"Kod saatı"nın birinci mərhələsi keçirilib
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 453 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki, "Kod saatı" tədbirinin növbəti mərhələləri sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək texnologiyalarla bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
23/09/2019 15:39
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilib
Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilir. Beynəlxalq konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. Dövlət İmtahan Mərkəzi IAEA-nın üzvüdür və bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Ötən il konfrans İngiltərədə təşkil olunub. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub. IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Konfransın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. tədbirdə IAEA prezidenti Rendi Bennett rəhbəri olduğu assosiasiyanın məqsədinin təhsilin qiymətləndirilməsi elmi və təcrübəsinin inkişafına peşəkar mübadilə vasitəsilə kömək etməkdən ibarət olduğunu bildirib. Vurğulayıb ki, tədbirə ev sahibliyi edən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi IAEA-nın mövzularla zəngin konfransının Azərbaycanda yenidən keçirilməsi üçün səylə çalışıb. Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb. IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir. Konfransın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur. Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, habelə təşviq edəcəyi zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın. Təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin. Rendi Bennet konfrans iştirakçılarına məhsuldar və xoş həftə arzulayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatların aparılması da əsas müzakirə mövzularındandır. Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür. Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik. Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır. Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq. Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik. Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq! Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm". Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətləri sırasında səriştəyə əsaslanan təhsil məzmununun və yeni təhsil idarəetmə sisteminin yaradılması, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi və yüksəkixtisaslı kadrlar hazırlanmasının təmin edilməsi, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirilməsi, həmçinin təhsilin beynəlmiləlləşdirilməsi imkanlarının genişləndirilməsi önəmli məsələlərdir. Son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyiş əldə edilib. Əldə olunan nailiyyətlərin gedişatını ölçmək üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. "Progress in International Reading Literacy Study" (PIRLS) - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb. Ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin yüksək səviyyədə şəffaflıq və rəqabət əldə etməsi baxımından həlledici rolu olub. Milli tədris proqramları gələcək əmək bazarının ehtiyaclarını ödəmək, öyrənənlərin fərdi rifahına və xoşbəxtliyinə nail olmağa xidmət edir. Bu məqsəd üçün qiymətləndirmə siyasəti əsas aparıcıdır. Təhsil sistemini dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşdırmaq əsas istiqamətlərdən biri olmalıdır. İnanıram ki, konfrans hamımızın bu sahədə ən yaxşı təcrübələrimizi bölüşmək və qarşılaşdığımız ümumi problemləri müzakirə etmək üçün bir platforma olacaq. Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, konfransın gündəmində duran məsələlər, o cümlədən qiymətləndirmə proseslərində texnologiyaların rolu, imtahan proseslərinə aid psixoloji tədqiqatların artırılması, təhsildə müəllimlərin yeri universitetlərin gündəlik işinə bilavasitə təsir edir. Rektor vurğulayıb ki, təhsildə şəffaf və etibarlı qiymətləndirmə prosesinin inkişafı üçün Azərbaycan əhəmiyyətli irəliləyişlər əldə edib - sovet dönəmindən qalan subyektiv və qərəzli qiymətləndirmə bilik və qabiliyyətləri aydınlaşdıran imtahan sistemi ilə əvəz olunub. Məhz bunun nəticəsində ölkədə həm universitetlərin keyfiyyəti, həm də onların məzun etdiyi insan kapitalının səviyyəsi müvafiq şəkildə qalxıb. ADA Universitetinin təcrübəsi ilə bölüşən Hafiz Paşayev qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı ölkədə bakalavr proqramlarına qəbulda beynəlxalq SAT imtahanının nəticələrini nəzərə alan ilk universitet idi. SAT nəticələri ADA-nın ərizə qəbulu prosesində tələb olunan digər sənədlər və daxili müsahibə mərhələsinin nəticələri ilə birgə nəzərə alınır. Hazırda bu təcrübədən ölkənin digər universitetlərində də istifadə olunur. Hafiz Paşayev diqqətə çatdırıb ki, ADA Universiteti davamlı olaraq Dövlət İmtahan Mərkəzi ilə işləyərək ölkədə imtahan sisteminin təkmilləşdirilməsi üçün yeni yollar və üslublar üzərində çalışır. Buna misal kimi, imtahanlar zamanı istifadə olunan sualların abituriyentlərin məntiqi və tənqidi düşüncə tərzini yoxlamağa istiqamətləndirildiyini göstərmək olar. Beləliklə, tələbələr əzbərçilikdən uzaqlaşaraq, təhlil və tənqid kimi vacib qabiliyyətləri inkişaf etdirirlər. Bundan əlavə, ADA Universiteti ölkədə ilk dəfə olaraq orta məktəbin əhəmiyyətini vurğulamaq məqsədilə pilot layihəsi çərçivəsində ali təhsilə qəbul imtahanlarını orta təhsildən məzun imtahanlarının nəticələri ilə birləşdirdi. Belə ki, bu ildən fəaliyyətə başlayan ADA Məktəbinin məzunları ADA Universitetinin bakalavr pilləsinə məktəbin yekun daxili orta bal qiymətləndirmə sistemi (Cumulative Grade Point Average) əsasında qəbul olunacaqlar. Hafiz Paşayev bu yeniliyin də ölkənin təhsil sisteminə müsbət meyillər gətirəcəyinə inandığını dedi və bildirdi ki, ADA Universiteti dataya əsaslanan təhlil nəticəsində qəbul prosesini daha da təkmilləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqda humanitar və texniki elmlər üzrə bilikləri qiymətləndirəcək vahid imtahanın institusional həlli yollarını axtaracaq. Bu da məktəbliləri əlavə müəllimlə məşğul olmaq zərurətindən azad edəcək. Orta məktəb mühitinin vacibliyini diqqətə çatdıran rektor Paşayev vurğuladı ki, sinif mühiti tək şagirdlərə bilik və bacarıq vermək üçün deyil, həm də vətəndaş hazırlayan mühit kimi labüddür. ADA Universitetinin rektoru konfrans müzakirələrinin nəticələrinin dünyanın hər yerində təhsilin keyfiyyətinin qaldırılmasına xidmət edəcəyinə inamını ifadə edib. Açılış mərasimində Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin videomüraciəti təqdim olunub. Müraciətdə Amra Sabik-El Rayess 2018-ci ildə ABŞ Departamenti və Azərbaycan Təhsil Nazirliyi tərəfindən ölkəmizə işə dəvət edildiyini, burada araşdırmalar apardığını xatırladıb. Müraciətdə Azərbaycanda təhsilin inkişafına, təhsildə qiymətləndirməyə xüsusi önəm verildiyi, test praktikasının uğurlu olduğu, təhsil sisteminin üzləşdiyi çağırışlara uyğun olaraq tədbirlər həyata keçirildiyi vurğulanıb. Konfransda Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Tims "İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi" mövzusunda əsas məruzə ilə çıxış edib. O, məruzəsində ilkin təhsildə bilik və bacarıqların səmərəli qiymətləndirilməsini təşkil etməyin zəruriliyini bildirib. Qeyd edib ki, təhsil proqramlarını indikindən daha qətiyyətli şəkildə tərtib etməklə fərdi problemlər yaranmamışdan əvvəl onları müəyyənləşdirib aradan qaldırmaq mümkün olar. Növbəti il ikinci bir qiymətləndirmənin aparılması daha ciddi şəkildə tələbələrin xüsusi ehtiyaclarının müəyyən edilməsinə, onların il ərzində şagird, məktəb və ölkə səviyyəsində hesab, oxu, sosial və fiziki inkişaf sahələri üzrə inkişaf səviyyələrini ölçməyə kömək edəcək. Yetərli səviyyədə olmayan TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına güvənməkdənsə, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq. Piter Timsin fikrincə, dünyada təhsil sahəsində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dönəmdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab isə budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas olan aşağıdakılardır; uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq. Bu yaşda qısa, lakin daha əhatəli qiymətləndirmə aparılmalıdır. Bu qiymətləndirməni aparan şəxsin kimliyindən asılı olmayaraq prosesin eyni nəticələri olmalı, həm də müxtəlif dillər və mədəniyyətlərlə müqayisə edilə bilən olmalıdır. Həmin qiymətləndirmə prosesi müəllimlərin də rəğbətini qazanmalıdır. Bu məqsədə tam nail olunmasa belə, bu qiymətləndirmə nəyin üzərində çalışmalı olduğumuzu nümayiş etdirir. Piter Tims irəli sürdüyü fikirləri konkret nümunələrlə əsaslandırıb. AZƏRTAC
23/09/2019 14:06
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb
Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun ikinci turuna start verilib. Namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
21/09/2019 14:43
Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
Sentyabrın 20-də Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedonla görüşüb. Görüşdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ölkəmizin ali təhsil müəssisələri ilə Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.
20/09/2019 17:39
Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib
Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib. 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı müraciət ediblər. Daha sonra Firudin Qurbanov Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində yaradılmış şəraitlə tanış olub, məktəbin müəllim heyəti ilə görüşüb və öz tövsiyələrini verib. Nazir müavini həmçinin Şamaxıda yerləşən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində olub. Firudin Qurbanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı və Qobustandan olan gənc müəllimlərlə görüş keçirib, onlara ölkəmizdə həyata keçiriən təhsil islahatları barədə danışıb, öz tövsiyələrini verib.
20/09/2019 16:26
Azərbaycan müəlliminin peşəkar inkişafı
Azərbaycan müəlliminin peşəkar inkişafı, sosial durumu, ictimai nüfuzu və imicində dinamika "Təhsil" televiziyasının "Təməl" verilişində bu mövzu ətrafında danışılır. Verilişin qonağı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirovdur.
20/09/2019 15:54
Müddətli müqavilə üzrə müəllimlərin işə qəbulunun II turu
Sentyabrın 21-də 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur başlayacaq. Namizədlər 22 sentyabr saat 23:59-dək miq.edu.az saytına daxil olaraq turda iştirak edə bilərlər. Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
20/09/2019 13:18
Prezident təqaüdçülərinin uğur hekayələri
Hər birimizin həyatında elə illər var ki, xatırlayanda insanı xoş hisslər bürüyür, bir neçə dəqiqəlik də olsa yenidən o günləri yaşayırsan. Etiraf edək ki, tələbəlik həyatı da məhz bizlərin sevə-sevə xatırladığı gözəl anlardandır. Builki ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrlə tələbə adına layiq görülən gənclərimiz də elə tələbəlik illərinin ilk günlərini yaşayırlar. Müsahibimiz olan tələbələr həm də Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə əhatə olunan gənclərdir. Belə ki, onlar dövlət başçısının müvafiq sərəncamına əsasən 2019-2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək ölkənin müxtəlif ali məktəblərinə daxil olmuş Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adları yer alan gənclərdir. Onlar da sələfləri kimi tələbə qəbulu imtahanlarında xüsusi fərqlənərək gəncliyimizin intellektual elitasını təmsil edirlər. Ali məktəblərə qəbulda uğurlu nəticələrə nail olan gənclərimiz müəllim yanına getmədən belə yüksək bilik nümayiş etdiriblər. Həmsöhbətimiz olan tələbələr orta məktəbdə təhsil aldıqları 11 il ərzində dərslərə qarşı diqqətlə yanaşmağın vacibliyinə və digər məqamlara diqqət çəkiblər. “Heç bir repetitor yanına hazırlığa getməmişəm” Almaz ZEYNALLI: -22 iyul 2002-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində müəllim ailəsində anadan olmuşam. 2008-ci ildə R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbdə, sonradan isə Biləsuvar rayonu Mübariz İbrahimov adına Bağça - Məktəb - Lisey Kompleksində təhsilimi davam etdirmişəm. Təhsilimi fərqlənmə attestatı ilə bitirmişəm. Bu il ali məktəblərə qəbul imtahanlarında 679.5 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıram. Hələ məktəb illərində keçilən bütün fənlərə diqqətlə yanaşır, dərsləri mükəmməl öyrənməyə çalışırdım. Bilirdim ki, bunlar mənə gələcək təhsil həyatımda lazım olacaq. Məktəbdə oxuduğum illərdə fəal olmağa çalışmışam. Fənn olimpiadalarının respublika mərhələsində coğrafiya fənni üzrə 2017-ci ildə qızıl, 2019-cu ildə gümüş medala layiq görülmüşəm. Qəbul imtahanına hazırlaşarkən heç bir repetitor yanına hazırlığa getməmişəm. Bunun səbəbi isə sadədir - liseyimizdə keçirilən mükəmməl dərslər və təbii ki, əzmlə çalışmaq. Təhsil aldığım liseydə tədrisin keyfiyyəti hər zaman yüksək olub. Buna görədir ki, artıq neçə illərdir təhsil müəssisəmiz ali məktəblərə qəbul üzrə ölkə lideridir. Bilirsiniz, hər bir abituriyent hazırlığa getmədən də yüksək nəticə əldə edə bilər. Bunu mən öz təcrübəmə əsasən deyirəm. Dayanmadan gecə-gündüz oxumamışam, sadəcə, mənə lazım olanları dərindən mənimsəyərək yadda saxlamışam və istirahətə də vaxt ayırmışam. Qəbul imtahanlarına çox ciddi şəkildə hazırlaşmışdım və bunun üçün çox əziyyətlər çəkdim.Və sonunda əziyyətimin bəhrəsini gördüm. Təbii ki, bu, təkcə mənim yox, həm liseyimizin rəhbərliyinin, mənə dərs deyən müəllimlərimin, həm də hər zaman dəstəyini göstərən valideynlərimin uğurudur. Mənə dərs demiş bütün müəllimlərə minnətdaram. Amma sırf abituriyent dönəmində bizə dərs deyən müəllimlərimin adlarını xüsusi vurğulamaq istərdim. Üzeyir Əliyevə (coğrafiya fənni üzrə), Gözəl Məhərrəmovaya, Feyruz Məmmədova (riyaziyyat fənni üzrə), Ziya Mirzəyevə (tarix fənni üzrə), Əsmər Məmmədovaya, Rövşən Adıyevə (Azərbaycan dili və ədəbiyyat fənni üzrə), həm ingilis dili müəllimim, həm də hər zaman ən böyük dəstəkçilərimdən biri olan anam Nüşabə Zeynalovaya və digər müəllimim Firuzə İbayevaya dərin təşəkkürümü bildirirəm. Adlarını sadaladığım müəllimlərimin həm də mənim şəxsiyyət kimi formalaşmağımda danılmaz rolu var. Bir də ki, özümə hər zaman inanmışam və bu hiss gərgin və həyəcan dolu imtahan günündə belə məni tərk etməyib. Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Liseyimizin builki məzunları arasında 4 nəfər Prezident təqaüdçüsü var. Sevinir və əlbəttə, qürur duyuram ki, onlardan biri də mənəm. Hər zaman istedadlı gənclərə xüsusi diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevə minnətdaram. İnanıram ki, bizlər də bu etimadı doğruldacağıq. Bu gün ali məktəblərə hazırlaşan şagirdlərə nəyi demək istərdim? Sadəcə uğura inanın. İnansanız, ona doğru addımlayacaqsınız və bu zaman heç bir maneə sizə ciddi görünməyəcək. Arada fasilə verin, sevdiyiniz işlərlə məşğul olun. Özünüzü həmişə hər şeyin yaxşı olacağına əmin edin. Ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisasını seçməyimə səbəb burada mükəmməl təhsil alaraq, müəyyən təcrübə topladıqdan sonra ölkə iqtisadiyyatının inkişafına öz töhfəmi verməkdir. “Ali məktəblərə qəbul imtahanına müstəqil hazırlaşmışam” Turan BAYRAMLI: - 23 may 2002-ci ildə Bakı şəhərində doğulmuşam. 291 nömrəli “Ekologiya” liseyini qızıl medalla bitirərək 682.5 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuşam. Məktəb illərində böyük həvəslə müxtəlif səviyyələrdə keçirilən olimpiadalara qatılırdım. VIII sinifdə fənn olimpiadalarında kimya fənni üzrə respublika birincisi olmuşam. IX sinifdə İndoneziyada kimya, biologiya və fizika fənləri üzrə keçirilən Beynəlxalq Elm Olimpiadasında ( IJSO ) ölkəmizi təmsil edərək bürünc medal, X sinifdə Niderlandda təşkil olunan eyniadlı olimpiadada da bürünc medal, həmin vaxt ölkəmizdə keçirilən Respublika fənn olimpiadalarında fizika fənni üzrə yenə də bürünc medala layiq görülmüşəm. Tibb sahəsini seçməyimin əsas səbəbi həkimliyin ölməz sənət olmasıdır. Demək olar ki, ali məktəblərə qəbul imtahanına müstəqil hazırlaşmışam. Bu zaman məktəb dərslikləri və DİM-in nəşrlərindən istifadə etmişəm. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları tam şəkildə məktəb dərsliklərinə əsaslanır. Hansı ki, məktəb dövrü ərzində tədris olunur və istənilən zaman şagirdlərimiz o kitablara müraciət edə bilər. Fikrimcə, repetitor yanına getmədən nəinki ali məktəbə qəbul olmaq, hətta maksimum nəticə də göstərmək mümkündür. Repetitorlar abituriyentlərə mözvuları başa düşməkdə köməkçi ola bilər. Çox təəssüf ki, müəllim yanına özü evdə müstəqil oxumağa tənbəllik etdiyi üçün gedənlər də az deyil. Qəbul imtahanında yüksək bal toplayacağıma əmin idim, amma Prezident təqaüdçüsü olacağım ağlıma belə gəlməzdi. Əziyyətimin bəhrəsini görmək mənim üçün xoşdur. Bu gözəl hissləri keçirməyi tələbə olmaq istəyən bütün gənclərə arzulayıram. Ali məktəbə hazırlaşan abituriyentlərə çox çalışmağı tövsiyə edirəm. Əsas mövzunu tam dərk etməyə fokuslansınlar, minlərlə eyni testləri etməyə yox. Bu, sadəcə vaxt itkisinə və zehni yorğunluğa səbəb olur. Ən böyük arzum Azərbaycanın sayılıb-seçilən həkimlərindən biri olmaqdır. Hələlik isə məni çətin, eyni zamanda məqsədimə doğru aparan uzun bir yol gözləyir... “Prezident təqaüdünə layiq görülməyimi çox arzulayırdım” Nərmin SADIQOVA: - 22 may 2002- ci ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuşam. Bu il Göylər kənd 1 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinn Hüquq fakültəsinə 675.3 balla qəbul olundum. Bölgələrdə, xüsusilə kənd məktəblərində təhsilin aşağı səviyyədə olması fikri ilə razı deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada təhsil alanlar yüksək nəticə əldə edə bilməz. Bunun üçün sadəcə çox çalışmaq, səy göstərmək lazımdır. Uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm ki, əslində oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur. Fikrimcə, oxumaq, məqsədinə nail olmaq istəyən harada yaşamasından asılı olmayaraq öz arzusuna çatacaqdır. Elə mənim kimi. Hüquq fakültəsinə qəbul olmağı çox istəyirdim. Yüksək bal toplamağı isə hələ məktəbdə oxuduğum illərdə özüm üçün hədəfləmişdim. Hec bir repetitor yanına getmədən ali məktəblərə keçirilən qəbul imtahanına müstəqil olaraq hazırlaşdım. Ciddi hazırlığım və çəkdiyim əziyyət yerdə qalmadı. Mənə yüksək savad verən müəllimlərim Xoşqədəm İsrafilovaya, Əsmər Əliyevaya, Mail Qasımova, Nuriyyə Abdullayevaya, Yeganə Məmmədovaya və hər zaman dəstəkçim olan, uğurlu nəticə göstərəcəyimə inanan məktəbimizin direktoru Əlyusif Qəniyevə sonsuz təşəkkürlərimi bildirirəm. Məktəbimizdə yüksək səviyyədə dərs keçilir. Məhz bunun nəticəsidir ki, hər il çoxlu şagird yüksək balla universitetlərə qəbul olur. Etiraf edim ki, Prezident təqaüdçüsü olmağımı çox arzulayırdım. Prezident təqaüdünə layiq görülən 102 tələbənin siyahısında adımı görəndə nə qədər sevindiyimi sözlə ifadə etmək çox çətindir. Necə deyərlər “qanadım olsaydı uçardım”. Ali məktəbə qəbul olmaq istəyən hər kəs ilk öncə məktəbdə fənlərini yaxşı oxumalıdır. Şagirdlərimiz özlərinə güvənməli, əzmlə çalışmalıdırlar. Çəkilən əziyyət hər zaman qiymətləndirilir, yetər ki, qarşıya qoyduğunuz hədəfləriniz olsun. Mənə bəslənən ümid və etimadi doğrultmaq, uğurlarımla valideynlərimi, eləcə də müəllimlərimi sevindirmək istəyirəm. “Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda deyil” Seyid Bəyim HÜSEYNOVA: - 3 yanvar 2002-ci ildə Moskva şəhərində anadan olmuşam. Atam vəfat etdikdən sonra 6 yaşımda ailəmlə Göyçaya gəlmişik. İbtidai təhsilimi 2008-ci ildə Göyçay rayonu Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbdə almışam. Sonra təhsilimi Göyçay rayonu 1 nömrəli tam orta məktəbdə davam etdirmişəm. Məktəb illərində bir çox rayon tədbirlərində iştirak və çıxış etmişəm. 2017-ci ildə Bakıda keçirilən IV Beynəlxalq Uşaq Forumunun iştirakçısı olmuşam. Həmcinin, 2018-ci ildə İctimai Televiziyada yayımlanan “Əlaçı” verilişində iştirak etmişəm. Builki ali məktəblərə qəbul imtahanlarında 680.2 bal toplayaraq rayon birincisi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. Niyə məhz hüquq fakültəsi? Bu sual mənə çox verilir. Mənim üçün həyatda əsas amil ədalətli bir vətəndaş olmaqdır. Özümü hər zaman insanların müdafiəçisi kimi görürəm. Kimsəsizlərə, qocalara, fiziki cəhətdən qüsurlu insanlara yardım etmək, onların hüquqlarını qorumaq, problemlərini həll etmək istəyirəm. Son illər cəmiyyətdə bir fikir də formalaşıb ki, repetitor yanına getmədən ali məktəbə qəbul olunmaq mümkünsüzdür. Düşünürəm ki, bu, yanlış və eyni zamanda ali məktəbə qəbul olmaq istəyənləri ruhdan salan bir fikirdir. Əslində repetitor yanına getmədən belə ali məktəbə qəbul olmaq olar. Bunun üçün isə hələ ibtidai təhsil dövründən təməl düzgün qurulmalıdır. Məktəbə gələn şagird bilik almaq arzusunda olmalı, keçilən fənlər arasında fərq qoymamalı, dərslərdə hazırlıqlı iştirak etməlidir. Planlaşdırılmış şəkildə oxumaq və istirahətə də vaxt ayırmaq vacibdir. Şəxsən tələbə kimi mən indi də bunlara ciddi riayət edirəm. Əlbəttə, əldə etdiyim uğur, eyni zamanda 11 il təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Bitirdiyim məktəbdə çox gözəl təlim-tərbiyə mühiti var. Savadlı və yüksək biliyə malik müəllimlərdən dərs aldığım üçün özümü şanslı məzunlardan sayıram. Mənə ən çox yardımçı olan isə tarix müəllimi Telli İbrahimova, Azərbaycan dili və ədəbiyyat müəllimləri Tehranə Hacıyeva və Fəridə Mahmudova, riyaziyyatdan isə Zülfiyyə Kərimova olub. Müəllimlərimə həyatım boyunca borcluyam, çünki onların mənim üzərində əziyyətləri böyükdür. Və həmçinin bizə keyfiyyətli təhsil almağımıza şərait yaratdığına görə məktəbimizin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Bu il mənim üçün düşərli oldu. Belə ki, həm tələbə adını qazandım, həm də Prezident təqaüdünə layiq görüldüm. Bir gənc üçün bundan gözəl nə hədiyyə ola bilər? Mənə olan bu etimadı layiqincə doğrultmaq istəyirəm. Bu günün şagirdlərinə deyəcəklərim var: “Ali məktəbə yüksək balla daxil olmağın sirri heç də repetitorla hazırlaşmaqda deyil. Bunun üçün öyrənmək, oxumaq, iradəli olmaq və zəhmət çəkmək lazımdır”. “Uğur qazanmaq üçün özünə güvənli olmaq lazımdır” Qızbəs SƏFƏRZADƏ: - 1 avqust 2002-ci ildə Sumqayıtda anadan olmuşam. Atam və anam ixtisasca müəllimdirlər. 2008-ci ildə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyaya qəbul olunmuşam. Sonradan təhsilimi Füzuli rayonu 54 nömrəli tam orta məktəbdə davam etdirmişəm və orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. 2019-cu ildə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə rayon turunun qalibi olmuşam. Uşaqlıqdan xəyalımdakı peşə həkimlik idi. İnsanlara kömək etmək, onların sağlamlığının keşiyində durmağı arzulayırdım. 684 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olundum. Fikrimcə, uğur qazanmaq üçün özünəgüvənli və iradəli olmaq lazımdır. Yalnız güclü iradəyə malik, eyni zamanda məsuliyyətli olan şagird məqsədinə çata bilər. Heç bir müəllim hazırlığından keçmədən belə ali məktəbə yüksək balla qəbul olunmaq olar. Yetər ki, bunun üçün istək, arzu olsun. Oxuduğum 11 il ərzində müəllimlərim və valideynlərim tərəfindən hər zaman dəstək görmüşəm. Mənim üzərimdə əməyi keçən müəllimlərimdən Faidə Abbasovaya, Aynur Soltanovaya, Məlahət Xankişiyevaya, Şəriqə Hacıyevaya minnətdaram ki, mənə qəbul imtahlarında yüksək nəticəyə nail olmaq üçün yüksək savad və bilik veriblər. Yüksək bal toplayacağıma inanırdım, çünki imtahanlara məsuliyyətlə və olduqca ciddi hazırlaşmışdım. İnanmaq bacarmağın yarısıdır. İnam olmazsa, uğur əldə etmək də olmaz. Prezident təqaüdünə layiq görülməyim isə məsuliyyətimi daha da artırıb. Ölkə Prezidentinin diqqət və qayğısını biz gənclər hər zaman hiss edirik. Əsas məqsədim universiteti əla nəticələrlə bitirərək ixtisaslı kadr kimi xalqımıza layiqincə xidmət etmək, insanların sağlamlığının keşiyində durmaqdır. Bu danılmaz həqiqətdir ki, repetitorsuz, müstəqil hazırlaşmaqla da yüksək nəticə əldə etmək olar... Öz bilik və dərin zəkaları, eyni zamanda gərgin zəhmətləri hesabına, müəllim yanına getmədən belə, yüksək nəticələr göstərərək ali məktəbə qəbul olunmaları ilə uğur hekayələrini yazan tələbələrimizin nəticələri bir daha son illər orta ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəlməsindən, müəllimlərimizin işlərinə daha məsuliyyətlə və peşəkarcasına yanaşmasından soraq verir. "Azərbaycan müəllimi" qəzeti
20/09/2019 12:19
Nazir müavini Şamaxıda vətəndaşları qəbul edir
Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.
20/09/2019 11:15
Peşə sahibi olmaq istəyirsənsə...
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır Avropa çempionu Rəsul Səfərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndiyədək həm də məşqçi kimi fəaliyyət göstərib. Ancaq zamanın tələbi başqadır, təbii. Pəhləvanlıq da müəyyən bir vaxta, yaşa qədər insanı ayaqda tutur. Bəs, ondan sonra? Sonrası üçün Rəsulun başqa planları var və həmin planların icrasına başlayıb belə. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa qərar verməklə. Qarşıdakı bir il boyunca təhsil alıb elektrotexnika üzrə mütəxəssis olacaq. “Pəhləvanlıq hara, elektrotexnika hara?” - deməyin. Peşə seçmək, peşəni dəyişmək heç vaxt gec deyil. Rəsulu da özünün marağı, zamanın tələbi bu ixtisasa gətirib çıxarıb: “Ətrafımız elektrotexnikadan ibarətdir. Hər addımbaşı bu sahədə bilik lazım olur. İnkişaf o həddə çatıb ki, zamanla ayaqlaşmaq üçün əlavə bilik və bacarıqlar tələb olunur”. İndiyədək evdə kommunikasiya ilə bağlı yaranan istənilən məsələdə “Rəsul!” deyə çağıran ailə üzvləri bundan sonra işi ustasına gördürəcəklər. Bacarıqlı pəhləvan Rəsul bir usta toxunuşu ilə telləri, tellərlə insanları biri-birinə bağlayacaq: “Biri var görüb-götürmək, bir də var ki, bir işi elmi əsasları ilə bilmək. Gördüyün işin mahiyyətini bilirsən. Bu baxımdan buradakı təhsilim mənim üçün çox önəmlidir. Burda aldığım təhsili, əldə etdiyim bilik və bacarıqları ölkəmizdəki şirkətlərdən birində tətbiq edə biləcəyimi düşünürəm”. Rəsul peşə təhsili almaq üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçməyinin səbəblərini belə izah edib: “Bu Mərkəzə maraq həm də onun Koreya təhsil standartları əsasında olmasından doğdu. Elanlarını oxuyanda məhz bu, məndə maraq oyandırdı. Atam da peşə təhsili alıb və illərdir həmin təhsili əsasında əldə etdiyi bilik və bacarıqlar əsasında fəaliyyət göstərir. Dünyada peşə təhsilinə çox ciddi baxılır və mən də peşə təhsilinin üstünlüyünü ailədən bilən bir adamam. Onu da bilirəm ki, mənim də, təhsil alacağım bu mərkəzdəki texnikanı quraşdırmağa gələnlər də bəlkə öz ölkəsində heç bir təhsili olmayan, ancaq işini yaxşı bilən mütəxəssislərdir. Məncə, peşə təhsili ilə bağlı yanlış təsəvvürü artıq dağıtmaq lazımdır. Ali təhsili aşağılamaq istəmirəm, ancaq 4 il məqsədsiz, hədəfsiz təhsil almaqdansa, bir -iki ilə öz peşənə yiyələnmək daha doğrudur”. Burdakı təhsilinin idman karyerasına da mane olmayacağını düşünən Peşə Təhsil Mərkəzinin tələbəsi gələn il Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşır. Mərkəzin 44 yaşlı tələbəsi “Mövcud ixtisaslar üzrə bu cür hazırlıq səviyyəsi məni təəccübləndirdi. Sevinirəm ki, ölkəmizdə belə bir mərkəz fəaliyyətə başlayıb. Çox xoşuma gəldi. Burda oxumağa qərar verdiyimə çox sevinirəm. Ancaq düşünürəm ki, bu mərkəzi inkişaf etdirmək lazımdır. Texniki sahə üzrə çoxlu ixtisaslar var”, - deyən də Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Özü də ən təcrübəli, vəzifəli, hətta yaşlı tələbəsi. 44 yaşlı Rüfət Əliyev sənaye quraşdırma ixtisası üzrə təhsil alır: “Hazırda Azərbaycanda əyləncə mərkəzlərindən birinin texniki müdiriyəm. Heç bir təhsilim olmayıb indiyə qədər. Sovet vaxtı işə götürürdülər. İstehsalatda təcrübə qazandıqca dərəcə verirdilər. Mən də bu cür dərəcə qazanmışam. Ancaq artıq dövr fərqlənir. Yiyələndiyin peşə üzrə sənədə ehtiyac yaranır”. Elə bu ehtiyac mexanik kimi yetişmiş R.Əliyevi əlindəki peşəni daha da inkişaf etdirmək, bu peşə üzrə təhsil də almaq niyyətinə düşürüb: “Təhsil Mərkəzinin fəaliyyəti barədə xəbər proqramlarından məlumatlandım. Qərar verdim ki, burada təhsil alım. Həm təhsilim olsun, həm də təcrübəmi artırım”. Özü kifayət qədər təcrübəli olan tələbə təhsil aldığı Mərkəzdə nə öyrənəcək? Onun sözlərinə görə, burada paylaşacağı və öyrənəcəyi çox şey var: “Kifayət qədər təcrübəliyəm. Hətta müəllimlərlə ixtisasım üzrə bir çox məsələlər ətrafında fikir mübadiləsi apara, biliyimizi paylaşa bilirik. Yeri düşəndə, tələbə yoldaşlarıma da kömək edirəm. Ancaq mənim də burada öyrənə biləcəklərim çoxdur. Məsələn, burada ixtisasım üzrə qaynaq üsulları var ki, mən onları indiyəcən görməmişəm. Burada onları öyrənəcəyəm ”. Həm tələbə yoldaşlarından, həm də müəllimlərindən öyrənir Vaqif Niftəliyevin isə nəinki iş təcrübəsi, həyat təcrübəsi də azdır. 2018-ci ildə Qaraçuxur qəsəbəsindəki 318 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğursuz nəticə göstərib. O da bu il peşə təhsili almağa qərar verib. Elektrik olmaq istəyib. Bu peşəyə yiyələnməsinə vasitə olacaq ixtisaslardan seçib və Bakı Dövlət Peşə Təhsil Mərkəzini qazanıb. Mühit, müasir avadanlıqlar, maraqlı dərs prosesi onu cəlb edir: “Mənim üçün xoşdur ki, tələbə yoldaşlarım arasında təcrübəlilər də var. Qaranlıq qalan məsələlər olanda dərsdən sonra onlardan kömək ala bilirəm. Nəticədə həm müəllimlərdən, həm də tələbə yoldaşlarımdan öyrənmək imkanım olur”. “Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq” Beləliklə, Vaqif Niftəliyev, Rüfət Əliyev və Rəsul Səfərov Bakıda bu tədris ilindən fəaliyyətə başlayan və sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələridir. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları ilə təhsil alan 200-ə yaxın tələbənin sırasında yer alıblar. Bəs, bu proqramı kim tətbiq edir? Həmin proqram nəyə əsaslanır? Artıq məlum olduğu kimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında təşkil edilən bu təhsildə praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb. Mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Həmin mütəxəssislərdən biri Ramil Abdullayev Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Ayrı-ayrı şirkətlərdə mühəndis olaraq fəaliyyət göstərib. Artıq pedaqoji fəaliyyətlə də məşğuldur. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 26 nəfərlik mühəndis-pedaqoji heyətində o da yer alıb. Sərt seçim mərhələsindən uğurla keçərək Koreyada ingilis dilində 3 ay təlimə göndərilən müəllimlərdən biridir. “Hyundai” Gəmiqayırma və avtomobil istehsalı zavodlarında təlimlərdə iştirak edib: “Koreyada 3 aylıq təlimlər dünyagörüşümüzdə böyük rol oynadı. Oradakı inkişaf səviyyəsi məni valeh etdi. İnsan əməyinə verilən qiymət, peşə təhsilinə olan diqqət mənim üçün çox təsirli oldu”. Ramil Abdullayev müəllimi olduğu Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərslərin Azərbaycan dilində keçirildiyini deyir. Ancaq bəzən istisnalar da olur: “Sənayedə elə terminlər var ki, ingilis dilində olduğu kimi istifadə edilir. Burada biz bəzən uşaqları ingilis və rus dillərində də başa salırıq. Məsələn, maşınqayırma, tikinti və digər mühəndislik layihələrinin işlənməsində tətbiq olunan “AutoCAD” proqramını ingilis dilində keçirik. Ümumiyyətlə, nəzərdə tutulub ki, tezliklə Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq”. “Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin” Asif Bağırov Azərbaycanda ən sürətli motosikiletin sahibidir. 260 At gücündə olan mühərrikə sahib motosikleti saatda 400 km sürətlə hərəkət edir. Əsas hissələri Yaponiya istehasalı olsa da, sözügedən motosiklet Asif Bağırovun özünün əl işidir. 18 ildir təkərli texnika ilə işləyə-işləyə püxtələşib. Özünü 2, 3, 4 təkərli bütün elektrotexnika məhsulları üzrə mütəxəssis sayır. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyətinin əksər nümayəndələri kimi, işinin mütəxəssisidir. Üstəlik, heç yerdə təhsil almamış bir mütəxəssis. Dediyinə görə, 9 yaşından motosiklet sürür. Maşın söküb -yığmağa da elə bu ikitəkərlilərdən başlayıb. Öz motosikletinin üzərində öyrənib. Sonra bir ustanın şagirdi, köməkçisi olub. Artıq özü ustadır. O qədər yaxşı ustadır ki, onu tanıyanlar Peşə Təhsil Mərkəzi barədə eşidən kimi, onu xatırlayıblar: “Məni tanıyanlar dedilər ki, burada müəllimlər tələb olunur. Mən də gəldim. Əvvəlcə təlimlərdən keçdim. Doğrusu, maşınla əlaqəm olmasını istəmirdim. Mən motosikletlərlə maraqlanıram. Öz qarajım da var”. Təhsili olmasa da, təcrübəsi və bu təcrübəni paylaşmaq üçün geniş ürəyi olan 36 yaşlı müəllim tələbələrini necə öyrədəcəyini yaxşı bilir: “Bu qədər avadanlıqlar, texnika qurulub. Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin. Bunun üçün əlimizdən gələni də edirik. Həm öyrədirik, hələ üstəlik işlə də təmin ediləcəkləri də deyilir. Mən də, buradakı başqa mütəxəssislər də bildiyimizi öyrətməyə gəlmişik. Peşə Təhsil Mərkəzində müəllimliyə başlayana qədər də yetirmələrim olub. Necə öyrətmək lazım olduğunu bilirəm. Maşın üzərində hər hansı əməliyyatı başa salmaq mənim üçün 2 vur 2-dir. Danışmaqdan göstərmək daha rahatdır. Uşaqlar da elədir. Danışanda hamısı yuxulayır. Amma maşının yanında fərqli olurlar. Hamısı maşının başına yığışıb suallar verir, həvəslə öyrənməyə çalışırlar”. Asif Bağırov kimi təcrübəli və məşhur mütəxəssislə işləmək Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün çox maraqlı olacaq. Bu, şübhəsizdir. Maşınqayırma üzrə mütəxəssis olacaq 60 tələbənin ixtiyarında sadəcə mükəmməl mütəxəssislər yox, həm də 10 avtomobil, əla iş şəraiti var. Belə ki, onlar maşınları hissə-hissə görə, sonra söküb-yığa, axırda da rəngləyə bilərlər. Tələbələr tapşırıqları sərbəst həll edəcəklər Kabı Əliyev torna və frezer dəzgahları üzrə müəllimdir. İndiyədək maşınqayırma sənayesində çalışıb. Mühəndisdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində enerji maşınqayırması mühəndisliyi ixtisası üzrə bakalavr, mexanika mühəndisliyi üzrə isə magistr təhsili alıb. 3 illik iş təcrübəsindən sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji heyətinə qatılmaq qərarına gəlib. 3 aylıq təlimlərə qatılıb və artıq dərs deyir: “Təhsil müəssisələrində ancaq nəzəriyyə tədris olunur. Amma burda nəzəriyyə cəmi 30 faiz təşkil edir. Proqramın 60-70 faizi praktikadır. Odur ki, bizim sənaye müəssisələrindən elə bir fərqimiz olmayacaq. Burada tələbələr onlara verilən tapşırıqları sərbəst həll edəcəklər”. Kabı müəllim deyir ki, sadəcə nəzəriyyənin tədrisi mütəxəssis kimi yetişməyə kifayət etmədiyi kimi, yalnız təcrübə ilə qazanılanların da nəzəri əsası olmadan yarımçıq sayılır. Odur ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kadr kimi yetişmək üçün əvəzsiz bir təhsil və təcrübə ocağıdır. Bakı Dövlət Peşə Təhsil Mərkəzində plan yerləri dolub Beləliklə, 1000 nəfər tələbəyə təhsil vermək imkanına malik Sənaye və İnnovasilar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 200 tələbə təhsil alır. Bu rəqəmin fəaliyyətə yenicə başlayan təhsil müəssisəsi üçün nəzərdə tutulan plan yerinə uyğun olduğunu bildirən Mərkəzin direktoru Rəşad Xanlarov deyib ki, hazırda 12 qrupda dərslər təşkil edilir. Tələbələr həm ödənişli, həm də dövlət sifarişli yerlərdə təhsil alırlar. Qruplardan 4-ü öz hesabına, 8-i isə dövlət hesabına təhsil alır. Təhsil müəssisəsində İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə 1 və 3 illik təhsil imkanları yaradılıb. Onun sözlərinə görə, növbəti - 2020-2021-ci tədris ilindən etibarən Mərkəzdə 3 illik təhsil mümkün olacaq və bu təhsili tamamlayanlar subbakalavr diplomu alacaqlar. Məşğulluğun artırılması məqsədilə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qısamüddətli ixtisasartırma kurslarının da təşkil olunması nəzərdə tutulub. Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb. Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Peşə Təhsil Mərkəzi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturdan ibarət təhsil kompleksidir. Artıq ikinci yataqxananın da əsası qoyulub və hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait olacaq. "Azərbaycan müəllimi" qəzeti
20/09/2019 09:33
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı