Nazir müavini Quba rayonunda
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin vəziyyəti və tədris prosesi ilə yaxından tanış olmaq məqsədilə Quba rayonuna səfər edib. Məhəbbət Vəliyeva səfər çərçivəsində rayonun Zizik və Qaraçay kənd, Quba şəhər 3 nömrəli tam orta məktəblərinə və Texniki-təmayüllü liseyə baş çəkib, adıçəkilən təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. Nazir müavini dərs prosesini izləyərək şagirdlərin oxu bacarığı və mütaliə vərdişləri ilə tanış olub, həmçinin həmin məktəblərin X və XI siniflərində təhsil alan şagirdlərlə görüşüb, onlarla peşə seçimi və fənn olimpiadalarının əhəmiyyəti barədə söhbət aparıb. Nazir müavini eyni zamanda Qəçrəş kənd tam orta məktəbində rayonda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə də görüş keçirib. Görüşdə son illər ərzində təhsil sahəsində aparılan islahatları diqqətə çatdıran Məhəbbət Vəliyeva məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib. Nazir müavini ümumi təhsil müəssisələrində müvafiq təhlillərin aparılmasının və həmin təhlillərdən nəticə çıxarılmasının önəmini xüsusi vurğulayıb.
02/04/2019 14:00
Respublika çempionatının zona mərhələsi
Məktəblər arasında keçirilən respublika çempionatının proqramına uyğun olaraq atletika idman növü üzrə zona yarışı keçirilib. Respublika Olimpiya Mərkəzində keçirilən yarışda Şuşa, Zəngilan rayonları və Bakı şəhərinin 12 rayonunun məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 251 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının, III yeri Bakı şəhəri 269 nömrəli tam orta məktəbin komandası tutub. Qaliblərə diplomlar təqdim olunub. Daha bir zona yarışı şahmat idman növü üzrə Salyan rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində start götürüb. Yarışda Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarının məktəb komandaları mübarizə aparır. Beş gün davam edəcək yarışlara 6 aprel 2019-cu il tarixində yekun vurulacaq. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanır. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
02/04/2019 12:20
Vətəndaşlarla iş bölməsinə 14 467 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 14 467 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 12 561 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 1906 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 964 (437 ərizə, 527 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox direktorların işə qəbulu, xaricdə təhsil, birinci sinfə qəbul, diplomların tanınması, müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması və digər bu kimi məsələləri əhatə edib.
01/04/2019 15:47
Müəllimlər üçün müsabiqəyə start verilib
Aprelin 1-dən respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər. Bu proses aprelin 5-dək davam edəcək. Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər. Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.
01/04/2019 11:01
“Uşağınızla birgə vaxt keçirin”
Təhsil İnstitutunun YUNİSEF-in maliyyə dəstəyi ilə hazırladığı növbəti sosial videoçarx təqdim edilir.
01/04/2019 10:49
Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək
Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 11 aprel 2019-cu il tarixində, saat 10:00-da Samux şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Samux, Göygöl, Kəlbəcər rayon və Gəncə şəhər sakinlərini qəbul edəcək. Qəbulda Samux, Göygöl, Kəlbəcər rayonlarında və Gəncə şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 1-5 aprel 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
01/04/2019 09:54
Fənn olimpiadalarının yarımfinal turu keçirilib
Martın 31-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutub. Yarımfinal turuna rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində Beynəlxalq Fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla cəlb edilib. Belə ki, 9-cu və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla yarışıblar. Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edib. İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçirilib. Bu olimpiadada iştirak edən şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunub. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
31/03/2019 11:56
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi
Martın 30-da Akademik Zərifə Əliyeva adına liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib. Təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Məhəbbət Vəliyeva və Təşkilat Komitəsinin üzvləri bilik yarışını izləyiblər. Nazir müavini qeyd edib ki, müsabiqə şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından mühüm əhəmiyyətə malidir. Məhəbbət Vəliyeva müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından rolunu diqqətə çatdırıb. İştirakçılar bu mərhələdə 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib, onların arasından fərqlənən 5500 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşdırılıb və bölgələrdən qalib hesab edilən 125 nəfər şagirdin siyahısı ölkə mərhələsində iştirak üçün təqdim olunub. Onlardan 12 nəfəri VIII, 37 nəfəri IX, 29 nəfəri X, 47 nəfəri XI sinif şagirdidir. Artıq dördüncü ildir ki, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
30/03/2019 13:09
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
Martın 31-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Yarışlar Bakı şəhərində 6, Sumqayıt, İsmayıllı, Şirvan, Şəki, Ağdaş, Gəncə, Mingəçevir, Şəmkir, Xaçmaz, Lənkəran və Naxçıvan Muxtar Respublikasında hər birində 1 mərkəz olmaqla ümumilikdə 17 mərkəzdə baş tutacaq. Yarımfinal turunda rayon (şəhər) mərhələsində müvafiq balı toplamış, həmçinin ötən və cari tədris ilində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş siyahıda olan Beynəlxalq Fənn olimpiadalarının hər hansı birində iştirak etmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadalara cəlb ediləcəklər. Belə ki, 9-cu sinif və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri aşağı yaş qrupu, 10-11-ci sinif şagirdləri isə yuxarı yaş qrupu olmaqla öz aralarında yarışacaqlar. Olimpiadada Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1432, riyaziyyat fənni üzrə 1715, informatika fənni üzrə 225, fizika fənni üzrə 217, kimya fənni üzrə 222, biologiya fənni üzrə 765, tarix fənni üzrə 398, coğrafiya fənni üzrə 1113 şagird iştirak edəcək. İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadanın yarımfinal turu ADA Universitetində keçiriləcək. İnformatika fənnindən yuxarı yaş qrupu üzrə olimpiadada iştirak edəcək şagirdlərə proqramlaşdırma dilində həll etmək üçün 5 məsələ təqdim olunacaq. Müsabiqə və qiymətləndirmə İOİ sisteminə uyğun həyata keçiriləcək. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.
29/03/2019 17:51
“Yaşıl məktəb”
Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən “Yaşıl məktəb” aksiyasına start verir. Aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılacaq. “Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır. Aksiya aprelin sonunadək davam edəcək.
29/03/2019 17:13
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı