il tarixlərində Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Forum dünyanın 80-dən çox ölkəsinin təhsil nazir  və nazir müavinləri, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələrini bir araya toplayıb. Dünya Təhsil Forumu Britaniyanın Xarici İşlər Nazirliyi, hökumətin təhsil, biznes və innovasiyalar, beynəlxalq inkişaf departamentləri, həmçinin Britaniya Şurası və bir çox sənaye tərəfdaşlarının dəstəyi ilə həyata keçirilir. Səfər çərçivəsində Ceyhun Bayramovun həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson,  Britaniya Şurasının sədri Kristofer Rodriqes və digər rəsmi şəxslərlə işgüzar görüşlərinin keçirməsi nəzərdə tutulub.

TOPs layihəsi çərçivəsində təlimlər başa çatıb

“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramı çərçivəsində 2018-2019-cu tədris ilində layihəyə cəlb olunan ümumi təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlimlər başa çatıb. Təhsil Nazirliyi, British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən təlimlərdə 100 ümumtəhsil məktəbindən 355 fiziki tərbiyə müəllimi iştirak edib. Onlara layihə çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə kurikulumuna uyğun hazırlanmış innovativ tədris materialları olan metodiki tədris kartları paylanılıb. Təlimləri müvəffəqiyyətlə başa vuran müəllimlərə sertifikatlar təqdim olunacaq. Təlimlərdən 60 min nəfərə yaxın şagird faydalanıb. Cari tədris ilində əlavə olaraq 200 ibtidai sinif müəllimi üçün təlimlərin təşkil edilməsi, təlimlərə cəlb ediləcək müəllim və şagirdlərin ilkin və yekun qiymətləndirilməsi, hədəf ümumtəhsil məktəblərində idman festivalları, “Açıq dərs”lər və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, TOPs layihəsi fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikasının təkmilləşdirilməsi, ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək təlim metodunun hazırlanması, həmçinin sağlam qida və aktiv həyat tərzinə dair məlumatlılığın artırılması məqsədi ilə həyata keçirilir. Metodika fiziki tərbiyədə inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir. Azərbaycanda TOPs proqramının tətbiqinə pilot layihə kimi 2014-cü ildən start verilib. 2018-2019-cu tədris ilində layihəyə əlavə olaraq Bakı şəhərində fəaliyyət göstərən 100 ümumtəhsil məktəbi qoşulub. Beləliklə, layihədə iştirak edən məktəblərin sayı 250-yə çatdırılıb.

Çində 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı

Çin Xalq Respublikasında 2019-2020-ci tədris ilində təhsil üzrə təqaüd proqramı  elan edilib. Təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir. Proqramda iştirak etmək istəyənlər cari ilin fevralın 11-dək müraciət edə bilərlər. Təqaüd proqramı ilə bağlı elan və sual-cavabla aşağıdakı linklər vasitəsi ilə tanış olmaq mümkündür.   Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil Sual-cavab  

Təhsil Nazirliyində təltifetmə mərasimi

Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən, məktəbdənkənar sahədə çalışan təhsil işçiləri və yüksək nəticə göstərən idmançılar ilə görüş keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisələrin rəhbərləri, idmançılar iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb. Nazir müavini 2018-ci il ərzində Təhsil Nazirliyinin müvaviq əmrləri ilə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Firudin Qurbanov təltif olunan şəxslərə Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, Fəxri Fərman və təşəkkürnamələrini təqdim edib. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif edilən şəxlər Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticələr əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.   Mərasimin sonunda xatirə şəkil çəkdirilib.  

6 məktəb Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülüb

Yanvarın 21-də Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, məktəb direktorları və müəllimlər iştirak edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illər təhsil sahəsinin inkişafı və maddi-texniki təminatı istiqamətində mühüm addımlar atılıb. Nazir müavini təhsil prosesində müasir informasiya texnologiyalarının sürətli tətbiqi ilə əlaqədar həyata keçirilən layihələr arasında “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib.  Layihə çərçivəsində azərbaycanlı şagirdlər Avropadan olan həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq, onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq fürsəti qazanıblar. Layihəyə qatılan müəllim və şagirdlər həmçinin XXI əsr bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak ediblər. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov 2005-ci ildə yaradılan layihənin Avropa İttifaqının Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. “eTwinning Plus” layihəsi çərçivəsində indiyədək 438 məktəbdən 1166 müəllimin iştirakı ilə 1065 layihə həyata keçirilib. Layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, Avropa ölkələrindən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək və əməkdaşlıq üçün şərait yaratmaqdır.   Tədbirdə bildirilib ki, 2017-ci ilin fevral ayında “eTwinning”in Avropa mərkəzi layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında müsabiqə elan edib. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 1210 məktəb Beynəlxalq “2018-2019 eTwinning Məktəbi” mükafatına layiq görülüb ki, bunlardan 6-ı Azərbaycan məktəbidir. Azərbaycan qalib gələn məktəblərin sayına görə layihəyə qoşulmuş 41 ölkə arasında 5-ci yeri tutub. Beynəlxalq “eTwinning Məktəbi” mükafatına layiq görülən məktəblər Bakı, Sumqayıt şəhərləri və İsmayıllı rayonunda yerləşir. Tədbirdə müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə mükafat və sertifikatlar təqdim olunub. Eyni zamanda müsabiqə qaliblərinə cari ildə Avropada təşkil olunacaq qısamüddətli təlim və onlayn peşəkar inkişaf proqramlarında ödənişsiz iştirak hüququ verilib.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı