Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində təlimlər
Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Dağlıq Şirvan zonası üzrə Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində, Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən artıq müəllim cəlb olunub. Təlimlər zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə etməklə yaradıcı təfəkkür və açıq düşüncə tərzi formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə bağlı məlumatlandırmaqdır. Təlim iştirakçılarına festival çərçivəsində keçiriləcək “Ekoloji yönümlü və enerji effektli məktəb” və Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri haqqında ətraflı məlumat verilib. Növbəti təlimlər yanvar ayının sonlarında Aran və Gəncə-Qazax zonalarını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin müəllimləri üçün keçiriləcək.
25/01/2019 17:28
Bakı məktəblisinin məqaləsi Rusiya mətbuatında
Kaspi liseyinin şagirdi növbəti uğura imza atıb Ölkəmizin təhsil sahəsində aparılan sistemli işlər xüsusu istedadlı ilə seçilən şagirdlərin aşkar olunması, onların bilik və bacarıqlarının stimullaşdirılmasına münbit şərait yardıb. Təhsil Nazirliyinin təşəbbüsü ilə son illərdə keçirilən respublika fənn olimpiadaları şagirdlərin elmi yaradıcılığa marağını artırıb. Heç şübhəsiz ki, şagirdlərimizin əldə etdiyi uğurların əsası orta məktəbdən qoyulur. Xüsusi istedadı ilə seçilən şagirdlərimizdən biri də Kaspi Liseyinin IX sinif şagirdi Faiq Nəcəflidir. Yaşının az olmasına baxmayaraq o, artıq təhsil ictimaiyyətimizin diqqətini cəlb edə bilmişdir. Son günlərdə istedadlı şagirdimiz növbəti uğura imza atıb. Onun “Natural ədədlərin ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlaməti” adlı məqaləsi Moskvada rus dilində nəşr olunan “Matematika” jurnalında dərc olunub. Riyaziyyat müəllimləri üçün metodik tövsiyə xarakteri daşıyan jurnalda Faiqin məqaləsi “Tədris tədqiqatları” bölümündə oxuculara təqdim olunub. Qeyd edək ki, məqalədə natural ədədlərin 3-ə (9-a) bölünməsinin yeni əlamətləri əks olunub. Normal riyazi qaydada natural ədədlərin 3-ə və (9-a) bölünməsi üçün bu ədədin rəqəmlərinin cəmi 3-ə (9-a) bölünməlidir. Məsələn, 828 3 və 9-a bölünür, belə ki, 8+2+8=18 cəmi 3 və ya 9-a bölünür. Və yaxud 1713 ədədini 3-ə bölmək üçün, 1+7+1+3-ü toplayıb 3-ə bölürük. Əgər alınan ədəd 3-ə bölünürsə, deməli, 1713 də 3-ə bölünür. Faiqin təklif etdiyi üsulla bu misalı aşağıdakı formada hesablamaq olar: 1713->17+13=30->3+0=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. 1713->171+3=174 ->17+4=21->2+1=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. 1713->1+713=714->71+4=75->7+5=12->1+2=3, deməli, 3 ədədi 3-ə bölünürsə, 1713 ədədi də 3-ə qalıqsız bölünür. Bu qayda ilə daha böyük ədədləri kiçik hissələrə ayıraraq 3-ə bölünüb bölünmədiyini asanlıqla yoxlamaq olar. Məsələn, 2394 ədədi də 3 və 9-a bölünür, belə ki, bu ədədin tərkib hissələrindən təşkil olunmuş 29+34=63, 32+49=81 və yaxud 92+43=135->13+5=18, həmçinin 23+94->117->11+7=18 cəmi də 3 və 9-a bölünür. Həvəskar riyaziyyatçı məqaləsində natural ədədlərin bölünməsinə dair bir sıra teoremlərin isbatı ilə bağlı çoxsaylı nümunələri diqqətə çatdırıb. Dərin zəkası və qabiliyyəti ilə seçilən Faiq hələlik elm yollarında ilk titrək addımlarını atır. Onun ilk uğurları gələcəkdə daha yüksək nailiyyətlər qazanacağına əminlik yaradır. “Azərbaycan müəllimi” qəzeti
25/01/2019 11:39
“Bizim müəllim”
Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Güldanə Rəhimovaya həsr olunur. Güldanə Rəhimova 2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 60 bal toplayıb.
25/01/2019 09:49
Məktəblərdə qış tətili başlayır
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə qış tətili başlayır. Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.
25/01/2019 09:32
İsmayıllı rayonuna mediaturdan fotoanlar
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib.
24/01/2019 18:08
SABAH tələbələri “Azercell”in təqaüdünə layiq görülüblər
Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH qruplarında təhsil alan 9 tələbə “Azercell” Tələbə Təqaüdü Proqramının qalibi olub. Mükafatlandırma mərasimində “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev qalibləri təbrik edib, onlara sertifikat və hədiyyələr veriblər. “Azercell” Tələbə Təqaüdü Proqramında seçimlər 3 mərhələdən ibarət olub. Birinci mərhələdə tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizə və sənədlər dəyərləndirilib. İkinci mərhələdə tələbələr məntiq və ingilis dilindən xüsusi hazırlanan test tapşırıqları ilə biliklərini sınayıblar. Tapşırıqları uğurla yerinə yetirən tələbələr müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə-təhsilə həvəs və s. meyarlar əsasında qiymətləndiriliblər. Proqramın məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüdü alacaqlar. Bununla yanaşı, həmin tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Belə ki, onlar telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində, sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər. Təqaüdə Bakı Mühəndislik Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və İbrahim Əliyev, Bakı Dövlət Universitetinin “Kompüter Elmləri” ixtisası üzrə tələbəsi Aygül Bayramova, “Hüquqşunaslıq” ixtisası üzrə tələbələri İlqar Məmmədzadə və Sonaxanım Qaybaliyeva, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə tələbəsi İmaməli Şükürlü, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə tələbəsi Cavid Aslanlı və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə tələbələri Elnur Namazov və Ömər Əzizli layiq görülüblər. Memorandum çərçivəsində 2017-ci ildə SABAH qruplarının 7 tələbəsi “Azercell” şikətinin tələbə təqaüdünü qazanıb, 10 tələbə isə şirkətdə ixtisas təcrübəsi keçmək imkanı əldə edib. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış, müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə (təhsil, texniki, təbiət, humanitar, iqtisadiyyat, incəsənət) 40-a yaxın ixtisas, 2200-dən çox tələbə və 1500-dən artıq məzunu əhatə edir.
24/01/2019 17:44
“Rəqəmsal bacarıqlar” layihəsi Londonda beynəlxalq sərgidə təqdim olunub
Təhsil Nazirliyinin və “Algoritmika“ beynəlxalq təhsil şirkətinin birgə pilot layihəsi olan “Rəqəmsal bacarıqlar” layihəsi yanvarın 23-də Londonda öz işinə başlayan “Bett Show 2019” təhsil texnologiyaları sərgisində ayrıca stendlə təqdim olunub. Təhsil naziri Ceyhun Bayramov stendlə tanış olub. Layihənin stendinə sərgidə iştirak edən və Azərbaycanın bu istiqamətdə təcrübəsi ilə tanış olmaq istəyən bir sıra ölkələrin (BƏƏ, Pakistan, Hindistan kimi) təhsil müəssisələrinin nümayəndələri böyük maraq göstəriblər. Sərgidə həmçinin “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov və "Algoritmika" beynəlxalq təhsil şirkətinin təsisçisi və baş icraçı direktoru Andrey Lobanov "Rəqəmsal bacarıqlar: ölkədə təhsil prosesinin transformasiyası" mövzusunda birgə təqdimat keçiriblər. Təqdimatı 50 nəfərdən çox iştirakçı dinləyib. Dünya Təhsil Forumu çərçivəsindəı keçirilən ““Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show” təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-na qədər davam edəcək sərgidə 131 ölkədən 3500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı təhsil şirkəti bir araya gəlib. Xatırladaq ki, “Rəqəmsal bacarıqlar” pilot layihəsi ölkənin ümumi təhsil müəssisələrində 2017-ci ildən həyata keçirilir. Hazırda layihə Bakıda 65, Gəncə şəhərində 6 məktəbi və umumilikdə 26 000 şagirdi əhatə edir. “Bett Show 2019” sərgisinin əsas mövzularından biri “21-ci əsrin bilik və bacarıqları”dır. Təsadüfi deyil ki, sərginin əsas tərəfdaşları arasında “Microsoft”, “Google”, “Lenovo”, “Adobe” və bir sıra digər yüksək texnologiyalı sənaye liderləri var.
24/01/2019 17:43
İsmayıllı rayonuna mediatur keçirilib
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilib. Mediaturda KİV nümayəndələri ilə yanaşı, təhsil ekspertləri də iştirak ediblər. Öncə qonaqlar Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, modul məktəb ölkə Prezidentinin sərəncamına əsasən 2018-ci ildə quraşdırılıb. Məktəbdə 4 kənddən gələn 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Mediatur iştirakçıları müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan Ceyhun Əsgərov və Orxan Kamallının dərslərini izləyiblər. Daha sonra qonaqlar Lahıc qəsəbə tam orta məktəblə tanış olublar. Bildirilib ki, məktəbin tikintisinə 2017-ci ilin dekabr ayında başlanılıb, 2018-ci ilin avqust ayında tikinti-quraşdırma işləri başa çatdırılıb. 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Məktəbdə 200 şagird təhsil alır. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, ərazisində isə qazanxana, nasosxana, transformator yarımstansiyası, yeraltı içməli su anbarı və çirkab su anbarı mövcuddur. Otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Binanın daxilində idman zalı, hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar var. Mediatur iştirakçıları biologiya müəllimi Cəmilə Kamilovanın, fizika müəllimi Rövşən Əliyevin, ibtidai sinif müəllimi Günay Cəbrayılovanın dərslərini izləyiblər. Daha sonra isə məktəbin Tarix-Diyarşünaslıq Muzeyində 9-cu sinif şagirdlərinin tarix dərsinin gedişi ilə tanış olublar. Mediatur çərçivəsində “Təhsil” televiziyasının "Təməl" verilişinin Lahıcın təhsil həyatına həsr olunmuş buraxılışı canlı yayımlanıb.
24/01/2019 16:32
“Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa”
Yanvarın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun birgə təşkilatçılığı ilə “Təhsildə İKT və innovativ sahibkarlığın təşviqi” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov, müxtəlif ali təhsil müəssisələrinin əməkdaşları, İKT və təhsil sahəsi üzrə ekspertlər, həmçinin İKT şirkətlərinin nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov tədbiri açaraq informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, bu il fevralın 24-ü BMT Baş Assambleyasının qərarı ilə ilk dəfə olaraq Beynəlxalq Təhsil Günü kimi qeyd olunur. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən nazir müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı ilə bağlı Dövlət Strategiyası” əsasında təhsil sistemində İKT infrastrukturu inkişaf etdirilib, elektron təhsil texnologiyalarının tətbiqi genişləndirilib, təhsil sahəsinin idarə olunması və tənzimlənməsində vahid informasiya struktru formalaşdırılıb, pedaqoji kadrların İKT üzrə hazırlığı üçün nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilib. Hazırda 2746 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə qoşulub. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. Nazir müavini hazırda 12 ali təhsil müəssisəsinin Avropa Elm və Təhsil Şəbəkəsinə (GEANT) qoşulduğunu da xatırladıb. GEANT Avropada 30-dan çox ölkənin 3500-dən çox təhsil müəssisəsini özündə birləşdirən tədqiqat və təhsil ictimaiyyəti üçün internet-məlumat şəbəkəsidir. Məhəbbət Vəliyeva qeyd edib ki, Təhsil Nazirliyinin portallarında yerləşdirilən 841-dən artıq elektron resursdan indiyədək 4 288 185 dəfədən çox istifadə olunub. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə informasiya-kommunikasiya texnologiyaları sahəsində innovativ sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində ali təhsil müəssisələri ilə birlikdə maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Nazir müavini qeyd edib ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə ali məktəblərdə yaradılan biznes inkubatorların və mərkəzlərin əsas məqsədi gənclərin İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etmək, həmçinin gənc sahibkarların innovativ ideyalarının biznesə çevrilməsinə dəstək verməkdən ibarətdir. Tədbirdə ali məktəblərdə informatika fənni üzrə tədris planlarının keyfiyyətinin artırılması, təhsil müəssisələrinin İKT üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, təhsil sahəsinin informasiyalaşdırılması, təhsildə innovativ sahibkarlığın təbliğ olunması və digər mövzular ətrafında çıxışlar olub.
24/01/2019 14:15
İsmayıllı rayonuna mediatur keçirilir
Yanvarın 24-də İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbi və Gəndov kəndində yeni istifadəyə verilən modul tipli ümumi orta məktəblə tanışlıq üçün mediatur keçirilir. Öncə media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə tanış olublar. Bildirilib ki, ölkə Prezidentinin sərəncamına əsasən, 2018-ci ildə quraşdırılan modul məktəbdə 44 şagird təhsil alır. 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ucqar kəndlərdə az şagird kontingentli qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi tətbiq edilib. 2017-ci ildə 40 rayonda 6 min şagird yerlik 106, 2018-ci ildə isə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Media nümayəndələri və təhsil ekspertləri işə yeni qəbul olunmuş müəllimlərin dərs prosesini izləyiblər. Mediatur Lahıc qəsəbə tam orta məktəbi ilə tanışlıqla davam edir.
24/01/2019 12:19
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı