İbtidai siniflər üçün əlavə yaz tətili başlayır
Mayın 1-dən ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır. Həmçinin məktəbəhazırlıq qruplarında 5 gün əlavə tətil (1-5 may) olacaq. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir. 16-20 noyabr payız tətili, 27-31 yanvar qış tətili, 1-5 may ibtidai siniflər üçün əlavə yaz tətili müəyyən edilib.
30/04/2019 11:39
Tələbələrin XIV Respublika Universiadası
Aprelin 29-da Bakı İdman Sarayında tələbələrin XIV Respublika Universiadasının açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Təhsil nazirinin müavini Firudin Qurbanov hər bir ölkənin gələcək inkişafının təmin edilməsində, onun genofondunun qorunmasında bədən tərbiyəsi və idmanın rolunu yüksək qiymətləndirib. Nazir müavini ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində, o cümlədən Azərbaycanın müstəqilliyinin bərpasından sonra bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafını diqqət mərkəzində saxladığını vurğulayıb. Azərbaycanın müstəqil ölkə kimi iştirak etdiyi ilk Olimpiya Oyunlarında - Atlanta Olimpiadasında böyük nailiyyət əldə edərək bir gümüş medal qazandığını bildirən nazir müavini sonrakı illərdə uğurların sayının artdığını vurğulayaraq deyib: “Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycan idmanı daha yüksək sürətlə inkişaf etməyə başladı. Ölkəmizdə bədən tərbiyəsi və idmanın tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi istiqamətində atılan addımlar qısa müddətdə bəhrəsini verdi. Sonuncu Olimpiya Oyunlarında – Rio Olimpiadasında komandamız möhtəşəm qələbəyə imza ataraq 18 medal qazandı. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir”. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda idman siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq bildirib ki, məhz uğurlu idman siyasəti sayəsində ölkəmiz bu sahədə möhtəşəm qələbələrə imza atır. “İdmançılara dövlət qayğısı ilə yanaşı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Ən müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Təqdirəlayiq haldır ki, idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə parlaq nailiyyətlərə imza ataraq Azərbaycanın bayrağını ucaldır, himnini səsləndirirlər. Azərbaycan ən nüfuzlu idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edir və belə yarışlar bölgələrdə də keçirilir. Bu yaxınlarda Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə dünyanın ən güclü şahmatçıları iştirak ediblər”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində təhsilə və idmana daim böyük önəm verdiyini bildirib. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayan S.Möhbalıyev Azərbaycanda reallaşdırılan uğurlu idman və gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasında həmkarlar ittifaqı təşkilatlarının da önəmini xüsusi vurğulayan S.Möhbalıyev bu baxımdan universiadaların vacib rol oynadığını qeyd edərək deyib: “XIV Respublika Universiadasında 16 ali təhsil müəssisəsinin tələbələri iştirak edirlər. Yarışlar idmanın 10 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək. Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilən universiada tələbə gəncləri bədən tərbiyəsinə və idmana cəlb etmək məqsədilə reallaşdırılır. Yarışın qalibləri bu il iyulun 3-14-də İtaliyanın Neapol şəhərində keçiriləcək XXX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər”. Açılış mərasimi bədii hissə ilə davam edib. AZƏRTAC
30/04/2019 11:14
Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gəmi Modelçiliyi” dərnək üzvləri üçün Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub. Turun təşkil olunmasında məqsəd məktəblilərin dənizçilik və gəmiqayırma sahəsinə marağın artırılmasından ibarətdir. Gəmi modelçiləri əvvəlcə ərazini gəzib, müasir tipli tərsanə ilə tanış olub və gəmilərin inşa prosesini yaxından izləyiblər. Dərnək üzvlərinə zavodda tikilməkdə olan gəmilər barədə məlumat verilib. Tur çərçivəsində təchizat və yerləşdirmə mühəndisi Niyazi Bayramov tərəfindən iştirakçılara təlim keçirilib. Gəmi modelçilərini maraqlandıran suallar cavablandırılıb. Sonda gəmi tikintisini əks etdirən videoçarx nümayiş etdirilib. Qeyd edək ki, birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən dərnək üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.
30/04/2019 10:49
İdman liseyində görüş
Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 1 nömrəli İdman liseyinin pedaqoji və məşqçi-müəllim heyəti ilə görüş keçirib. Görüşdən əvvəl dərs prosesi ilə tanış olan Firudin Qurbanov şagirdlərlə səmimi söhbət edib. Görüşdə çıxış edən nazir müavini müasir tələblərə cavab verən idman təmayüllü liseylərin yaradılmasının əhəmiyyətindən danışıb, bu kimi təhsil müəssisələrinin şagirdlərin təhsil almaları ilə yanaşı, peşəkar idmançı kimi yetişməsinə şərait yaratmaq, ehtiyat idmançı hazırlığı işini daha təkmilləşdirmək məqsədi daşıdığını qeyd edib. Nazir müavini çıxışında təhsil sistemində tədrislə yanaşı, əsas diqqətin təlim-tərbiyə məsələlərinə, müəllim-şagird-valideyn münasibətlərinə yönəldiyini və bu işlərin yerinə yetirilməsində müəllimlərin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. Təhsilalanların vətənpərvər, bilikli və bacarıqlı vətəndaş kimi yetişməsində tərbiyənin strateji istiqamətlərindən bəhs edən Firudin Qurbanov təhsil müəssisələrinin üzərinə düşən məsələlər haqqında fikirlərini bildirib. Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Tədbirdən sonra müəssisənin maddi-texniki bazası ilə tanış olan nazir müavini səmərəli fəaliyyətin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verib. Görüşdə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, "Məktəblinin dostu" layihəsinin əməkdaşları iştirak edib. Qeyd edək ki, Bakı şəhəri 1 nömrəli İdman liseyi Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə Bakı şəhəri 277 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
29/04/2019 17:15
“Uşağınızı dinləyin”
O da səsinin duyulmasını istəyir. Təhsil İnstitutunun UNİCEF-in maliyyə dəstəyi ilə hazırladığı növbəti sosial videoçarx təqdim edilir.
29/04/2019 14:41
Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Layihənin “Seçilmiş Milli Təhsil Proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin müdiri Gintautas Yakstas daxildir. Missiyanın məqsədi magistratura səviyyəsində ixtisaslar üzrə təsnifatın işlənib hazırlanması sahəsində Avropa təcrübəsinə əsaslanan metodologiyanın təklif edilməsidir. Missiya çərçivəsində seminarlar təşkil olunub. Seminarlar zamanı ali təhsilin bakalavriat və magistratura səviyyələrinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması sahəsində Litva və Avropa təcrübəsi Təhsil Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırılıb. Eyni zamanda magistratura səviyyəsinin ixtisasları üzrə təsnifatın işlənib hazırlanması ilə bağlı təlimatların yaradılması üzərində iş aparılıb.
29/04/2019 12:48
Beynəlxalq olimpiadadan növbəti uğur
21-27 aprel 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilərin 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadası (IMChO) keçirilib. 28 ölkədən 152 nəfərin iştirak etdiyi olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. 5 nəfərdən ibarət komanda ilə olimpiadada iştirak edən məktəblilərimiz uğurla çıxış ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Əli Əliyev bürünc medala layiq görülüb. Qeyd edək ki, 3 turdan ibarət olan olimpiadada şagirdlərə qeyri-üzvi, üzvi, analitik və fiziki kimyanı əhatə edən suallar təqdim edilib.
29/04/2019 11:36
Assosiativ Məktəblər Şəbəkəsinə üzv məktəblərin toplantısı
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin illik toplantısı keçirilib. Toplantıda ASPnet-in Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran təmsilçiləri il ərzində görülmüş işlərlə bağlı hesabat verib, iştirakçılar müvafiq portaldan (OTA) istifadəyə aid tətbiqi təlimatlarla tanış olublar. Tədbirdə həmçinin məktəblərin fəaliyyətini dünyadakı tərəfdaş məktəblərə təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq yolları barədə fikir mübadiləsi aparılıb, mövcud onlayn resurslar barədə informasiya verilib. Qeyd edək ki, ASPnet 1953-cü ildə əsası qoyulmuş, 182 ölkədə 10 000-dən çox təhsil müəssisəsini birləşdirən qlobal şəbəkədir. ASPnet YUNESKO-nun “Hamı üçün təhsil“ məqsədini dəstəkləyir. Bu şəbəkə məktəbləri beynəlxalq anlaşma və sülhün təmin edilməsinə dəstək olmağa təşviq edir. Şəbəkə YUNESKO ideyalarına, o cümlədən XXI əsrdə öyrənmənin 4 sütünuna xüsusi diqqət yetirir: bilik öyrənmək; bacarıq öyrənmək; yaşamağı öyrənmək; birgə yaşamağı öyrənmək. Azərbaycanın 18 təhsil müəssisəsi 2000-ci ildən bu şəbəkənin üzvüdür. “ASPnet Azərbaycan”a daxil olan təhsil müəssisələri öz regionları üzrə qabaqcıl ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçası, peşə təhsili, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan əlavə təhsil müəssisəsi kimi fərqli profillərə mənsubdur. Şəbəkə dayanıqlı gələcəyi formalaşdırmaq üçün hər bir insana lazım olan bilik, bacarıq, davranış və dəyərlər əldə etməyə imkan yaradan, dayanıqlı inkişafı öyrədən təhsili təmin etməyə yardımçıdır. Bu təhsil müəssisələrində il ərzində BMT-nin qlobal məqsədlərinə həsr edilmiş “Dünyanın ən böyük dərsləri” və YUNESKO-nun əlamətdar günləri ilə bağlı kampaniyalar keçirilir. “ASPnet Azərbaycan”ın son irimiqyaslı kampaniyası 2018-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilib. Həmin kampaniya çərçivəsində hər bir şəbəkə məktəbi YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzvlüyü əks etdirən xüsusi adlı lövhələrlə təmin edilib. Azərbaycanda ASPnet-in işi şəbəkənin üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən koordinasiya edilir.
27/04/2019 15:58
“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin final mərhələsi keçirilib. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məntiqi riyaziyyat” dərnəyinin üzvləri arasında 2 yaş qrupu (10-11 və 12-14 yaş qrupları) üzrə keçirilən müsabiqəyə 100-ə yaxın məktəbli qatılıb. Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə, fərqlənən dərnək üzvləri isə fəal iştirakına görə diplomla təltif olunublar. Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, həmin universitetin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib.
26/04/2019 16:24
Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb
Aprelin 26-da Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan Təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb. Daha sonra Ceyhun Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində təhsil alır.
26/04/2019 16:05
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
? 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir
ƏtraflıHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar. Leyla Əliyeva və Arzu Əliyeva məktəbin şagirdləri ilə görüşərək onların yaradıcılıq nümunələri ilə tanış olub, uşaqlara hədiyyələr təqdim ediblər. Ətraflı: https://tinyurl.com/4mkd3xfk #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ÜmumiTəhsil
ƏtraflıElm və təhsil nazirinin müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets ilə görüşüb. Görüşdə elm və təhsil, o cümlədən ümumi, peşə və ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Qarabağ Universiteti ilə Belarus Respublikasının aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Firudin Qurbanov Belarus Respublikasında təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb, onları maraqlandıran sualları cavablandırıb və təkliflərini dinləyib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23126-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı